Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Ərdəbilin cümə namazı – 2 may (12 ordibehişt)

Birinci xütbə

اعوذبالله من الشیطان الرجیم


بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


Həzrət Əli (ə) tam əyarlı təqva nümunəsidir

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İlahi təqva bir sərvətdir. Bütün dünyanı bir yerə toplasan, bu sərvətə çatmaz. Bütün dünya malını verib desələr ki, Allaha qarşı çıx, evə bir dirhəm haram gətir və dünyada olanı al, razılaşan insan zərər edib. Allah-Taala buyurur ki, kafir küfrlə irəli gedəcəyini güman etməsin. Allah küfrdə, günahda irəli getmək təsiri qoymayıb. Bunu Həzrət Əlidən (ə) başqa biri deyə bilməyib. Həzrət (ə) buyurur ki, bütün kainatı verib, müqabilində qarışqanın ağzından arpa qabığını almağımı istəsələr bu işi görmərəm. Bəli, əgər elə bir insan axtarsan, bu yalnız Əlidir. Çoxları dünya şirinlikləri müqabilində qırmızı xətdən çıxar, ailələri bədbəxt edər, yetimlərin gözünü yaşlı qoyar, bütün şərafətlərini ayaq altına alar.

Namazın mahiyyəti

Söhbətimizin mövzusu namazın mahiyyətidir. Namazın mahiyyəti budur ki, insan Allah qarşısında durduğunu anlasın.

Merac

Namaz qılan insan öz səfərinə bu “muhazat”la, hüzuru dərk etməklə başlayır. “Muhazat” üzbəüz dayanmaq mənasındadır. Namaz qılan insan əsmaul-husna, Allahın gözəl adlarına səfərə çıxır. İlahi camal və cəlalı seyr edir. Həzrət Peyğəmbər (s) bu səfəri merac adlandırır. Həzrət (s) buyurur ki, namaz möminin meracıdır. Namaz səfərdir, yüksəlişdir. Necə də gözəl təbirdir. Merac göyə yüksəlməkdir. Namazqılan insan Allahın hüzurunda dayanmaqla beş səfərə başlayır. Əgər namazının dəyərini bilmək istəyirsənsə bu sözlərə diqqətlə qulaq as. Allahın hüzurunda “Allahu Əkbər” deməklə seyr-səfər başlayır. İnsan camal və cəlalda qərq olur.

Heçin hər şeylə müqayisəsi

Bu zaman bir müqayisə başlayır. Bu müqayisə ixtiyarsız olaraq insanın zehninə gəlir, onu ağuşuna alır. Bu müqayisə heçin hər şeylə müqayisəsidir. İnsan namazda düşünür ki, o heç nədir və hər şey qarşısında daynıb. Allah heçə icazə verib ki, hər şeyin qarşısında dayansın. Necə böyük bir şərəf! Bu müqayisə başlayanda əzəmətli bir hal yaranır. İnsan özündə bir nöqsan, əskiklik hiss etməyə başlayacaq.

Duanın başlanğıc nöqtəsi

Duanın başlanğıc nöqtəsi də bu məqamdır. Heç nə hər şeyin qarşısında duranda dili açılır. Duanın sirri maddi ehtiyac deyil, heç nə məqamından hər şeyə doğru qalxmaq istəyidir. Amma insan nə qədər dua edirsə, görür ki, azdır, yenə də irəli getməlidir. İnsan elə təşnə olur ki, onun təşnəsini nəsə yatıra, sirab edə bilmir. Fəratın suyun içsə belə bu insanın susuzluğu, təşnəsi aradan qalxası deyil. Bütün dünyanın suyunu bu adama içirsələr, yenə də rahatlaşmayacaq.

İnsanın təşnəsini nə yatırar?

İlahi eşqi başa çəkdikcə insanın təşnəsi artır. Ədəbiyyatımızda bu təşnəlik gözəl təsvir edilib. Sevgi şərabını cam cam ardınca içsən də təşnən əskilmədi. Nə bu şərab sona çatır, nə də sənin susuzluğun!

Hacıların sirab olma günü

Təşnə insan su içməklə sirab olmalı, rahatlaşmalıdır. “Tərviyə” sirab olmağa, susuzluğun yatmasına deyilər. Həccə gedənlər, təməttödə olan insanlar bilir. Zilhiccənin 8-ci gününün adı tərviyə günüdür. Hacı həmin gün ehram bağlayıb Ərəfata qalxır.

Təşnəni yalnız Allah yatıra bilər

Deyirlər qədimdə hacılar Məkkədən su götürüb Ərəfata apararmışlar. Amma tərviyə bu mənada deyil və insanın təşnəsini su yox, Allah yatırır. Həmin gün həzrət Peyğəmbərin (s) bələkdə olan Əlinin (ə) təşnəsini öz dili ilə yatırdığı deyilir. Bu münasibətlər gün Tərviyə günü adlandırıldı. Allah həmin gün hacını sirab edir. Həcc elə Ərəfədir. Ərəfə qurtaranda həcc qurtarır. Hacı o şəxsdir ki, səfər məqsədi var. Həzrət İbrahim deyir ki, Allaha doğru hərəkət üçün yola çıxıram. Biz də bunu deyək. Allahın hüzuruna gedəndə özü əlimdən tutub aparacaq. İlahi eşq yoluna düzələn adi su ilə sirab olmaz. İmam Səccadın (ə) qabı düşdü quyuya. Quyunun suyu qalxdı və qabı qaldırdı. Allaha ərz etdi ki, Pərvərdigara əgər mən susuzamsa, mənim təşnəmi bu su yatırmaz. Bu təşnəni yalnız Sən yatıra bilərsən!


Peyğəmbərin gözünün işığı

Namazda süstlük göstərən insan eşitsin. Həzrət Peyğəmbər (s) buyurur ki, Allah-Taala mənim gözümün işığını namazda qərar verib. Namaz qıldıqca göz işıqlanır. Ariflər deyir ki, ilan kimi neçə müddətdə bir dəfə qabıqdan çıxın. İlan qabıqdan çıxanda gözü işıqlanar. Bəli, namaz insanın gözünü açır. Həzrət buyurur ki, namaz mənə o qədər şirin olub, ac insan çörək həsrəti çəkdiyi kimi namaz həsrətindəyəm. Susuz insan su görəndə necə həyəcanlanırsa, ilahi yolda seyr-səfərə çıxan insan namaza münasibətdə belə həyəcanlı, rəğbətlidir.

Allahla rabitə təşnəsi

Naqis insan bu halı yaşamaz, namaza etina göstərməz. Kamil insan, həzrət Peyğəmbər (s) kimi bilir namaz nədir. Həzrət (s) 40 il bu yolu gedib, həmin məqama çatıb. Rəvayəti oxuyanda məqsədim vardı. Həzrət buyurur ki, susuz su içəndə, ac çörək yeyəndə, dayanır və deyir ki, bəsdir. Amma mən nə qədər namaz qılıramsa deyə bilmirəm bəsdir. İmam Səccad (ə) bütün gecəni namaz qılır və səhər Allaha sözü bu olur ki, İlahi, namazdan doya bilmədim! Bu, həmin sirab olmayan təşnəyə işarədir. Kim bu yolu gedə bilsə, Allah onun üçün bir şirinlik nəzərdə tutub. Bu təşnəyə insan vücudunda yer verilib. Seyr-səfərdə məqsədə doğru gedən insan namazda şirinlik tapır, Allahla rabitə sayəsində təşnəsi sirab olur.


İkinci xütbə


بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm.

Təqvanın təsirləri çoxdur və Allah Quranda bu barədə ətraflı danışır. Dünya və axirət hörməti təqvanın böyük bəhrələrindəndir. Allah-Taala bu təsirləri bir-bir sadalayır. Təqvanın bir təsiri budur ki, insanın şəxsiyyətini qoruyar. Təqvası olmayan insan yerlə yeksan olar, şəxsiyyəti ayaq altında qalar. Dünya və axirətdə abır-həyanı qoruyan təqvadır. Qiyamətdə şəxsiyyəti, hörməti qorumaq çətindir. Yalan danışan, cilovunu qırmış şəhvət ardınca gedən öz vəziyyətini görəcək. Təkrar-təkrar bu duanı oxuyun ki, Pərvərdigara, Qiyamətdə mənim şəxsiyyətimi qoru. Allah Quranda elə bir ayə buyurur ki, bu ayəni oxuyan qan ağlamalıdır. Ali-İmaran surəsinin 161-ci ayəsində buyurulur: “Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!”

Qiyamətdə vay xainlərin halına!

Bir şey oğurlamış insan Qiyamətdə həmin xəyanəti ilə insanların arasında gətirilər. Rəvayətə görə Qiyamət səhnəsinə hər kəs oğurladığı şeylə gətirilər. Dəvə oğurlayan dəvə ilə gətirilər. Dəvə oğrunun boynunda elə nərildəyər ki, oğru rüsvay olar. Bəs beytülmalla ev alanın, maşın alanın, xəyanət edənin halı necədir!

Beytülmal xərcləməyin çətinliyi

Müharibələrdən birində müsəlmanlar kafirlərdən qənimət aldılar. Qənimətdə bütün müsəlmanların payı var. Ola bilər ki, kimsə başqalarından xəbərsiz nəsə götürüb. Peyğəmbərin göstərişi ilə bir şəxs uca bir yerə qalxdı və élan etdi ki, qənimətdən kim nə götürübsə, hətta iynə də olsa, geri qaytarsın. Bir şəxs bir ovuc dəvə yunu gətirdi. Dedi ki, dəvəmin palanı cırılıb, onu yamamaq istəyirəm. Həzrət buyurdu ki, Mən də öz payımı versəm, bu bir ovuc yunda başqalarının payı var. Kişi təəccüblə dedi ki, ya Rəsuləllah, mən bu qədər çətin olduğunu bilmirdim. O, götürdüyü bir ovuc yundan imtina etdi. Belə bir mövzuya diqqətsizlikdən Allaha pənah aparaq.

İnkişafın əsası və sabit iqtisadiyyat

Sabit iqtisadiyyatın dörd sütunu var: insan potensialı, elm, texniki vasitələr və müdiriyyət. Müəllim və fəhlə günündə elm və işin əhəmiyyətini yada salırıq.

Həqiqi alim və müəllimin faydası

Həqiqi alim və müəllim varlıq aləmində bütün zərrələrə təsirlidir. Alimin yerə, göyə təsiri var. Həzrət buyurur ki, bütün zərrələr, yer altında qarışqalar, suda balıqlar, göydə mələklər gözəlliyi öyrədənə salam-salavat deyir. Nə üçün? Çünki müəllimin elmi hər zərrəyə öz təsirini göstərər. İmam Sadiq (ə) buyurur ki, alim öləndə yer və göy ağlar.

Alimin yer-göyə yaxınlığı

İmam Sadiq (ə) buyurur ki, alim öləndə yer və göy ağlar. Alim yerə-göyə yaxın olduğundan o dünyadan gedəndə aləmin sütunlarının ağlaması 70 gün uzanar. Onlar nalə çəkər ki, xeyirli bir müəllim dünyasını dəyişib. Alimin ölümünə qəmlənən insana Allahın əmri ilə min şəhidin savabı yazılar. Alimin, müəllimin ölümünə narahat olmayanı münafiq kimi qeyd edərlər. Alimin ölümündən böyük müsibət yoxdur. Alimin yerə, göyə yaxınlığı olmasa, ona ağlamazlar. Rəvayətə görə peyğəmbər dünyasını dəyişəndə yer-göy 40 il ağlar. Peyğəmbər (s) buyurur ki, yer-göy İmam Hüseynə (ə) tarix boyu göz yaşı axıdar. Çünki yaxşı bilirlər Hüseynin (ə) dünya üçün gördüyü işi. Yer-göy Hüseynə ağlar, Yəhyaya ağlar. Rəvayətdə deyilir ki, İmam Hüseyn şəhadətə çatanda Günəş doğanda da, batanda da görünməmiş şəkildə qızardı.

Yer-göy Firon və onun qövmünə ağlamadı

İbn Abbas bir rəvayət nəql edir. Rəvayətdə Quran ayəsi yada salınır. Allah Quranda Firon və ətrafının məhvindən söz açır: (Fironun bütün əyan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər); Və zövq aldıqları neçə-neçə nemətlər (tərk etdilər); (Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını (İsrail oğullarını) varis etdik; Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi!)
Nə üçün ağlamadı? Çünki bu xəbis varlıqların yer-göylə rabitəsi yox idi. Onlar biganə idilər. Peyğəmbər (s) buyurur ki, dünyada ya öyrədən ol, ya da öyrənən. Üçüncü yol fəlakətdir. Firon və ardıcılları öləndə yerləri görünmədi.

Möminin ölümünə aləm ağlar

Həzrət Peyğəmbər (s) buyurur ki, möminin əməli xüsusi bir qapıya aparılar. Möminin ruzisi də xüsusi qapıdan nazil olar. Mömin öləndə bu iki qapı ağlar. Peyğəmbər buyurur ki, mömin öləndə onun namaz qıldığı yerlər ağlar. Rəvayətdə deyilir ki, sübh namazına durmayana yatdığı yer lənət oxuyar. Bir insan qürbətdə öləndə ağlayanı olmasa, namaz qıldığı yer ona ağlar. Libası ağlar. Əməllərin qalxdığı qapı, iki müvəkkil mələk ağlar. Çünki onlar mömində xeyiri görür. Bizim pis işimizə yer-göy ağlar. Lut qövmünün günahlarına yer o qədər ağladı ki, göz yaşları ərşə dirəndi. Yalan danışırsan, saxtakarlıq edirsən, xalqı incidirsən, yer-göy bu pisliyə ağlayır. Göz yaşı ərşə çatanda Allah ərşə əmr edər ki, daşını yağdırsın. Yerə əmr olundu ki, çək onları kamına. Bir gənc şirk etiqada sürüklənsə, nə olar? Məryəm surəsinin 89-91-ci ayələrində buyurulur: Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız) ; Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun; (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!
Bəli, bu azğın etiqadlardan dağlar parçalanmağa qalır.

Böyük insanların tərbiyəsində alimin rolu

Biz müəllimdən bütün dünyanın, suda, quruda yaşayanların fayda götürdüyünə inanırıq. Müəllimə hamı borcludur. Ətrafa baxsan, kim hansı məqama çatıbsa, müəllimin zəhməti var. Alimlər, şəhidlər, həzrət İmam o yüksək məqama necə çatdılar?!

Müəllim nə istehsal edir?

Biri dəmirdən mil düzəldir. Hər işdə xammal var. Müəllimin xammalı nədir? Müəllimin xammalı insandır. Müəllim uşaqlar tərbiyə edir ki, bu uşaqlar bəşəriyyətin gələcəyi üçün faydalı olur. Harada gözəl hiss, hadisə görsən, kökünü axtarsan, müəllimdə taparsan.

Müəllimin təqdiri

Bu sözlər gözəldir, amma müəllimi əməldə yüksək tutmaq lazımdır. Müəllim bir evə sahib olmaq üçün qapılar döyür, düşür pis adamların arxasınca. Demə bu dövlətin işi deyil. Dövlətin əsil işi bu insanları canavarların ağzından almaqdır. Allah bizə vəzifələrimizi yerinə yetirməkdə yardımçı olsun. İmam Hüseyn (ə) öz övladının təhsilini Əbdürrəhman Səlmiyə tapşırdı. Uşaq gəldi dedi ki, müəllim mənə Həmd surəsini öyrətdi. İmam Hüseyn (ə) o müəllimə elə bir hədiyyə verdi ki, məbləğini dilə gətirməyə ehtiyat edirəm. Xəbər tutanlar etiraz etdilər ki, ya İmam, bu qədər hədiyyə olar! Həzrət bir cümlə deyir ki, YUNESKO-nun şüarı olasıdır. Həzrət (ə) buyurdu: “Onun verdiyi hara, mənim verdiyim hara!”
Ötən həftə nizamın Adsız Döyüşçüləri xüsusi əməliyyat keçirib, cinayətkar bir dəstəni zərərsizləşdirdilər. Mən onlara təşəkkürümü bildirirəm. Bu hadisə həm bizə, məsullara bir xəbərdarlıq idi, həm də cinayətkarlara. Gördülər ki, qaçmağa yolları yoxdur.

İnsan haqlarını tapdayanlar haqdan dəm vurur

Ötən həftə ABŞ Xarici İşlər Nazirliyi İranı ittiham etdi. Dedilər ki, İran terrorizmi himayə edir. Hər gün yeni ittihamlarla çıxış edirlər. Məqsədləri budur ki, müzakirələrdə İrandan güzəşt alsınlar. Məqsədləri İslam Respublikasının bünövrəsini sarsıtmaqdır. Onları narahat edən nüvə enerjisi deyil. Məqsədləri İranın hər an artan iqtidarının qarşısını almaqdır. Biz narahatıq ki, insan haqlarından dəm vuran Amerika özü bu haqları pozmaqda öndə gəlir. İmam Sadiq (ə) buyurur ki, arabir şeytan özü özündən sığınacaq axtarar. Deyər pənah aparıram şeytanın şərindən. Aydın olur ki, bu şeytan çox peşəkardır.

Demokratiyadan xəbərsizlər ABŞ-ın qucağında

Dünyada ayrıseçkilik barmaqla sayılası hal deyil. Haraya baxsaq, ayrıseşkilik görərik. Xilaskarın gəlişinə zəmin hazırlayan elə bu qüvvələrdir. Avropa Parlamenti 2009-cu ildən bu günədək İran əleyhinə 60 qətnamə qəbul edib. Amma İsrailin əleyhinə heç olmaya gözdən pərdə asmaq üçün bir söz dilə gətirməyib. Ətrafda ölkələr var ki, seçki nə olduğunu bilmir. ABŞ bu əlaltılarını himayə edir. Onların heç konstitusiyası yoxdur. Bu ölkələr qalıb, İranın seçkilərini hədəfə alıblar. Bəli, aydın olan budur ki, fəsad yer üzünü bürüyür. İmam Zaman (əc) nə vaxt gələcək? Yer üzünü zülüm bürüyəndə. Zülm evlərə daxil olacaq. Sonra İmam zühur edəcək və ədalət yer üzünü bürüyəcək, evlərə də daxil olacaq. Allahın gözəl adları da özünü zühur dövründə göstərəcək.
Allah-Taala bu məmləkəti bütün şər qüvvələrdən hifz etsin, onun izzət və qüdrətini artırsın. Xalqımıza bəsirət versin ki, düşməni tanısın və onun necə qəddar olduğunu görsün. Bu düşməndə iynə ucu qədər insaf-ədalət yoxdur.
Allahı and verirəm gözəl adlarına, rəhmaniyyətinə, ölkəmizə, xüsusən məntəqəmizə bərəkət yağışını nazil etsin.

Nur-az.com


2078 بازدید
در حال ارسال اطلاعات...