Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2014

Bolonya ya kolonya sistemi? (Təhsil batır!)

«Azərbaycanda Boloniya sistemini istədikləri formada dəyişib tələbələrə təqdim ediblər. Ona görə də tələbələr arasında biz ona Boloniya yox, «koloniya sistemi» deyirik. Boloniya sistemində dərslər interaktiv üsulla keçilməlidir. Bizdə isə hələ də mühazirələr imla şəklində olur, heç bir yeni avadanlıqlardan istifadə olunmur».

Orxan Abdulla İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Deyir 3 ildir Boloniya sistemində təhsil alsa da, hələ də xaricdə bu sistemlə təhsil alan dostlarına həsəd aparır. Həmin dostlarından fərqli olaraq, fənn seçimindən tutmuş elektron kitabxanalardan istifadəyədək Boloniya sisteminin bir çox imkanlarından məhrumdur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Asim Əhmədzadə də deyir ki, Boloniya sistemi deyiləndə, yalnız 100 ballıq sistemə keçiddən başqa ağlına bir fikir gəlmir:

«100 ballıq sistemdir. Başqa heç nə Boloniya sisteminin olduğunu göstərmir. Nə tələbənin dərs seçimi, nə də başqa məsələlər. Boloniya sistemində tələbə dərsini, dekanını da özü seçməlidir, dəftərdə qiymət olmamalıdır».

BİR QAYIB – BİR MANAT

Asim Əhmədzadə deyir ki, Azərbaycan ali məktəblərində yeni sistemə keçid təhsildə korrupsiyanı da artırıb. Məsələn, hazırkı bal sistemində dərsə davamiyyət də nəzərə alındığından Asim Əhmədzadənin dediyinə görə, bəzi ali məktəblərdə qayıbın konkret qiyməti var. Məsələn, bir qayıbı pozdurmaq tələbəyə bir manata başa gəlir.

Asim Əhmədzadə hesab edir ki, Boloniya sisteminin azərbaycanlı tələbələrə yalnız bir müsbət təsiri olub, o da, kəsirə görə kursda qalmaq məsələsinin ləğvidir. Başqa sözlə, yeni sistemə görə, bir fənnin imtahanından keçə bilmirsənsə, təkrar kursda qalmırsan. Sadəcə, növbəti tədris ilində kəsildiyin fəndən də imtahan verməli olursan. Azərbaycanda Boloniya təhsil sisteminin tətbiqinə 2005-ci ildən başlanıb. Artıq 20-dən çox ali məktəb bu sistemə keçib. Boloniya təhsil sisteminin sovet təhsil sistemindən bir sıra fərqli cəhətləri var. Məsələn, kompyuterləşmiş auditoriyalardan və elektron kitabxanalardan istifadə, fəndən tutmuş müəllimədək seçim azadlığının olması və s. Bundan başqa, tələbə heç də mühazirələrdə mütəmadi iştirak etmək və deyilənləri dəftərə yazmaq məcburiyyətində deyil. Mühazirələr hətta e-mail vasitəsilə tələbəyə göndərilə də bilər.

Amma söhbət etdiyimiz tələbələr deyir ki, Azərbaycanda nəinki kompyuterləşmiş auditoriyalar, elektron kitabxanalar lazımi səviyyədə deyil, tələbələrin seçim imkanları yoxdur. Hətta dərsə davamiyyəti pozduğuna görə universitetdən qovulmaq təcrübəsi də qorunub saxlanır. Məsələn, 3 fənnin hər birində 30 faiz davamiyyəti pozmusansa, qovulmaq təhlükəsi ilə üz-üzəsən.

«AZƏRBAYCAN TƏHSİL SİSTEMİ BÖHRAN DÖVRÜNÜ YAŞAYIR»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli də hesab edir ki, Azərbaycan Boloniya təhsil sisteminə formal olaraq keçib:

«Boloniya sistemində çox mühüm bir amil rektorun da, dekanın da bir menecerə çevrilməsidir. Yəni, onlar təhsilin maliyyəsini axtarır, maddi texniki bazanın təkmilləşməsinə çalışır, rəqabət mühiti yaradır. Bu təhsil sistemində tələbə ilə müəllim ən yüksəkdə dayanırsa, ən aşağıda dayanan rektorla dekan olur. Azərbaycan reallığında isə Boloniya sistemi çox eybəcər bir formaya çevrilib. Bürokratik bir şey yaradılıb. Hansı fənlər keçilir, necə keçilir, fənlərin modulları dəqiqləşdirilmir».

Zeynal Məmmədlinin fikrincə, sovet təhsil sistemi ilə müqayisədə Azərbaycanda yeni təhsil sisteminin tətbiqi tələbəyə müsbət nəsə qazandırmadı. Əksinə, əvvəlki təhsil sistemi öz dövrünün tələbinə uyğun kadr yetişdirə bilirdisə, indi heç bu da baş vermir, təhsil sistemi özünün böhran dövrünü yaşayır.

Zeynal Məmmədli hesab edir ki, ümumiyyətlə, Azərbaycan təhsil sistemində Boloniya sisteminin tətbiqi vaxtından tez atılmış addımdır. Bunun üçün baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar, kompyuterləşmə sistemi, o cümlədən sərbəst bazar olmalıdır…

azadliq


1511 بازدید
در حال ارسال اطلاعات...