Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Müqəddəs Cəmkəran məscidi

Sual: Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı məlumatlar var?

Cavab: Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri “Nəcmus-Saqib”, “Cənnətul-məva”, “Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi “Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında) məlumatlar var.

Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin... (“Bihar”, c. 53, s. 230.)

Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.

Sual: Cəmkəran məscidində namazın müstəhəb olmasının dəlili nədir?

Cavab: Həsən ibn Məslə Cəmkəraninin nəql etdiyi əhvalatlarda nəql olunur ki, həzrət buyurmuşdur: “Bu məkanda 7 gün qal və orada 4 rəkət namaz qıl. İki rəkət məscid üçün təhiyyət namazı qıl, hər rəkətdə bir dəfə Həmd, 7 dəfə “İxlas” surəsini oxu, rüku və səcdənin təsbihini də 7 dəfə təkrarla. İki rəkət də Sahibəzzaman namazı niyyəti ilə namaz qıl. Birinci rəkətdə “Həmd” surəsini oxu və “iyyakə nəbudu və iyyakə nəstəin” cümləsinə çatdıqda bu cümləni 100 dəfə təkrarla. “Həmd” surəsini tamamlayıb, bir dəfə “İxlas” surəsi oxu. Sonra rüku və səcdənin zikrlərini 7 dəfə de. İkinci rəkətdə də eyni əməlləri təkrarla. Namazı başa çatdırdıqdan sonra bir dəfə “la ilahə illəllah” söylə, həzrət Zəhranın (s) təsbihatından sonra səcdədə 100 salavat çək. Bu namazdan qəflətdə qalma! Bu məsciddə olub həmin namazı qılan kəs Beytul-ətiqdə (Allahın evində) namaz qılmış kimidir.”

Sual: Cəmkəran məscidinin tikintisi haqqında məlumat verən sənəd mötəbərdirmi?

Cavab: Müqəddəs Cəmkəran məscidi və orada qılınan namaz haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər sənədli hədislərə əsasən, savaba çatmaq ümidi ilə müstəhəb iş görən kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə, savaba çatır.

Kuleyni səhih sənədə əsasən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir işin savab olduğunu eşidib onu yerinə yetirsə, eşitdiyi xəbər düzgün olmasa belə, həmin şəxsə savab veriləcək.”

Bərqi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Bir şəxs peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o işi savab saymamışsa da, bu şəxsə savab verilər.”

Sual: Cəmkəran məscidinin xüsusi əhəmiyyəti nədir?

Cavab: Bu məscidin bir sıra əhəmiyyətləri var:

1. Cəmkəran məscidi Həsən ibn Məslə Cəmkəraninin imam Mehdidən (ə) nəql etdiyi rəvayətə əsasən Allah-tәalanın xüsusi diqqətində olan məkanlarındandır.

2. Məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikildiyindən şərafət və müqəddəsliyə malikdir.

3. Bu məsciddə qılınan namazın xüsusi savabları var. Həzrət buyurdu: “Orada həmin iki namazı qılan şəxs beytül-Ətiqdə namaz qılmış kimidir.”

4. Müqəddəs Cəmkəran məscidi Əhli-beyt (ə), xüsusi ilə İmam-zaman aşiqlərinin ictima yeridir. Bu səbəbdən də onun xüsusi cazibəsi var. Çox insanlar həzrət Mehdi (ə) eşqi ilə uzun yol gəlib bu məsciddən bəhrələnirlər. Bildirilir ki, bəzi gecələr bu müqəddəs yerdə bir milyona yaxın Mehdi aşiqi toplanır.

5. Bu müqəddəs məkanda hətta çarəsiz xəstələr şəfa tapmışdır.

6. Bu məsciddə həzrətin bir çox aşiqləri onunla görüşə bilmişdir.

7. Bu yer o qədər müqəddəsdir ki, tarix boyu böyük alimlər piyada və ya süvari həzrətə təvəssül və namaz qılmaq üçün oraya gəlmişlər.

Sual: Bir istəyin qəbul olunması üçün 40 dəfə Cəmkəran məscidinə getmək doğrudanmı təsirlidir?

Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç yolla onu sübuta yetirmək olar...

1. Alimlər Cəmkəran məscidinə ardıcıl olaraq 40 dəfə getməyi faydalı saymışlar. Belə bir təsir Səhlə məscidi haqqında da bəyan olunur.

2. Rəvayətlərdə bildirilir ki, hər kəs 40 gün özünü Allaha xatir xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar. (“Kafi”, c. 2, s. 16.)

3. Çoxsaylı rəvayətlərdən aydın olur ki, maddi və mənəvi fəaliyyətlərin çiçəklənməsində 40 rəqəminin mühüm təsiri var. O cümlədən: 40 rəqəmi övladın bətndə inkişafına təsirlidir; Şərab namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin 40 gündən sonra qəbul olunması; Həzrət Zəhranın bətndə möhkəmlənməsi üçün həzrət Peyğəmbərin (s) Xədicədən 40 gün kənarlaşması; 40 gün əhd duası oxumaq insanın həzrət Mehdiyə yaxınlaşmasına səbəb olur; həzrət Mehdi (ə) 40 gün mələklərin tərbiyəsi altında olmuşdur; həzrət Adəmin 40 gün xəmirhаlındа olması; həzrət Musanın Tur dağında Allahla 40 gün ünsiyyəti; İslam peyğəmbərinin 40 yaşdan sonra nübüvvətə çatması; insan təfəkkürünün 40 il inkişaf edə bilməsi; 40 möminin şəhadətinin möminin bağışlanmasına səbəb olması; 40 hədis öyrənən insanın qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması; məscidin qonşuluğunun 40 evə çatması...

Bu hədislərdən məlum olur ki, insanın kamala çatmasında 40 rəqəminin xüsusi təsiri var.

Seyyid Bəhrul-ülum deyir: “ Biz gözlərimizlə müşahidə etmiş və öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri var.” (“Risaleyi-Seyri-Suluk”, s. 23.)

Sual: Çərşənbə axşamı Cəmkəran məscidinə getməyin savabı ilə bağlı dəlil varmı?

Cavab: Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən, o,həzrətlə çərşənbə axşamı görüşmüşdür. Həzrət ona göstəriş verir ki, Cəfər Kaşaninin sürüsündəki keçini alıb həmin yerə aparsın və növbəti gecə (yəni çərşənbə gecəsi) kəsib çərşənbə günü ətini paylasın... (“Bihar”, c. 53, s. 232.)

Bu səbəbdən də həzrətin aşiqləri həmin mübarək gecə Cəmkəran məscidinə toplaşır, Allah-tәaladan yardım diləməklə həzrətə təvəssül edib istəklərini ondan diləyirlər.

Sual: 40 çərşənbə gecəsi Cəmkəranda olan insan həzrət Mehdini (ə) ziyarət edə bilərmi?

Cavab: Bu barədə xüsusi bir dəlil yoxdur. Amma bəzi rəvayətlərə əsasən 40 rəqəminintəkvini təsirləri var. Əgər bir şəxs bu niyyətlə Cəmkəran məscidinə gedib ciddi şəkildə arzusunu Allahdan diləsə, digər bir tərəfdən bu görüş üçün ləyaqət əldə etsə, ümid var ki, həzrətlə görüşə bilsin. Bir çoxlarıbu yolla istəyinə çatmışdır.

Sual: Əgər həzrət Mehdi (ə) hər yerdə olursa, nə üçün Cəmkərana gedək?

Cavab: Bəli, biz inanırıq ki, həzrət Mehdi (ə) hər yerdə olur. Amma Cəmkəran məscidinin xüsusi imtiyazları var:

Əvvəla, Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən bu məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikilmişdir. Həzrət xalqın burada toplanmasını və dörd rəkət namaz qılmasını istəmişdir.

İkincisi, bu müqəddəs yer əsrlər boyu aşiqlərin ictima məhəlli olmuşdur. Biz də bu müqəddəs məkanın bərəkətindən faydalana bilərik.

Üçüncüsü, məhbuba doğru hərəkətin özü təsirlərə malikdir. Belə bir hərəkət insanın həzrətə olan rəğbətini artırır.

 

Nur-az.com