Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Rəhbərin qədr gecəsi ilə bağlı 12 tövsiyəsi

İslam dünyasına dua edin...

Mübarək ramazan ayının misilsiz fəzilətə malik qədr gecəsinin çatması münasibəti ilə cənab Ayətullah Xameneinin bəzi tövsiyələri yada salınır. Bu tövsiyələrdən istifadə etməklə qədr gecəsindən daha çox faydalana bilərik.

1. Qədr gecəsinə mənəvi hazırlıqla daxil olun
Bütün vaxtlarda, eləcə də ramazan ayında qəlblərinizi bacardığınız qədər ilahi zikrlə işıqlandırın. Belə etsəniz qədr gecəsinin müqəddəs fəzasına hazırlıqlı olarsınız. Qədr gecəsi min aydan xeyirlidir. Bu gecədə mələklər və Ruh Allahın izni ilə nazil olar. Həmin gecə mələklər yerlə göy arasında əlaqə yaradar, qəlbləri nura bürüyər, həyat fəzasını ilahi fəzl və lütflə münəvvər edərlər. Bu gecə sübhədək salamatlıqdır. Əxlaqi xəstəliklərin, fiziki xəstəliklərin, ictimai xəstəliklərin şəfa gecəsidir. İctimai bəlalar təəssüf ki, bu gün bir çox millətlərin, o cümlədən müsəlmanların həyatını cənginə alıb. Bütün bunlardan qurtulmaq, xilas olmaq qədr gecəsində mümkündür. Bir şətlə ki, əvvəlcə hazırlıq olsun.
2. Qədr gecəsinin saatlarını qənimət sayın
Qədr gecəsinin dəyərini bilmək lazımdır. Onun hər anı nemətdir. Elə bir iş görmək lazımdır ki, inşaallah Allahın təqdir qələmi mömin və əziz ümmət üçün layiq olduğu taleyi yazsın.
3. Maddi rəzalətlərdən uzaq olun
Biz ümidvar olmalı, mənəvi yüksəliş üçün bu gecələrdə dua edib təlaş göstərməliyik. Namaz möminin meracı, yüksəliş vasitəsidir. Dua da möminin meracıdır. Qədr gecəsi də mömin üçün meracdır. Çalışıb yüksələk, dünyanın əksər yerində insanların yaşadığı maddi əsarətdən qurtulaq. Həvəslərinizi, pis sifətlərinizi təcavüzkar ruhiyyəni, varlanmaq həvəsini, eyş-işrət və zülmü kənara qoymağa cəhd göstərək. Bu gecələrdə bizi bu sifətlərdən uzaqlaşdırmaq gücü var.
4. Bu gecə ən yaxşı əməl duadır
Buyurulur ki, qədr gecəsi min aydan üstündür. Qədr gecəsi adlandırılan gecə ramazan ayında 3 gecədən biridir və bu dəqiq məlum deyil. Mömin bəndə qədr gecəsinin saatlarından maksimum faydalanmalıdır. Bu gecə ən üstün əməl duadır. Oyaq qalmaq da dua, təvəssül, zikr üçündür. Bu gecə namaz da müstəhəbdir. Qədr gecəsi dua və zikr gecəsidir. Rəvayətdə bildirilir ki, dua ibadətin məğzidir. Biz duanı ibadətin ruhu adlandırırıq. Dua nədir? Dua Allahla danışmaqdır. Dua edən insan Allahı yaxında hiss edir, qəlbini ona açır. Dua ya istəkdir, ya təmcid və təmhiddir, ya da məhəbbətin izharıdır. Bütün bunlar duadır. Dua mömin və qurtuluş sorağında olan insanın əsas silahıdır. Duanın ruhun paklanmasında belə bir rolu var.
5. Duanın mənasına diqqət yetirin. Məsumlardan bizə çatan dualar məzmunlu, arifanə və aşiqanədir. Ən üstün dualardan biri Əmirəlmöminindən (ə) nəql olunan dualardır. Kumeyl, Səba, Minacati-şəbaniyyə belə dualardandır. Bir dəfə mərhum İmam Xomeynidən hansı duanı daha çox sevdiyini soruşdum. Buyurdu ki, Kumeyl duası və Minacati-şəbaniyyə. Hər iki dua Əmirəlmöminindən (ə) nəql olunub. Əmirəlmömininin (ə) bu raz-niyazları həqiqətən diqqət yetirən insan üçün dəyərlidir. Əziz gənclərimizdən xahiş edirəm ki, bu dualara, onların sözlərinə diqqət yetirsinlər. Duanın hər sözü gözəldir. Amma əsası yüksək mənaya malik olmasıdır.
6. Allahla söhbət edin
Gənclərdən xahişim budur ki, duanın məzmununa diqqət yetirsinlər. Bu gecələrdə Allahla danışmaq, Allahdan istəmək lazımdır. Əgər insan bu duaların mənasını bilsə ramazan gecələrində ən böyük istəklərini həmin dualarda tapar. Əhya gecələri Əbu Həmzə Somali duası çox dəyərlidir. Bu duaların mənasını bilməsəniz öz dilinizdə dua edin. Allahla bizim aramızda pərdə yoxdur. Allah bizə yaxındır. Allah bizi eşidir. Allahla söhbət edək, ehtiyaclarımızı Ondan istəyək. Allahla bu ünsiyyət, zikr, istiğfar qeyri-adi təsirə malikdir. Bu söhbətlər ölü qəlbi dirildir.
7. Allahdan üzr istəyin
Qədr gecəsi bağışlanma və üzrxahlıq üçün fürsətdir. Allahdan üzr istəyin. Allah Ona doğru qayıtmaq üçün yol açıbsa, bağışlanma diləyək. Allah qiyamət günü günahkarlara üzr istəmək imkanı olmadığını buyurar. Allah eləməmiş qiyamətdə üzr istəmək icazəmiz olmaya bilər. Qiyamət üzr istəmək yeri deyil. İndi meydan var. Üzr istəmək sizin dərəcənizi artırır. Günahlarınız yuyulur, paklanıb nurani olursunuz. Allah-Taaladan üzr istəyin. Allahın lütf və mərhəmətini cəlb edin. Allah buyurur ki, məni yada salın, mən də sizi yada salım.
8. Qəlbinizi Əmirəlmömininin (ə) uca məqamı ilə tanış edin
Qədr gecəsinin bir məqsədi dua və Allahın diqqətini cəlb etməkdir. Ramazan ayı, xüsusi ilə qədr gecələri qəlb zikri, raz-niyaz baharıdır. İkinci münasibət Əmirəlmömininin (ə) uca məqamı ilə tanış olmaq fürsətidir. Onu tanıyaq və ondan öyrənək. Ramazan ayının fəzilətləri və saleh bəndələrin vəzifələri sırasında nə xüsusiyyət varsa onun kamil nümunəsi Əmirəlmöminindədir (ə).
9. İmam Zamana (əc) diqqətli olun
Qədr gecəsinin qədrini bilin. Dua, raz-niyaz, tövbə, Allaha diqqət hamının vəzifəsidir. Müsəlmanların problemləri, məmləkətin problemləri, şəxsi problemlər, dost və qardaşların problemləri dilə gətirilməlidir. Allahdan bu problemlərin həllini istəyin. Allahdan bağışlanma, mərhəmət diləyin. Qədr gecəsi mühüm və əziz gecədir. İmam Zamana (əc) diqqətli olun məscidə gedin, İmam Zamanın (əc) bərəkəti sayəsində ehtiyaclarınızı Allahdan alın.
10. Yaranış və tale ayələri barədə düşünün
23-cü gecənin başlanğıcından, günəş qürub edən zamandan sübhə qədər salamatçılıqdır. Bu aradakı neçə saatda Allahın asayiş və rəhməti yaranmışların başına ələnir. Bu gecə ecazkar gecədir. Min ayə bərabər yox, min aydan üstündür. Min aylıq ömrün bərəkətindən artıq bərəkət bu bir gecədədir. Bu çox əhəmiyyətli bir məsələdir. Bu gecəyə əhəmiyyət verin, yaranış və tale ayələri barədə düşünün. Allahın insandan istədikləri barədə, maddi dünyanın etibarsızlığı barədə düşünün. Bütün gördükləriniz həmin aləmin müqəddiməsidir. Can verən zaman bu darvazadan keçərsiniz.
11. Məmləkət və müsəlmanlara dua edin
Bu gecələrin dəyərini gerçəkdən bilin. Quran açıq şəkildə bu gecəni min aydan üstün sayıb. Bu gecə mələklər nazil olar. Bu gecə Ruh nazil olar. Allah bu gecəni salam adlandırır. Salam həm Allahın insanlara salamı, həm də sülh-salamatçılıq mənasındadır. Bu gecədə qəlblər, canlar, cisimlər, cəmiyyət üçün salamatçılıq var. Bu gecədə məmləkətin problemlərinin həlli, özünüz və başqa müsəlmanların müşküllərinin həlli üçün dua edin.
12. Öz istəkləriniz və möminlərin istəyini Allahdan diləyin
Öz ehtiyaclarınıza, müsəlmanların və məmləkətinizin ehtiyaclarına baxın. Xəstələrə, xəstəsi olanlara, əlillərə, canbazlara, əzadarlara, qəmgin insanlara, sizin və məmləkətinizin damı altda olanlara, İslam dünyasına dua edin. Bütün bu istəkləri qədr gecələrində bir-bir Allahdan istəyin.

Vilayet.nur-az.com


1364 بازدید
در حال ارسال اطلاعات...