Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2014

“Bu idealı Allah İmam Mehdinin (ə) əli ilə həyata keçirəcək!”

Qurtuluş intizarını ən fəzilətli əməl sayırlar
İmam Həsən Əsgərinin (ə) mübarək övladının doğum tarixi, onunla əlaqəsi olanların kimliyi və onun möcüzələri bəllidir. Allah ona uzun ömür vermişdir. Dünyanın bütün ümmətlərinin, bütün dinlərin, millətlərin və bütün dövrlərin böyük arzusunun təcəssümü odur. Bu mühüm məsələ haqda Şiə məzhəbinin xüsusiyyəti bundan ibarətdir.

Məhdəviyyətlə bağlı bəzi məqamlar var. Mən qısa şəkildə onlara toxunmaq istəyirəm. Bir məsələ budur ki, İmam Mehdinin (ə) müqəddəs vücudu ilahi peyğəmbərlərin və ilahi dəvətlərin tarixin əvvəlindən başlayan hərəkətinin davamıdır. Nüdbə duasında oxuyursunuz ki, bəzilərini cənnətindən sakit etmisən. Bu, həzrət Adəmdir (ə). Sonra deyirsiniz ki, hər bir dövrdə peyğəmbər göndərib axırda sona çatdırdın. Sonra isə o həzrətin canişinliyi və Əhli-beyti haqda danışıb dövrün imamına çatırsınız. Onların hamısı bəşər tarixində bir-birinə bitişik və bir-biri ilə əlaqədar olan bir zəncir halqalarıdır. Bu o deməkdir ki, peyğəmbərlərin fəaliyyəti və həyata keçirdikləri ilahi dəvət heç bir nöqtədə dayanmamışdır. Bəşərin peyğəmbərə, ilahi dəvətə və dəvətçilərə ehtiyacı həmişə olmuşdur, bu gün də var və zaman ötdükcə peyğəmbərlərin təlimlərinə daha da yaxınlaşır.

Bu gün elmin, düşüncənin və sivilizasiyanın inkişaf etdiyinə görə bəşəriyyət peyğəmbərlərin onlarla əsr bundan qabaq dərk edilməyən bir çox təlimlərini başa düşür. Ədalət, azadlıq, humanizm və bu gün dünyada geniş yayılmış digər ideallar peyğəmbərlərin sözləridir. O zaman adi camaat bunları dərk etmirdi. Peyğəmbərlərin bir-birinin ardınca gəlməsi, dəvətlərinin yayılması bu düşüncələri nəsil-nəsil insanların beyninə, fitrətinə və qəlbinə hopdurmuşdur. Bu ilahi dəvətçilərin ardı bu gün də kəsilməmişdir və Bəqiyyətullah – yəni Allahın saxladığı böyük ehtiyat olan İmam Mehdi (ə) ilahi dəvətçilərin davamıdır. Ali-Yasin ziyarətində oxuyursunuz: "Salam olsun sənə, ey Allahın dəvətçisi!" Yəni siz bu gün İbrahimin (ə), Musanın (ə), İsanın (ə), digər peyğəmbərlərin, ilahi islahatçıların və sonuncu Peyğəmbərin (s) dəvətinin İmam Mehdi (ə) tərəfindən davam etdirildiyini görürsünüz. Bu imam onların hamısının varisidir, onların hamısının dəvətini və bayrağını daşıyır və dünyanı peyğəmbərlərin zaman boyu gətirib bəşəriyyətə təqdim etdiyi təlimlərə çağırır. Bu, mühüm məsələdir.

Məhdəviyyət məsələsində növbəti məqam qurtuluşun intizarı məsələsidir. Qurtuluşun intizarı çox geniş məna kəsb edir. Biri son qurtuluşun intizarıdır; yəni bəşəriyyət dünya tağutlarının at oynatdığını, soyğunçuluq etdiyini və sərbəst şəkildə insanların haqqını tapdadığını görəndə dünyanın taleyinin bundan ibarət olduğunu düşünməsin, çıxış yolunun olmadığını güman edib bu vəziyyətlə barışmasın. Xeyr! Bilməlidir ki, bu müvəqqətidir və dünyada ədalətli hakimiyyət qurulacaq. Bizim yaşadığımız, bəşəriyyətin zülm və əzablara məruz qaldığı bu son dövrdə qurtuluşun intizarı buna bir nümunədir və onun başqa nümunələri də var.

Bizə "qurtuluşu gözləyin" demişlərsə, mənası yalnız bu deyil ki, son qurtuluşu gözləyin. Mənası budur ki, hər bir sıxıntıdan çıxış yolu var. Qurtuluş budur. Müsəlman qurtuluşun intizarı dərsi ilə həyatda çıxışsız bir dalanın olmadığını, insanın məyus halda əlini-əlinin üzərinə qoyub oturmalı olmadığını öyrənir. Xeyr! Bəşər həyatının sonunda bütün bu zülmlərə qarşı qurtuluş günəşi doğacaqsa, deməli, bu qurtuluş həyatın cari problemlərində də gözləniləndir. Bu bütün insanlara ümid dərsi verir. Bu, bütün insanlara həqiqi intizar dərsidir.

Məhz buna görə qurtuluşun intizarını ən fəzilətli əməl saymışlar. Bəlli olur ki, intizar bir əməldir, əməlsizlik deyil. Səhvən belə düşünmək olmaz ki, intizar əlini-əlinin üzərinə qoyub gözləmək deməkdir. İntizar bir əməldir, hazırlıqdır, qəlbdə və daxildə həvəsi gücləndirmək, bütün sahələrdə bir fəallıq, həvəskarlıq və dinamiklikdir. Bu əslində Quranın aşağıdakı ayələrinin təfsiridir: "Bis istəyirdik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək"; yaxud "Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) təqvalılara məxsusdur!" Yəni xalqlar və ümmətlər heç zaman qurtuluşa məyus olmamalıdırlar.

İran xalqı qiyam edəndə buna ümidi vardı. O ümidin həyata keçdiyi bugünkü gündə ondan həmin böyük nəticəni almışdır. Bu gün də gələcəyə ümidi var, ümid və həvəslə hərəkət edir. Bu ümid işığı gəncləri həvəskarlığa, hərəkətə, fəallığa sövq edir, passivliyin və depressiyanın qarşısını alır, cəmiyyətdə dinamik ruh oyadır. Qurtuluş intizarının nəticəsi budur.

Deyilənlərə əsasən, həm son qurtuluşu gözləmək lazımdır, həm də fərdi və ictimai həyatın bütün problemlərindəki qurtuluşu. Məyusluğun qəlbinizə hakim olmasına imkan verməyin, qurtuluşu gözləyin, intizarınızın həqiqi intizar olduğu, əməl, səy, iradə və hərəkət etdiyiniz təqdirdə bu qurtuluşun mütləq baş verəcəyini bilin.

Biz bu gün qurtuluş gözləyirik; gözləyirik ki, ədaləti bərqərar edəcək qüdrətli əl gəlib təxminən bütün bəşəriyyəti özünə tabe etmiş zülmə son qoysun, vəziyyəti dəyişdirsin, insanların həyatına ədalət gətirsin və insanlar onu duysunlar. Bu, yalnız özünü düşünməyən canlı və ayıq bir insanın daimi ehtiyacıdır. Bütün bəşər həyatına geniş baxışla baxan bir insan təbii şəkildə gözləyir. İntizarın mənası budur. İntizar qane olmamaq, mövcud durumu qəbul etməmək və ideal durum üçün çalışmaqdır. Qətidir ki, bu ideal durum Allah vəlisi olan həzrət Höccət ibn Həsən İmam Mehdi Sahibəzzamanın (ə) qüdrətli əli ilə həyata keçəcək.

Özümüzü bir əsgər kimi, belə bir şərait uğrunda mübarizəyə hazır bir insan kimi hazırlamalıyıq. Qurtuluş intizarının mənası bu deyil ki, insan yerində otursun, əlini heç bir işə vurmasın, heç bir islahata çalışmasın və dövrün imamını gözləməsi ilə işini bitmiş saysın. Bu intizar deyil. Bəs intizar nədir? İntizar qüdrətli, məğlubedilməz ilahi əldir. O gəlib bütün insanların köməyi ilə zülmün hakimiyyətinə son qoymalı, haqqı qalib, ədaləti hakim etməli, tövhid bayrağını ucaltmalı, insanları həqiqətən Allah bəndəsi etməlidir. Buna hazır olmaq lazımdır. İslam Respublikası quruluşunun yaranması bu böyük tarixi hərəkətə hazırlıqdır. Ədalətin bərqərar edilməsi uğrunda atılan hər bir addım uca məqsədə doğru bir addımdır. İntizarın mənası budur. İntizar hərəkətdir, passivlik deyil, işdən əl çəkib onun öz-özünə görülməsini gözləmək deyil. İntizar hərəkət və hazırlıqdır. Özümüzdə və ətrafımızda bu hazırlığı qorumalıyıq. Allah-Taala bizim əziz xalqımıza bu böyük addımı atıb zühura şərait yaratmaq səadətini bəxş edib. Qurtuluş intizarının mənası budur.

Ayətullah Xamenei

Nur-az.com


1114 بازدید