Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2014

Ailə institutunun horizontallıq problemi

Həzrət Əli (ə) buyurur: "Bütün təlaşını ailə-övlada sərf etmə - əgər onlar Allahın dostusa, Allah öz dostlarını başına buraxmır. Əgər Allahın düşmənisə, Allahın düşməninə görə nigarançılığa dəyməz!"

Müasir ailədə baş vermiş əsas dəyişiklik münasibətlərdəki dəyişiklikdir. Həm ailə daxilində, həm də ailə fəzasından kənarda ciddi problemlər müşahidə olunur. Ata ilə ana arasında, valideynlə övladlar arasında rabitələr təhlükəli aşınmaya uğramaqdadır. Əgər keçmişdə ata ilə ananın vəzifələri ayrı idisə, bu gün məsuliyyətlər bərabər bölünür.
Ailə institutu cəmiyyətin əsaslarından biridir. Cəmiyyətin sağlam olması üçün ailə sağlam olmalıdır. Cəmiyyətdə ailə qrumu yoxsa insan tərbiyəsi əlçatmaz arzuya dönür. Həyat elə qurulub ki insan ailədə, ata-ana ağuşunda böyüməlidir. Bu şərt pozulsa tərbiyə də pozulur.
Ailə kiçik qurum olduğundan onun müdiriyyəti asandır. Bu qurumda psixoloji, ictimai, idealoji məqsədlərə çatmaq rahatdır.
Ailənin cəmiyyətdəki rolunu araşdırmaq olduqca mühümdür. Bu mövzunu daha da əhəmiyyətli edən son onillərdə qarşılaşdığımız ciddi problemlərdir. Ailə institutu dağıdıcı problemlər yaşayır. Ailə daxilində əsas problemlərdən biri övlad tərbiyəsidir.
Ata ilə anadan sonra ailədə üçüncü sütun övladlardır. Ailənin dünyaya gəlişi ilə ərlə arvad arasında yeni münasibətlər formalaşır. Övladın gəlişi yeni müdiriyyət, yeni proqram, yeni rejim istəyir. Bu tələblər ödənməsə ailədəki problemlər artır. Sosioloqlar ailə tənzimi üçün müxtəlif proqramlar işləyib. Bu proqramlarda nəsil davamından ailədə aramlığa qədər aksər mühüm mövzular nəzərdə tutulub. Təəssüf ki, bütün təlaşlara baxmayaraq son neçə onildə ailələr mənəviyyat və dini mədəniyyət baxımından böhran yaşamaqdadır.
Həyat tərzi mühüm mövzudur. Əgər ailədə həyat tərzi seçilibsə yaşamaq rahat olur. Hər bir həyat tərzində ailənin suallarına cavab var. İslam həyat tərzi başqalarından fərqlidir. Bu həyat tərzində həm rəftarlar müəyyənləşib, həm də duyğular nəzərə alınıb.
Ailə qurumunda həyat tərzi fəqli baxımlardan araşdırıla bilər. İzdivac forması, qənaət, əyləncə, valideyn-övlad münasibətləri həyat tərzinin mühüm istiqamətləridir.
Ailədə əsas suallardan biri budur ki, ata ilə ananın vəzifələri fərqlidir yoxsa müştərək? Modern ənənələrin yayıldığı dövürdə ailə institutu ciddi problemlərlə üzləşir. Ən çətin problem vəzifə bölgüsüdür. Əgər keçmişdə ata ilə ananın məsuliyyətləri fərqli və aydın idisə indi məsuliyyətlər bərabər bölünür. Xüsusilə şərq ailəsində övlada verilən əhəmiyyət artıb. Daha doğrusu ailə üzvləri arasında övlad daha çox söz sahibi olub. Bir zaman qadınlar, başqa bir zaman kişilər ailədə hakim olubsa bu gün höküm verən övladlardır. Söhbət əksəriyyətdən gedir, istisnalar nəzərə alınmır. Qərb dünyasında övladlar nəzarətsiz buraxılıb və bu münasibət azadlıq kimi dəyərləndirilir. Hansı ki, müsəlman ailəsində məsuliyyət valideynin öhdəsinədir və bu ənənə hazırda böhran yaşayır. Valideyn övladı himayə və hidayət etməli, onu nəzarətdə saxlamalıdır. Təbii ki, bütün bu işlərdə orta hədd nəzərdə tutulur.
Mədəniyyətlərin dialoqu əsrində yaşayırıq. Cəmiyyətdə ailə öz aparıcı yerini fərdə verməkdədir. Bu dəyişikliklər hava dəyişməsi kimidir, ondan hamı nəfəs alır. Əksər şərq ailəsi bu böhrandan əziyyət çəkir. Böhranda informasiya, siyasət, iqtisadiyyat yönlü alimlər rol oynayır. Bugünki müsəlman ailəsində övlad maddi dəstəyə malik olsa da onun tərbiyəsi ikinci plana keçib. Bu dəyişiklikdə informasiya vasitələri böyük rol oynayır. İstər milli şəbəkələr, istər xaricdən yayımlanan şəbəkələr ailədə nəzarət prinsipini hədəfə alıb. Müxtəlif seriallar, şou proqramlar əslində ailədə nəzarətlə müharibəyə qalxıb. Postmodern ailədə valideyn övlada heç bir dəyəri qəbul etdirmək hüququna malik deyil. Təəssüf ki, bu mədəniyyət müsəlman cəmiyyətlərinə hakim olmaqdadır.
Müasir müsəlman ailəsində övladın maddi təminatı elə bir həddə irəli gəlib ki, tərbiyə məsələsi unudulmaqdadır. Qətiyyətlə deyə bilərik ki, bu köklü dəyişiklikdə televiziya şəbəkələrinin müstəsna rolu var.
İslam təlimlərində ailə üzvlərinin vəzifələri ilahi meyarlar əsasında bölünüb. Bu təlimlər müsəlman ailəsinə müxtəlif şəkillərdə öz təsirini göstərib. Valideynin övladın tərbiyəsi sahəsində hansı vəzifələri var?
1. Qorumaq və təminat
Ailədə valideynin mühüm vəzifələrindən biri ailə üzvlərinin, qocaların və qadınların, o cümlədən övladların qorunmasıdır. Valideynlər övladları bütün qarşıya çıxacaq təhlükələrdən qorumalıdır. Bu sahədə vəzifələrdən biri övlada maddi yardım, ikincisi ailə təşkilində dəstəkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Maddi durumu yaxşı olan halda büluğ həddinə çatmış övladı evləndirməyən şəxs həmin övladın günahlarına cavabdehdir."
2. Tərbiyə
Ailə övladın ünsiyyətdə olduğu ilk qrumdur. Əgər ilk gündən övladın tərbiyəsinə vaxt ayrılsa bunun böyük təsiri olar. İslamda övlad tərbiyəsi ilə bağlı tövsiyələr çoxdur. İslam təlimlərində övlad üçün oyun yoldaşının seçilməsi, idman növləri ilə məşğulluq kimi sahələrdə göstərişlər var. Mühüm məsələ budur ki, övlad körpə ikən onun tərbiyəsinə başlanılmalıdır. Övlad böyüdükcə hər yaşda xüsusi tövsiyələrə ehtiyac duyur.
3. Nəzarət
Övlada nəzarət onun təminatı və tərbiyəsi üçün tamamlayıcı rola malikdir. Övladı maddi baxımdan təmin edən, ona zəruri tövsiyələri verən valideyn öz nəzarət vəzifəsini unutmamalıdır. Nəzarət olmasa hansısa müvəffəqiyyətdən danışmağa dəyməz. Quran buyurur ki, özünü və ailəni oddan qoru. Məsum imamlar bu ayəni əmr be məruf və nəhy əz munkər (yaxşıya dəvət və pisdən çəkindirmək) məsuliyyətləri kimi şərh edir. Valideyn övladı pis işdən çəkindirməli, yaxşıya dəvət etməlidir. İmam Baqir (ə) buyurur: "Övladı təhlükə və azğınlıqlardan qorumaq ataların vəzifəsidir."
İslamda övladların tərbiyəsində etidal, orta həddin gözlənilməsi əsas sayılır. Nəzarətdə ifrata varmaq olmaz. Valideyn bütün başqa vəzifələrini kənara qoyub övlada nəzarət ardınca qaçmamalıdır. Nəzarətdə həddi aşmaq övladın gələcəyinə mənfi təsir göstərir. Həzrət Əli (ə) buyurur: "Bütün təlaşını ailə-övlada sərf etmə, əgər onlar Allahın dostusa, Allah dostlarını başına buraxmır. Əgər Allahın düşmənidirlərsə, Allahın düşməninə görə nigarançılığa dəyməz!"
Ailə cəmiyyətin əsasını təşkil edir. Ailə özü bir institutdur. Bu qrumun öz qanunları olmalıdır. Ailəyə müdiriyyətdə iqtidar və ədalətə ehtiyac car. Valideyn ailədə iqtidara malik olmasa sözü keçməz. Bu halda onun sözləri təsirsiz qalar və ailədə möhkəmlik olmaz. Əgər valideyn ailənin problemlərini həll etməyə qadir deyilsə, ailə üzvlərinin yersiz istəklərinə təslim olasıdır.
Təəssüf doğurur ki, hazırda şərq ailəsində valideynin rolu azalmaqdadır. Horizontal (üfüqi) ailə modeli, yəni ailədə hamının bərabər hökmə malik olması bu qruma nəzarəti səhnədən çıxarır. Horizontal ailədə valideyn nəzarət vəzifəsini yerinə yetirmək gücündə deyil.
Övladların tərbiyəsində mötədillik prinsipinə riayət olunmaması ailədə övladı hökm sahibinə çevirib. Hazırda müsəlman ailələri nə kişilər, nə də qadınlar məhz övladların hakim olduğu qrum təsiri yaradır. Bir növ ailənin fəaliyyətləri övladların istəkləri istiqamətində qurulur.
Bunun hansı nəticələri var? Övladların tələbi artır, valideynin övladlara xərclədiyi məbləğ böyüyür, övlad xərc aparan avadanlığa çevrilir. Övladların hakim olduğu ailələrdə maraqlı nöqtələrdən biri budur ki, övlad heç bir məsuliyyət qəbul etmir. Övladın tələbləri artır, valideynin intizarı azalır. Belə ailələrdə normal inkişafdan söz gedə bilməz. Təcrübəsiz, biliksiz, tərbiyəsi zəif övladların hökmü altında olan ailə xoşbəxt ola bilməz. Belə ailələrdə övladlar daim xidmət gördüyündən iradəsiz olur. Onlar cəmiyyətdə özlərini təsdiq edə bilmirlər.
Ağır nəticələrdən biri budur ki, ailədə hakim övladların cəmiyyətdəki əxlaqdan kənar rəftarları normal qəbul olunmağa başlayıb. Bir zaman avtobusda yubanmadan öz yerini yaşlı adama verən gənc bu gün rahatca ayaq üstə dayanmış qocanın kənarında əyləşib musiqiyə qulaq asır.
Cəmiyyətdə ənənələrin pozulması ilə öyünən gəncliyin ədəbsiz hərəkətlərə yol verməsi bor növ valideyn və yaşlı nəsilin təslimçiliyidir. Yenə də hər şey ailəyə qayıdır və övladların səhvləri valideynlərin səhvləridir.
Ailəni səadətdən məhrum edən hallardan biri valideynin övladdan narazılığıdır. Adi halda bu təbiidir. Amma hazırda bu narazılıq epidemiya şəkli almaqdadır. Əksər valideynlər övladdan narazılıq edir. Valideynlərin bu həddə övladdan dolayı nigarançılığı onların şəxsi həyatını zəhərə çevirir.
Övladın azadlıq istəkləri, fərdiyyətçilik o qədər güclənib ki, valideyn-övlad rabitələri ciddi təhlükə ilə üzləşib. Ata-analarda övladların nankorluğu ilə bağlı fikir ictimailəşməkdədir.
Ailədə nəzarətin zəifləməsi sonda bütün ailə institutuna zərbə olur. Belə ki, daxili problemlərə enerji sərf edən ailənin xarici hücumlardan qorunmağa gücü qalmır. Hər bir ailənin cəmiyyətdən öz haqqını alması üçün enerjiyə ehtiyacı var. Enerji ailə daxilində sərf olunsa ailə mühafizəsiz qalır.
Ailə institutunun yaşadığı böhran özünü müxtəlif sahələrdə göstərməkdədir. Ən Ağrılı və üzücü nəticə oğlan-qız rabitələrinin adiləşməsi, narkotikadan istifadənin artması, boşanmış insanların artmasıdır.
Təbiidir ki, valideyn övlad üzərində nəzarəti itirəndə başqaları ona nəzarətə sahib duracaq. Əslində insan daim kiminsə təsiri altındadır. Valideyn bu işi bacarmadıqda övlad başqalarından təsirlənir.
Nəticə olaraq deyə bilərik ki, ailənin öz rolunu bağçaya, məktəbə, idman klubuna verməsi mənfi sonluğa aparır. Valideynə bu işdə kömək edə biləcək əsas güc milli televiziya, milli informasiya vasitələridir. Əgər dövlət cəmiyyətin sağlamlığına görə narahatsa ailə institutuna kömək edir. Bu zaman proqramlar elə nizamlanır ki, ailə, məktəb, televiziya v ə başqa təsirli dairələr insan tərbiyəsində həmkarlıq edir.
Əgər dövlət xalqa, cəmiyyətə biganəsə, bu biganəlik ailə qrumlarının dağılmasına təkan verir. Bu halda valideyn yalnız övladın maddi təminatı barədə düşünür. O övladının xoşbəxtliyi yolunda canından keçməyə hazır olsa da məqsədini həyata keçirmək üçün yol tapa bilmir.
Valideynlər övlad dünyaya gəlməmiş onun tərbiyəsinə hazırlaşmalıdır. Övlad dünyaya gələndən sonra onun tərbiyəsinə bir gün yubanmaq bir ömür göz yaşı deməkdir. Kiçik yaşda uşağın tərbiyəsi olduqca asandır. Valideyn mütaliə və müşavirə yolu ilə tərbiyə üsullarını öyrənməli və bu yolda Allahın yardımına bel bağlamalıdır.

nur-az
Tərcümə bölməsi


1569 بازدید
در حال ارسال اطلاعات...