Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

Azərbaycanlılar Qarabağ istəyini əməldə sübut etməlidir

"Qarabağ münaqişəsi bizim üçün miskinli, dərdli hadisədir. Oradan didərgin düşmüş, qaçqın olan yüz minlərlə müsəlman bacı və qardaşlarımız var."

Bunu SalamNews-un xüsusi müxbirinə Tehran Universitetinin professoru Əkbəri Ciddi deyib.

O bildirib ki, mən onlarla özüm görüşmüşəm, söhbət etmişəm, onların dərdləri ilə yaxından tanış olmuşam. Doğurdan da, bu bizim üçün böyük bir narahatlıq və faciədir. İranda hər zaman qazi Qarabağ azanı səsləndirilir. Azərbaycan xəritəsində də biz Qarabağı məhz Azərbaycanın ərazisi kimi göstəririk, Ermənistanın ərazisi kimi yox: "Qarabağ münaqişəsinin həlli perspektivlərinə dair çox önəmli məqam var. Bir millət gərək öz haqqını tələb edə. Məsələn, fələstinlilər illər boyu mübarizə edirlər, illərlə şəhid verirlər. Müvəffəq olublar ki, bir parça yeri özlərinə qaytarsınlar, öz hakimiyyətlərini qursunlar. Bu gün İsrailin qabağında Fələstin müqaviməti durur, İsrail başqa bir yerləri zəbt etməyə cürət edə bilmir. Məlumdur ki, Livan savaşında “Hizbullah” İsraili 20 il qaldığı torpaqlardan sıxıb çıxarıb. İsrail böyük itkilərlə və zillətlə ordan çıxarılıb. Əgər millət və camaat özü öz haqqını ələ gətirmək istəsə, hakimiyyət də xalqı ilə, milləti ilə gəlməyə məcbur olacaq, özgələr də bu millətə, xalqa, hakimiyyətə ehtiram nümayiş etdirəcək. Mənim fikrimcə, Qarabağ müharibəsində ən mühüm hal odur ki, azərbaycanlıların özlərinin damarları gərək coşa. Biz niyə, hansı səbəbdən Azərbaycanda, Qarabağda Fələstin və Livandakı kimi müqavimət görmürük? Əgər biri öz haqqına hörmətlə yanaşmasa, başqalarından bunu gözləmək olmaz. Əvvəl bir hərəkət, əvvəl bir qədəm haqqı əlindən alınandan gəlməlidir. İranda istənilən adamla danışsan, Qarabağı Azərbaycanın ərazisi kimi bilir və Ermənistanla Azərbaycan müharibəsi nəticəsində Qarabağı ermənilər tərəfindən işğal olunduğunu bildirir. İranda bu kifayət qədər aydındır."

Professor İranın Ermənistan-Azərbaycan və İsrail-Fələstin münaqişələrinə fərqli yanaşmasına dair sualı da cavablandırıb: “Əziz azərbaycanlı bacı və qardaşlarımız bizə hərdən təməmna ilə sual edirlər ki, necə olur, İsrailin işğal etdiyi Fələstinə İran hər cür yardım edir, İsrailin qabağında durur, mübarizə edir, bəs Qarabağ məsələsinə gəlincə biz nədən İranın bu cür sərt mövqeyini görmürük? Burada böyük bir fərq var: İsraili biz bir dövlət kimi rəsmən tanımırıq, İran üçün yer üzündə belə bir ölkə yoxdur və bizim İsraillə heç bir münasibətimiz mövcud deyil. Bundan fərqli olaraq, Azərbaycan və Ermənistan bizim üçün iki qonşu ölkədir. Ermənistanı biz rəsmən bir dövlət kimi tanıyırıq, onunla münasibətlərimiz var. Ona görə də bizim üçün İsrail və Ermənistan arasında fərq vardır ki, bu əlaqələrimizdə və yanaşmamızda özünü göstərir. Livanda baş vermiş 33 günlük müharibə zamanı biz açıq şəkildə “Hizbullah”a yardım etdik, Fələstinə də bacardığımız qədər yardım edirik. Və indidən sonra da hər kimsə İsraillə müharibəyə qalxarsa, İran hər zaman ona kömək edəcək. Bu bizim açıq-aşkar bildirdiyimiz mövqedir. Qarabağ məsələsində də rəhbərimizin ortalığa qoyduğu dəqiq mövqe mövcuddur. Mövqe də ondan ibarətdir ki, İran bu münaqişədə, sözsüz ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Biz hər zaman bəyan edirik ki, münaqişə gərək ədalətli şəkildə həllini tapsın. Münaqişədə hazırki durumu biz qəbuledilməz sayırıq və israr edirik ki, məzlumların haqqı bərpa olunmalı, torpaqlar işğaldan azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Onun sözlərinə görə, Ermənistan da İran üçün qonşu ölkədir və aralarında ikitərəfli əlaqələr var, İsrailin isə İran üçün bir məmləkət kimi heç bir rəsmiyyəti yoxdur. Hər ikisi qonşumuz olmaqla yanaşı, Azərbaycanın İran üçün tam başqa, ayrı bir yeri var və bu Ermənistanla müqayisə olunası deyil. Bizim Azərbaycanla dərin mədəni, tarixi, dini əlaqələrimiz var, bizim aramızda ürəkdən gələn bağlılıqlarımız var: "Əgər Azərbaycan rəhbərliyi bu məsələdə İranın köməyinə ehtiyacı olduğunu bildirsə, biz əlimizdən gələni edəcəyik. İran Azərbaycana Qarabağ müharibəsi dövründə yardım göstərib. Bu bəzi səbəblərdən gizlədilsə belə, fakt olaraq qalır. Biz yenə də istənilən şəkildə köməyə hazırıq. Ancaq ən əsası – gərək millətin, xalqın özü, məzlum Qarabağ camaatı Qarabağın qaytarılmasını istəyə, istəyini sərt şəkildə ortalığa qoya, bəyan edə, əməli ilə sübut edə, sonra gərək Azərbaycan dövlətinin rəhbərliyi xalqının bu istəyini nəzərə alıb rəhbər tuta ki, konkret addımlar atılsın. Heç vaxt sən zalımdan tapdalanmış haqqını xoşu-xoşluğu, salam-salavat ilə ala bilməzsən, geri qaytara bilməzsən. Qarşındakı – zalımdır, sənə elə-belə heçnə verəsi deyil. Sanki bir oğru evinizə giribsə və siz ondan nə qədər oğurladığını geri tələb etsəniz, ala bilməyəcəksiniz. Gərək tədbir görəsən, zəhmət çəkəsən, səylər göstərəsən, konkret addımlar atasan. Tədbirin də gərək elə olsun ki, həmin zalımı geri çəkilməyə məcbur etsin. Əgər Azərbaycan xalqı belə bir əzmini ortalığa qoysa, tədbir alacağını bəyan etsə, onda İranda hamı ürəkdən istər ki, Azərbaycana bu haqq işində yardımçı olsun, kömək etsin ki, münaqişə ədalətli şəkildə həll olunsun və Qarabağ məzlumları öz doğma yurd-yuvalarına qayıtsınlar.”


1313 بازدید
در حال ارسال اطلاعات...