Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2014

Allahın ipindən yapışın!

Həzrət Əli (ə) buyurur: “Vətəsimu bihəblihi” (“Allahın ipindən yapışın”). İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə “etisam” kimi ifadə olunur. Bəzən “etisam” yerinə “təməssük”, “istəmək” kəlmələri də işlədilir. Məsələn, Allah-təala Qurani-kərimdə buyurur: “fəqəd istəmsəkə bil-urvətil vusqa” (“Bəqərə”, ayə 256), yəni “möhkəm ipdən yapışmış olur...” “həbl” kəlməsi kəndir, ip mənasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır. İnsana, “Allahın ipindən “ yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir. 

Qəflət azğınlığa aparır

Mömin insan təhlükədə olduğunu bir an da unutmamalıdır. Çünki onun ayağı altda daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bəziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. “Kaş ölüb, rahatlaşaydım”, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi, bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, “Pərvərdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür.” Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və ölümdən sonrakı həyatın mümkün ağrılarından daha dözülməzdir.
Qurani-kərim qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur: “Ey Malik (cəhənnəm gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verər: “Siz həmişəlik qalacaqsınız...” (“Zuxruf”, ayə 77). Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərinin əksəri insanın qəflətindən, diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır.
İmam rahil (r) öz söhbətlərində “diqqət” sözünü çox işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar bu sözləri dediyinə şahid olarsınız: “Ağalar, diqqətli olun...” Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır. Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhvali-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər.
Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şölələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən yapışmaqdır. Qurani-kərim və Əhli-beyt (ə) bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır.
“Bəqərə” surəsinin 256-cı ayəsindəki “urvə” kəlməsi dəstək mənasını daşıyır. İnsanın yıxılmamaq üçün yapışdığı yer “urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə” deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm bir şeydən yapışmaq istəyir. Bu möhkəmliyi ayədəki “vusqa” kəlməsi ifadə edir. İnsan süquta uğramamaq üçün ən etibarlı hesab etdiyi şeyə əl atır. Bu, onun fitri ehtiyacıdır. Diqqətli insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim axtarışda olur. Allah-təala insana xəbərdarlıq edərək buyurur: “Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.” (“Ənkəbut”, ayə 41)
Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında hörümçək toru tək zəif və etibarsızdır. Yeganə qurtuluş yolu Allahın qırılmaz ipindən yapışmaqdır. Kimsənin qıra bilməyəcəyi yeganə etibarlı vasitə həmin ilahi ipdir. Allahla bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır. Qurani-kərim “lənfisamə ləha”, yəni “bu ip qırılmaz” (“Bəqərə”, ayə 256), buyurur. Bütün başqa iplər gec-tez qırılasıdır. Bizim uzun hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir. “Həqiqətən, onlar həmin əzabı uzaq görürlər” (“Məaric”, 6) - buyurur Allah-təala. İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə qovuşdurası yeganə yol Allah yoludur.
Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər. Məsələn, “Allahın ipindən birgə yapışın” ayəsində “Allahın ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bəzən Quran, bəzən İslam, bəzən Əhli-beyt, bəzən isə məsum imamların vilayəti “Allahın ipi” hesab olunur. Amma bütün təfsirlərin arxasında Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən şəxs Allaha bağlanmalıdır. Quranın bütün hökmlərini qəbul edib, əmələ başlamaq həmin qırılmaz ipdən yapışmaq, Allaha bağlanmaqdır. Bəzən “ip” əvəzinə “səbəb” kəlməsi işlədilir. Əslində “səbəb” kəlməsinin də ərəbcə lüğət mənası “ip” və ya rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı ifadə edir. Allah-təala buyurur: “ Ona (Allaha) vasitə, yol axtarın.” (“Maidə”, 35) Bu ayənin nümunələrindən biri Əhli-beytə (ə) təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır, Allahın məsum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən yaxşı yolu seçmək lazım gəlir.
Həzrət Əli (ə) sözünün davamında buyurur: “Səni Allahla bağlayan vasitədən möhkəm vasitə varmı?!” Bəli, biz Allaha bağlılıq vasitəsi tapmağa məcburuq. Əslində sənin varlığın Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi, Onunla bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi Onun iradəsindən asılıdır. Bundan möhkəm bağlılıq ola bilərmi? Allahla bəndə arasındakı rabitədən güclü rabitə hansıdır?!
Ona görə də Həzrət (ə) əvvəlcə təqvanı tövsiyyə edir, sonra isə zikr və Allahın xatırlanmasını tapşırır. Nəhayət, diqqətimizi ona yönəldir ki, təhlükələrdən xilas olmaq üçün yeganə çıxış yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır. Yalnız insan özü Ona üz tutduqdan sonra hifz olunur. Dünya zor dünyası deyil. Hər kəs həyat yolunu özü seçir. Əgər irəli addım atıb, Allahın ipindən yapışsan, O səni hifz edəcək. Əgər Ona arxa çevirib, uzaqlaşsan, ardınca gəlməyəcək. Qurani-kərimdə buyurulur: “O istəsəydi, hamınızı hidayət edərdi.” (“Ənam”, ayə 149). Ayədən məlum olur ki, hidayət olmaq istəyən şəxs hökmən özü Allaha əl açmalıdır. Dünya həyatında daim ətrafdakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımıza əl açmağı unuduruq. Allahın möhkəm ipinə sarılmayıb, təhlükəyə düşən insan özü müqəssirdir.

Nur-az.com


1198 بازدید
در حال ارسال اطلاعات...