Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Biz İmam Xomeynidən belə öyrəndik

Müsəlman qardaşlığı; Biz İmam Xomeynidən belə öyrəndik

O vaxta qədər də alimlərimizdən birlik çağırışı edənlər, məzhəbçiliyə qarşı çıxanlar çox idi, amma nə səsləri bir yerə çatırdı, nə də hamı onları başa düşürdü. İmam Xomeyni isə müsəlman qardaşlığının nə qədər vacib olduğunu bizim bütün vücudumuza hopdurdu, qanımıza yeritdi. Biz o vaxtdan əsl İslamı, onun müqəddəs missiyasını, həmçinin əsl Əhli-beyt yolunu öyrənməyə başladıq, tarix boyu əcnəbi istismarçılara necə yem olduğumuzu anladıq. Və onda anladıq ki, biz əvvəlcə müsəlman, sonra şiəyik.
Bu 40 ildə sünni qardaşlarımıza yönələn heç bir hərəkətə biganə qalmadıq, lazım olanda sinəmizi sipər etdik, canımızdan, malımızdan xərcləyib onları qoruduq. Bu günə qədər Fələstinin yaşaması üçün nə gərəkmişsə, etmişik. ABŞ-ın əmrilə Suriya xaric bütün ərəb ölkələri İsraillə barışıb Fələstini satdılar. Şiələr isə Suriyanın, Livanın vasitəsilə Fələstin müqavimətini ölməyə qoymadılar. Halbuki həmin ərəb diktatorlar İsrailin planlarının yalnız Fələstinlə məhdudlaşmadığını gözəl bilirdilər.
İstisnasız olaraq, bütün ərəb inqilablarını dəstəklədik, onların “Azadlıq” fəryadlarını alqışladıq. Bu arada kimlərsə Bəhreynin şiə olduğunu düşünüb ona baxmaq belə istəmədi, biz isə bütün sünni inqilablarını himayə etdik. Suriyada da inqilab olsaydı, dəstəkləyəcəkdik. Amma olmadı. Nə qədər avtoritar olsa da, bəlkə də Fələstinə, Livana köməklərindən, bəlkə də antiimperialist mövqeyindən dolayı xalq Əsəd əleyhinə qalxmadı. Misir islamçılarını, “Müsəlman qardaşlar”a da hər zaman hərtərəfli dəstək verdik. Amma ixvançılar hakimiyyətə gələndən sonra Fələstin liderləri arxayınlıq hissi keçirib tələsdilər, uzun illər onlara maddi-mənəvi yardım etmiş Suriyaya qarşı çıxdılar. Biz isə həmişəki kimi xalqın yanında və manqurtlaşdırılmış terrorçulara qarşı olduq.
Bu gün İraqda eyni ssenari təkrar olunur və biz yenə müsəlmanların yanındayıq; sünni-şiəliyindən asılı olmayaraq. Bu gün Mosulda şəhid edilən əhli-sünnə bizə Kərbəlada öldürülən şiə qədər əzizdir. Kim nə deyir-desin, biz yenə müsəlmanların yanında olacağıq – hegemon qüvvələrin və başkəsən terrorçuların yanında olmayan müsəlmanların. Onların yanında durduqdan, müsəlmanları təkfir etdikdən sonra isə adının Sadiq Şirazi, Yasir Həbib, yoxsa Arur və ya Ərifi olmasının heç bir fərqi yoxdur. Biz İmam Xomeynidən belə öyrəndik.


Nur-az.com


2144 بازدید
در حال ارسال اطلاعات...