Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2014

Möminlərin sevinci

Əgər möminlər dünyanın halal nemətlərindən də yetərincə istifadə etmirlərsə, bəs onları şadlandıran nədir? Hədisdə Allah-təala buyurur: “Onlar dünyada üç şeyə xoşhal olarlar: Allahın zikri, Allahın məhəbbəti, Allahın razılığı. Allahı sevən insan təbii olaraq onu xatırlayır və bu düşüncələrdən ləzzət alır. Vüsal dəmi çatanadək Allah aşiqlərini məşğul edən və sevindirən Allahın xatırlanması, Onun zikridir. İmam Səccaddan (ə) nəql olunmuş duada oxuyuruq: “Qəlbim zikrinlə diridir.” (“Biharül-ənvar”, c. 98, s. 89.) Bəli, Allah eşqi olmasa, aşiqin qəlbi pərişan və ölüdür. Möminin şadlığı və qəlbinin diriliyi Allahın zikrindən asılıdır. Onu fani dünya ləzzətləri maraqlandırmır.
Bəs nə üçün hədisdə dünya sevincindən danışılır? Olsun ki, axirətdə zikrə elə bir ehtiyac yoxdur. Çünki axirət aləmi görüş yeridir və insan öz vüsalına çatır. Dünyada isə aşiqlər üçün bir ayrılıq, hicran mövcuddur. Axirət görüşünədək mömin Allahın zikrinə məşğul olur və qəlbini bu zikr vasitəsi ilə işıqlandırır.

Allah zikri ilə ilahi məhəbbət arasındakı əlaqə

Allahın zikri və xatırlanması ona məhəbbətdən qaynaqlanır. Allaha məhəbbət artdıqca insan onu daha çox zikr edir. Bu bağlılığı adi dünyəvi işlərdə də təcrübədən keçirmək olar. Bir insan o birinə nə qədər bağlıdırsa, onun haqqında bir o qədər çox düşünür. Qarşı tərəfi dərin məhəbbətlə sevən bir insan heç zaman onu unutmur. Amma məhəbbət azaldıqca xatirələr də azalır və nəhayət, insan ilk öncə sevdiyi insanı yaddan çıxarmağa başlayır. Əksinə, daha çox xatırlama məhəbbəti də artırır. Ona görə də dünyada Allah zikrinə daha çox məşğul olanların ilahi məhəbbəti də dərinləşir.
Allah aşiqlərinin digər bir sevinci ilahi məhəbbətdir. Onlar ilahi məhəbbətsiz həyatdan ölümü üstün tuturlar. Onların qəlbini bu dünyada sevindirən yeganə şey ilahi məhəbbətdir. Ona görə də daim öz əməl və rəftarları ilə Allahın məhəbbət və razılığını qazanmağa çalışır, bu yolda mövcud olan maneələri aradan qaldırmaq istəyirlər.
Aşiq üçün ən böyük ləzzət odur ki, məhbubu ondan razı olsun. Adi dünyəvi məhəbbətlər də belədir. Birinə aşiq olan insan daim onun razılığı ardınca gəzir.
Bəli, xalis bəndələrin xüsusiyyətlərindən biri budur ki, daim Allahın razılığı haqqında düşünür və bu yolda çalışırlar. Allahın onlara qarşı məhəbbət və razılığının azalması qəlblərini pərişan edir. Onlar üçün ən ağır hal bu haldır. Ona görə də Allahın razılığını qazanmaq üçün daim səy göstərir, bütün əzab-əziyyətlərə dözürlər.

Nur-az.com


1726 بازدید
در حال ارسال اطلاعات...