Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Sələf, yoxsa Əhli-beyt yolu (2)

Sələf, yoxsa Əhli-beyt yolu (1)        http://www.nur-az.com/az/articles/view/456/

Ötən yazıda Şiə firqəsinin Əhli-beyt yolunun haqlılığına dair dəlillərinə nəzər saldıq. Aydın oldu ki, bütün firqələrin, hətta bəzi böyük sələfi alimlərinin də qəbul etdiyi kimi, Peyğəmbər özündən sonra Quran və Əhli-beyti əmanət qoymuş, onların bir-birindən ayrılmayacağını, hidayət yolunun onların hər ikisinə sarılmaqda olduğunu bildirmiş, “Əhli-beyt” dedikdə kimlərin nəzərdə tutulduğunu açıq söyləmişdir. Bu isə Əhli-beytin həm də İslamı, Quranı və Peyğəmbər sünnəsini öyrənməkdə ən etibarlı mənbə olduğunu sübut edir. İndi isə Sələfi və Vəhhabi firqəsinin dəvət etdiyi yolun haqlılığına dair dəlilləri qısa şəkildə araşdırmaq istəyirik:

1. Tövbə surəsi, 100: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!”
Qeyd etmək lazımdır ki:
Əvvəla, ayədəki “irəli düşən mühacirlər və ənsar” məhz Allaha iman gətirməkdə irəli düşənlərdir. Bu baxımdan, ayə İslam inancına dairdir və hər məsələdə deyil, bu məsələdə ilk səhabələrə tabe olanlar təriflənir, onlara Allahın razılığı və cənnət vəd olunur. Təbii ki, İslam dəvətinin ilk çağlarında, məşəqqət dolu Məkkə dövründə müsəlman olanların imanı daha səmimi və düzgün olmuşdur. Odur ki, digər insanlara da belə iman gətirmək tövsiyə olunur.
İkincisi, Quranın hər hansı ayəsindən tələsik hökm çıxarmaq olmaz. Bundan ötrü bütün Quran ayələrini araşdırmaq lazımdır. Və Quranın “Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz, açıq-aşkar azmışdır!” (Əhzab, 36), “Kim zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zilzal, 8) və bu kimi digər çoxlu ayələrinə əsasən, demək olar ki, bu ayə səhabələrin iman gətirməsi ilə bağlıdır və onların bütün əməllərinə yekun qiymət sayılmır. Həm də səhabələrin doğru və haqlı əməllərində onlara tabe olmaq lazımdır, hər əməldə yox.
Üçüncüsü, səhabələr arasında kifayət qədər fərqli, bir-birinə zidd və hətta düşmən fikirlər mövcud olmuşdur. Belə olan halda, Allah onların hamısını höccət təyin edə bilərmi?! Hansı ağıl Hikmətli Allahın müsəlmanları belə ziddiyyətli yollar ayrıcında qoymasını qəbul edər? Üstəlik, dərhal sonrakı ayə səhabələr arasında münafiqlərin olduğunu bildirir: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq”.
Dördüncüsü, ayənin özü bu təfsiri inkar edir və səhabələrin əməllərinin höccət olmamasına əsas verir. Çünki əvvəla, onlar bir-birinin əməllərini höccət saymamışlar və onlara tabe olsaq, biz də höccət saymamalıyıq; ikincisi isə, fikir ayrılığı olan məsələlərdə birinin əməlinə tabe olmaq, mütləq o birinə tabe olmamaqla nəticələnir.

2. Səhih-Buxari, hədis: 2652, 3651, 6429: "Ən xeyirli insanlar (və ya nəsil) mənim dövrümün insanlarıdır, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlər".
Qeyd etmək lazımdır ki:
Əvvəla, hər hansı dövrün adamlarının xeyirli olması nisbi məsələdir və onların hamısının əməllərinin düzgün və ya xeyirli olmasına dəlalət etmir. Həmin dövr əslində faiz etibarilə yaxşı insanların sayı, İslamın möhkəmlənməsi və yaxud Əhli-beyt imamlarının məhz həmin dövrdə yaşaması baxımından xeyirli ola bilər.
İkincisi, insanların xeyirli olması onların əməllərinin höccət olması anlamına gəlmir. Yalnız məsum olanların əməlləri digərlərinə höccət ola bilər ki, səhabələr barədə belə iddia yoxdur.
Üçüncüsü, həmin dövrün alimləri, səhabə və tabeilər arasında yetərincə konflikt mövcud olmuş, bəzən bir-birini kafir saymış, hətta qətlə yetirmişlərsə, əksər firqə və məzhəblər də məhz həmin dövrdə yaranmışdırsa, o – yəni İslamın ilk üç nəsli və ya əsri necə höccət ola bilər?!

3. Hidayət hədisi: İbn Abbasdan nəql olunan hədisdə Peyğəmbərin belə buyurduğu qeyd olunub: “Mənim səhabələrim ulduzlar kimidir. Hansına üz tutsanız, hidayət olarsınız”.
Qeyd etmək lazımdır ki:
Əvvəla, hədisin sənədi zəifdir. Əhməd ibn Hənbəl, Dariqutni, İbn Həzm, Beyhəqi, İbn Əsakir, İbn Cövzi, İbn Həcər Əsqəlani, Süyuti, İbn Teymiyyə, Şovkani, Albani və digərləri onu zəif saymışlar.
İkincisi, hədisin mətni də problemlidir. Belə ki, hər bir ulduz yolçuya düzgün istiqamət göstərmir. Bu, xüsusi ulduzlara aiddir.
Üçüncüsü, qəti tarixi faktlar bunu inkar edir. Tarixdə bəzi səhabələrin yollarını azması, haqdan dönməsi, bir-birini qətlə yetirməsi qeyd olunub. Bu baxımdan, onların hamısı hidayət məşəli ola bilməzlər.
Bu tip hədislər Peyğəmbərin Əhli-beyt haqqında buyurduğu bəzi hədislərə qarşı uydurulub. Məsələn, Hakim Nişapuri Buxari və Müslimin şərtlərinə cavab verən səhih sənədlə nəql etdiyi hədisdə Peyğəmbərin belə buyurduğunu yazır: “Ulduzlar insanları suda qərq olmaqdan qoruduğu kimi, Əhli-beytim də ümmətimi ixtilafdan qoruyur. Hansı ərəb qəbiləsi ona qarşı çıxsa, ixtilaf törətmiş və şeytanın dəstəsindən olmuşdur”. (Hakim Nişapuri. “Əl-Müstədrək əla əs-səhihəyn”, 3/162, hədis: 4715)

4. İftiraq hədisi: Peyğəmbərə aid edilən bir hədisdə deyilir: “Yəhudilər 71 firqəyə, məsihilər 72 firqəyə bölündülər. Mənim ümmətimsə 73 firqəyə bölünəcək”. Bəzi hədislərdə belə bir əlavə var: “Birindən başqa onların hamısı cəhənnəmlikdir”. Qurtulacaq firqə haqqında da şiə və sünni hədislərində müxtəlif fikirlər gözə çarpır. Belə ki, “Ey Peyğəmbər! Qurtulacaq firqə hansıdır?” – deyə soruşana onun “Camaatla olan”, “Mənim və səhabələrimin yolu”, “Əhli-beytimin yolu”, “Mən və şiələrim (ardıcıllarım)” və digər cavablar verdiyi bildirilir. Sələfilər bu hədisdən istifadə edərək səhabələrin yolunu xilas olacaq yeganə yol sayır, bəzən isə Əhli-beyt yolu olan Şiə firqəsini ümumiyyətlə 73 firqədən hesab etmir və İslamdan kənar adlandırırlar.
Qeyd etmək lazımdır ki:
Əvvəla, bu hədis sənəd baxımından etibarsızdır. O, Əhli-sünnənin iki Səhih kitabında, eləcə də Şiənin dörd məşhur hədis kitabında gəlməmişdir. Sənəd baxımından qüsurlu olan “Rövzə əl-Kafi”də və digər Şiə kitablarında, həmçinin sünni mənbələri arasında Müsnəd-Əhməd, Sünən-İbn Macə və digər əsərlərdə qeyd olunmuşdur. Rəvayət sənədində mövcud qüsurlara görə məşhur hədisşünas alim İbn Həzm yazır ki, bu hədis hətta etiqadi məsələlərdə vahid hədisi mötəbər sayanların meyarına əsasən də səhih deyil. (İbn Həzm. “Əl-Fəsl fil-miləl”, 3/138) Sələfi imamı Şovkani hədisin “birindən başqa hamısı cəhənnəmlikdir” hissəsini zəif sayır. Yeri gəlmişkən, Əbu Davudun, Tirmizinin, İbn Macənin, İbn Hibbanın və Hakimin Əbu Hüreyrədən nəql etdiyi oxşar hədisdə bu hissə yoxdur. İbn Vəzir bütün hədisi, xüsusən də sözügedən hissəni şübhə altına salaraq onun İslama zərbə vurmaq üçün dinsizlər tərəfindən artırıldığını istisna etmir.
Müasir İxvan sələfiliyinin dini lideri sayılan Şeyx Yusif Qərzavi də hədisin bəzi rəvayətçilərini nəzərə alaraq, onu zəif adlandırır. Qərzaviyə görə, bəzi hədisşünaslar, o cümlədən İbn Teymiyyə bu hədisin müxtəlif vasitələrlə nəql olunduğunu nəzərə alıb onu səhih saymışlar. Halbuki hədisin məzmunu nöqsanlı, yaxud ona müxalif ayə və ya hədis olduqda bu qayda ilə səhih saymaq doğru deyil. Necə ki, hədisşünaslar bir çox hədisləri məhz buna görə səhih saymamışlar. (Qərzavi Y. “Əs-Səhvə əl-islamiyyə”, fəsil: 1)
İkincisi, müəyyən şərtlərə görə hədisi qəbul etmək mümkün olsa da, bu yalnız birinci hissəsinə aiddir. Həm də ən azından xəbər vahiddir və belə hədislərlə müsəlmanların imanını şübhə altına salmaq olmaz.
Üçüncüsü, bu hədis rəsmən təkfirçiliyə rəvac verib müsəlmanları bir-birinə qarşı qaldırır ki, bu da Quranın “Bütün müsəlmanlar qardaşdır” (Hucurat, 10), “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” (Ənfal, 46) kimi çoxlu ayələrinə və çoxlu Peyğəmbər hədislərinə ziddir. Unutmayaq ki, burada söhbət Məhəmməd ümmətindən gedir, kafir və ya mürtədlərdən deyil. Bu hədisdən sonra isə təbii ki, hər bir firqə və məzhəb özünü xilas olacaq yeganə firqə elan edib digər müsəlmanların yollarını azdığını və cəhənnəmə gedəcəklərini söyləyər.
Dördüncüsü, “Mənim və səhabələrimin yolu” nə deməkdir və hansı anlaşılmazlığı həll edir? Məgər səhabələrin hamısı eyni eiqadlara malik olmuş, eyni düşünmüşlər?! Məgər səhabələr arasında müharibə baş verməyib, bir-birini kafir adlandıran, bir-birini lənətləyən olmayıb?! Bu hədis onların hansının haqlı olduğunu bildirir və uyğun ixtilaflara nə çarə qılır?!

Deyilənlərdən aydın olur ki, sələflərin – yəni səhabə və tabeilərin yolunun haqq və əməllərinin örnək olmasına dair dəlil yoxdur, bunu nə ağıl təsdiqləyir, nə də tarixi faktlar. Əhli-beyt yolunun haqq olması isə Quran və sünnəyə əsasən, artıq sübut olunmuşdur. Hansı yolla olursa-olsun, hətta zəif hədislərin köməyi ilə də öz təkfirçi düşüncələrinə əsas və bəhanə axtaranlara da əlavə nəsə demək faydasızdır.

P.S. Ölkəmizdə sünni-şiə həmişə qardaş olub və olacaq. Bu yazı isə sələflərin yoluna dəvət edib Əhli-beyti arxa plana keçirənlərə, hətta bəzən aşağılayanlara, sünni və şiə inanclarını küfr və bidət adlandıranlara aiddir.

Nur-az.com


1381 بازدید
در حال ارسال اطلاعات...