Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2014

Sələfilər haqlıdır, yoxsa xalq?

Azərbaycan xalqı İslamı qəbul etdiyi ilk əsrlərdən Əhli-beytə bağlı olmuş, Peyğəmbər ailəsinə xüsusi sevgi və hörmət bəsləmişdir. Bu gün də Əhli-beyt sevgisi şiə və sünni həmvətənlərimizin ortaq dəyəri sayılır və onlar bu qiymətli irsi qorumaqda israrlıdırlar. Lakin müstəqilliyimizdən sonrakı illərdə, dini sahədə kifayət qədər boşluğun olduğu dövrdə ölkəyə idxal edilən Sələfilik cərəyanı Əhli-beyti nəinki İslamı, Quranı öyrənməkdə mənbə kimi qəbul etmir, hətta İmam Hüseyni və digər Peyğəmbər övladlarını qətlə yetirib Əhli-beyt qadınlarını, qızlarını əsir tutan Yezidə hörmət bəsləyir, onu Əmirəlmöminin adlandırır, Aşura günü bayram edirlər.
Söhbətin mövzusu bu deyil. Biz daha əvvələ, ən prinsipial məsələyə qayıdıb Əhli-beyt davamçılarının, eləcə də sələfilərin dəvət etdiyi yolların dəlillərinə qısa nəzər salmaq istəyirik. Düşünürük ki, həm də radikal qrupların təbliğatından qorunmaq üçün bunları bilmək hər bir azərbaycanlının hüququdur.
Əhli-beyt davamçıları insanları Quran, sünnə və Əhli-beyt yoluna, sələfilər isə Quran, sünnə və sələflərin yoluna dəvət edirlər. Onlar “sələf” dedikdə səhabələri və onlardan sonra gələn iki nəsli, yaxud İslam tarixinin ilk üç əsrinin görkəmli şəxslərini nəzərdə tuturlar. Göründüyü kimi, fikir ayrılığı yalnız üçüncü qaynaqdadır. Belə ki, Əhli-beyt davamçıları Quran və sünnənin mübahisəli məsələlərini Əhli-beytdən – yəni Peyğəmbərin öz ailəsi arasından seçdiyi xüsusi şəxslərdən, sələfilər isə digər səhabə, tabei və alimlərdən öyrənirlər. Lakin bunların hansı kitab və sünnəyə əsaslanır? Yəni Quranın və Peyğəmbərin özü fikir ayrılığı zamanı kimə müraciət etməyi tapşırmışdır? Bu yazıda məhz buna aydınlıq gətirməyə çalışacağıq.
Öncə qeyd edək ki, bəhanələrin qarşısını almaq üçün yazıda Əhli-beyt vasitəsi ilə deyil, digər səhabə və tabeilər vasitəsi ilə rəvayət olunan Peyğəmbər hədislərindən istifadə olunmuş, şiə kitablarından deyil, sələfilərin mötəbər saydığı kitablardan sitatlar gətirilmişdir.

Əhli-beyt yolunun dəlilləri

1. Təthir ayəsi: “Ey Əhli-beyt! Allah sizdən hər bir çirkinliyi yox etmək və sizi paklamaq istər!“ (Əhzab-33)
Təbii ki, ayədə məqsəd fiziki çirkinlik deyil, mənəvi və əxlaqi qüsurlar, günah və sapınmalardır. İslam hədislərinə əsasən, “Əhli-beyt” sözündə məqsəd isə Peyğəmbərin bütün ailə üzvləri yox, Əli, Fatimə, Həsən və Hüseyndir. Nümunə üçün, Səhih-Müslimdə nəql olunmuş hədisə nəzər salaq:
Aişə deyir: “Peyğəmbər səhər çağı çiynində yun parça otaqdan çıxdı. Həsən ibn Əli gəldi. Peyğəmbər onu əbanın altına saldı. Sonra Hüseyn gəldi - onu da əbanın altına saldı. Sonra Fatimə gəldi - onu da əbanın altına saldı. Sonra Əli gəldi - onu da əbanın altına saldı. Daha sonra isə bu ayəni oxudu: “Ey Əhli-beyt! Allah sizdən hər bir çirkinliyi yox etmək və sizi paklamaq istər!“ (Səhih-Müslim, hədis: 2424)
Hədis əksər rəvayət kitablarında mövcuddur və məzhəbindən asılı olmayaraq, demək olar ki, bütün alimlər tərəfindən qəbul olunur. Tirmizinin nəql etdyi oxşar hədisdə isə deyilir ki, hadisə Ümm Sələmənin evində baş vermiş, bu zaman Ümm Sələmə Peyğəmbərdən soruşmuşdur: “Ey Allahın rəsulu, mən də Əhli-beytdənəmmi?!” Peyğəmbər isə onu əbanın altına salmayaraq buyurmuşdur: “Sən öz yerində qal, sən xeyirdəsən” (Yəni Əhli-beytdən sayılmırsan). (Sünən-Tirmizi, hədis: 3787)
Bu ayəyə əsasən, Əhli-beyt günahlardan uzaqdır və yolunu azmaz. Odur ki, mübahisəli məsələlərdə etimadlı mənbə tapmaq üçün uzağa getmək lazım deyil, Quranın xüsusi mesajlara malik bu kimi ayələrinə əməl etmək və Əhli-beytə üz tutmaq lazımdır.

2. Səqəleyn hədisi: Cabir ibn Abdullahın rəvayətinə əsasən, Allahın rəsulu həcc zamanı, Ərəfə günü müsəlmanlara buyurdu: “Ey müsəlmanlar! Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-beytim. (Sünən-Tirmizi, hədis: 3786)
Zeyd ibn Ərqəmin rəvayətində isə belə buyurur: “Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız. Onların daha böyük olanı Allahın kitabıdır... O birisi isə Əhli-beytimdir. Onlar qiyamətə qədər bir-birindən ayrılmazlar”. (Sünən-Tirmizi, hədis: 3788)
İslam alimlərinin böyük əksəriyyəti, o cümlədən məşhur sələfi hədisşünası Şeyx Albani bu iki hədisi, eləcə də Səhih-Müslim, Müsnəd-Əhməd və digər kitablarda yer almış oxşar hədisləri səhih sayırlar. Peyğəmbər bu hədisi dəfələrlə, həm də ömrünün sonunda buyurmuş, son vəsiyyəti kimi Quranı və Əhli-beyti tapşırmışdır. Yuxarıdakı Təthir ayəsindən əlavə, bu mütəvatir hədis də Əhli-beytin məsum olduğunu göstərir. Peyğəmbər bu hədislə Əhli-beytin söz və əməllərinin doğruluğuna, hidayətdən kənar və Qurandan ayrı olmadığına zəmanət vermiş olur. Bundan əlavə, bu hədisə əsasən, Peyğəmbərin hər hansı məsələyə dair fikrini məhz Əhli-beytdən öyrənmək lazımdır. Çünki Peyğəmbərin öz övladlarının – yəni haqqında bu qədər fəzilətlər bəyan olunmuş Əhli-beytin nəql etdiyi hədislər digər səhabə və tabeilərin nəql etdiklərindən daha etibarlıdır və Peyğəmbərin özü məhz bunu vəsiyyət etmişdir.

Əhli-beytə dair həmçinin Məvəddət, Vilayət, İtaət, Mübahilə və digər ayələri, On iki əmir, Qədir-Xum, Nuh gəmisi və digər hədisləri də qeyd etmək olardı. Lakin yuxarıdakı bir ayə və bir hədisin yetərincə konkretliyini nəzərə alıb yazını uzatmaq istəmirik. Bundan əlavə, müsəlmanlar hər namazın təşəhhüdündə Peyğəmbərdən sonra mütləq onun ailəsinə - Əhli-beytə də salavat göndərməlidirlər. Bütün bunlar isə heç şübhəsiz, səbəbsiz deyil və bu dində Əhli-beytin özəl statusuna dair mesajları təşkil edir.

Sələf yolunun dəlilləri

İndi isə İbn Teymiyyə başda olmaqla sələfilərin dəvət etdiyi yolun dəlillərini araşdıraq:
1. Tövbə surəsi, ayə 100: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Qeyd etmək lazımdır ki:
Əvvəla, ayədəki “irəli düşən mühacirlər və ənsar” məhz Allaha iman gətirməkdə irəli düşənlərdir. Bu baxımdan, ayə İslam inancına dairdir və hər məsələdə deyil, bu məsələdə ilk səhabələrə tabe olanlar təriflənir, onlara Allahın razılığı və cənnət vəd olunur. Təbii ki, İslam dəvətinin ilk çağlarında, məşəqqət dolu Məkkə dövründə müsəlman olanların imanı daha səmimi və düzgün olmuşdur. Odur ki, digər insanlara da belə iman gətirmək tövsiyə olunur.
İkincisi, Quranın hər hansı ayəsindən tələsik hökm çıxarmaq olmaz. Bundan ötrü bütün Quran ayələrini araşdırmaq lazımdır. Və Quranın “Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz, açıq-aşkar azmışdır!” (Əhzab, 36), “Kim zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zilzal, 8) kimi çoxlu ayələrinə əsasən, demək olar ki, bu ayə səhabələrin iman gətirməsi ilə bağlıdır və onların bütün əməllərinə yekun qiymət sayılmır. Həm də səhabələrin doğru və haqlı əməllərində onlara tabe olmaq lazımdır, hər əməldə yox.
Üçüncüsü, səhabələr arasında kifayət qədər fərqli, bir-birinə zidd və hətta düşmən fikirlər mövcud olmuşdur. Belə olan halda, Allah onların hamısını höccət təyin edə bilərmi?! Hansı ağıl Hikmətli Allahın müsəlmanları belə ziddiyyətli yollar ayrıcında qoymasını qəbul edər? Üstəlik, dərhal sonrakı ayə səhabələr arasında münafiqlərin olduğunu bildirir: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq”.
Dördüncüsü, ayənin özü bu təfsiri inkar edir və səhabələrin əməllərinin höccət olmamasına əsas verir. Çünki əvvəla, onlar bir-birinin əməllərini höccət saymamışlar və onlara tabe olsaq, biz də höccət saymamalıyıq; ikincisi isə, fikir ayrılığı olan məsələlərdə birinin əməlinə tabe olmaq, mütləq o birinə tabe olmamaqla nəticələnir.

2. Səhih-Buxari, hədis: 2652, 3651, 6429: "Ən xeyirli insanlar (və ya nəsil) mənim dövrümün insanlarıdır, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlər".
Qeyd etmək lazımdır ki:
Əvvəla, hər hansı dövrün adamlarının xeyirli olması nisbi məsələdir və onların hamısının əməllərinin düzgün və ya xeyirli olmasına dəlalət etmir. Həmin dövr əslində faiz etibarilə yaxşı insanların sayı, İslamın möhkəmlənməsi və yaxud Əhli-beyt imamlarının məhz həmin dövrdə yaşaması baxımından xeyirli ola bilər.
İkincisi, insanların xeyirli olması onların əməllərinin höccət olması anlamına gəlmir. Yalnız məsum olanların əməlləri digərlərinə höccət ola bilər ki, səhabələr barədə belə iddia yoxdur.
Üçüncüsü, həmin dövrün alimləri, səhabə və tabeilər arasında yetərincə konflikt olmuş, bəzən bir-birini kafir saymış, hətta qətlə yetirmişlərsə, əksər firqə və məzhəblər də məhz həmin dövrdə yaranmışdırsa, o – yəni İslamın ilk üç nəsli və ya əsri necə höccət ola bilər?!

3. Hidayət hədisi: İbn Abbasdan nəql olunan hədisdə Peyğəmbərin belə buyurduğu qeyd olunub: “Mənim səhabələrim ulduzlar kimidir. Hansına üz tutsanız, hidayət olarsınız”.
Qeyd etmək lazımdır ki:
Əvvəla, hədisin sənədi zəifdir. Əhməd ibn Hənbəl, Dariqutni, İbn Həzm, Beyhəqi, İbn Əsakir, İbn Cövzi, İbn Həcər Əsqəlani, Süyuti, İbn Teymiyyə, Şovkani, Albani və digərləri onu zəif saymışlar.
İkincisi, hədisin mətni də problemlidir. Belə ki, hər bir ulduz yolçuya düzgün istiqamət göstərmir. Bu, xüsusi ulduzlara aiddir.
Üçüncüsü, qəti tarixi faktlar bunu inkar edir. Tarixdə bəzi səhabələrin yollarını azması, haqdan dönməsi, bir-birini qətlə yetirməsi qeyd olunub. Bu baxımdan, onların hamısı hidayət məşəli ola bilməzlər.
Bu tip hədislər Peyğəmbərin Əhli-beyt haqqında buyurduğu bəzi hədislərə qarşı uydurulub. Məsələn, Hakim Nişapuri Buxari və Müslimin şərtlərinə cavab verən səhih sənədlə nəql etdiyi hədisdə Peyğəmbərin belə buyurduğunu yazır: “Ulduzlar insanları suda qərq olmaqdan qoruduğu kimi, Əhli-beytim də ümmətimi ixtilafdan qoruyur. Hansı ərəb qəbiləsi ona qarşı çıxsa, ixtilaf törətmiş və şeytan dəstəsindən olmuşdur”. (Hakim Nişapuri. “Əl-Müstədrək əla əs-səhihəyn”, 3/162, hədis: 4715)

4. İftiraq hədisi: Peyğəmbərə aid edilən bir hədisdə deyilir: “Yəhudilər 71 firqəyə, məsihilər 72 firqəyə bölündülər. Mənim ümmətimsə 73 firqəyə bölünəcək”. Bəzi hədislərdə belə bir əlavə var: “Birindən başqa onların hamısı cəhənnəmlikdir”. Qurtulacaq firqə haqqında da şiə və sünni hədislərində müxtəlif fikirlər gözə çarpır. Belə ki, “Ey Peyğəmbər! Qurtulacaq firqə hansıdır?” – deyə soruşana onun “Camaatla olan”, “Mənim və səhabələrimin yolu”, “Əhli-beytimin yolu”, “Mən və şiələrim (ardıcıllarım)” və digər cavablar verdiyi bildirilir. Sələfilər bu hədisdən istifadə edərək səhabələrin yolunu xilas olacaq yeganə yol sayır, bəzən isə Əhli-beyt yolu olan Şiə firqəsini ümumiyyətlə 73 firqədən hesab etmir və İslamdan kənar adlandırırlar.

Qeyd etmək lazımdır ki:
Əvvəla, bu hədis sənəd baxımından etibarsızdır. O, Əhli-sünnənin iki Səhih kitabında, eləcə də Şiənin dörd məşhur hədis kitabında gəlməmişdir. Sənəd baxımından qüsurlu olan “Rövzə əl-Kafi”də və digər Şiə kitablarında, həmçinin sünni mənbələri arasında Müsnəd-Əhməd, Sünən-İbn Macə və digər əsərlərdə qeyd olunmuşdur. Rəvayət sənədində mövcud qüsurlara görə məşhur hədisşünas alim İbn Həzm yazır ki, bu hədis hətta etiqadi məsələlərdə vahid hədisi mötəbər sayanların meyarına əsasən də səhih deyil. (İbn Həzm. “Əl-Fəsl fil-miləl”, 3/138) Sələfi imamı Şovkani hədisin “birindən başqa hamısı cəhənnəmlikdir” hissəsini zəif sayır. Yeri gəlmişkən, Əbu Davudun, Tirmizinin, İbn Macənin, İbn Hibbanın və Hakimin Əbu Hüreyrədən nəql etdiyi oxşar hədisin zəif olmasından əlavə, onda bu hissə yoxdur. İbn Vəzir bütün hədisi, xüsusən də sözügedən hissəni şübhə altına salaraq onun İslama zərbə vurmaq üçün dinsizlər tərəfindən artırıldığını istisna etmir.
Müasir İxvan sələfiliyinin dini lideri sayılan Şeyx Yusif Qərzavi də hədisin bəzi rəvayətçilərini nəzərə alaraq, onu zəif adlandırır. Qərzaviyə görə, bəzi hədisşünaslar, o cümlədən İbn Teymiyyə müxtəlif vasitələrlə nəql olunduğuna görə onu səhih saymışlar. Halbuki hədisin məzmunu nöqsanlı, yaxud ona müxalif ayə və ya hədis mövcud olduqda bu qayda ilə səhih saymaq doğru deyil. Necə ki, hədisşünaslar bir çox hədisləri məhz buna görə səhih saymamışlar. (Qərzavi Y. “Əs-Səhvə əl-islamiyyə”, fəsil: 1)
İkincisi, müəyyən şərtlərə görə hədisi qəbul etmək mümkün olsa da, bu yalnız birinci hissəsinə aiddir. Həm də ən azından xəbər vahiddir və belə hədislərlə müsəlmanların imanını şübhə altına salmaq olmaz.
Üçüncüsü, hədisin mətnində ciddi qüsurlar var və Qurana ziddir. Bu hədis İslam ümmətini xristianlıq və yəhudilikdən də pis və cəhənnəmlik ümmət kimi göstərir. Hələ qurtulacaq firqənin yalnız sələfilikdən ibarət olduğunu düşünsək, vəziyyət çox bərbad olar və kiçik bir qrupu çıxmaqla bütün müsəlmanların cəhənnəmə gedəcəyini söyləmək lazım gələr. Bu isə “Ali-İmran” surəsinin 110-cu ayəsi ilə daban-dabana ziddir: “(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.”
Dördüncüsü, bu hədis rəsmən təkfirçiliyə rəvac verib müsəlmanları bir-birinə qarşı qaldırır ki, bu da Quranın “Bütün müsəlmanlar qardaşdır” (Hucurat, 10), “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” (Ənfal, 46) kimi çoxlu ayələrinə, eləcə də Peyğəmbərin “Allan Onun razılığından ötrü (ixlasla, səmimi şəkildə) “La ilahə illəllah” deyənlərə cəhənnəm alovunu haram etmişdir” (Səhih-Buxari, 2/59, h: 1186), “La ilahə illəllah” deyib mənim Allahın elçisi olduğuma şəhadət verənlər cəhənnəmə daxil olmazlar” (Səhih-Müslim, 1/61, h: 33 (54)) kimi çoxlu hədislərinə ziddir. Unutmayaq ki, İftiraq hədisində söhbət Məhəmməd ümmətindən, yəni tövhid və nübüvvəti qəbul edənlərdən gedir, kafir və ya mürtədlərdən deyil. Bu hədisdən sonra isə təbii ki, hər bir firqə və məzhəb özünü xilas olacaq yeganə firqə elan edib digər müsəlmanların yollarını azdığını və cəhənnəmə gedəcəklərini söyləyər.
Beşincisi, “Mənim və səhabələrimin yolu” nə deməkdir və hansı anlaşılmazlığı həll edir? Məgər səhabələrin hamısı eyni eiqadlara malik olmuş, eyni düşünmüşlər?! Məgər səhabələr arasında müharibə baş verməyib, bir-birini kafir adlandıran, bir-birini lənətləyən olmayıb?! Məgər Qurani-kərim bəzi səhabələri məzəmmət etmir, fasiq və hətta münafiq adlandırmır?! (Bax: Tövbə, 101; Hucurat, 6; Münafiqun, 1-2 və s.) Elə isə Peyğəmbərə aid edilən bu söz onların hansının haqlı olduğunu bildirir və uyğun ixtilaflara nə çarə qılır?!

Deyilənlərdən aydın olur ki, sələflərin – yəni səhabə və tabeilərin yolunun haqq və əməllərinin örnək olmasına dair dəlil yoxdur, bunu nə ağıl təsdiqləyir, nə də tarixi faktlar. Əhli-beyt yolunun haqq olması isə Quran və sünnəyə əsasən, artıq sübut olunmuşdur. Hansı yolla olursa-olsun, hətta zəif hədislərin köməyi ilə öz təkfirçi düşüncələrinə əsas və bəhanə axtaranlara da əlavə nəsə deməyə ehtiyac qalmır.

P.S. Ölkəmizdə sünni-şiə həmişə qardaş olub və olacaq. Bu yazı isə sələflərin yoluna dəvət edib Əhli-beyti arxa plana keçirənlərə, hətta bəzən aşağılayanlara, sünni və şiə inanclarını küfr və bidət adlandıranlara aiddir.

Vüsal Hüseynzadə


1467 بازدید
در حال ارسال اطلاعات...