Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2014

İmam Zamanın (əc) həyatı üçün təhlükə var?

Əhli-Beyt (ə) yolunun davamçıları 12-ci imam həzrət Mehdinin (əc) sağlamlığı, hifzi üçün dua oxuyurlar. Əgər Allah-Taala həzrəti qoruyursa və qeyb məsələsində məqsəd İmamın (əc) təhlükələrdən hifz olmasıdırsa, belə bir duaya ehtiyac varmı?

Sualı hawzah.ir saytı cavablandırır:

İmam Zamana (əc), xüsusilə onun sağlamlığı üçün duanın bir çox təsir və faydaları var. Onlardan bəzilərini yada salırıq:
1. İmama dua müsəlmanların həzrətə sevgisini göstərir. İmanda bütün imamlara sevginin yeri var, o cümlədən İmam Zamana (əc) dua qəlbi qüvvətləndirir, imana güc verir.
2. Dua İmamla əhd-peymanın yenilənməsidir. Dindarlıq, şəriətçilik, imama itaət, ona yardım İmamla əhd-peymanın mahiyyətini təşkil edir. İmamla beyəti təzələmək beş vaxt namazdan sonra, hər gün, hər cümə müstəhəb əməldir. Hər sübh namazından sonra İmama dua oxumaq faydalı və təsirlidir. “Əllahummə bəlliğ məvlayə...”, Əhd duası bu qəbildəndir.
3. Dua intizar əhlinin qəlbində İmamın (əc) xatirəsini əziz saxlamağa kömək olur. İmamı yaddan çıxarmaq süstlük və pərişanlıq səbəblərindəndir.
4. İmamın salamatlığını əhəmiyyətli sayan insan o həzrəti incidəcək iş görməz. Demək, İmamın sağlamlığı, salamatlığı üçün dua insanı xeyir işlərə sövq edir, nəticədə insan ilahi razılıq məqamına yüksəlir.
5. Dua İmamın zühurunun tezləşməsinə təsirlidir.
6. Dua insanı Allaha yaxınlaşdırır. İmam Mehdi (əc) buyurur ki, bizim vasitəmizlə Allaha yaxınlaşmaq, bizə diqqət göstərmək istəsəniz, Allah tərəfindən olan Ali-Yasin ziyarətini oxuyun. Müxtəlif baxımlardan dərin mənaya malik olan bu ziyarəti oxumaq çox tövsiyə edilir. Duada əvvəldən axıradək İmamın (əc) salamatlığı istənilir: “Salam olsun Sənə ey Allahın canişini, haqqın yardımçısı! Sübh və axşam vaxtı, gecənin hər yeri bürüdüyü vaxt, gündüz hər yer işıqlanan vaxt salam olsun Sənə!..”
Ziyarətdən sonrakı duada da böyük mənalar var. Dua olunur ki, Pərvərdigara, həzrəti bütün azğınların şərindən, günün bəlalarından qoru; Ona zərər toxunmasına imkan vermə; Peyğəmbər və ailəsini qoru, həzrətin əli ilə ədaləti bərqərar et...
Dua Allaha, Onun rəsulu və Əhli-beytə itaətdir. Əmrə etaət edib təqvalı olan insan səadətə çatacaq.
Son nöqtə budur ki, Allah İmamı qoruyacağını vəd etsə də, bu vəd həzrətin ömrü ilə bağlıdır. Amma o bir insandır və hamı kimi xəstələnməsi, çətinliklə üzləşməsi mümkündür. Biz dua edirik ki, Allah İmamı belə çətinliklərdən hifz etsin. Bu dualar İmamın sağlamlığına təsirlidir.

Nur-az.com