Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Şəhidin cibində qara parça

İslam yolunda həyatını fəda etmiş böyük insanlar sırasında şəhid Mirza Məhəmmədin də adı var. Xatirələr çoxdur. Amma hər insanın xarakter xüsusiyyəti olduğu kimi, hər şəhidin də xatirələrində özünəməxsusluq var.
Bu günlərdə farsnyus əməkdaşı şəhid Mirza Məhəmmədin xanımı ilə söhbətləşib. Söhbət əsnasında yada salınan maraqlı nöqtələrdən biri budur ki, şəhid ara bir cibində qara parça gəzdirərmiş.
Şəhid Mirza Məhəmməd Bürucerdi şəmsi 1333-cü ildə (60 il öncə) Bürucerd ətrafında dünyaya göz açıb. 7 yaşından ailəsi ilə birlikdə Tehrana köçüb. 1356-cı ildə şah rejimi ilə mübarizə üçün qrup yaradıb. Qrup Səf adlandırılıb. İmam Xomeyni Parisdən vətənə dönəndə İmamı ilk qarşılayanlar arasında Məhəmmədin qrupu da olub. Odlu-alovlu İnqilab günlərində İmamın mühafizəsi Məhəmməd Bürucerdinin öhdəsinə idi. İmam Quma köçəndən sonra Bürucerdi Evin həbsxanasının rəisi olub. İslam İnqilabı Keşişçilər Korpusunun təşkilində Məhəmməd Bürucerdinin müstəsna xidmətləri var. Məhəmməd SEPAH-ın ikl komandirlərindən sayılır. 1358-ci ildə Kürdüstanda əks-inqilaba qarşı əməliyyatlara başçılıq edib. Bu əməliyyatlarda Kürdüstan Məsihi adı ilə tanınıb. Şəhid Bürucerdi 1361-ci ildə SEPAH-ın komandiri olaraq ölkənin qərbində Həmzə Seyyidüş-şühəda hərbi qərargahını yaradır. Əməliyyatlar bu mərkəzdən idarə olunur.
Nəhayət, 1362-ci ildə 29 yaşında Nəqdə məntəqəsi yaxınlığında şəhadətə çatır. Şəhid Behişti-Zəhrada torpağa tapşırılıb. Şəhidin xanımı Fatimə Məhəmmədi uşaq yaşlarından tanıyıb.

O xatirələrini belə bölüşür:
Şaban ayı idi, biz Urmiyədə yaşayırdıq. Məhəmmədə dedim ki, sənin işin çoxdur, razı olsan şaban ayını Tehrana gedim, ailə ilə birlikdə olum. O qəbul etdi və dedi ki, bu günlərdə hərbi təyyarə gələcək, geri qayıdanda səni də yola salaram.
Təyyarə gəldi və mən şabanın ilk günlərində Tehrana çatdım. Şabanın üçüncü gecəsi anamla gəzintiyə çıxmışdıq. Məntəqə dindar olduğundan şaban günləri gecələr bayram kimi keçirdi. Gəzintidən qayıtdıq. Anamın otağında uşaqları yatızdırdım, özüm də kənarlarında yatdım. Yuxuda gördüm ki, bir ağa yaxınlaşıb əyilir və uşaqlarla mənim aramdan nəyi isə götürür. Soruşdum ki nə istəyirsiniz? Dedi ki, aranızdan bir şey götürmək istəyirəm. Dedim nə istəyirsinizsə götürün. Qəddini düzəltdi, dedi ki, mənim istədiyim şey aranızda yoxdur. Diksinib yuxudan oyandım. Başa düşdüm ki, həmin şəxs Seyyüdüş-şühəda imiş.
Uşaqlarla birlikdə nimeyi-şabana qədər Tehranda qalmalı idik. Amma səhəri gün Məhəmməd zəng vurdu və dedi ki, dərhal geri qayıdın. Səbəbini soruşdum. Dedi gəlin, burada səbəbini deyərəm. Biz yola düşdük.
Halı başqa idi. Qərarsız idi. Otaqda var-gəl edirdi. Ardıcıl şəkildə uşaqları tapşırırdı. Əvvəllər onu belə görməmişdim. Gecə dedi ki, bir neçə maşınla ərazini nəzərdən keçirməliyik. Yola düşdü. Səhəri gün günortadan sonra saat 2-də səsgücləndirici ilə Quran oxutmağa başladılar. Dostlarından biri gəldi, dedi ki Məhəmməd yaralanıb, Tehrana aparılıb. Dedi ki, əşyalarınızı yığın yola düşün. Məhəmməd əvvəllər də yaralanmışdı. Amma bu dəfə danışıq tərzi başqa idi.
İçimdə bir təlatüm vardı. Hiss edirdim ki, nəsə böyük bir hadisə baş verir. Həmişə ətrafımızda deyib-gülərdilər. Amma Tehrana qədər hamı lal-mat qalmışdı. Qapımıza çatanda böyük izdiham gördüm. Başa düşdüm ki Məhəmməd şəhid olub.
Sübh saat dörddə onun nəşini yudular və kəfənləməzdən qabaq ailəsi ilə görüş verdilər. Üzünə ağ parça çəkilmişdi. Minaya düşdüyündən aşağı ətrafı dağılmışdı. Mirza Məhəmməd 9 şabanda şəhadətə çatdı.
Onun şəhadətini dərk edən andan yerimdə quruyub qaldım. Gözümün yaşı qurumuşdu. Ətrafımda saysız adam olsa da özümü tənha hiss edirdim. Cəbhəyə getdiyi zaman zərrəcə narahat olmamışdım. Arabir gileylənərdim ki, nə üçün evə baş çəkmirsən?! Amma qəlbən cəbhədə olması ilə razı idim.
Mirza Məhəmməd evdən bayıra çıxmağımı sevməzdi. Özü olmayanda istəyərdi ki, uşaqlarla evdə qalım. Hətta tapşırardı ki bazarlığı qohumlar etsin. Amma Kürdüstana gedəndən sonra təhlükəli şəraitdə məsələn neft lazım olanda deyərdi ki, get özün al. Təəccüb edirdim ki, nə üçün belə təhlükəli şəraitdə mənim evdən çıxmağıma müxalif deyil. Deyirdi ki, bu məntəqədə xalq arasında yaşamaq lazımdır. Özü hər gün kürdlər arasında idi. Gecələr ibadət edərdi. Düşünürəm ki daim xalq arasında olduğundan ona məsih deyirdilər.
Şəhid Bürucerdi ən çətin məqamlarda mənimlə hörmətlə davranardı. Ən əsəbi vaxtında da özündən çıxmaz, üzündən təbəssüm əskik olmazdı. Əxlaqa böyük əhəmiyyət verirdi. Namaz və orucu bir vəzifə sayırdı.
Onun şəhadətindən sonra ağır tənhalıq yaşadım. Yuxuma gələr, təsəlli verərdi. Qızımızın toyu olanda onu yuxuda gördüm. Dedi ey kaş yanında olaydım, kömək edəydim. Oyaq olduğum zaman da həmişə onu yanımda hiss edərdim.
Bəzən Mirza evə gələndə köynəyinin cibində kiçik qara parça olardı. Başa düşərdim ki, dostlarından kimsə şəhid olub.

Nur-az.com


1404 بازدید
در حال ارسال اطلاعات...