Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

“Şiə və Quran təhrifi” mövzusunda Əhli-sünnə rəyi

İslamın Əhli-sünnə və Şiə firqələri, firqə olaraq, Quranın təhrif olunmadığına dair həmfikirdirlər. Bəzi istisna, ittiham və anlaşılmazlıqları çıxmaq şərtilə bunu onların özləri də qəbul etmiş və edirlər. Hələ hicrətin dördüncü əsrində Əbülhəsən Əşəri yazırdı ki, imamət və etizala bağlı olan, yəni ağlı bilik mənbəyi kimi qəbul edən və ya ədaləti üsuli-dinə daxil edən şiələrə görə, Quran nə azalıb, nə ona bir şey əlavə olub, nə də dəyişikliyə məruz qalıb. (Əşəri Ə. “Məqalat əl-islamiyyin”, 1/47 – www.shamela.ws) İmam Rəhmətullah Hindi yazırdı ki, on iki imamçı şiə alimlərinə görə, Quran təhrif olunmamışdır və Quranın azaldığını bildirənlərin sözləri məqbul deyildir. (Rəhmətullah Hindi. “İzhar əl-Həqq”, 3/928 – www.shamela.ws. Təəssüf ki, onun bu cümləsi bəzi çaplardan çıxarılmışdır)
Ötən əsrin tanınmış Əhli-sünnə alimlərindən olmuş Əbu Zöhrə özünün “İmam Sadiq” kitabında yazır: “Müsəlmanların yekdil rəyinə görə, Quran İslamın ilk mənbəyidir. (Bugünkü) Quranda onun hamısı mövcuddur və Allah-Taala onu bu günə qədər qorumuşdur... Aralarındakı elmi əsas fərqlərinə rəğmən, on iki imamçı şiə qardaşlarımızın Qurana baxışı da bütün möminlərin baxışı ilə eynidir”. (Əbu Zöhrə M. “Əl-İmam əs-Sadiq”, 296, paraqraf: 233 - ia600400.us.archive.org)
Misirin əl-Əzhər universitetinin şəriət fakültəsinin dekanı və görkəmli əhli-sünnə mütəfəkkirlərindən olmuş Məhəmməd Məhəmməd əl-Mədəni (1907-1968) yazırdı: “Deyirlər ki, şiələr Quranın azaldığını düşünürlər. Allaha sığınırıq! Əslində, bizim kitablarımızda olduğu kimi, onların kitablarında da belə rəvayətlər var və hər iki firqənin tədqiqatçıları onları zəif saymış, rədd etmişlər. Nə İmamiyyə, nə Zeydiyyə şiələri, nə də sünilər belə bir etiqada malikdirlər. Kim istəyirsə, əhli-sünnə məzhəbindən olan Süyutinin əl-İtqan kitabına baxıb çoxlu səhifələri tutmuş belə rəvayətləri görə bilər”. (Əl-Mədəni M. “Rəccə əl-bəs”. “Risalə əl-İslam” jurnalı, il: 11, say: 4 (44), səh: 382: noormags.com)
O, həmçinin yazırdı: “Bir misirli 1948-ci ildə əl-Furqan adlı kitab yazıb əhli-sünnə mənbələrində yer almış çoxlu saxta təhrif hədislərini qeyd etmişdi. Sonra həmin kitablar əl-Əzhərin tələbi ilə dövlət tərəfindən müsadirə olundu. İndi demək olarmı əhli-sünnə Quranın müqəddəsliyini inkar edir və ya onun azaldığını düşünür?!” (Yenə orada, səh: 382-383)
Şiələrə qarşı təhrif ittihamını xəstə insanların İslama və ümmətə xəyanəti adlandıran müasir əhli-sünnə alimi Şeyx Məhəmməd Qəzzali yazır: “Belələrinin biri bir elmi toplantıda dedi ki, şiələrdə məşhur Quranımıza nisbətən bəzi artıq-əskikliyi olan başqa bir Quran vardır. Mən ondan soruşdum ki, bu Quran haradadır? Üç qitəyə uzanmış İslam dünyasında 14 əsrdir əvvəli, sonu, surə, ayə və sözləri bəlli olan bir Qurandan başqası görünməyib. Bəs bu fərqli Quran haradadır? Bu qədər uzun müddət ərzində nə üçün bir cinni-ins onun bir nüsxəsindən də xəbər tutmayıb?” (Qəzzali M. “Difa ən əl-əqidə və əş-şəriə”, 216: uqu.edu.sa)

Nur-az.com


1818 بازدید
در حال ارسال اطلاعات...