Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Təqva nədir?

Sual: Təqva nədir?
Cavab:
Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.
«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir. Həzrəti Əli (ə) buyurur: «Bilin ey Allah bəndələri, təqva möhkəm və keçilməz bir qaladır».
Bəziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, çox ehtiyatla addımlarını atan insanın qorunmasına oxşadırlar. «Təqva kiçik və böyük günahlardan uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə, təqvaya çağırışlar olur. Əli (ə) buyurmuşdur: «Təqva bütün bağlı qapıların açarı, axirət ehtiyatı, şeytana nökərlik və bəlalardan qurtuluş yoludur». (Nəhcül-Bəlağə)
Onu da qeyd edək ki, təqva müxtəlif sahələri əhatə edir. İnsanın iqtisadi, cinsi, ictimai, siyasi məsələlərdə təqvalı olması, bütün sahələrdə Allahdan çəkinməsi, onun kamala yetişməsinin zəruri şərtidir.

Sual: «Liqaullah» nədir?
Cavab:
Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, «liqaullahdır». Liqaullah, ərəb dilindən tərcümədə «Allahla görüş» mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın mükafat, cəza, nemət və əzabı bu qüdrətin təzahürlərindəndir.
Bu sözün başqa bir mənası da zahir yox, iç gözü ilə Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik mərtəbəsinə çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz. Əlbəttə ki, bu hala yalnız yüksək paklıq, təqva yolu ilə yetişmək olar. «Nəhcül-bəlağə»də oxuyuruq: «Dostlarından biri Həzrəti Əlidən (ə) soruşdu: «Allahını görmüsənmi?». Həzrət (ə) bu sualın cavabında buyurdu: «Görmədiyim Allaha necə ibadət edərdim?! Zahirdəki gözlər heç zaman onu görməz. Yalnız iman nuru vasitəsi ilə qəlblər onu dərk edər».
Liqaullah haləti, qiyamətdə hamıya müəssər olar. Çünki qiyamət səhnəsində Allah-təalanın qüdrəti, hətta kor qəlbləri dirildəcək qədər aşkarlanar.

Sual 14: Donuz əti nə üçün haramdır?
Cavab:
«Bəqərə» surəsinin 173-cü ayəsində belə buyurulur: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir».
Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar, onun ruhiyyə və əxlaqında təsirlər qoyur. Bir hədisdə belə buyurulur: «Qan içən insanların qəlbi o qədər daşlaşır ki, öz ata-analarını, övladlarını qətlə yetirməkdən belə çəkinmirlər» («Vəsailuş-şiə», 16-cı cild, səh. 310.)
Donuz ətindən ən çox istifadə edən avropalılar arasında donuz, qeyrətsizlik simvoludur. Əgər heyvanat aləminin cinsi həyatını diqqətlə izləyə bilsək, donuzun cinsi həyatında heç bir hədd-hüduda təsadüf etmərik. Donuz ətindən istifadə edən insanlar, adətən, ailədə namus məsələlərinə biganə olur.
Donuz ətini Həzrəti Musa (ə) da haram bildirmişdir. İncildə günahkarlar donuza oxşadılır və məhz bu heyvan, şeytanın təcəssümü hesab edilir.
Bu heyvan çox vaxt öz ifrazatı ilə qidalandığından, insan sağlamlığı üçün çox qorxulu olan iki növ parazit daşıyıcısıdır. Bir ayda on beş min yumurta qoyan bu qurdlar insan orqanizminə düşdükdə, qan çatışmamazlığı, dizenteriya, revmatizm və bir çox digər xəstəliklərə səbəb olur. 1 kq donuz ətində həmin qurdlar 400 milyon yumurta qoya bilir. Bir çox ölkələrdə, o cümlədən Rusiyada uyğun xəstəliklər səbəbindən qısa müddətli də olsa, dəfələrlə donuz ətinin istifadəsi qadağan edilmişdir.

Sual: Bəni-İsrailin inək macərasında nədən danışılır?
Cavab:
Qurani-kərimin «Bəqərə» surəsində rastlaşdığımız bu əhvalat öz riyakarlığı ilə Musa peyğəmbərə (ə) olmazın əziyyətlərini verən yəhudilərin iç üzünü açır, onların iman dərəcəsini göstərir.
Macəra belə baş verir: Bəni-İsraildə bir nəfər qətlə yetirilir. Qəbilələr arasında qatilin kimliyi ilə əlaqədar güclü qarşıdurma yaranır. Tayfalar bu işdə bir-birlərini ittiham edirlər. Nəhayət, qərara gəlirlər ki, bu mübahisədə hakimliyi Musaya həvalə etsinlər. Musa öz qövmünə deyir: «Allah sizə bir inək kəsmənizi əmr edir». Onlar Musaya itaət etmək əvəzində «bizi məsxərəyəmi qoyursan», «o inək nə cür olmalıdır», «onun rəngini bizə bildir» və başqa bu kimi yersiz suallarla söhbəti uzadırdılar. Nəhayət, inək kəsilir və Allahın əmri ilə onun ətindən bir parçası ölüyə toxundurulur. Qətlə yetirilmiş şəxs dirilir. Uyğun surənin 72-ci ayəsində buyurulur: «Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb, onun qatili barəsində mübahisə edirdiniz. Allah gizlətdiyinizi aşkara çıxarandır».

Sual: Münafiq kimdir və onu necə tanımalı?
Cavab:
Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq kimdir? «Münafiq» sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: «Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir», «Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular».
Bütün dövr və cəmiyyətlərdə münafiqlər olmuşdur. Onlar həmişə insanlar arasında nifaq salmış, öz gizli düşmənçilikləri ilə İslam dininə kafirlərin vura bilməyəcəkləri zərbələri vurmuşlar.
Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq, münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:
1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər
2. Bir mühitə düşdükdə o mühitin rəngini alar, həmin cəmiyyətin xoşladığı sözləri danışar, möminlərə «biz iman gətirdik», müxaliflərə «biz sizinləyik» deyərlər
3. Özlərini xalqdan ayırar, gizli məclis və cəmiyyətlər təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar, yağlı dilini işə salar, xəyanət edərlər;
5. Özünü elmli, xalqı cahil, özünü ağıllı, xalqı isə, axmaq hesab edər.

Sual: Nə üçün duamız qəbul olmur?
Cavab
: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz» («Səfinətül-bəhar», 1-ci cild, səh. 448).

Nur-az.com


1553 بازدید
در حال ارسال اطلاعات...