Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

Məsumlar (ə) ramazan ayında

Mübarək ramazan ayı Rəhman Allahın öz bəndələri üçün süfrə açdığı aydır. Bu mübarək ayda məsumların (ə) fərdi və ictimai rəftarları necə olub? Onların rəftarlarını iki hissədə nəzərdən keçirə bilərik: Allaha münasibətdə rəftarlar və cəmiyyətə münasibətdə rəftarlar.

Məsumlar ramazan ayında Allahla necə rabitə qurublar?
1. Halın dəyişməsi
Seyid İbn Tavus nəql edir ki, ramazan ayı gələndə Peyğəmbərin (s) çöhrəsinin rəngi dəyişərdi. Çox namaz qılar, çox dua edərdi. Ramazanın son 10 günündə Peyğəmbər (s) xüsusi bir halda olardı. Gecələri oyaq qalıb ibadət edərdi. İmam Səccaddan (ə) nəql olunur ki, bu ayda həzrət bütün vaxtını dua və zikrlə keçirərdi.
2. Müstəhəb namazlar
Müstəhəb, nafilə namazları qılmaq gündəlik adi iş olsa da ramazan ayında xüsusi əhəmiyyət daşıyır. Məsumlar ramazan ayında, qədr gecələrində xüsusi müstəhəb namazlar qılardılar.
3. Quran tilavəti
Ramazan ayı Quranın baharıdır. Peyğəmbər (s) və onun əhli-beyti natiq, danışan Qurandırlar. Məsumlar heç zaman Qurandan, Quran da onlardan ayrı olmayıb. Quran tilavəti məsumların gündəlik proqramına daxil olub. Ramazan ayında Quran tilavətinə xüsusi diqqət verib, yaxınlarını da bu işə dəvət ediblər. Nəql olunur ki, İmam Səccad (ə) ramazanda Quranı 40 dəfə kamil şəkildə oxuyardı.
4. Dua
İslamda dua çox tövsiyə olunub. Necə istəmək, kimdən istəmək, hansı məqsədlə istəmək mühüm nöqtələrdir. İnsan duada qadir Allahdan istəyir. Məsumlar insanlara necə dua etməyi öyrədib. Allahla danışmaqda xüsusi bir ləzzət var. Necə danışmağı isə məsumlardan (ə) nəql olunmuş dualar öyrədir.
Ramazan ayında aşağıdaki duaları oxumaq tövsiyə olunur:
-Mübarək ayın hilalını görən zaman dua;
-Ramazan ayına daxil olanda Peyğəmbərin (s) duası;
-Birinci gecə Peyğəmbərin (s) duası
-Hər gecə Əbu Həmzə Somali duası;
-Səhər duası
-Səhifeyi-Səccadiyyənin ilk duası
-İftar zamanı dua
-İmam Səccadın (ə)19 və 20-ci gecələr duası;
-Ramazanda həzrət Peyğəmbər (s), İmam Baqir (ə), İmam Sadiq (ə) və İmam Kazimin (ə) duaları;
-28-ci gecə Peyğəmbər (s) və İmam Səccadın (ə) duası.
Həzrət Peyğəmbərin (s) hər ayın son gecəsi duası.
-Ramazan ayı ilə vida duası
5. Qədr gecələrinin əməlləri
Məsumlar qədr gecələri həm özləri oyaq qalar, həm də ailə-övladlarını oyaq saxlayardılar. Nəql olunur ki, həzrət Peyğəmbər (s) ramazanın 23-cü gecəsi ailə üzvlərinin üzünə su vurmaqla onları oyadırdı.
Xanım Fatimə (s.ə) də övladlarını həmin gecə yatmağa qoymazdı. Gündüz istirahətlərinə diqqət yetirərdi ki, gecə oyaq qala bilsinlər. Xanım buyurur ki, əsl məhrum bu gecənin xeyrindən məhrum olan şəxsdir.
Bir dəfə ramazan ayında İmam Sadiq (ə) ağır xəstələnmişdi. Yaxınlarından istədi ki, 23-cü gecə onu məscidə aparsınlar. Ağır xəstə vəziyyətdə gecəni Peyğəmbər məscidində qaldı.
6. İftar qaydaları
Necə iftar etmək, iftar zamanı nələr yemək mühüm məsələdir. Peyğəmbər (s) və imamlardan (ə) iftar zamanı üçün xüsusi dualar nəql olunub. İmam Sadiq (ə) nəql edir ki, Peyğəmbər (s) belə dua edərdi: “Pərvərdigara, Sənin razılığın üçün oruc tutduq, Sənin ruzinlə iftar etdik. Bunu bizdən qəbul et.”
Həzrət Əli (ə) iftar zamanı belə dua edərdi: “Pərvərdigara, Sənin üçün oruc tutduq, Sənin ruzinlə orucumuzu açdıq. Bu orucu bizdən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən.”
İftar zamanı nələr yeməyi də məsumlardan öyrənək. İmam Baqir (ə) nəql edir ki, Peyğəmbər (s) orucunu su və xurma ilə açardı. Bəzən də şəkər qamışından alınan şəkərlə iftar edərdi. İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) şirni və halva ilə iftar edər, bunlar olmayanda ilıq su ilə orucunu açardı. Peyğəmbər (s) buyurur ki, bunlar qara ciyər və mədəni təmizləyir, ağızı xoş qoxulu edir, dişin kökünü və gözün görməsini möhkəmlədir. Aydın olur ki, Peyğəmbər (s) imkan olanda halva və xurma kimi şirni ilə, bunlar olmayanda isti su ilə orucunu açıb.
İbn Tavus nəql edir ki, həzrət Əli (ə) orucunu südlə açmağı sevərdi.
7. Qüsl
Həzrət Peyğəmbər (s) ramazan ayının son 10 gününü hər gecə qüsl verərdi. İmam Baqir (ə) 19, 21, 23, 25-ci gecələri qüsl verərdi. İmam Sadiq (ə) 23-cü gecə gecənin əvvəlində və sonunda qüsl yerinə yetirərdi.
8. Etikaf
Çox tövsiyə olunmuş müstəhəb əməllərdən biri etikafdır. Bu barədə fiqh kitablarında ətraflı yazılıb. İmam Sadiq (ə) buyurur: “Həzrət Peyğəmbər (s) ilk dəfə ramazanın ilk on gününü etikaf yerinə yetirdi. O biri ramazanda ikinci on günü, növbəti ramazanda üçüncü on günü etikaf saxladı. Bundan sonra həmişə son on günlüyü etikafda olardı.
9. Ramazan ayı ilə vidalaşmaq
İlahi ziyafət süfrəsindən durmaq haqqa könül vermiş ariflər üçün çətindir. Cabir ibn Abdullah Ənsari həzrət Peyğəmbərin (s) ramazan ayı ilə necə vidalaşması barədə belə nəql edir: Ramazan ayı cümə günü Peyğəmbərin (s) görüşünə getdim. Həzrət (s) buyurdu ki, bu cümə ramazanın son cüməsidir, vida duası oxumaq lazımdır: “Pərvərdigara, bu orucu bizim üçün son oruc qərar vermə. Son orucumuz olsa, bizi öz lütf və mərhəmətindən məhrum etmə.” Duada ya ömür, ya da bağışlanmaq istənilir.
10. Fitr bayramı gecəsi
Rəvayətlərdən belə nəticə çıxarmaq olar ki, Fitr bayramı gecəsinin məqamı çox yüksəkdir. Məsumlar həmin gecəni oyaq qalmış, ibadətə məşğul olmuşlar. İmam Səccad (ə) fitr bayramı gecəsi sübhədək məsciddə namaz qılıb.
11. Fitr bayramı namazı
Həzrət Peyğəmbər (s) fitr bayramı günü günəş doğandan sonra göstəriş verərdi ki, döşənəcək yox, torpaq üzərində namaz qılınsın. Fəqihlər fitr bayramı günü üçün müstəhəb əməllər zikr edib. Buyurublar ki, namaz səhrada (çöldə) yerinə yetirilsin, imam ayaqyalın vəziyyətdə dayansın.
Fitr bayramı günü savab, imtahandan qiymət almaq günüdür. İmtahanda qiymətlər eyni olmur. Şeyx Səduq nəql edir: İmam Həsən (ə) fitr bayramı günü bir qrup adamın deyib-güldüyünü gördü. İmam buyurdu: “Allah ramazan ayını bəndələri üçün müsabiqə ayı qərar verib. Bu ayda bəndələr öz ibadəti ilə bir-birlərini ötməyə çalışarlar. Təəccüb edirəm xeyir əməl sahibləri öndə gedib savaba çatdığı zaman geridə qalıb əylənən adamlara! And olsun Allaha, pərdələr qaldırılsa, salehlərin savaba, azğınların cəzaya çatdığı aydın olar.”

Məsumların ramazan ayında rəftarlarının bir hissəsi cəmiyyətlə bağlı idi.
1. Ramazan ayına hazırlıq
Mübarək ramazan ayından öncə məsumlar xalqa bu ayın əhəmiyyətini başa salardı. İnsanları oruc tutmağa həvəsləndirən xütbələr oxunardı. Peyğəmbər (s), həzrət Əli (ə) və məsum imamlardan (ə) nəql olunan məna dolu bir neçə rəvayətə nəzər salaq.
İmam Sadiq (ə) ramazan ayından öncə öz övladlarına buyurur: “Bacardığınız qədər çalışın, bu ayda ruzilər bölünər, ömürlər və əcəllər yazılar. Bu ayda elə gecə var ki, həmin gecənin əməli min ayın əməlindən üstündür.”
Əba Səlt deyir: İmam Rzanın (ə) görüşünə getdim. Şəbanın son cüməsi idi. Həzrət buyurdu: “Ey Əba Səlt, şəbanın çoxu ötüb, son cüməsidir. Bu fürsəti əldən buraxma, keçmişin əvəzini çıx. Dua, istiğfar, Quran tilavəti ilə çox məşğul ol, günahlarına tövbə et, Allahın ayına ixlasla daxil ol.”
2. Quran tilavəti tövsiyəsi
Məsum imamlar (ə) özləri çox Quran oxuduğu kimi başqalarını da bu əmələ çağırırdılar. Onlar bəzi gecələr bəzi surələrin oxunmasına xüsusi əhəmiyyət verirdi. Vəhəb imam Sadiqdən (ə) soruşur ki, ramazan ayı Quranı neçə günə oxumaq yaxşıdır. İmam buyurur ki, 3 gün və ya daha artıq.
İmam Baqir (ə) buyurur: “Hər şeyin baharı var, Quranın baharı ramazandır.” Quran surələrindən “Ənkəbut” və “Rum” surələrini oxumaq tövsiyə olunur. 23-cü gecə bu iki surəni oxumağın savabı böyükdür. İmam Sadiq (ə) buyurur: “And olsun Allaha, ramazan ayının 23-cü gecəsi “Ənkəbut” və “Rum” surələrini oxuyan insan behişt əhlidir.” Təbii ki, belə bir nəticəyə çatmağın şəraiti var.
Səhər və iftar zamanı “Qədr” surəsini oxumaq tapşırılır. İmam Səccad (ə) buyurur: “İftar və səhər vaxtı “Qədr” surəsini oxuyan şəxs Allah yolunda qanına bələnmiş kimidir.” Eyni məzmunda rəvayət imam Sadiqdən (ə) nəql olunur: “İmam buyurur ki, ramazan ayında hər gecə “Qədr” surəsini min dəfə oxuyan insan 23-cü gecə qeyri-adi bir həqiqəti dərk edər.” Başqa bir rəvayətə görə, bu əməl insanı son həddə yəqinliyə çatdırar. İnsan röya aləmində bəzi həqiqətləri seyr edər.
Şeyx Səduq belə nəql edir: Bir qrup müsəlman İmam Baqirin (ə) görüşünə gəlib qədr gecəsinin necə təyin olunduğunu soruşdu. İmam buyurdu: “Ramazan ayı hər gecə “Duxan” surəsini oxuyun. 23-cü gecədə öz istəyinizə çatarsınız.”
3. İmkansızlara kömək
Orucun hikmətlərindən biri budur ki, insan ac-susuz qalmaqla yoxsulların halını dərk etsin. İbn Abbas deyir ki, ramazan ayı Peyğəmbər (s) müraciət edənlərin bütün istəklərini yerinə yetirərdi. İmam Səccad (ə) ramazan ayı hər gün sədəqə paylayardı.
4. İftar süfrəsi açmaq
Məsumların həyatına baxdıqda onların iftar süfrəsinə əhəmiyyət verdiyini görürük. İmam sadiq (ə) buyurur: İmam Səccad (ə) oruc tutanda qoyun kəsdirər, böyük qazanda bişirtdirər, özü oruc olduğu halda yoxsullara yemək paylayardı. Hamıya yemək veriləndən sonra özü çörək və xurma ilə orucunu açardı.
5. Tabeçilikdə olanlara diqqət və güzəşt
İmam Sadiq (ə) buyurur: İmam Səccad (ə) ramazan ayında xidmətçilərinə böyük diqqət göstərərdi. Onların səflərinə göz yumar, amma yadda saxlayardı. Ramazan ayının sonunda xidmətçiləri toplayıb onların səflərini sadalayar və uca səslə deyərdi: “Ey Əli ibn Hüseyn! Allah da sənin səhvlərini beləcə qeydə alıb. Bütün əməllərindən xəbərdardır. Özün bağışlanmağa ümid etdiyin kimi bu insanları bağışla. Belə et ki, Allah da səni bağışlasın. Ey Əli ibn Hüseyn! Heç kimə zülm etməyən Allahın yüksək məqamı qarşısında öz kiçikliyini yada sal və hamını bağışla...” İmam bu sözləri deyərkən ağlayardı, xidmətçilər də ona qoşulardı. İmam deyirdi: “Pərvərdigara! Sən bizə tapşırmısan ki, bizə zülm edənləri bağışlayaq. Biz özümüzə zülm etmişik. Sən bizi bağışla. Bağışlamağa Sən daha layiqsən. Sən tapşırmısan ki, qapımızda dayanıb əl açanı rədd etməyək. Biz Sənin dərgahına əl açmışıq, Səndən istəyirik, bizi məhrum etmə.” Sonra imam xidmətçilərə üz tutub buyurardı: “Mən sizi bağışladım, siz də məni bağışlayırsız?” Xidmətçilər deyərdi: “Bağışladıq, amma sən bizə heç bir pislik etməmisən.” Həzrət xidmətçilərə buyurardı ki, onda belə deyin: “Pərvərdigara! Əli ibn Hüseyni bağışla. Necə ki, o bizi bağışladı. O bizi azad etdiyi kimi, Sən də onu oddan azad et.” İmamın bu sözlərinə xidmətçilər amin deyərdi. Bu söhbətdən sonra İmam (ə) bütün xidmətçiləri azad edərdi.
6. Din və zamana hörmət
İslam nizamının əsas vəzifələrindən biri cəmiyyətin iffətini, ləyaqətini qorumaqdır. Adi vaxtda şərab içənə 80 qamçı vurulur. Ramazanda isə cəza fərqlidir. Ramazan ayında şərab içmiş Nəccaşi şairi həzrət Əlinin (ə) hüzuruna gətirdilər. Həzrət onu bir gün həbsdə saxladı, ramazan ayına hörmətsizlik etdiyi üçün 80 qamçıya 20 qamçı əlavə etdi.
7. Əsirlərin azad edilməsi
Rəvayətə görə həzrət Peyğəmbər (s) ramazanda bütün əsirləri azad edərdi. Təbii ki, bu işdə İslam və müsəlmanların ümumi mənafei nəzərə alınır. Hansı əsirlərin azad edilməsi şəriət hakimi, vəliyyi-əmrin ixtiyarındadır.

Məhəmməd Əmini

Nur-az/hawzah


1549 بازدید
در حال ارسال اطلاعات...