Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2014

İlahi məhəbbət və ona aparan yol

Allah-təala öz rəsuluna xitab edərək buyurur: “Xalqın dörd dəstəsinə mənim məhəbbətim vacibdir. (Burada vəzifə vacibliyi yox, ilahi məhəbbətin qəti subutu nəzərdə tutulur.)
1-ci dəstə: Bir-birlərini mənə görə dost tutanlar;
2-ci dəstə: Mənim bəyənmədiyim insanlarla dostluqdan çəkinənlər və düşmənlərimlə rabitəni kəsənlər. Başqa sözlə, onlar nəfs istəklərinə görə Allahın razılığı olmayan əlaqə qurmuşlarsa, ilahi məhəbbət naminə həmin dostluq əlaqəsini kəsirlər;
3-cü dəstə: Mənə görə bir-birləri ilə əlaqə quranlar (Allaha xatir aralarındakı kin-küdurəti unudaraq əlaqə quranlar);
4-cü dəstə: Mənə təvəkkül edənlər.
Həqiqətən, ilahi məhəbbətə yol tapmış kəs məhəbbəti lazımınca dəyərləndirir. Allahın öz bəndəsinə məhəbbəti ilə müqayisə olunacaq ikinci bir şey yoxdur. İnsanlar, adətən, bu dünyada başqalarının məhəbbətini qazanmağa çalışırlar. Əlbəttə ki, səylər müxtəlifdir. Çalışqan insanlar xalqın qəlbində yer tapmaq üçün daha çox cəhd edirlər. Amma axirət aşiqləri bu növ məhəbbətlə kifayətlənmirlər. Onlar məhəbbəti bütün dünyadan daha dəyərli olan birinin sorağındadırlar. Möminlər həmin bu məhəbbəti əldə etmək üçün hər şeydən, bütün dünyadan keçirlər. Əfsus ki, çox az insanlar bu məhəbbətin həqiqi dəyərini bilirlər.
İlahi məhəbbətin dərkinin də dərəcələri vardır. Bu məhəbbətdən azca xəbərdar olanlar sırf cəhalətə düçar olmurlar. Belə bir mənanı dərk etdikdən sonra çalışmaq, bu yolda bütün imkanlardan istifadə etmək lazım gəlir.
Uyğun hədisin davamında oxuyuruq: “Bir-birlərini mənə görə dost tutanlar üçün mənim məhəbbətim vacibdir.” Bəli, Allah dostları ilə dostluq ilahi məhəbbətin izharıdır. Təbii ki, hər hansı bir varlığa məhəbbət onun ətrafındakılara da sirayət edir. Allahı sevən insan, şübhəsiz ki, ona yaxın olanları da sevir. Bu, məhəbbətin təkvini (təbii, fitri) əsərlərindəndir. Bir kəsi sevib, onun əlaqəli olduqlarını sevməmək mümkünsüzdür. Ona görə də Allahı sevən şəxs Allaha daha yaxın olanları da sevir. Bu zümrədən olanlar ilk öncə həzrət Peyğəmbər (s) və məsum imamlara məhəbbətlərini izhar edirlər. Sonra növbə onlara yaxın şiələrə çatır. Çünki şiələr ilahi övliyaların göstərişinə hamıdan çox əməl edənlərdir.

Hər kəs Allaha iman əsasında başqalarını sevərsə, kimsəni Allaha həqiqi bəndəliyinə və təqvasına görə dost tutarsa, ümidvar olmalıdır. Çünki bəndələrə, Allah dostlarına olan məhəbbət insanı Allaha doğru aparan bir vasitədir. Belə bir məhəbbət insanı büdrəmələrdən qoruyur. Bundan əlavə, belə bir insan öz əməli ilə Allahın da məhəbbətini əldə edir. Hər bir aşiqin ən böyük arzusu məhbubunun məhəbbətini əldə etməkdir. Ona görə də, Allah-təala Qurani-kərimdə ilahi məhəbbətin əldə olunması haqqında belə buyurur: “Əgər Allahı sevirsinizsə, Onun göstərişlərinə əməl edin ki, Allah da sizi sevsin.” (“Ali-İmran”.) Demək, ilahi məhəbbət sorağında olan insan həzrət Peyğəmbərin (s) yolunu tutmalıdır. Peyğəmbərin yolunu gedən insan eynən onun kimi Allahın həbibi olur, Allah onu dost tutur. Beləcə, ilahi məhəbbətə çatmağın ən mühüm yollarından biri həzrət Peyğəmbərlə yaxınlıqdır. Çünki həzrət (s) Allahın mütləq məhbubu olmuşdur. Olsun ki, Allahın digər məhəbbətləri də həmin bu məhəbbətin sayəsindədir. Doğrudan da, bütün mövcudlar ən kamil mövcudda cəmlənmişdir. Kamil mövcuda sığınan kəs onun üzərinə düşən işıqdan faydalanır.
Demək, çalışmaq lazımdır ki, başqaları ilə dostluq əlaqələri onların Allahla əlaqələri əsasında qurulsun. Allah və onun rəsulu ilə dərin əlaqələrə malik olan insanları tanımaq, onlarla əlaqə qurmaq, bu yolla ilahi məhəbbəti əldə etmək lazımdır.
Digər bir tərəfdən, imkan həddində yalnız bu dünyaya aid olan sevgilərdən yaxa qurtarmaq lazımdır. Əgər könlümüzü dünyəvi ölçülərə əsaslanan məhəbbətlə doldursaq, ilahi məhəbbətə yer qalmaz.
İnsan kamil şeyləri özündən asılı olmayaraq sevir. Amma ikinci daha kamil bir şeylə rastlaşdıqda birincidən uzaqlaşmağa başlayır. Qəlbi dünyəvi məhəbbətlərin əsarətindən qurtarıb onu ilahi məhəbbətlə doldurmaq üçün dünyaya sığmayan kamilliklərlə tanış olmaq lazım gəlir. Bilmək lazımdır ki, bütün kamilliklərin mənbəsində həmin kamilliklər nəhayətsiz bir həddədir. İnsanın qəlbində məhəbbət tonqalını yandıran istənilən bir camal və kamal ilkin mənbədə nəhayətsiz bir həddə qərar tutmuşdur.
İlk əvvəl dünyəvi işlər vasitəsi ilə məlumatlandığımız üçün həmin işlərə daha çox bağlanırıq. Amma məsum insanlar öncədən mənəvi işlərə diqqət yetirdiklərindən onların mərifətlərində dünya rəngi olmur. Bəli, onlar istisnadır. Bizlərin isə diqqəti ilk əvvəl dünya ləzzətlərinə yönəlir. Dünyəvi məhəbbətlərdən qurtarıb, ilahi məhəbbətə üz tutmaq üçün ilahi bağlılığı gücləndirən vasitələrə əl atmaq lazım gəlir.
Bəli, bizim başqaları ilə dostluğumuz və onlara məhəbbətimiz ilahi eşqə əsaslanmalıdır. Dünyəvi mənafelərə həddindən artıq diqqət insanı əsil məqsəddən uzaq salır. Ona görə də ilahi övliyalarla əlaqələrimizi gücləndirməliyik. Çünki Allaha məhəbbətlə övliyalarla məhəbbət arasında xüsusi bir bağlılıq vardır. Onlardan istənilən biri gücləndikdə o biri də güclənir, istənilən biri zəiflədikdə o biri də zəifləyir. Demək, Allaha məhəbbətlə övliyalara məhəbbət arasında qarşılıqlı bir bağlılıq vardır. Allaha məhəbbət artdıqda övliyalara məhəbbət də artır. Bir misal çəkək: Allaha məhəbbət ağaca və onun köklərinə məhəbbətin oxşarıdır. Övliyalara məhəbbət isə budaqlara və yarpaqlara məhəbbətə bənzəyir. Bir ağacın budaqları və yarpaqları qoparılarsa, o ağac tənəffüs edə bilmədiyindən tədricən quruyar. Eləcə də kökləri qoparılan ağacın budaqları və yarpaqları quruyur. Ağacın budaqları və yarpaqları isti və işıqdan güc aldıqca ağac özü də güclənir. Köklərin torpaqdan aldığı qida da budaqları və yarpaqları təravətləndirir. Allaha məhəbbətlə övliyalara məhəbbət arasında da belə bir bağlılıq vardır.
Allahın övliyalarına məhəbbət ilahi məhəbbətin budaqları və yarpaqları kimidir. Övliyalara məhəbbət güclənərsə, Allaha məhəbbət də güclənər. Allahın övliyalarını hiss üzvlərimizlə duyduğumuzdan onlarla təmasda olduğumuzdan, onları görüb, səslərini eşitdiyimizdən onlar haqqında düşünmək asan olur. İlahi məhəbbəti qazanmaq üçün övliyalara məhəbbət yolunu seçsək, məqsədimizə daha asanlıqla nail olarıq.
Təcrübə göstərir ki, həzrət Peyğəmbər (s) və məsum imamların fəzilətləri və kamillikləri zikr olunarkən, onların möcüzələrindən, ilahi dəyərlərindən danışılarkən insanın qəlbində ilahi eşq odu daha tez şölələnir. Hətta bəzi xam düşüncəli insanlar Allaha məhəbbəti yersiz sayırlar. Onların nəzərincə, Allahın sifətləri və kamalı haqqında danışılarkən ona şövq yaranmırsa, demək, ilahi məhəbbət adlı bir şey yoxdur. Həqiqət isə bambaşqadır. Övliyalar insanla həmnöv olduğundan və hiss üzvləri ilə duyulduğundan onlara bağlanmaq daha asan olur. Bir sözlə, ilahi övliyaların məqamını dərk etmək isə bir qədər çətin olur. Demək, Allaha məhəbbətə aparan ən sadə yol onun övliyalarına məhəbbət yoludur. Allah dostları ilə əlaqələr gücləndikcə Allaha məhəbbət də güclənir. Bir şərtlə ki, övliyalar hansısa fərdi xüsusiyyətlərinə görə yox, Allaha bağlılığına görə sevilsinlər. Həzrət Səccad (ə) buyurur: “Qiyamət günü Allah hamını bir yerə topladığı vaxt bir nida ucalar: Bir-birini Allaha görə sevənlər haradadır?” Bu vaxt insanlardan bir dəstəsi qalxar, onlara deyilər ki, hesab çəkilmədən behiştə daxil olsunlar. Mələklər onlarla ünsiyyət saxlayıb deyərlər: “Hara gedirsiniz?” Onlar cavab verərlər: “Hesab çəkilmədən behiştə doğru gedirik.” Mələklər deyərlər: “Siz xalqın hansı dəstəsisiniz?” Onlar deyərlər: “Biz Allaha görə dost seçərdik” Mələklər deyərlər: “Əməlləriniz nə idi?” Deyərlər: “Allaha görə dost tutar və Allaha görə düşmənçilik edərdik.” Mələklərə deyərlər: “Əməl əhlinin mükafatı necə də gözəldir!” (“Üsuli-kafi”, c. 3, s. 191.)
Merac hədisinin davamında isə Allah-təala belə buyurur: “Mənim məhəbbətim üçün hədd-hüdud yoxdur. Əgər bir nişanə endirsəm, ardınca onlar üçün elm və başqa bir nişanə qərar verərəm.” Bu təbir nə deməkdir? Qədim dövrlərdə sıx meşələrdən keçən təhlükəli yollarda insanların azmaması üçün əlamətlər qoyulardı. Əgər güclü tufanlar qumları havaya qaldıraraq cığırları örtərdisə, həmin bu əlamətlər vasitəsi ilə yollar tapılardı. Buna görə də hər bir əlamətdən sonra növbəti bir əlamətə ehtiyac duyulardı. Bu əlamətlərsiz hərəkət etək qeyri-mümkün idi. Ona görə də Allah-təala insanları sonadək hidayət edəcəyini, onlara nişanələr vasitəsi ilə yol göstərəcəyini vəd edir. Bəli, öz övliyalarına və dostlarına yol göstərmək Allahın xüsusi lütflərindəndir. Allah öz daimi diqqəti ilə insanları büdrəmələrdən qoruyur.

Nur-az.com


1313 بازدید
در حال ارسال اطلاعات...