Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

Agahlıq

İnsan həm özündən, həm də onu əhatə edən ətraf mühitdən agahdır. O, öz agahlığını günbəgün artırıb genişləndirmək istəyir. Onun təkamülü, xoşbəxt həyatı və inkişafı məhz buradan qaynaqlanır. Bu iki növ agahlıqdan görəsən hansı biri digərindən daha çox əhəmiyyət kəsb edir. Bu barədə qəti fikir söyləmək bir o qədər də asan deyildir. Filosoflar, insanın özündən və ya yaşadığı dünyadan agah olması haqda müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Qərb və şərq filosofları arasında yaranmış ixtilafın əsas səbəbi, bəlkə də bu sualın cavabı olmuşdur. Belə bir fərq elm ilə iman arasında da müşahidə olunur. Belə ki, insan elmin vasitəsilə yaşadığı dünyadan, iman vasitəsilə isə özündən agah olur.
Əlbəttə elm, insanın özündən agah olmasında böyük təsir göstərir. Nəfs və ruh elminin mütəxəssisləri belə bir vəzifəni öz öhdələrinə götürmüşlər. Bunu da qeyd edək ki, elmin insanın özü haqda yaratdığı agahlıq tamamilə cansız və hərəkətsizdir. Dini təlimlər əsasında yaranmış elm və agahlıq isə tam əksinə olaraq, insanda nəzərə çarpacaq qədər batini dəyişikliklər yaradır.
Belə bir agahlıq insanı qəflət yuxusundan oyadır və vücudunu lərzəyə gətirir. O, artıq özünü tanıyır və üzərinə düşən məsuliyyətləri dərk edir. Bu iş elm və fəlsəfə çərçivəsindən tamamilə xaricdir. Və bəzən əksinə olaraq insanda qəflət və özünü untmaqlığa belə, səbəb olur. Həşr surəsinin 19-cu ayəsində insanın özünü unutması haqqında deyilir:
(Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!)

Həzrət Rəsuli-əkrəmdən (s) nəql olunmuş hədislərin birində deyilir: "Özünü tanıyan şəxs Allahını da tanımış olar." 

İmam Əli (ə) buyurmuşdur: "Özünü tanıma ən gözəl tanışlıq və agahlıqdır."

O həzrət yenə də buyurmuşdur: "O kəslərə təəccüb edirəm ki, bir şey itirdiyi zaman dərhal onu axtarmağa can atır, özünü itirdikdə isə (unutduqda) heç bir əhəmiyyət verməyir."

Qərb mədəniyyətinə tutulan əsas nöqsanlardan biri də insanın özünü unutması və mənəvi dəyərlərdən uzaqlaşmasıdır. Burada (qərb mədəniyyətində) insan nə qədər yaşadığı dünyadan çox agah olarsa, özündən bir o qədər çox uzaqlaşar və hər şeyi inkişaf və tərəqqi yolunda qurban verər. İnsaniyyətin süqutunun əsas amillərindən biri də məhz budur. Quran insanın özündən (mənəviyyatından) uzaq düşməsini «xusran» (yəni, xəsarət) adlandırır. Özünü unutmuş bir şəxs üçün görəsən dünyanı əldə etmək xeyir verə bilərmi?
Hindistanın dahi rəhbərlərindən biri bu haqda deyir: «Başqa millətlər qərblilərin qadir olduqları işlərə, yalnız Allahın qadir olduğunu zənn edirlər. Lakin qərb dünyası bir şeyə acizdir. O da onun öz mənəviyyatından uzaq düşməsidir. Təkcə bu məsələ qərbin puç və quru inkişafına kifayət edər.»
Qərb mədəniyyəti qərblini mənasız həyat tərzinə sürükləyərək onu şərəbxorluğa və şəhvətpərəstliyə düçar etmişdir. Onun gördüyü böyük işlər, hətta göstərdiyi qəhrəmanlıqlar belə, unutqanlıq və hədəfsizlik üzündəndir. O, yeni-yeni silahlar ixtira etsə də, bu onun qeyri-adi qüdrət və istedadından deyil, özünü unutqanlığından irəli gəlir. Ruhunu əldən vermiş bir şəxs üçün dünyanı fəth etmək bir fayda verərmi?
Qandi deyir:
«Dünyada yalnız bir həqiqət vardır, o da insanın özünü (nəfsini, zatını) tanımasıdır. Hər kəs özünü tanıyarsa, Allahı və başqalarını da tanıyar. Özünü tanımayan şəxs isə hər şeydən xəbərsiz olar. Dünyada yalnız bir azadlıq, bir ədalət vardır, o da insanın özünə hakim olmasıdır. Özünə hakim olmuş şəxs, dünyaya hakim olar. Dünyada yalnız bir yaxşılıq vardır, o da başqalarını özü kimi sevməkdir. Başqa sözlə desək, hamını özü kimi görmək. Qalanları isə təsəvvür və xəyaldır.»
Biz bunların hər hansı birini daha çox dəyərləndirsək də, belə bir nəticəyə gələcəyik ki, elm və agahlıq nə qədər genişlənərsə, insan həyatı da bir o qədər vüsət tapar və daha mənalı olar. Demək ruh və agahlıq bir-birini tamamlayan və bir-birini təkamülə aparan amillərdir. Və insan özündən və yaşadığı dünyadan nə qədər çox agah olarsa, daha fəal və filosofların dili ilə desək, daha canlı olacaqdır. Filosoflar insan vücudunun bir neçə mərhələdən ibarət olduğuna əsaslanırlar. O, özündən və ətraf mühitdən nə qədər çox agah olarsa, mənəvi həyat məqamı bir o qədər ucalmış olar.

Nur-az.com


1173 بازدید
در حال ارسال اطلاعات...