Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2014

Şəkk-şübhə

Sual: Etiqadi məsələlərə münasibətdə şəkk-şübhə yaranması düzgündürmü?

Cavab:
Öncə belə düşünmək olar ki, dində şəkk pis işdir və qəlbin qaralmağını göstərir. Çünki məqsəd insanın yəqinə, əminliyə çatmasıdır. İman yəqinliklə müşayiət olunmalıdır. Amma şəkk-şübhə insanın iman və yəqinliyə çatmasına kömək göstərsə, onu yaxşı saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o, öncədən mövcud olmur. İnsan şəkk etməsə, yəqinə çatmaz. Quran insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır. Ona görə də Quranda belə buyurulur: “Ata-babaları nadan və ağılsız olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?” (“Bəqərə”, 170)
Şəhid Mütəhhəri buyurur: “Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin olmaması təhlükəlidir. Şəkk-şübhə olmadıqda insanların dini durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət saxlanılan saf su qoxuduğu kimi, dini durum da hərəkətsizlikdən tənəzzülə uğrayır. Xalqın dini durumu aram, hərəkətsiz vəziyyətdə qaldıqda, şəkk-şübhə qamçısı yemədikdə onların etiqadına avamlar rəhbərlik edir. Avam qabağa getdikdə isə daim özündən bir şey quraşdırır...” (“Fəslnameye-Mutəhhər”)
Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz və digər ibadətlərdə, paklıq məsələlərində çox şəkk, vəsvəsə. Bu qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ xəstəlikdir.

Sual: Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin durmuşdurmu?

Cavab:
İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından böhran keçirirlər. Məhz bu məqamda insan həssas bir hala düşür. Xüsusi ilə, ətraf mühitdəki düşüncələr, bəzən də müxtəlif təbliğatlar onun qarşısını kəsir. Əgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah ona yol göstərəcək. Allah-Taala buyurur: “Bizim yolumuzda cihad və təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.” (“Ənkəbut”, 69)
Amma bu o demək deyil ki, alimlərin heç bir vəzifəsi yoxdur. Əslində onların çiynində ağır məsuliyyət var və alimlər ağıla gələn şəkk-şübhələri mümkün yollarla aradan qaldırmalı, hamıdan öncə gənc nəsli əminliyə çatdırmalıdırlar.

Sual: Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?

Cavab:
Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.” (“Zümər”, 17, 18) Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: “Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.” (“Zümər”,18)
Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.
İmam Sadiq (ə) buyurmuşdur: “Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.” (“Kafi”, c.1, s. 27; “Tohəful-uqul”, s. 356; “Bihar”, c. 75, s. 268)
Həzrət Əli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.” (“Kafi”, c.8, s. 23; “Əmali”, s. 400; “Tövhid”, s. 74; “Tohəful-uqul”, s. 98; “Bihar”, c. 74, s. 287)

Məhdəviyyət mövzusunun təsirləri

Sual: Dövrümüzdə məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?

Cavab:
Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik... (“Əl-Məhdiyyul-muntəzər”, s. 214)
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilahamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir. (“Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, s. 57)
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir. İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.
3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də, məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib həzrətin zühuru üçün zəminə yaradaq.
6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.
İslam Peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: “Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.” (“Şərhe-Məqasid”, c.5, s. 239)
Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə imamın mövcudluğu məsələlərindən danışılır.
Beləcə, məhdəviyyət mövzusu qeyb əsrindən şiələrin vəzifələrindəndir.

Nur-az.com


1584 بازدید