Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Ərdəbilin cümə namazı – 30 may (9 xordad)

Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm

"Huvə məəkum əynəma kuntum" (Siz harada olsanız, O sizinlədir) sözünə etiqad təqvanın müqəddiməsidir

Təqvanın əsas amillərindən müqəddimələrindən biri budur ki, insan özünü həmişə Allahın hüzurunda, nəzəri önündə görsün. İmam Sadiq (ə) İshaq adlı şəxsə buyurur: "Allahdan elə qorx ki, sanki Onun görürsən." Əgər sən də Allahı görməsən, O səni görür. Əgər insan bu məqama çatmasa, ən azı Allahın onu görməsinə etiqadını itirməməlidir. Əgər insan düşünsə ki, Allah onu görmür, küfrə batıb. Allahın onu gördüyünə inanıb günah edən şəxs Yaradanı adi insanlar qədər dəyərləndirmir. Axı insan başqalarının gözü qarşısında səhvə yol verməməyə çalışır. Hansı ki, Allah onu gördüyü halda günaha yol verir.

Allahın bütün işlərdən xəbərdarlığı

Allah-Taala bu mövzu barədə Quranda buyurur: "Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O, onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini biləndir." (Nisa, 108). Allah bəzi insanların pis əməli başqalarından gizlədib, Ondan gizləməməsindən narazılıq edir. Allah hər şeyi görür. Allahı nəzərə almadan pis rəftar edən insana xatırladılır ki, Allah bütün işlərdən xəbərdardır.

Aləmdəki zərrələrin insanı təhqir etməsinin səbəbi insanın Allahı təhqir etməsidir

Əgər insan Allahı saya salmasa, Onun qarşısında günah iş görsə, bu saymamazlıq səbəb olar ki, varlıq aləminin zərrələri insanı təhqir etsin. Zərrələrin təbiətində belə biri xüsusiyyət var ki, kim Allaha qarşı qiyam qaldırsa, Allahı saymasa, aləm də o insana həqarətlə baxar. Ənam, 124: "Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə, biz iman gətirməyəcəyik!” – deyərlər. Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!" "Səğar" sözü həqarət mənasını bildirir. Allah buyurur ki, tezliklə həqarətə düçar olarlar. Amma bu həqarət xalqın gözündə həqarət deyil, Allahın nəzərində həqarətdir. Allaha qarşı məkrin cavabı dünya və Axirətdə Allah qarşısında həqarətdir.

Namazın ruhu Allahın hüzurunu hiss etməkdir

Namazın mahiyyəti, ruhu budur ki, insan Allahın qarşısında durduğunu hiss etsin. Bu hal muhazatdır. Həmin məqamdan insanı Allahın ad və sifətlərinə seyri başlayır.
Namaz bu deyil ki, onun sözlərinin mənasını fikirləşəsən. Bu sözlər bir vasitədir. Namazın mahiyyəti isə özünü Allahın qarşısında görməkdir. Allah qarşısında dayanmış insan onun zatına vara bilmədiyindən, ad və sifətlərini seyr edir. O, istəmədən müqayisə aparır. Görür ki, heç hər şeyin qarşısında dayanıb. Özünü heç görən insan duaya başlayır. Heç hər şeydən ehtiyaclarını istəyir. Yanqı, təşnəlik burada başlayır. Çünki heçdə hər şeyə yaxınlaşmaq yanqısı var. Bu yanqı insanın xilqətində qərar verilib. Elə buna görə varlıq aləmində həmin təşnəliyin cavabı var.

Böyüyə yaxınlaşmaq meyli insanın fitrətindədir

İnsanın ən böyüyün zatına, mahiyyətinə yaxınlaşmaq istəyi fitri istəkdir və bu yaxınlaşmada ən böyük mənəvi ləzzət var. Böyüyə meyl fitri istəkdir. İnsanı daha böyük varlıq cəzb edir. Biz böyüklüyün mahiyyəti ilə tanış olmadığımızdan həmin mənəvi ləzzəti dərk etmirik. İnsan daha böyüyün qarşısında dayananda yaxınlaşmaq istəyir. Onda bir yanqı baş qaldırır. Eşq, böyüyə yaxınlaşmaq şövqü bu məqamda özünü göstərir.

Allaha təşnəlik sonsuzluğa təşnəlikdir

İnsnın şəni artdıqca yaxınlaşma yanqısı da güclənir. Bəzən insan həsrət çəkir ki, bir dəfə Onun cəmalını görəydi. Haqqın şəninə təşnəlik sonsuzluğa təşnəlikdir. Bu təşnəliyin, yanqının dayanacağı yoxdur. Bu yanqı bəzən insanın aramlığını əlindən alır, hətta məhvə aparır. Həzrət Şüeybin gözləri üç dəfə kor olmuşdu. Allah-Taala buyurdu ki, nə vaxta qədər sənin gözlərinin işığını qaytarmalıyam? Şüeyb cavab verdi ki, Pərvərdigara, Səni görəndə səbrim tükənir!

Bəndənin "ləbbəyk" yanqısı

Allahın camal və cəlalının seyrində yanqı günbəgün şiddətlənir. İnsan Allahı çağırır, Onun bir ləbbəyk cavabı üçün alovlanır. Bu yolda həyatını itirəni qınamağın yeri yoxdur. Bu duanı yadda saxlayın: "Vəla tuhlikni ya ilahi ğəmmən hətta təstəcibə li və tuərrifənil-icabətə fi duai". Yəni Pərvərdigara, Sənin ləbbəykini eşidənə qədər məni öldürmə. Bəndənin mövlanı çağırması və mövlanın ona ləbbəyk deməsi necə gözəldir! Şairin təbirincə, Sənin qorxu, eşqin bir lütfdür və hər ya Rəbb çağırışında bir ləbbəyk var.
Bu yanqı səbəb olur ki, insan bəzən təhlükə doğuran ibadətə məşğul olsun. Bəziləri çox ağır riyazətə qədəm qoyub. Nə üçün? Nə üçün dinimiz ağır riyazətlərin bəzisinin qarşısını alır? Taha, 2: "Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək ayaqları şişmişdi)." Bəziləri deyir ki, Peyğəmbər (s) açıq dəvətə keçən kimi müşriklər müxalifətə başladı. Peyğəmbər (s) buyurdu ki, irad məndədir. O xalqı qınamadı. Mərhum Şahabadi həzrət Peyğəmbərin (s) həmin dövrdə ağır riyazətə başladığını deyir. Allah bu zaman belə bir riyazət istəmədiyini buyurur. Amma mövzu mərhum Şahabadinin buyurduğundan daha genişdir. İnsan haqqın camal və cəlalını nə qədər çox seyr etsə, daha çox vəhdətə qərq olur. Şair deyir ki, zahirdə quru sahillər, batin isə vəhdətə qərq olmuş!
İnsan bu ümmanda qərq olduqca, heç olduğunu dərk edir. Bu hal zaman ötdükcə, güclənir. Tövbə, 72: "Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür." Bu məqamda Allah riyazətdə özünü həlak edənə dayan buyurur.

Zərrələr yolçunun yanqısına cavab verir

Allah özü insanda bu yanqı üçün müqəddimə hazırlayıb. Özü bu yanqıya dəyər verib. Çıxış yolunu da özü göstərib. Aləmdəki zərrələr insanın yanqısına cavab verir. Varlıq aləminin nizamı bu müqəddəs yanqını sirab edir. Amma yanqı adi su ilə yatırılmır. Şair buyurur ki, fəratda batsam da yanqım güclənir.

Su təşnə insanın ardınca

Allah öz lütf və mərhəmət suyunu elə yaradıb ki, bu su insanın ardınca gedir. Adi həyatda susuz insan su sorağındasa, ilahi yolda rəhmət suyu insanı axtarır. Ənfal, 23: "Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər." Şair deyir ki, dünyada təşnə su sorağındasa, təşnələr dünyasında su təşnə ardıncadır. Təşnə su deyib fəryad çəkir, su isə təşnə deyib fəryad qoparır.
Su ardınca gəzən haradadır? Suyu dinləyə bilən eşidir ki, su "yağış səmadan endiyi kimi təşnə sorağınca gəzirəm" deyir.
Mövlananın təbirincə, aşiqin iztirabını yatıran onun sorağınca səmadan enən yağış kimi gələn cavabdır.
Təşnə yata bilərmi? Susuz adamın yuxusu gələrmi? Aydın məsələdir ki, susuzluqdan yananın gözünə yuxu getməz. Şair deyir ki, səxavət ehtiyaclı sorağınca gəzir, ehsan möhtacı axtarır.
Bu təşnə insanı bir rəvayətlə sizin üçün təsvir edim. Rəvayətdə deyilir ki, Peyğəmbər rükuya gedəndə səhabə onun nə vaxt rükudan qalxacağı barədə düşünürdü. Səcdəyə gedəndə deyirdilər ki, görəsən səcdədən qalxacaq?

Qəflət haqq yolçusunun məhv olma səbəbidir

Alimlərdən biri nəql edir ki, Məşhəddə İmam Rizanın (ə) hərəminin banında maraqlı bir hadisə baş vermişdi. Böyük arif Şeyx Həsənəli İsfəhani damda namaz qılarmış. Bir dəfə səcdədə o qədər qalır ki, qar üsütünü tamam örtür. Gözəl deyiblər ki, insanın öz canından qəflətdə qalması həlakətə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur ki, gözüm yatır, qəlbim oyaqdır.

"Bizi rahat et, Bilal!"

Azan vaxtı çatanda həzrət Peyğəmbər (s) Bilala buyurarmış ki, bizi rahat et, Bilal. Ey bir ömür namazdan xəbərsiz qalan, alnı səcdə görməyənlər! Tezliklə başa düşəcəksiniz ki, nə itirmisiniz. Hələ gecədir, səbr edin, gün doğsun. O zaman əldən çıxardığınızı görəcəksiniz. Onda deyəcəksiniz ki, səcdə qılmaq istəyirəm. Amma artıq bu imkan yoxdur. Qələm, 42: "İş çətinləşəcəyi və səcdəyə dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar." Görün, Peyğəmbərin (s) vücudunda necə bir qovğa qopurdu ki, Bilala "bizi rahat et" buyururdu. Yəni azan de, Allahın hüzurunda dayanaq, Onunla raz-niyaz edək. Peyğəmbərin (s) zövcəsi nəql edir ki, həmin vaxt Peyğəmbər (s) sanki kimsəni görmürdü, nə ailəni, nə də dostları!
Görün Peyğəmbəri (s) necə bir cazibə ağuşuna alıbmış. Bu cazibə insanı apara bilər. Aparılan isə geri qayıtmaz. İnsanın qiyməti bu cazibə ilə bilinər.
Pərvərdigara! Öz lütf və kərəminlə, bu mənəvi məqamı bizə daddır.

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm

Bir göz qırpımında hər şeyin dəyişməsi

İnsan çox ayıq olmalıdır. Çünki bu dünyada bir anda hər şey dəyişir. İnsan ya Cəhənnəm, ya da Cənnət əhli olur. Bir an gözü qapamaq lazımdır ki, hər şey dəyişsin və başqa bir aləmdə gözlərini açasan. O dünyada nə varsa, bu dünyadakından fərqlənəcək. Rəvayətdə deyilir ki, mömin dünyadan gedəndə, qəbrə qoyulanda hələ kəfəni qurumamış huruleynlə görüşər.

Xəvaric atanın təri qurumamış Cəhənnəmə daxil olar

Həzrət Peyğəmbər həzrət Əliyə buyurdu: "Ya Əli, xəvariclə döyüşəcəksən. Onlardan öldürülənlər atlarının təri qurumamış Cəhənnəmə daxil olacaq." Yəni bir anda vəziyyət dəyişəcək.

Dünyadan salamat getmək ehtiyacımız

Bizim hazırkı ehtiyacımız dünyadan salamat getməkdir. Çox həssas olmalıyıq. Xacə Nəsirəddin Tusi deyir ki, insanın dünyadan salamat getməsi mühümdür. Həzrət Peyğəmbər (s) buyurur ki, hər nədə güzəştə getsəniz, bu mövzuda güzəştə getməyin, bu işdə peşmançılığın sonu yoxdur. Soruşurlar ki, Quranın hansı ayəsi başqalarından çətindir? Bu ayə kimi insanın qəddini qıran ayə yoxdur: "Mənim hüzurumda söz güləşdirməyin." (Qaf, 29). Allah buyurur ki, Onun hökmü veriləndən sonra iş tamam olur, daha qurtuluş yoxdur. Bu ayədən nə qədər üzülsək, yeri var.

3 şəban – İmam Hüseynin (ə) mövlud günü

Qarşıdan 3 şəban gəlir. İmam Hüseynin mövlud günü yaxınlaşır. Biz onun haqqında necə danışa bilərik? Bu barədə kitablar yazılıb, söhbətlər olunub. Əzizlər! Əgər İmama ehtiram göstərmək istəyirsinizsə, onun şəxsiyyəti haqqında bir kitab oxuyun və müqayisə aparın.

İnqilab Keşikçiləri günü

Həmin günü İnqilab Keşikçiləri günü adlandırıblar. Keşikçinin dəyəri onun nəyin keşiyini çəkməsindədir. Biz hamımız keşikçiyik. Amma nəyin keşiyini çəkirik? Bəziləri şəxsi həyatını, olanlarını qorumaqla məşğuldur. Bəziləri haram qazancının keşiyini çəkir. İmam Hüseynin (ə) mövlud gününü ona görə İnqilab Keşikçiləri günü adlandırıblar ki, İmam Hüseyn nəyin keşiyində durmuşdusa, onlar da həmin şeyin keşiyindədir.

İmam Hüseyn nəyin keşiyində idi?

Deyirlər ki, İmam "məalimi-din" keşiyində dayanmışdı. Nədir məalimi-din? Bu ictimai bir öhdəçilikdir. Əmr be məruf və nəhy əz münkər nəzərdə tutulur. Başqa bir iş cəmiyyətin təhlükəsizliyidir. Bu sırada şəhərlərin abadlaşdırılması da var. Həzrət buyururdu ki, ölkəni islah etmək istəyirəm. Beytül-malın ədalətlə bölünməsi də bu qəbildəndir. İmam (ə) məalimi-din deyəndə bunları nəzərdə tutub. Ədalətin təmini, haqqın müdafiəsində dayanıb batilə qarşı çıxmaq, zülm qarşısında susmamaq, izzət yolunda candan keçmək, zülmə boyun əyməmək məalimi-dindəndir.
Biz bu düşüncə ilə razılaşır və ləbbəyk ya Hüseyn deyirik. Necə ki, Allaha ləbbəyk deyirik. Çünki Hüseynin şəxsi sözü olmayıb.
İbn Abbas deyir: Hüseyn Kərbəlaya gedəndə yuxuda gördüm ki, Cəbrail Kəbənin kənarında Hüseynin əllərindən tutub deyir: "Ey camaat, gəlin Allaha beyət edin!" Hüseynin əli elə Allahın əlidir.

Məalimi-din olmayan nədir?

Məalimi-din İmam Hüseynin əksi deyil ki, məclisin başında qoyaq. İmam Hüseynə on gün ağlamaq məalimi-din sayılmır. On gün qara köynək geyməklə, duyğuları izhar etməklə, on gün telefonların zəngini dəyişməklə vəzifə yerinə yetirilmiş olmur. Hüseyn (ə) amallarını hüseyniyyədə həbs etmək, məsihilər həzrət Məsihi kilsədə həsb etdiyi kimi davranmaq məalimi-din deyil. Müsəlman sekulyarlar Allahın yerini yalnız məsciddə görür. İmam Hüseyn isə hökumət təşkil etmək istəyirdi. O bu işdə öz ata-babasının yolunu gedirdi.
Bəziləri deyir ki, siyasəti Kərbəla hadisəsi ilə qarışdırmaq olmaz. Müsibətimiz elə budur. İmam Kərbəlaya gedəndə buyurdu ki, ata-babamın yolunu getmək istəyirəm. Babası nə etmişdi? Həzrət Peyğəmbər Mədinədə hökumət qurdu. İndi bəziləri deyir ki, din siyasətdən ayrıdır. Həzrət Əli (ə) Mədinə və Kufədə Peyğəmbərin yolunu gedib hökumət qurdu. Nə üçün həzrət Müslim Kufə camaatından beyət istəyirdi. Çünki hökumət qurmaq qərarında idilər. Hakimiyyətə salehləri gətirmək əzmində idilər. Məalimi-dində bu ən yüksək məqsədlərdəndir.
Allahdan istəyirik ki, bu günü din keşikçilərinə mübarək qərar versin, idealları İmam Hüseyn olsun. Necə ki, İslam İnqilabının idealı Hüseyn Aşurası idi.
Əziz canbazlar (inqilab və müharibə əlilləri)! Canbaz günü münasibəti ilə siz əzizləri təbrik edirik. Sizin təqdimatınızda İmamın (r) bir sözünü yada salmaq bəs edir: "Canbaz bədəninin bir parçası torpaqda qalmış şəhiddir." Mən əziz canbaz ailələrinə ehtiramımı bildirirəm.

İmam Xomeyni və həqiqi İslamın səhnəyə gətirilməsi

İmam Xomeyninin vəfat ildönümü günlərini yaşayırıq. İmam ölkədə və xaricdə misli görünməmiş bir iş gördü. Ölkə daxilində milli iqtidarı həyata qaytardı, xaricdə İslam oyanışına hərəkət verdi.
İmam gördü ki, dünya ölkələrini iki hissəyə bölüblər. Bir hissə hakimiyyətdədir, o biri hissə əsarətdə. Bir qrup hökm verir, başqa bir qrup yerinə yetirir. İmam gördü ki, İslam ümməti faciəli bir süqut yaşayır. Ümmətin gələcəyi qaranlıq idi. Həzrət Peyğəmbər (s) buyururdu ki, mən sizi yer üzünə hakim etmək üçün gəldim. Amma ümmət hazırda əsarət altına düşmüşdü.

Batil cəbhəsi həqiqi İslam qarşısında

İmam vəziyyəti dəyişmək istəyirdi. Amma bu iş ac canavarların ağzından yağlı tikəni çıxarmaq kimi çətin idi. İslam mədəniyyəti dünya imperializmi tərəfindən istismar olunur, onun dərisi soyulur. Təbii ki, düşmən cəbhəsi bu vəziyyəti dəyişmək istəyən İmamın qarşısında dayanacaqdı. Belə də oldu. Yaxın Şərqdə bütün böhranlar İslam İnqilabından sonra meydana çıxdı. Hərbi müdaxilələr həmin dövrə təsadüf edir. 8 illik müharibə İnqilabdan sonra baş verdi. Təhlükəli sələfi və təkfirçi qruplar yaradıldı, millətlər arası, tayfalar arası ixtilafları qızışdırdılar. Bütün bunlar İnqilabdan sonra göbələk kimi cücərdi. İmamın düşüncəsi qarşısında cəbhə açdılar. İmamın fikirləri onlar üçün çox təhlükəli idi. İmam böyük agahlıqla başa düşdü ki, məzhəb məzhəbə qarşı qoyulacaq. İlkin İslam dövründə də belə etdilər. Tarix boyu İslam mədəniyyətini bu üsulla çökürüblər.

İmamın həqiqi İslamı Amerika islamından fərqləndirməkdə şah əsəri

Əgər sizdən İmamın şah əsəri haqqında soruşsalar, deyin ki, bu əsər onun İslamı həqiqi və Amerika islamı olmaqla iki qismə bölməsi oldu. İmam əzmkarlıqla meydana girib həqiqi İslam meyarlarını təyin etdi, ümmətin qarşısında böyük bir göstərici tablo qoydu. Bu tablo ümməti çaşqınlıqdan çıxardı. Bu mövzuda təbliğat və əməli addımlar, seminarlar və konfranslar təşkili əsas vəzifələrimizdəndir. Məqalələr yazılmalı, tribunalardan söz deyilməlidir. Dünyaya həqiqi İslam meyarlarını tanıtdırmalıyıq.
Böyük Rəhbərin bu həftə buyurduğu kimi bəzən sazişçiliyə müharibəyə qarşı dayanmaq donu geyindirilir. Həzrət İmam (r) bu işi nə üçün gördü? Çünki ABŞ prezidenti Buş da İslamdan danışmağa başlamışdı. Reyqan, Klinton İslamdan danışırdı. Satqın padşahlar, Səddam İslamdan söhbət edirdi. Bunlardan da pisi İslam dünyasında şeytanın qollarını arxadan bağlayıb şeytanlıq edən biri oldu. Özbəkistan adlanan məkanda İslam Kərimov adlı prezident ölkəni təzyiq altında qoyub dedi ki, dünyada İslam haqqında deyilənlər yalnışdır, İslam mənəm!!
Digər tərəfdən İmam gördü ki, İslam dinini hörmətdən salan, ümmətin zərərinə işləyən qruplar və dövlətlər yaranır. İmam başa düşdü ki, İslam adı altında fitnə yaratmaq istəyirlər. Obama bu günlərdə Əfqanıstana gəldi, dedi ki, biz Əfqanıstanda qızların məktəbə gedə bilməsi üçün qurbanlar verdik, milyardlar xərclədik. O, İslam adından danışan, qızların təhsilini haram sayan Talibana işarə edirdi. İmam başa düşürdü ki, İslam adını üzərinə götürən qruplar ümmətin enerjisini alacaq, onu gücdən salacaq.

Dini din, məzhəbi məzhəbə qarşı qoymaq fitnəsi

Nə zaman dini dinə qarşı qoydularsa, uğur qazandılar. Bizim dövrümüzdə bütün müvəffəqiyyətləri bu müstəvidə əldə etdilər. Düşmənin şah əsəri bu oldu ki, İslam baharını sünni-şiə savaşına çevirdi. İslam baharı ardıcıl inqilablarla başladı. Düşmən dərhal meydana daxil oldu, sünni-şiə qarşıdurması yaratdı. İslam və müsəlmanlara ağır zərbə dəydi. İslamafobiyanı gücləndirdilər, dinə ifrat yaratdılar. Məlumat var ki, hazırda ən güclü küfr Ərəbistandadır. İslam dünyasının enerjisini puça çıxardılar. İsrail üçün təhlükəsizlik zolağı yaratdılar. Müsəlmanların qəlbinə nifrət toxumu səpdilər. Güman etməyin ki, göbələk kimi cücərən əl-Qaidə, DAİŞ, Taliban, ən-Nüsrə, Boko Haram cinayət törədib. Böyük səltənətlər onlara muzdurluq edib. Mursi kimilərini də çaşdırdılar, tora salıb İxvanul-müslimini dizə çökürdülər.

Qarabağ dura-dura, Ukrayna və Suriyada vuruşurlar!

Qonşu Azərbaycanda da həmin layihəni işlədilər. Bir neçə yüz təkfirçi gənci Suriyaya göndərdilər. Azərbaycanda Əbu Yəhya adlı şəxsin başçılıq etdiyi qrup var. Bu qrup üç ay ərzində 60 sünni gənci Suriyaya aparıb. Sələfi olmuş bu gənclər Qarabağ dura-dura Suriyaya gedir, deyirlər ki, düşmənimiz erməni yox şiədir!
Ukraynada Ərdəbil əhalisi qədər azəri yaşayır. Bu azərilər deyir ki, Ukrayna bizim ikinci vətənimizdir bu torpaqları müdafiə edəcəyik. Onlar Ukraynanı parçalamaq istəyənlərlə vuruşurlar. Sual olunur ki, bu gənclər nə üçün Qarabağ yox Ukrayna və Suriyada vuruşur? Bizim bu sualımız Azərbaycan hökumətinədir. Azərbaycan gənclərinin Qarabağ eşqini zəiflədənlər Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına cavabdehdir.

Peyk şəbəkələri sünni-şiə ixtilafı yaradır

Düşmən öz təxribatları ilə kifayətlənməyib peyk şəbəkələri yaratdı. Bu teleşəbəkələr şiə adından sünni alimlərini, sünni adından şiə alimlərini təhqir edirlər. Ayətullah Sistanini, İmamlarımızı hədəfə alırlar. Bu şəbəkələr bir iş gördü ki, müxtəlif ölkələrdən gənclər şiələrlə vuruşmaq üçün Suriyaya üz tutdu. İndi özünüz deyin, düşmən müvəffəq olur, yoxsa yox? Bu şah əsərdir, yoxsa yox?
Təəssüflər olsun ki, bizim ustanda sünnə əhlindən olan bir şəxs intihar kəməri bağlayıb İraqda bir mərkəzə daxil olaraq özünü partladıb. Özü cəhənnəmə gedib, neçə müsəlman şəhadətə çatıb. Mənə xəbər verdilər ki, atası küçələrə düşüb 31 yaşlı oğlunun ağlını əlindən alanı axtarır. Ərdəbildən köçüb Gilanda məskunlaşıblar. Təhlükəsizlik qüvvələri bilsin ki, bu gənci təhrik edənlər ölkəmizdə, məntəqədədir.

Peyk şəbəkələrinin büdcəsini kim verir?

Təxribatçı kanalların studiya və məkrəzləri Britaniya və Amerikadadır. Bilirsiniz FədəkTV harada yerləşir? Yasər əl-Həbib Londonun ən bahalı kvartalında məskunlaşıb! Yasər əl-Həbibə bu pulları kim verir? O bir kilsə alıb, kilsənin bir tərəfini məscid edib, digər tərəfində televiziya şəbəkəsi açıb.

İmamları təhqir edən farsca Səfa şəbəkəsi Londondadır

Bu qüvvələr həqiqi İslam qarşısında dayanıb İsrailin təhlükəsizliyi üçün çalışır. Məmnundurlar ki, İslam dünyasında qardaş qırğını salıblar. Həqiqi İslamın meyarlarını, İmamın dünyaya təqdim etdiyi meyarları təbliğ etmək əsas vəzifəmizdir. Mərcəiyyətin səhnədən kənarlaşdırıldığı bir dövürdə ümmətin işi çətin olur.

Şəbanda oruc tutmaqla Peyğəmbərə kömək

Şəban orucunu əldən çıxarmayın! Bu ayın hər gününün orucu üçün savab nəzərdə tutulub. Şəbanda bir gün oruc tutmağın öz savabı, iki gün oruc tutmağın öz savabı var. Oruclar artıqca savablar da artır. Bu barədə rəvayətlərdə danışılıb. Həzrət Peyğəmbər (s) buyurur ki, şəbanda oruc tutmaqla Mənə kömək edin! Mirzəcavad ağa Məliki Təbrizi buyurur ki, bir iki gün oruc tutmaqla Peyğəmbərə (s) köməyin həyata keçməsinə inanmıram. Deyir ki, Peyğəmbərə (s) kömək etmək istəyirsinizsə, bu ayda daha çox oruc tutun!
Allah-Taala bizə qarşıdan gələn ramazan ayına hazırlıq üçün paklıq və istedad əta etsin. İnşaallah.

Nur-az.com


2161 بازدید
در حال ارسال اطلاعات...