Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2013

İmam Əlinin tanıdığı siyasi prinsiplər

Sədaqət və doğru danışmaq

Tarix boyu bir çox siyasətçilər güc və hakimiyytə çatmaq üçün bacardıqları qədər xalqa yalan və əsassız vədlər verirlər ki, xalqın səsini toplaya bilsinlər. O cümlədən Osman xalqa vəd vermişdi ki, Quran və sünnə yolunu gedəcək. Lakin hakimiyyətə çatdıqdan sonra nəinki Peyğəmbərin, hətta Əbu Bəkr və Ömərin yolunu da gedə bilmədi. İmam Əli (ə) həmin 6 nəfərlik şurada (Peyğəmbərin (s) vəfatından sonra xəlifə təyini üçün təşkil olunmuş şura) qəti şəkildə və aşkar bildirdi ki, Peyğəmbərin sünnəsinə və öz ictihadına uyğun əməl edəcək. Hətta xalq onunla beyət etdikdə də açıq-aşkarcasına bildirdi ki, xəlifə olmaq üçün yalan danışmayacam və haqq yoldan kənara çıxmayacam.

Həzrət bir çox etirazlara və müxalifliklərə səbəb olacaq işləri elə xalqın onunla beyət etdiyi ilk anlarda açıqladı və müxaliflərin qəlbini ələ almaq üçün məsləhətli yalan belə demədi. Həzrət buyurur: “Əgər təqvam mane olmasaydı ərəblərin hamısından zirək və siyasətli olardım...” Başqa bir hədisdə isə buyurur: “Ey xalq, əgər hiylə pis olmasaydı, mən hamıdan zirək olardım.” (xütbə 200)

Haqqın meyar olması və batillə mübarizə

Əli (ə) həyatının ilkin dövrlərindən bütün hallarda haqqı özünə meyar edib, haqq yolunda addımlayıb və haqqı bərpa etməyə çalışıb. Peyğəmbər (s) bu barədə buyurur: “Hansı tərəfə yönəlsə, haqq Əli (ə) ilədir.” Həzrətin haqq mehvərində hərəkət etməsi dünyaya məlum bir məsələdir və o həzrət öz şəxsi və siyasi həyatının bütün dönəmlərində haqqı bərpa etməyə çalışırdı. Buyurur: “Şübhəsiz, Allah yanında insanların ən üstünü o şəxsdir ki, haqqa tərəfdarlığı onun zərərinə və batilə tərəfdarlığı onun xeyirinə olsa belə haqqa əməl etmək onun üçün batildən daha sevimlidir.” (125-ci xütbə)

Həzrətin haqq mehvərində olan hakimiyyətinə nümunə olaraq onun beytulmaldan qəsb edilmiş mülkləri beytulmala qaytarmasına, Osmanın qeyri-qanuni şəkildə təyin etdiyi şəxsləri vəzifədən kənarlaşdırmasına və yaxınlara belə şəri həddləri (cəzaları) icra etməsinə işarə etmək olar.

Qanunçuluq

Həzrətin çox ciddi yanaşdığı məsələlərdən biri də qanuna hörmətlə yanaşmaq və Allahın qanunlarını həqiqi mənada icra etmək idi. Əgər bir şəxs qanuna zidd əməl etsəydi, qanunu tapdasaydı, həzrət o şəxsin mövqesini və maqamını nəzərə almadan ilahi həddləri onun barəsində icra edirdi və bu barədə heç bir vasitəçinin vasitəçiliyini qəbul etmirdi.

Imam Baqirdən (ə) nəql olunur ki, Həzrət Əli (ə) qanun pozmuş Bəni-əsəd qəbiləsindən olan bir şəxsi həbs edir. Həmin şəxsin yaxınlarından bir qrup İmam

Həsəndən xahiş edirlər ki, onlarla birlikdə Həzrət Əlinin yanına getsin və Bəni-əsəd qəbiləsindən olan şəxs üçün vasitəçilik etsin. Lakin İmam Həsən (ə) atasını və onun qanuna bağlılığını yaxşı tanıdığı üçün onlara buyurur: Özünüz onun yanına gedin, çünki o sizi yaxşı tanıyır.

Həmin şəxslər Həzrət Əlinin yanına gəlib, onunla görüşürlər və Həzrətdən istəyirlər ki, Bəni-əsəd qəbiləsindən olan şəxsə ilahi həddləri icra etməkdən (onu cəzalandırmaqdan) daşınsın. Həzrət onlara belə cavab verir: Əgər məndən elə bir şey istəsəniz ki, ona icazəm olsun, onu sizə verəcəyəm.

Həmin şəxslər Həzrət Əlinin sözündən sonra onun müsbət cavab verdiyini güman edib, xaric olurlar. İmam Həsən (ə) onlardan soruşur: Nə etdiniz? Onlar dedilər: Həzrət bizə müsbət cavab verdi və Həzrətlə aralarında olan söhbəti İmam Həsənə danışırlar.

İmam Həsən (ə) atasının məqsədinin nə olduğunu yaxşı başa düşür və onlara buyurur: Dostunuz cəzalandırılacaq. Əli (ə) Bəni-əsəd qəbiləsindən olan şəxsi cəzalandırır və ona şallaq vurulur. Sonra həzrət Əli (ə) buyurur: And olsun Allaha mənim onu bağışlamağa ixtiyarım yox idi.

Nizam-intizam

Həzrət Əlinin bütün işlərində xüsusi nizam-intizam görünürdü. Lakin onun bu nizam-intizamı hökumət işlərində daha çox özünü göstərirdi. Həzrət öz valilərinə və dövlət işçilərinə göstəriş verirdi ki, öz işlərində nizam-intizamlı olsunlar və dəqiq proqramlar əsasında iş görsünlər. Proqramsızlıqdan qaçsınlar.

Həzrət Malik Əştərə yazdığı əhdnamədə belə buyurur: “Vaxtı çatmamış işlərdə tələsməkdən, mümkün olan işləri yerinə yetirməkdə süstlükdən, şübhəli işlərdə inadkarlıqdan və aşkar işlərdə süstlükdən uzaq ol hər bir işi öz yerində və öz vaxtında gör.” (53-cü məktub)

Hətta vergi yığmaq üçün təyin etdiyi şəxslərə nizam-intizamlı olmağı tövsiyə edir. Buyurur: “İşi təxirə salmaqdan və xeyiri uzaqlaşdırmaqdan çəkinin, çünki bu peşimançılığa səbəb olur.”

Təmiz insanların seçimi

Həzrət Əli (ə) öz hakimiyyəti dövründə daim çalışırdı ki, idarəçilik üçün təmiz və ləyaqətli şəxsləri seçsin. O şəxslər ki, başqalarına nisbətən daha ləyaqətli və daha şərəflidirlər. Həzrət ləyaqətsiz şəxslərin xalq üzərində hökmranlığına şərait yaratmırdı. Odur ki, Osmanın təyin etdiyi bütün şəxsləri vəzifədən kənarlaşdırdı və onların yerinə kifayət qədər layiqli şəxsləri işə təyin etdi. Çünki Osmanın təyin etdiyi şəxslər bu vəzifəyə öz şöhrətləri yaxud siyasi oyunlar vasitəsi ilə gəlib çıxmışdılar.

Hətta Müaviyyə İbn Süfyanın özünü də (o qüreyş qəbiləsinin başçılarından idi) vəzifədən kənarlaşdırdı. Həzrət nəinki ədaləti öz meyillərinə və hökumətinə fəda etmədi, əksinə özünü və hökumətini də haqq və ədalət uğrunda fəda etdi.

Həzrət Əli (ə) hakimiyyət üçün layiqli şəxsin seçilməsi və bu şəxsin xüsusiyyətləri barəsində belə buyurur: “Ey insanlar, hökumət üçün ən layiqli şəxs onunla bağlı ən güclü insan və insanların arasında Allahın göstərişlərini daha yaxşı biləndir.” (173-cü xütbə)

İşçilərə nəzarət

Həzrət Əli (ə) vəzifəyə təyin edərkən insanların bütün cəhətlərdən kifayət qədər layiqli olanını seçməsinə baxmayaraq, onları vəzifəyə təyin etdikdən sonra özbaşına buraxmazdı və müxtəlif vasitələrlə onları azğınlıqdan, hiylələrə aldanmaqdan qorumağa çalışardı.

Xalqa diqqət, xalqa qayğı

Hakimiyyətlər maddi və dünyamehvər metodlar əsasında xalqın diqqətini əldə etmək üçün bütün vasitələrə əl atırlar. Lakin əslində xalqı mühüm hesab etmirlər. Amma İmam Əlinin hökumətində prinsiplərdən biri xalqa qayğı, xalqa sevgi, xalqın ehtiyaclarına diqqət yetirmək və xalqa xidmətə çalışmaq idi. O Malik Əştərə yazdığı məktubda buyurur:“ Qəlbini xalqa məhəbbət, qayğı və sevgi ilə doldur. Onlara qarşı bir yırtıcıya çevrilmə...” ( 53-cü xütbə)

Həzrət Əlinin baxışına görə xalqa məhəbbət, xalqa qayğı idarəçilikdə mühüm rol oynayır; bu prinsip hakimin insanların qəlbinə də hakim olmasına səbəb olur. Bu İslamın əsas prinsiplərindəndir və İmam bu prinsipə olduqca vəfalı olub və onu hakimiyyət üçün ən mühüm əsaslardan hesab edib.

Məzlumlara və zəiflərə xüsusi diqqət

Bütün cəmiyyətlərdə məhrum, zəif yaxud çətinliyə və zülmə düçar olmuş şəxslər var. Ədalətli hakim cəmiyyətdə bütün insanlara bir gözlə baxmalı və onlar üçün bərabər hüquqlar, imkanlar yaratmalıdır. İmam Əli (ə) öz hakimiyyətində daim bu mühüm prinsipi nəzərə alıb və ona çox ciddi yanaşıb. O həzrət öz işçilərinə olan tövsiyələrində belə buyurur: “Xalqın aşağı təbəqəsinə, çarəsizlərə, yoxsullara, ehtiyaclılara, problemlilərə, xəstələrə münasibətdə, onlarla rəftarda Allahı yada sal...” (bax: “Nəhcül-bəlağə”, 53-cü məktub)

Tənqid qapısını açıq qoymaq

Əmirəl-möminin (ə) haqq sözü açıq-aşkarcasına məsullara deyirdi və eyni zamanda təkid edirdi ki, onlar haqq sözün ağırlığını qəbul etsinlər. Çünki haqq söz kiməsə ağır olsa, ona əməl etmək də ona çətinləşəcək. Həzrət Əli (ə) xalqdan istəyir ki, bütün hallarda haqq sözü ona xatırlatsınlar və onu məşvərətdən, nəsihətdən ehtiyacsız bilməsinlər: “Haqq sözü deməkdən yaxud ədalətli məşvərətdən çəkinməyin. Çünki

mən özümü xətanın fövqündə görmürəm və işlərimdə özümü ondan amanda bilmirəm. Yalnız Allah özü işimdə mənə kifayət edəcəyi halda bundan amandayam, O buna məndən daha qüdrətlidir.” (216-cı xütbə) Həzrət xeyirxahcasına olan tənqidi müsbət amil hesab edir, eyni zamanda yada salır ki, tənqid insanların haqq hakimlə müxaliflik etmələrinə, onun hökmlərindən yayınmalarına səbəb olmamalıdır. Çünki əsassız müxalifliyin və qərəzli tənqidin nəticəsi cəmiyyətdə fəsada və ədalətli hakimin cəmiyyəti doğru, düzgün idarə edə bilməməsinə səbəb olacaq. O buyurur: “Xalqın bəlası hakimlərlə (ədalətli hakimlərlə) müxaliflikdir.”

Müsbət tənqid hakimlərin bir çox səvhlərini düzəldə bilər və cəmiyyəti inkişafa, tərəqqiyə doğru apara bilər. Bu səbəbdən Həzrət müsbət tənqid üçün çox böyük yer ayırır. İmam Əlinin həyatında tənqid və nəsihət qapısı həmişə açıq olub və o həzrət üç xəlifənin 25 illik hakimiyyəti dövründə dəfələrlə onlara nəsihət verib və hakimiyyət işlərində onları ağır tənqid edib, xeyir və islahat yolunu onlara göstərib.

Bərabər hüquq

Əmirəlmöminin (ə) açıq-aşkarcasına buyurur: “Sizin üçün olan mənim üçündür və sizə olan mənədir.” Bu hədis cəmiyyətdə hamının bərabər imkanlara malik olmasına və onların vəzifələr qarşısında cavabdehliyinə işarədir. Əlbəttə mövlanın digər sözlərindən belə nəticə əldə olunur ki, İslam cəmiyyətində hakim hüquqi baxımdan başqaları ilə bərabər olsa belə, vəzifə baxımından özünü başqalarından daha çox cəmiyyətdə xidmətə vəzifəli bilir. Elə bu cəhətdən o öz valilərindən istəyir ki, həyatlarını varlılarla yox, yoxsul təbəqə ilə ölçsünlər.

İstifadə olunan mənbələr:

“Tuhəful-uqul”, İbn Şubə Hərrani, s.144

“Nəhcül-bəlağə”, 53-cü məktub və 173, 216, 16 və 125-ci xütbələr

“Tarixi-təbəri”, Məhəmməd İbn Cərir Təbəri.

Nur-az.com
Dilimizə çevirdi: M. Əhməd


1760 بازدید
در حال ارسال اطلاعات...