Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Dilini saxlamayanın orucu...

Quran istəyən oruc

Qurani-Kərimdə mübarək ramazan ayında oruc tutmaq tapşırılmışdır:
Bəqərə, 183-185:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
(Oruc tutmaq) Sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.”

Bu ayələrdə orucla bağlı 7 mühüm nöqtəyə işarə olunub:
1. Davamlı oruc bütün ilahi dinlərdə yer almış hökmdür. Bu baxımdan oruc yeni hökm sayılmır.
2. Oruc ilahi sünnədir.
3. Vurğulanır ki, oruc təqva və ilahi xof yaradır. Amma onun başqa fərdi və ictimai faydaları var.
4. Oruc hökmündə dəqiq vaxt göstərilmişdir.
5. Oruc zəruri güc, imkan və şəraitə malik insanlara vacibdir. Oruc hökmündə istisnalar nəzərə alınmışdır.
6. Oruc ayini Qurani-Kərimin nazil olduğu mühüm bir zamana təyin olunmuşdur.
7. Orucun əhəmiyyəti o qədər böyükdür ki, ona sadə dini hökm kimi baxmaq olmaz. Bu ayda Allahın öz bəndələrinə xüsusi diqqəti var. Və bəndələr də oruca diqqətli olmalıdır.

Oruc haqqında danışılan ayələrdən biri Əhzab surəsinin 35-ci ayəsidir:
“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”

Ayədə açıq şəkildə bildirilir ki, Allahın mərhəmətindən və mükafatından faydalanacaq qruplardan biri oruc tutanlardır.
Qurani-Kərimin bir sıra başqa ayələrində də ramazan ayından danışılır. Bizim hazırda nəzərdə tutduğumuz təqva və Allaha yaxınlıq yuxarıdakı ayələrdə yada salındı. Ümid edək ki, bu şərafətli ayın mənəvi fəzasında bəhrələnərək fəzilət qazancaq, təqvaya çatacağıq.

Ramazan və Quran

Ramazan ayı ilə Quran arasında sıx rabitə var.

1. Ramazan Quranın baharı, Quranla ünsiyyət ayıdır
Bu ayda Quran nazil olub. Bu səbəbdən Quranla ramazan ayı arasında xüsusi əlaqə var. Baharda təbiət və insan cana gəldiyi kimi ramazanda Quran təravətlənir. Quranı sevənlər ramazan ayında istər-istəməz Quranla ünsiyyətlərini artırırlar. Quranı oxumaq, onun ayələri haqqında düşünməklə insan qəlbi yeni həyat əldə edir. Həzrət Əli (ə) buyurur: “Allahın kitabını öyrənin. Çünki Quran qəlblərin baharıdır.”
Ramazan ayında Quranla yaxınlıq ruhiyyəsi üçün çalışmalıyıq. Quran insanı tərbiyə edən kamil kitabdır. Kamil insan olmaq üçün bütün proqramlar Quranda yer alıb. Quran Allah sözüdür və ona əməl etmək dünya və axirətdə qurtuluş səbəbidir.
Əgər insan Quranı düzgün tanısa, Quranı nazil edənin əzəmətini anlasa böyük eşqlə Qurana doğru hərəkət edər. Yalnız bu eşqdən sonra Quranla yaxınlıq iddiasında ola bilərik.

2.Quran oxumağın fəzilət və təsirləri:
-İlahi mükafat
Fatir, 29: “Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar…”
Bu vaxta qədər Allah müamilə etmisiniz? Elə bir müamilə ki, onun sərmayəsi Quran, namaz və infaq olsun!
- İmanın çiçəklənməsi
İnsan Quran oxuduqda onun imanı güclənir. Quran oxumaqla imanımızı çiçəkləndirə bilərik.
- Qəlbin nuraniyyəti
Quran insan qəlbindəki pasları təmizləyir, onu cilalandırır. İnsan gündə bir neçə ayə oxumaqla öz qəlbini təmizləyə bilər.
- Günahların kəffarəsi
Quran oxumaq insanın yol verdiyi günahların kəffarəsi sayıla bilər. Quran insanla od arasında sipərdir. Quran oxuyan insanda günahdan uzaqlaşmaq istəyi olur.
- Tənhalıqdan qurtuluş
Quranla ünsiyyət quran insan yaxınlardan, dost-tanışdan ayrı düşdükdə tənhalıqdan əziyyət çəkmir. Allahla danışmaq insana aramlıq verir, onu tənhalıqdan qurtarır.
- Yoxsulluqdan qurtuluş
Quran oxumaqla insan yoxsulluqdan qurtulur. Quran oxunan evə Allahın mərhəməti nazil olur.
- Geniş və işıqlı qəlb
Ən gözəl zikr və söz Qurandır. Quran insan köksünü genişləndirir, ona işıq verir. Dualarımızda Quran tilavətinin şirinliyini istəyək.

3. Quran oxumağın qaydaları
Quran oxumağın bəzi qaydalarını yada salaq:
- Təharət və paklıq
Vaqiə, 79: “Ona yalnız pak olanlar toxuna bilər!” Dəstəmazsız, təharətsiz Quran yazılarına toxunmaq olmaz.
- Quran bir sığınacaqdır
Nəhl, 98: “(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)” Bəli, Quran oxumağa başlamazdan öncə insan Allah dərgahından qovulmuş şeytanın vəsvəsələrindən Allaha sığınır.
- Gözəl tilavət
Muzəmmil, 4: “Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!”
Quran oxumağın başqa qaydaları da var:
- Oxumazdan qabaq və sonra salavat demək
- Quran oxuyarkən onun sözlərinə nəzər salmaq
- Pak libas geymək, dişi yumaq, ətirlənmək
- Üzü qibləyə oturmaq
- Cümlələri düzgün tələffüz etmək, xüzu və xüşulu olmaq
- İxlasla oxumaq
- Quran oxumaq üçün münasib yer seçmək
- Tilavəti bitirəndə “sədəqəllahul-əliyyul-əzim” demək
4. Quran dinləməyin qaydaları:
- Diqqətlə dinləmək və ayələr barədə düşünmək. Nisa, 82: “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.”
- Sükut etmək və başqa işləri saxlamaq. Əraf, 204: “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”

* * *

Xanım Fatimeyi-Zəhra (s.ə) buyurur ki, göz, qulaq, dil, başqa üzvlərini hifz etməyən insanın oruc tutmasının faydası nədir!

Nur-az.com


1379 بازدید
در حال ارسال اطلاعات...