Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2014

Füzuli: Ərz eylədim ki, mən itinəm…

İKİ SÜLEYMANIN VARİSİ

Çöl adamı çölün dilini bilir. Torpaqla, çiçəklə, otla, suyla danışır.
Səhra adamından ötrü səhra diri bir məxluqdur.
Səhralı quma, tikana, uzaqlarda sayrışan səraba, qəfilcə qalxıb qəfilcə yatan səmuma daimi yol yoldaşları kimi baxır.
Biriylə dost, biriylə rəqib kimi dilləşir, dərdləşir, söhbətləşir.
Ağlı başında adamın dağa-daşa canlı varlıq kimi yanaşaraq onunla danışması, həm də bəzən yalnız ürəyində yox, açıqca, elə adamla müsahibmiş kimi səslə danışması bizə – ömrü şəhərin daş qəfəslərində başlayıb daş qəfəslərində bitənlərə əcaib, qeyri-adi gələ bilər.
Amma onlar üçün -- çölçülərə, səhralılara bu gündəlik həyatdır.
Alışdıqları, vərdiş etdikləri güzərandır.
Dədəm Qorqud qəhrəmanları – oğuz babalarımız dağa, ağaca, suya, qurda adam balasına müraciət edən kimi üz tutublar.
Ana Kitabımızda bunun izləri yaşayır.
İnəyi, qoyunu elə bir ana həlimliyi ilə oxşayan qız-gəlinimiz bu canlıları anlayan, duyan, dilin hər kəlməsini elə bizim kimi başa düşən saymasaydılar, sayaçı sözlər qatarını yaradardılarmı?
Bayat elindən olan Füzuli Bayat boyundan qopmuş Qorqud Atanın nəvəsiydi.
Və həm çöl, həm səhra adamı idi, qaynar həyatlı Bağdadda yaşasa da, ömrü boyu şəhər adamından daha artıq kəndistan əhliydi, təbiətlə bağlıydı.
Ona görə Füzuli adamla danışdığı məhrəm dillə elə suya da, səbaya da, yaza da, payıza da, uçara da, qaçara da səslənirdi.
Salur Qazan «Həqq didarın görmüş» su ilə belə həsb-hal edirdi:

Çığnam-çığnam qayalardan çıxan su!
Ağac gəmilər oynadan su!
Həsən ilə Hüseynin həsrəti su!
Bağ milə bostanın ziynəti su!
Ayişə ilə Fatimənin nigahı (həsrətlə baxdığı – R.H.), su!
Şahbaz atlar içdiyi su!
Qızıl dəvələr gəlüb keçdiyi su!
Ağ qoyunlar gəlüb çevrəsində yatdığı su!
Ordumun xəbərin bilürmisin, degil mana!
Qara başım qurban olsun, suyum sana!

Suyun adama nəyisə xəbər verə biləcəyinə inanmağı sadəlövlük sayıb gülümsünənlərdən fərqli olaraq suya sidq-ürəkdən müraciət edərək həqiqətən cavab alacağına inananlar o cavabı mütləq alır!
Gərək su olub suya qarışmağı, təbiət olub təbiətə qovuşmağı bacarasan ki, o da səninlə danışa!
Yadla niyə kəlmə kəsməlidirlər ki!
Füzuli suyu belə dindirirdi:

Rövze-yi kuyində hərdəm durmayıb eylər güzar,
Aşiq olmuş, qaliba, ol sərv-i xoşrəftarə su.
Su yolun ol kuydən topraq olub dutsam gərək,
Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su.
…Sərv sərkəşlik qılır qümri niyazından, məgər
Damənin duta, əyağinə düşə, yalvarə su.
…Xak-i payinə yetəm der, ömrlərdir müttəsil,
Başını daşdan-daşa urub gəzər avarə su.

Suyun dil anlamasının heyrətli sübutunu yapon alimi, suyun quruluşuna insan düşüncəsinin, emosiyaların, musiqinin… təsirlərini öyrənən, bu barədə cazibəli kitabların müəllifi olan, Tokiodakı xüsusi Elmi tədqiqat korporasiyasının direktoru işləyən doktor Masaru Emoto (1943-cü il doğumlu) Kəbədəki Zəmzəm quyusundan çıxan müqəddəs suyu müasir texnolojilərlə araşdırandan sonra ortaya qoyub.
Sudakı atomların kristallaşması nəzəriyyəsinin banisi olan bu alim danılmaz elmi təcrübələr əsasında sübut edib ki, «Bismiilah İr-rəhman ir-rəhim» deyimi səslənincə Zəmzəm suyunun kristalları öz xüsusiyyətlərini dəyişir. Allahın 99 adından hər biri eşidilincə ani olaraq Zəmzəm suyunun kristallarında quruluş dəyişikliyi baş verir.
Yox, bu möcüzə deyil.
Bu adi həqiqətlərdir.
Suyun dil anlamasının əyani təsdiqediciləridir.

***
Suya, küləyə, ota, çiçəyə bən-i adəm nəzəriylə baxan Füzuli əlindən su içən ahuya, çiyninə qonan göyərçinə, əlbəttə ki, ikiqat artıq şövqlə yanaşırdı, yerinə görə onları ünsiyyətə insandan daha artıq layiq bilirdi.
Özünü də məmnuniyyətlə həndəvərindəki canlılara bənzədirdi.
Özünü kimə oxşadırdı Füzuli?
Pərvanəyə qiyas edirdi, bülbülə tay tuturdu, tutiyə bənzədirdi:

…Bülbül-i dil gülşən-i rüxsarın eylər arizu,
Tuti-yi can ləl-i şəkkərbarın eylər arizu.
…Bülbül-i zarəm gül-i rüxsar-i alindən cüda,
Tuti-yi laləm şəkər nisbət məqalindən cüda.

Özüylə od vurulmuş, yana-yana ora-bura çırpınan ilan arasında eyniyyət tapırdı:

Arizin üstə xəm-i zülfün anıb dün ta səhər,
Dolanırdım hər tərəf odlara düşmüş martək.

***

Füzuli özünü dəvəyə də oxşadır, ceyrana da, aslana da.
Amma ən çox …itə bənzədir!
O, ciyərini yarının küçəsinin itlərinə nəzir verməyə hazır idi:

Parə-parə cigərim itlərinə nəzr olsun,
Ol sər-i kuyə əgər düşsə güzarım bu gecə.

Əyilmiş qəddini könlünün boynunda boyunbağı sayan şair özünü başı xaltalı halda yar küçəsində dolaşan itə oxşadırdı:

Qapında xəm qədimi gəzdirib yürür könlüm,
İtindürür, yügürür hər tərəf qəladə (xalta – R.H.) ilə.

Füzuli irsində İtin qəzəldən-qəzələ, qitədən-qitəyə, beytdən-beytə görünməsi və heç bir canlı ilə müqayisə edilməyəcək qədər tez-tez görünməsi istər-istəməz təəccübləndirir və düşünməyə sövq edir.
Axı orta çağ islam aləmində və din təfsirçiliyində itə münasibət heç də birmənalı deyildi.
Bir tərəfdən it murdar sayılırdı və bu zaman Məhəmməd peyğəmbəoə istinad edilirdi, «İt girən evə mələklər girməz» hədisi əsas götürülürdü.
Amma o biri yandan «Quran»da bircə yerdə belə İtin əleyhinə kimi qavranılası, onu rədd edəcək, haram sayacaq kimi dərk ediləsi ayəyə rast gəlinmir.
Əvəzində «əl-Kəhf» («Mağara») surəsi var ki, Allahın buyruğu ilə 3, yaxud 4, bəlkə də 5 gənc (Müqəddəs Kitab bu rəqəmi dəqiqləşdirmir, miqdarı elə beləcə açıq saxlayır) bir köpəklə bərabər ölüm təqiblərindən qaçaraq mağaraya sığınır, 309 il uyuyurlar: «Yatmış olsalar da (gözləri açıq oldluğundan) onları yuxuda ikən oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına sarı uzadaraq yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
İllərlə yatırdığımız kimi beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq» («Quran» 18-ci surə, 18 və 19-cu ayələr).
Pərvərdigarın sədaqətli bəndələri olan əshab-i kəhfə – mağara həmsöhbətlərinə «Quran»ın şəfqətli münasibətinin bir dalğası da məntiqlə onlarla bahəm olmuş köpəyə yönəlir.
Hər halda bu it adı tarixin (olsun əsatirin) hafizəsində əbədiləşmiş ən qədim köpəkdir – qaynaqlar ona «Qitmir» deyir.
«Səhih əl-Buxari» kimi hədis toplusundakı Peyğəmbər Sözü də yenə itə ikibaşlı yanaşmanı təzahür etdirir.
İbn Ömərə istinad edən əl-Buxari (810 – 870) Məhəmməd peyğəmbərin qənaətini açıqlayır: «Bir adamın yaxşı işləri müqabilində Allah tərəfindən qazandığı savablar əgər it saxlayırsa hər gün iki karat azalır».
Hədis burada bitsəydi, itə bəd münasibətin çək-çeviri olmazdı.
Fəqət Peyğəmbər sözü davam edir: «Şayəd həmin şəxs o iti ov və sürünü qorumaq üçün saxlamırsa».
Deməli, zəruri ehtiyaclar üçün it saxlamağı hər halda din yasaq etmir, hətta İtin ağzı dəymiş qabdan da istifadəni nəticə etibarilə mümkün sayır – bir şərtlə ki, 7 dəfə yuyasan, özü də birinci dəfəsini gillə.
Ayrı hədis nəql edir ki, bir fahişənin susuzluqdan yanan itə rəhmi gəlir, ayaqqabısını su ilə dolduraraq köpəyə içirir. Bu nəcib əməlinə görə günahları bağışlanır, qadın cənnətlik olur.
Bu söyləmə də dolayısı ilə itə müsbət münasibətin ifadəsi kimi qavranıla bilər.
Lakin bütövlükdə yenə bütün məziyyətlərilə bərabər it orta çağ şeirində daha çox mənfi çalarılə dolaşır, çox öynə də hikkəli «səg rəqib» (aşıq şeirimizdə el ağzına uyğunlaşdıralaraq «seyraqub» deyilib – it rəqib!) deyiminin təxminən söyüş yüklü hissəciyinə çevrilir.
Füzulidə isə itlər müxtəlifdir, cürbəcür görsəniş və mahiyyətlərdə təqdim edilirlər.
…İt gah həmdəmdir, gah yarın nişanəsidir, gah elə bəlalı aşiq kimi fəryad edəndir:

Oxun hər ləhzə kim canım dələr, könlüm qılar əfqan,
Bə eyni oylə kim fəryad edən itlər gəda görgəc.

Yarının küçəsində hürüşən itlərin səsi şair üçün musiqiyə bərabərdir.
Bu səslərə «Hürmək» deməyi əskiklik hesab edir, sadəcə «səs» deməyə dili gəlmir.
«Avaz» deyir o hürüşlərə.
Özünü də qınayır ki, zarıltılarınla yar küçəsinin itlərinin o məlahətli avazını batırma:

İtirmə itlərin avazının, könül, zövqün,
Yetər qara gecələr hərzə-hərzə fəryad et!

Başqalarına görə bəlkə də itdən aşağı tutulası canlı yoxsa da, şair özünü itlərdən də aşağıda qoyur. Çünki bu itlərin vacib bir üstünlüyü var.
Onlar yar küçəsinin daimi sakinləridirlər!
Şair hissə qapılaraq bəzən özünü o itlərlə müqayisə etməsini, özünü onlarla bir mərtəbəyə qaldırmasını həddini aşma, arsızlıq adlandırır:

Bənzədirsən özünü itlərinə hər saət,
Ey Füzuli, ola bilməz sənə bənzər küstax ( üzlü – R.H.).

Yarın küçəsindəki itlərin cərgəsində yeri olmamasına heyfslənir. Ancaq həm də bunu qanunauyğun sayır. Yarın küçəsinin itləri sırasındda olmaq şənlik, toy-bayram əhli olmaq deməkdir. Mən ki əbədi matəmliyəm, o şənlik məclisinə yaraşırammı?

Ol sər-i kuy itləri içrə, Füzuli, yox yerim,
Bəs mənə matəmsəra, mən qandan u bəzm-i sürur?

Yar küçəsinin itləri hər halda ona yad da deyil.
Şair onları özünə aşina bilir.
Məhz elə bu səbəbdəndir ki, onları görüncə ixtiyarsız əfqana başlayır.
Axı dostun dostdan örtülü sirri olmaz:

Eylərəm bixud fəğan, gördükcə kuyin itlərin,
Aşina raz-i nihanın aşinadən saxlamaz.

Füzuli şeirində İtin bayramıdır, İtin bəxti açılıb.
Qəzəldən qəzələ it misraların içində, kəlmələrin arasındadır.
Şair keçmişləri anır, bir vaxtilar yar küçəsinin itləriylə birlikdə gəzib-dolaşdığı çağları ömrünün cənnət günləri sayır:

Gəzərdim itlərin içrə fəza-yi kuyində,
Yerim behişt-i bərin idi, mən bir Adəm idim.

***
Füzuli şeirlərində qəhrəmanlar dəvə belindədir, at tərkindədir.
Onlar heyvandan üstündür, heyvan onların xidmətindədir.
Yaxud heyvan, quş insana gördüyü hansısa işdə, əyləncədə yardımçı alətdir, vəsilədir. Tutalım ki, uğur rəmzi əfsanəvi hüma quşuna bənzətdiyi İbn Səlam şikara çıxıb, qızılquşuyla, şahini də onun itaətindədir:

Ol türfə hüma-yi övc-i iqbal,
Asudəzəmir ü fariğülbal (könlü rahat, dinc – R.H.).
Ov qəsdinə eyləmişdi pərvaz,
Altında üqab, əlində şəhbaz.

Amma heç vəchlə özünü heç bir heyvandan üstün tutmayan, əksinə, adam olduğu üçün onlardan bir az utanan, bununçün dil-ağız edərək «insan deyib etmə məndən ikrah» söyləyən Qeys həmişə piyadadır.
İnsanlar arasında savaşı hətta onun mənafeyi üçün başlanacağı təqdirdə belə qəbul etməyən insansevər Məcnun həm də təbiətsevərdi, heyvansevərdi.
Əslində həmin surət vasitəsilə Füzuli özünün də canlı aləmə ülfətini, simsarlığını bəyan edib.
Şair hətta misralarından dikələn ahların, əfqanların da nigaranlığını yaşayır. Narahatdır ki, bu nalələr uçarları da, qaçarları da bezdirib –

Bərq-i ahim göy üzün tutmuş, sirişkim yer üzün,
Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyüur.

***
Karvan-karvan yekə dəvələrin yanında Füzuli şeirində cınqılı qarışqa da var.
Füzuli o qarışqaya da məhəbbətlə baxır, onun güllükdə gedərkən torpaqda buraxdığı izi yarın çöhrəsində qıvrımlanmış telə bənzədir –

Tar-i zülfündürmü rüxsarında canlar məskəni,
Ya buraxmış bir rəhi pürpiç ü xəm gülzarə mur.

***
Bu beytdə Füzuli yenə quş kimidir.
Yuva quran quş otu-tikanı, daş-torpaq dənəciklərini dimdiyində seçdiyi məkana daşıyan sayaq o da yarın küçəsinə öz canını və bədənini aparıb.
Orada da təzə yuva qurulur.
Eşq yuvası!
Sevgi yuvasınınsa hörgü vasitələri isə elə can olar, bədən olar –

Dil çəksə nola can ü təni xak-i kuyinə,
Xar ü xəs iltər onda ki, quş aşiyan tutar.

***
Füzuli böyük bir yuva idi.
Yalnız söz yuvası deyildi o.
Həm də dərd yuvasıydı.
Çünki bu bədəndə yuva quranlar dərd quşları idi:

Ey dil, həzər qıl atəş-i eşqinlə yanmasın,
Cismim ki, dərd quşlarının aşiyanidir.

Amma vücudundakı həmin hüznlü yuvaya tapınmış bir başqa quş da vardı.
Bu onun ruhunun quşu idi. Və şair ona məsləhət görürdü ki, eşq tələsindən uzaq gəzsin. Çünki həmin xatalı tora yaxın olmağın vəd etdiyi bəlalardan agah idi -- bir an içində məlamət daşları o eşq daminə giriftar olanın qol-qanadını şikəst edə bilir:

Damigah-i eşqdən tut bir kənar, ey mürğ-i dil,
Sınmadan səng-i məlamətdən pər ü balin sənin.

***
Ruhun quşu səninlə olduqca sağsan.
Bir o gün o mürğ-i ruh bədəndən qanadlanınca, ömür də bitəcək.
Yaşaman üçün o ruh quşunu bədən qəfəsində saxlamalısan.
Lakin yarla ayrılıq günləridir.
Dərdlərinə dözmək mümkünsüz olan zhicran əyyamları.
Belə hicrə dözüb yaşamaqdansa, ölmək əfzəldir.
Ona görə də aşiq üçün ən rahatı ruh quşunu bədəndən uçurub canını tapşırmaqdır. Elə həmin səbəbdən də ruhunun quşunu azadlığa çıxacağı bu an münasibətilə təbrik edir:

Ruz-i hicrandır sevin, ey mürğ-i ruhim kim bu gün,
Bu qəfəsdən mən səni əlbəttə, azad eylərəm.

Aşiqin bədənindən ayrılandan sonra həmin ruh quşu sərgərdan qalmayacaq.
Çünki gedəsi yeri var – yarın küçəsi!
Elə bir ünvan ki, daha oradan başqa heç bir ünvana uçmaq istəməyəcək.
Hətta ona Kəbənin ətrafında süzmək, yaxud bu küçədə qalmağı seçmək təklif olunsa belə!

Aşiyan ta rövze-yi kuyində tutdu mürğ-i dil,
Keçdi tovf-i Kəbədən, uçmağə pərva etmədi.

***

Bülbül də oxuyur, qarğa da.
Bülbülün ləhni könül oxşayır, qarğanın qarıltısı baş ağrıdır.
Bülbül zövqün, fərəhin, xoş ovqatın rəmzidirsə, qarğa dəngəsərliyin, nəhsliyin, qaramatlığın timsalıdır.
Dərdlər, ələmlər insanı hansı məşəqqətlərdən keçirə, nə kökə sala bilərmiş sorğusuna Füzuli şeiri yüzlərlə örnək sərgiləyir.
Amma birini də bülbüllə qarğanı yanaşı qoyaraq deyir.
Qəmin şiddəti şux bülbülü çevirib ala qarğa edə bilər!
«Payız» qəsidəsində Füzuli belə təsdiqləyirdi:

Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib,
Mətəm-i gül bülbülü zağ ilə yeksan eyləmiş.

***

Heyvanların tam dilsiz olmadığına, nə şəkildəsə sirri başqasına aça biləcəyinə Füzuli bir məcaz olaraq deyil, elə gerçəkdən inanırmış.
Belə düşünməsinin dəlili olan yazılı şahid ifadəsi qarşımızdadır.
Məcnun səhralarda, kiməsənin olmadığı nəhayətsiz biyabanlarda yalnız heyvanlarla ünsiyyətdə bulunmuşdu.
Lakin necədirsə sonra şəhrə avazələr düşdü, onun sevdasının qəziyyəsi dildən-dilə keçərək cahana məşhur oldu.
Necə, nə yolla, kimin xəbərçiliyiylə?
Heyvanlar açmadısa, bəs onun gizlinlərini aləmə kim car çəkdi!

Rəfiqin olsa dilsiz canəvər, həm saxla raz ondan,
Saqın, sirin düşürmə dillərə Məcnun-i rüsva tək.

***

Füzulinin şeiri xəyalla gerçəyin, yuxuyla oyaqlığın arasındakı bir duyğu fırtınası təsiri bağışladığı kimi, onun şeirindəki uçarların, qaçarların da hər gün gördüyümüz, hamımızın bələd olduğumuz gerçək olanları da var (göyərçin kimi), heç vaxt heç birimizin görmədiyimiz, amma təxəyyülümüzdə qanad çalan nağılvariləri də (simurğ kimi).
Füzulinin digər şeirində yenə bir gördüyümüzlə bir görmədiyimiz, əski təsviretmələrə görə müəyyən bənzərlikləri olan iki quş üz-üzədir.
Biri tavus, biri Ənqa.
Tavus quşu məğrurcasına quyruğunu şax tutub əlvan rənglərini xudpəsəndliklə nümayiş etdirir, sanki qəşəngliyini, üstünlüyünü gözə soxmaq istəyir.
Rəvayətlər söyləyir ki, guya Ənqa quşu Qaf dağında məskun imiş.
Orta çağ məxəzləri Ənqaya «məruf ul-ism və məchul ul-cism» -- «adı bəlli, cismi gizli» demişlər.
Guya bu, dörd ayağı olan nəhəng quş imiş, sifəti insan üzünə bənzəyirmiş, qanadları əlvanmış. Klassik şeirdə bəzən kamild insana da Ənqa demişlər.
Ənqa quşu qeyb olmuş, onu bir kimsə görməsə də, gözəlliklərindən heç kəs dəqiqliklə bəhs edərək danışa bilməsə də, məhz yox olması, görünməzliyi ilə dillər əzbərinə çevrilmişdir.
Özünü gözə soxaraq tanınmaq da var, heç kimə görünmədən və məhz görünməzliyin yaratdığı laübalıqla məşhurlaşmaq da.
Təkcə quşa aid deyil ki bu hal.
Həyat və dünya bilən Füzuli də tövsiyyə edir: Tavus olma, Ənqalıq yaxşıdır!

Yetər tavus kimi ücbilə (özünü bəyənməklə – R.H.) qıl arayiş-i surət,
Vücudundan keçib aləmdə bir ad eylə Ənqa tək.


***

Füzulinin anadilli «Divan»ında öol olduğu kimi farsca «Divan»ındakı şeirlərdə də itlər var.
Elə biri bu.
Ceyran sevgilisi ondan uzaq qaçıb.
Nədən?
Yəqin ona görə ki, aşiq özünə «yarın iti» demişdi və adətdir ki, ceyran itdən hürküb qaçar?

Ərz eylədim ki, mən itinəm, bəlkə bu sözüm,
Böylə qaçırtdı məndən o vəhşi qəzalımı.

İt ustadın bir təmsilində də var, amma bu it artıq başqa itdir.
Bu, Füzulinin farsca «Divan»ında yer alan və ümumən yaradıcılığında tək olan təmsilidir.
Satira Azərbaycan və klassik Şərq şeirində uzun bir inkişaf yolu keçib və satiranın axarında həmişə təmsilin özünəməxsus yeri olub.
Füzuliyəcən bu yolda – satiraçılıq və təmsilçilikdə Azərbaycanın Nizamisinin, Xaqanisinin, farsdilli poeziyanın Firdovsisinin, Sədisinin, Hafizinin, Camisinin dəyərli qələm bəhrələri doğulmuşdu.
İnsani xisləti və yaradıcılığının ruhu ilə bu səmtlərə sən deyən mail olmasa və bunu açıqca bəyan etsə də, hər halda ədəbi təcrübə və ənənənin həmin meyvəsini də dadmağı, öz qələmi ilə calaqda o meyvələrin hansı tamı əldə etməsini də göstərməkçün Füzuli ilham səyirtdi.
Bununla həm ustadlar xəttinə sədaqətini bir daha bəyan etmiş oldu, həm baş qoşarsa bu yöndə də seçkin bəhrələr doğurmağa qadirliyini əyan etdi, həm də hansısa ürək nisgillərini ifadə edərək yüngülləşdi.
Allahdan, peyğəmbərdən, imamlardan, mələklərdən bəhs edən, Məcnunla, Fərhadla, Vamiqlə oturub-duran, böyük şairlərlərlə, hökmdarlarla həmnəfəs olan, lap bəd ayaqda gülün ləçəyindən, şehin şəfəqindən ilhamlanan Füzuli itlə pişiyin deyişməsini də mübarək qələmində canlandırmağı rəva bildi.

Pişiklə saldı köpək bir gecə böyük dəva,
Kasa dibi yalayansan dedi sən, ey biar.
Ədəblə mərifətin səndə yoxdur asarı,
Odur ki, olmuş oğurluq sənə həmişə şüar.
Götürsə loxma biri, zəhləsin tökərsən onun,
Tamaşa tez eləyərsən o dəmdə nalə vü zar.
Bu eyblərlə bu izzət sənə nədəndir bəs,
Özündən eyləməz hərgiz səni bu xəlq kənar.
Şəriksən ona yatmaqda, süfrədə daim,
Rəfiq olur sənə məclisdə hər pərirüxsar.
Gecə-gündüz o mənəm ki, yetər xeyir məndən,
Gecə min iş görərəm, gündüz olmaram bikar.
Vəfa şüarım olubdur, ədəb təriqi yolum,
Məkanım oldu nədən asitanə leyl ü nəhar?
Nədən sən evdə qalırsan həmişə, mən çöldə,
Ət ilə sən yaşayırsan, sümüklə mən naçar?
Nədir sənin hünərin, ya nədir mənim cürmüm,
Ki xəlq pak demişdir sənə, mənə murdar?
Ənissən üləma məclisinə, mən uzağam,
Fəzilət əhli üçün sən əzizsən, mən xar.

Əslində İtin verdiyi suallar it sualları deyil.
Burada İtin, pişiyin yerində təsəvvür edilən insanlardır.
Axı həyatda da çox zaman məhz belə alınır.
Gecə-gündüz əlləşən, hər sitəmə qatlaşan, sədaqət, etibar göstərən qalır bir qıraqda, zəhmətləri də, vəfası da qat-qat aşağı olanlar irəli çəkilir, tikənin yağlısına sahib çıxır, kürsünün hündürünə yetişir.
Pişiyin verdiyi cavab da həyatın acı həqiqətidir.
Pişik hər yetənə qılıq göstərir, sürtünür, yaltaqlanır, yarınır.
İtsə sərtdir, kəskindir, səsini qaldırandır, dosta dost, şübhələndiyinə cod münasibətini anındaca büruzə verəndir.
Elə hissiyyatı yalın insanlar kimi!
Layiq olduğuna çatmayan insanın da qarşısındakı maneələrin səbəbi bəzən həqiqəti açıq deməsi, dilinin acılığı olur.
Bəzən də lazımi məqamda siyasət göstərə bilməməsi, qədərincə yumşaq olmaması.
Bəzən lap elə ifrat sədaqətliliyi.
Üstdən baxanlar düşünürlər ki, bu, elə aza da qane olar, onsuz da birüzlüdür, inciməz, dəyişib arxa çevirməz. Əlimizi nisbətən sürüşkən olanın, dönük çıxa bilənin üstündə saxlayaq ki, əldən çıxmasın.

Pişik cəsarət ilə açdı tənəyə dilini,
Ki ey amansız olan vəhşi, xisləti xunxar.
Əziz qonağı, gədanı görən gözün yoxdur,
Qəribi görcək edərsən həmişə sən azar.
Səadət əhlinə hər xeyr işində manesən,
Bu xislət ilə sənin kamə nə ümidin var?
Elə güman eləmə öz muradına yetəsən,
Həyatının ağacı zənn qılma versin bar.

***

Füzuli şeirinin fəzasında süzən quşlardan ona ən məhrəmi göyərçindir.
Məcnun səhrada bir ovçunun toruna düşmüş göyərçinlə rastlaşanda qəminə qəm qalanır, ürəyi parçalanır və ovçudan rica edir ki, zavallı quşcuğazı sərbəst buraxsın.
Ovçu da şikayətlənir ki, mənim o quşdan fərqim azdır.
O həmamə – göyərçin mənim torumda dustaqdır, mən kasıbçılığın əsiriyəm. Rəvadırmı ki, o qurtulsun, mənsə bir az daha artıq əsir olum?

Səyyad dedi ki: «Mən fəqirəm,
Fəqrə bu həmamə tək əsirəm.
Haşa ki, bu mürğ-i tizrəftar,
Azad ola, mən qalam giriftar.

Məcnun qolundakı incini verərək quşu ovçunun torundan xilas edir.
Quşcuğaza şairin nəvazişli münasibəti göyərçini vəsf edərkən onun gözlərini ovçuya qanbahası verdiyi inciyə oxşatmasında, quşu əlinə götürüncə gözlərini göyərçinin ayaqlarına sürtməsində duyulmaqdadır:

Variydi qolunda bir dür-i tər,
Şəffaf çü dide-yi kəbutər,
Verdi onu, aldı ol əsiri,
Üftadənin oldu dəstgiri.
Sürtdü qədəminə çeşm-i pürxun,
Onca ki, ayağın etdi gülgun.

Məcnun (deməli elə Füzuli özü) başlayır göyərçinlə bir insan kimi hal-əhval tutmağa.
Ona hər dəm yeni nəğmələr qoşur, mavi libasını öyür. Yeyin qanadlarını, yüksəklərdə qayğısız-qayğısız süzməsini, sərhədsiz ənginliklərə uçmasını tərənnüm edir.
Ona öz saçlarının arasını yuva kimi təklif edir, onu həmdərd olmağa çağırır:

Hər dəm ona ərz-i raz edərdi,
Min nəğme-yi şövq saz edərdi:
--«Key tiz pər ü bülənd pərvaz!
Ərbab-i vəfayə məhrəm-i raz!
Bu rəng-i libas-i nilfamın (göy – R.H.)
Ənduh ü məlamət-i müdamın
İzhar qılır nişane-yi qəm,
Kim qıldı səni əsir-i matəm?
Gər aşiq isən sən, ey cəhangərd,
Qaçma ki, mənəm səninlə həmdərd.
Bir ləhzə mənimlə həmnişin ol,
Gəncine-yi razimə əmin ol!
Başım tükün aşiyanə qılğıl,
Göz yaşımı ab ü danə qılğıl!

Lakin göyərçin onunçün həm də vasitəsçidir, yarına namələrini yetirən, sevgilisindən ona cavablar gətirən qasiddir.

Sən qasid imişsən, ey həmamə,
Məndən həm elət nigarə namə!
Gör hicr-i rüxündə iztirabım,
Peyğamım elət, gətir cavabım.

Həmdəm, sirdaş saydığı göyərçinə yol öyrədir, təmənna edir.
Rica edir ki, yar küçəsi səmtə pərvazlananda, həmin munis məkanın çevrəsinə hərlənəndə vurduğu dövrələrdən birinin səvabını ona ithaf etsin.
Kəbənin ətrafına dolanmaq – təvaf etmək savablar savabıdır.
Füzulicə göyərçinin yar mənzilinin başına fırlanması da elə o əndazədə savab hesab ediləsi təvafdır.
Yalvarır ki, dən yeməyi bəhanə edərək yar qapısının ağzında yerə en, mənim dodaqlarımla, mənim əvəzimdən istəklimin ayağının toxunduğu torpağı öp.

Billah sər-i kuyinə gedəndə,
Hər cizginibən təvaf edəndə,
Yad eylə məni səvabıma gir,
Bir tövf səvabını mənə ver.
Qon xak-i dərinə, istə danə,
Qıl özünə danəni bəhanə.
Olduqca macalın etmə namus,
Məndən yetir ol yarə zəminbus!

Dilsiz-ağızsız bir quşa bu könül dərdlərini, qəlb yaşantılarını bir yol deyir, yüz yol deyir, min yol deyir və nəhayət dilsiz-ağızsız, guya avam camaat nəzərincə şüursuz olmalı olan quş onu anlayır, girir aşiqlə təmasa.

Onca dedi ona həm qəm-i dil,
Kim qıldı onu həm ünsə mail.
Başında olub şəb aşiyanı,
Gündüz olur oldu pasibanı.

Tək bu göyərçin deyil, başqa heyvanlar, ətrafdakı digər uçar və qaçarlar da Məcnunun xətərsiz bir varlıq olduğunu duyunca ona pənah gətirir, ona sığınırlar:

Zatında görüb nişane-yi xeyr,
Həm vəhşi mütii oldu, həm teyr.
Ram oldu bəhaim ol fikarə,
Bir fövc yığıldı varə-varə.

Adi insan məntiqi insanın insanla, quşun quşla, heyvanının heyvanla ünsiyyətini təbii sayırdı.
Məcnun kimi vəhşilərlə ünsiyyətə köndələn baxırdı.

Vəhşilər ilə nədir bu birlik?
İnsan ilə xoş deyilmi dirlik?
Vəhşi ilə vəhşi, teyr ilə teyr,
Həmcins ilə xoşdur eyləmək seyr.

Məcnunsa, səhralar içində, heyvanlar arasında insan cəmiyyətindən daha saf, daha riyasız bir mühit tapmışdı.
Onun öz daxilinin başqa insanlardan onsuz da müqayisəsiz dərəcədə üstün olan paklığı, təmizliyi, ədalətliliyi bu vəhşilərə elə sirayət etmişdi ki, onlar da bir-birləri ilə rəqabətlərini, düşmənliklərini unutmuşdular – qurd quzuyla otlayırdı.
Ata sözü qurdla quzunun ittifaqından deyir.
Füzuli isə vəhşilər mehrinin daha geniş mənzərəsini cızırdı.
Gur – çöl eşşəyi ilə pələng, canavarla maral,şirlə dağ keçisi baş-başaydılar.
O həddəcən ki, vəhşi keçi şirdən süd əmirmiş.

Dövründə dirəndələr olub ram,
Tutmuşdu biri-birilə aram.
Gur olmuş idi pələngə həmraz,
Gürg olmuş idi gəvəznə dəmsaz.
Şir olmuş idi ənis-i nəxcir.
Nəxcir əmərdi şirdən şir.
Yanında tutardı mur xanə,
Göz yaşından yığardı danə.
Gahi olub əşk seyli qaim,
Seylabə gedərdi min bəhaim (heyvan – R.H.)

***
Füzulinin sözü yuvasından uçmuş bir quş idi.
Quş nə qədər qandalansa, ucalara şığıyaraq nə qədər asudə-asudə süzsə də, zaman-zaman bir budağa qonmaq, bir qayaya enmək ehtiyacı duyur.

Mən bir quşam, uçdum aşiyandan,
Mən qandan ü meyl-i xanə qandan?

Füzulinin qanadlarını gərmiş sözü «xanəyə meylim yoxdur» söyləsə də, yüzillərdir ki, uçub-uçub doyandan sonra toxtamaqçün enir, ürəklərə qonur, təzədən pərvazlanmaqçün həmin könüllərdən güc toplayır, amma son yeri yuva yox, göylər olduğundan yenidən əbədiyyət üfüqlərinə dikəlir.

***

Dünyanın ən zəhmətkeş, ən dözümlü canlılarından biri qarışqadır.
Özündən qat-qat ağır yükləri var olduğu müddətcə səbrlə çəkən qarışqa.
Bəlkə də bu, Füzulinin özü haqında qələmə gətirdiyi bənzətmələrin ən sərrastı, sağlığında və ölümündən sonrakı diriliyində keçdiyi yola verilən ən dəqiq qiymətdir.
Bu bircə beytdə Füzulinin bütün taleyi cəmlənib: üzləşdiyi ömür sarsıntıları da, qarşılaşdığı yaradıcılıq əzabları da, hərdən etiraf olunmamaqdan duyduğu könül göynərtiləri də, nəhayətdə yüksəldiyi şöhrət taxtı da.

Mur-i mühəqqərəm ki, sərasimə çox gəzib,
Nagah barigah-i Süleymanə yetmişəm.

Xar olan, aşağı dəyər verilən qarışqa.
Çaşqın, valeh halda çox gəzib-dolanandan sonra sanki birdən-birə Süleyman sarayına yetmiş xoşbəxt!
Bu doğrudan belədir.
Gendən baxana, işin içindən bixəbərə qəribə gəlir ki, nə təhər oldu adi bir insan gözlənilmədən belə zirvəyə qalxdı.
O zirvənin ardındakı qarışqa zəhmətini unudurlar.
Ani olanı, qəflətən baş verəni görüb, illərcə yaşananı sezmirlər.
Amma Füzuli çəkdiyi qələm, duyğu, təfəkkür əməkləri müqabilində bir ayrı nemət də qazanmışdı.
Süleyman sarayını fəth etməsini təsadüfən demir.
Süleyman bir peyğəmbər idi ki, insanların da, bütün heyvanların da dilini bilirdi.
İnsanla insanın ruhunu dəbərdən dildə danışmağı bacaran Füzuli də, eyni məhrəm dillə bitənəkləri, uçarları, qaçarları da həm dindirə, həm anlaya bilirdi.
Süleyman peyğəmbərə bundan g