Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2014

Məsum İmamlar adi insanlardan nə ilə seçilir?

Sual: Məsum İmamlar adi insanlardan nə ilə seçilir?
Cavab:
 Məsumlar özlərini “insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: “Biz də sizin kimi bir bəşərik.” (“İbrahim” 11.) Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər.
Məsumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla imamlar ideal seçilməlidilər?! Quran buyurur: “Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” (“İsra”, 95.) Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir.
Allah peyğəmbər və imamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir. (“Biharul-ənvar”, c. 10,s.170.)
Biz şiələr məsum bildiyimiz on dörd nəfəri (Həzrət Məhəmməd (s), həzrət Fatimə (ə) və on iki imam.) yalnız günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik. Günahdan uzaqlıq isə bütün çalışanların çata biləcəyi bir məqamdır.

Sual: Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər?
Cavab:
 Məsumlar (ə), sonra isə övliyalar yalnız Allahı sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb. Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan uzaqlaşdırdığı üçün məsumlar və övliyalar öz dualarında bu bağlılıqdan uzaqlıq istəmişlər.
İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: “Allahım, məni dünya bağlılıqlarından qoru”. İmam Səccad (ə) belə dua edir: “Ey Rəbbim, qəlbimizi zikrinə, dilimizi şükrünə, bədən üzvlərimizi itaətinə məşğul et”. Məsum imamların (ə) duaları bizə öyrədir ki, insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək üçün Allahdan yardım istəməlidir.

Sual: Əgər Allah varlıq aləmini mərhəməti səbəbindən yaratmışsa, cəhənnəm nə üçündür?
Cavab:
Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır.

Sual: Başdan-ayağa günah içində olan müsəlman behiştə daxil ola bilərmi?
Cavab:
Rəvayətlərə əsasən günahları küfr və şirk həddinə çatmamış müsəlman günahları yuyulanadək əzab çəkdikdən sonra behiştə daxil olar. Məsumlar (ə) buyururlar ki, günahkar möminlər bir gün cəhənnəmdən çıxasıdırlar. (“Biharül-Ənvar”, C.8, S. 346.) Amma belə bir vəd insanı arxayınlaşdırmamalıdır. Günahkarlığın sonu küfr və şirkdir. Günahkar küfr və şirklə qəfildən rastlaşır. Bu görüşdən sonra geriyə dönüş çətinləşir və həmin halda ölən kəs əbədilik cəhənnəm əhli olur.

Sual: İnsan behiştdə də doğub-törəyirmi?
Cavab:
Allahın yaratdığı hər aləmin öz qanunları var. Dünya və axirət qanunları bir-birindən fərqlənir. Məsələn, bədən dünyada yanmaqla məhv olursa, axirətdə heç bir təsir insanı yox etmir.
Ayə və rəvayətlərdən məlum olur ki, qiyamət astanasında dəhşətli zəlzələlər qopur, dənizlər parçalanır, dağlar uçulur, günəş və ulduzlar sönür, bir sözlə, dünyanın nizamı pozulur.
Əgər Quranda deyilirsə ki, behiştdə pak zövcələr var, demək, həmin zövcələr dünya qadınlarından tam fərqlənir. Bu zövcələr aylıq adət kimi xüsusiyyətlərdən kənardırlar. Dünyada bu xüsusiyyətlərdən məhrum qadın ana ola bilmir. Behiştdə övladlar da dünyadakı övladlar kimi deyil. Əgər dünyada hər bir istək tədricən həyata keçirsə, behişt əhlinin istəyi dərhal yerinə yetir. Quran buyurur: “Orada sizin üçün istədiyiniz hər şey var.” (“Fussilət”, 31.) Əgər insanın istəyi dərhal həyata keçirsə, bətndə doqquz ay uşaq gəzdirmək məntiqsiz görünür.

Sual: Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün?
Cavab:
 “Rum” surəsinin 11-ci ayəsində buyurulur: “Allah məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna qaytarasıdır. Məad, yəni ölümdən sonra dirilmə həm cismə, həm də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox əhəmiyyət kəsb edir.


Nur-az.com


1426 بازدید
در حال ارسال اطلاعات...