Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

İbn Teymiyyə və Qəraniq (durnalar) əfsanəsi

Əhli-beyt məzhəbini gözdən salmaq üçün yerli-yersiz hər bir fürsətdən istifadə etməyə, özlərini Quran fədailəri kimi göstərməyə çalışan sələfilərə öz kitablarında qeyd olunan Qəraniq (durnalar) əfsanəsini xatırlatmaq istəyirik. Qurana, vəhyə və Allah rəsuluna hörmətsizlik sayılan, bütün Quranı sual altına salan bu iftiranın məzmunu belədir:
Peyğəmbər bir gün Qüreyş müşrikləri ilə oturmuşdu, Allahdan müşrikləri uzaqlaşdıracaq bir ayənin nazil olmamasını arzulayırdı. Bu zaman Nəcm surəsi nazil oldu. “Lat və Üzzanı gördünüzmü?! Digər üçüncü (büt) olan Mənatı da həmçinin?!” (Nəcm/19-20) ayələrindən sonra Şeytan Peyğəmbərə iki cümlə təlqin etdi və o da oxudu: “Onlar uca durnalardır. Onların şəfaət edəcəyinə ümid var”. Sonra surənin davamını oxudu, axırda o və ordakıların hamısı səcdə etdi. Vəlid ibn Müğirə qoca olub səcdəyə gedə bilmədiyindən yerdən torpaq götürüb alnına qoydu. Hamı Peyğəmbərin bu sözlərindən razı qaldı. Axşam Cəbrayıl Peyğəmbərin yanına gələndə surəni ona oxudu və sözügedən iki ayəyə çatanda Cəbrayıl dedi ki, bunları mən gətirməmişəm. (Təbəri M. Təfsir, 18/663; Təbəri M. Tarix, 2/338-339; İbn Səd M. “Ət-Təbəqat əl-kubra”, 1/160 - www.shamela.ws)
Buxari sözügedən iki cümləyə toxunmadan çox qısa şəkildə belə bir hadisə qeyd edir: “Peyğəmbər Nəcm surəsini oxuyandan sonra hamı bir nəfər kimi səcdəyə getdi. Yalnız bir kişi yerdən bir ovuc daş və ya torpaq götürüb üzünə sarı qaldırdı və dedi ki, bu mənə bəsdir. Abdullah (ibn Məsud) deyir ki, sonralar həmin kişinin kafir halda öldürüldüyünü gördüm”. (Buxari, 2/40-41, h: 1067, 1071 - www.shamela.ws)
Şiə alimləri və Əhli-sünnə alimlərindən İbn Həzm, Nəvəvi, Fəxr Razi və digərləri qeyri-şiə mənbələrində gəlmiş bu hədisi uydurma hesab edirlər. Onun düzgünlüyünü fərz edən bəzi təfsirçilər də Şeytanın Peyğəmbəri bu şəkildə çaşdırmasını və Peyğəmbərin bilmədən Şeytanın sözlərini təkrarlamasını rədd edirlər. Onların bəzisi deyir ki, Şeytan bu sözləri müşriklərin qulağına çatdırdı, bəzisi deyir ki, yerdəki müşrik və ya münafiqlərdən kimsə bu sözləri söylədi və oradakılar Peyğəmbərin dediyini zənn etdilər. Sələfizmin banisi İbn Teymiyyə isə həm hadisənin doğruluğunu, həm də Peyğəmbərin Şeytanın sözlərini təkrarladığını təsdiqləyib (“Minhac əs-sünnə”, 1/471 - www.shamela.ws) sələflərinin də bu fikirdə olduğunu bildirir. (“Məcmu əl-fətava”, 10/291-292 - www.shamela.ws) Belə çıxır ki, Cəbrayıl vəhyi çatdırdığı zaman Şeytan müdaxilə edib öz fikirlərini təlqin etmiş və Peyğəmbər də bunun fərqində olmayaraq Şeytanın sözlərini vəhy kimi camaata çatdırmışdır. Bu isə bütün əqli və nəqli dəlillərdən əvvəl, elə həmin surənin əvvəlində yer almış iki ayə ilə ziddiyyət təşkil edir: “O, kefi istəyəni danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (Nəcm/3-4)
İbn Teymiyyə Həcc surəsinin 52-ci ayəsinə istinadla yazır ki, bu, mümkündür və baş verdikdə Allah Şeytanın sözlərini ifşa edər. (Yenə orada) Lakin Şeytanın müdaxiləsini məqbul saydıqdan sonra haradan bəlli olar ki, bu ayənin özü onun sözü deyil?! Bu baxımdan, məsələdə ən düzgün yol heç bir əsası olmayan Qəraniq əfsanəsini kökündən rədd etməkdir ki, İbn Teymiyyə bunu etməyib.
Yeri gəlmişkən deyək ki, Salman Rüşdi bədnam Şeytan ayələri romanını məhz bu rəvayət əsasında qələmə alıb, Allahın kitabını təhqir etmişdi.

Nur-az.com


1518 بازدید
در حال ارسال اطلاعات...