Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2014

Allah şeytanı nə üçün yaratdı?

Sual: Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?
Cavab:
Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır».
Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular».
Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı, dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır ki, nə qədər yuxarıdan yıxılsa, bir o qədər də çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb, xıncım-xıncım olur.

Sual: Hal-hazırda behişt və cəhənnəm mövcuddurmu?
Cavab:
Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm də cəhənnəm mövcuddur. Qurani-kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir. «Tövbə» surəsinin 89-cu ayəsində buyurulur: «Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır».
Başqa bir surədə oxuyuruq: «And olsun ki, başqa bir dəfə (Məhəmməd əleyhissəlam Cəbrail mələyi) əbədi behiştdə yerləşdiyi Sidrətül-Müntəhanın yanında görmüşdür» («Nəcm» surəsi, ayə 13-15.). Qeyd edək ki, bu ayələr Peyğəmbərin (s) merac səfərinə aiddir.
«Təkasur» surəsində isə belə buyurulur: «Əgər elmül-yəqinə malik olsaydınız, mütləq cəhənnəmi müşahidə edərdiniz». («Təkasur» surəsi, ayə 5-7.)
Behişt və cəhənnəmin hal-hazırda mövcudluğunu təsdiq edən mötəbər hədislər kifayət qədərdir. Bu hədislər arasında Merac hədisləri xüsusi yer tutur. Mövcudluğuna dəlillər gətirdiyimiz, bir zaman Adəmin olduğu behişt deyildir. Bu günki behişt və cəhənnəm, insanların xeyir və şər əməllərindən asılı olaraq genişlənməkdədir.

Sual: Hansı şəxslərdən məsləhət almaq olar?
Cavab:
Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər». («Nəhcül-bəlağə».)
İslam dinində məsləhət istəyən adama xəyanət edib səhv yol göstərmək, böyük günahlardan hesab olunur. Bilmədiyin bir işdə, hətta qeyri-müsəlmana məsləhət vermək böyük günahdır.
İmam Səccad (ə) buyurur: «Səndən məsləhət istəyənə bildiyin işlərdə məsləhət verməli, bilmədiyin məsələlərdə onu bilən şəxsin yanına göndərməlisən. Məsləhət aldığın adamı, könlünə yatmayan məsləhətinə görə, qınamamalısan». (Təfsiri Nurus-səqəleyn, 1-ci cild, səh. 405.)

Sual: Zalımı bağışlamaq olarmı?
Cavab:
Quranda bu barədə belə buyurulur:
«Nə zülm edin, nə də zülmə baş əyin». («Bəqərə» surəsi, ayə 279.)
«Bağışlamağınız müttəqiliyə daha yaxındır». («Bəqərə» surəsi, ayə 237.)
«Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz?». («Nur» surəsi, ayə 22.)
Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun».
İlk baxımdan belə görünə bilər ki, bəzən «vuruş», bəzən isə «bağışla» deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır. Qeyd edək ki, bağışlamağın şəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın. Başqa bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.
Həzrət Əli (ə) buyurur: «Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla». («Nəhcül-bəlağə».)
Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.

Sual: Allah öz bəndəsini daş ürəkli edərmi?
Cavab:
Allah-Taala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?
Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır. Məsələn, «Tövbə» surəsinin 77-ci ayəsində belə buyurulur: «Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldı». «İbrahim» surəsinin 27-ci ayəsində isə belə deyilir: «Allah iman gətirənləri dünyada və axirətdə möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları yolundan azdırar».
İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq. Məsələn, adam öldürəcək. Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, adam öldürmək fikirində olmadığını iddia etsə də, məsuliyyətdən qaça bilməz.
Allah-Taalanın bir insanı doğru yola yönəldib, o birini zəlalətə salmasının əsil səbəbi, həmin insanların əvvəlki xeyir və ya şər əməllərində axtarılmalıdır.

Sual: Hidayət nədir?
Cavab:
«Hidayət» doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir. «Ta-ha» surəsinin 50-ci ayəsində buyurulur: «Allahımız hər şeyi yaratdı, sonra isə, onları hidayət etdi».
«Hidayət» kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir:
1. Təkvini hidayət
Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olunduğu nizam nəzərdə tutulur. Allah-Taala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti, təkvini hidayətin nümunələrindəndir.
2. Təşrii hidayət
Təşrii hidayət peyğəmbərlər, asimani kitablar vasitəsi ilə həyata keçir. İnsanlar peyğəmbərlər və kitablardan təlim-tərbiyə almaqla, təkamül yolunda irəliləyirlər. «Ənbiya» surəsinin 73-cü ayəsində oxuyuruq: «Biz, onları əmrimizlə insanları doğru yola yönəldən imamlar etdik. Biz, onlara xeyirli işlər görməyi, namaz qılıb, oruc tutmağı vəhy etdik».
Ayə və hədislərdən belə məlum olur ki, təşrii hidayət, başqa sözlə peyğəmbərlər və asimani kitablar yalnız imanlı insanlara təsirli ola bilir.

Sual: Allah şeytanı nə üçün yaratdı?
Cavab:
Tez-tez belə suallarla qarşılaşırıq: Şeytan kimi alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?
İlk əvvəl onu qeyd edək ki, Allah-Taala şeytanı alçaq yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır. Demək, şeytan ilk əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar olmuşdur.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndir.
İnsan yalnız güclü düşmənlə qarşılaşdığı zaman öz qüvvəsini səfərbər edib, işə sala bilər. Tarixə baxın. Yalnız güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.
«Nəhl» surəsinin 99 və 100-cü ayələrində buyurulur: «Həqiqətən, iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxd