Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Azərbaycanda yeni repressiya dalğası



Artıq meydan böyük ölçüdə boşaldılır

Beynəlxalq aləmin ciddi dəstəyi olmasa, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil hüquq müdafiəsi qurumları sıradan çıxarılacaq. İyulun 31-də tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbs olunması ilə Azərbaycanda repressiyanın yeni dalğası başlamış oldu. Barəsində hələ bir müddət əvvəl həbs qərarının çıxarılacağı gözlənilən Leyla Yunus artıq neçə ildir ki, hakimiyyəti sərt şəkildə tənqid edirdi. Hətta bir il ölkəni tərk edərək Almaniyada yaşayan hüquq müdafiəçisinin hakimiyyətin qəzəbinə düçar olduğu hər kəsə məlum idi.

Ancaq hüquq müdafiəçisi fəaliyyətini davam etdirdi və son olaraq Avropa Yay Oyunlarını boykota çağıran məşhur müraciətini yayaraq ölkə başçısını sərt tənqid edən məşhur çıxışını yayımladı. Təsadüfi deyil ki, həbsindən sonra bir çoxları tanınmış hüquq müdafiəçisinin son addımlarının “bardağı daşıran son damla” olduğunu birmənalı olaraq qeyd edirdilər. Məhkəmə Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçib. Eyni zamanda onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb, ancaq xəstəliyini nəzərə alaraq onun barəsində həbs qərarını ev dustaqlığı ilə əvəz ediblər.

Lakin bu da az davam etdi və avqustun 5-də hüquq-mühafizə orqanları Arif Yunusu da həbs etdi. Həmin gün Bakı İstintaq Təcridxanasına gedən A.Yunusu həbs edən hüquq-mühafizə orqanları əməkdaşları onu məhkəməyə aparıblar. Məhkəmə A.Yunus barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Ancaq həbslər silsiləsi bununla da yekunlaşmayıb. 3 gün əvvəl polis İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovu həbs edib. Nəsimi rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Rəsul Cəfərova qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Avqustun 5-də isə Səbail rayon Məhkəməsinin qərarı ilə 12 yerli Qeyri Hökumət Təşkilatının əmlakı üzərinə həbs qoyulub. Baş Prokurorluğunun təqdimatına əsasən rayon məhkəmələrinin qərarları ilə daha bir neçə qeyri-hökumət təşkilatının bank hesabına həbs qoyulub.

Bunlar:

- “Media Hüquqları İnstitutu” İctimai Birliyi,
- “Demokratik Təsisatlar və İnsan Hüquqları” İctimai Birliyi,
- Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi,
- Azərbaycan Hüquqçular Assosiasiyası,
- Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi,
- “Azad İqtisadiyyata Yardım” İctimai Birliyidir.
O da məlum olub ki, ictimai təşkilatların bəzilərinin rəhbərlərinin şəxsi hesablarına həbs qoyulub. Adıçəkilən QHT-lərin bank hesablarının dondurulması bir sıra yerli və xarici QHT-lərin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları üzrə açılan cinayət işləri ilə əlaqələndirilir.

Qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları içərisində yalnız QHT-lər ötən ilə qədər siyasi təzyiqlərdən yayınırdı. Bu səbəbdən də ictimai sektorda nisbətən müstəqilliyini qoruyub saxlayan, hakimiyyəti tənqid edən şəxslər yalnız QHT sektorunda qalırdı. Çünki digər sahələr artıq neçə il əvvəl sıradan çıxarılmışdı. Bu proses isə mərhələli oldu və tədricən növbə QHT-lərə çatdı. Buna qədərsə siyasi partiyalar, daha sonra müstəqil media, hüquq müdafiəsi qurumları və son olaraq QHT sektoru, xüsusən də Qərb ölkələrinin donor qurumları ilə çalışan QHT-lər.

Ötən il prezident seçkilərindən sonra Azərbaycanda beynəlxalq qurumların mötəbər təşkilat kimi qəbul etdiyi SMDT-in rəhbəri Anar Məmmədli və ardınca təşkilatın bir neçə əməkdaşı həbs olundu. Yunus ailəsinin üzvlərinin və Rəsul Cəfərovun həbsi isə artıq belə demək mümkündürsə Azərbaycanda hakimiyyətə qarşı tənqidçi mövqedə dayanan müstəqil hüquq müdafiəçilərinin sonuncu nüfuzlu nümayəndələrinin sıradan çıxarılmasıdır. Bundan başqa nüfuzlu vəkillər, Azərbaycanda siyasi və mətbuat azadlığı sahəsində fəaliyyət göstərən az saylı müstəqil hüquqşünaslar İntiqam Əliyev, Rəşid Hacılı və digər bir neçə nəfərin də bank hesablarının bağlanması, onlara qarşı təzyiqlər kimi qiymətləndirilir. Azərbaycanın media sahəsinə nüfuzlu vəkillərindən biri, Avropa Məhkəməsindəki məhkəmə iddialarının tərtibatçısı Rəşid Hacılı artıq ölkəni tərk edərək xaricə sığınıb.

Hazırda beynəlxalq qurumlarla, xüsusən də Qərb təsisatları ilə əməkdaşlıq edən bütün QHT-lər nəzarətə götürülüb və onların fəaliyyətinə ciddi maneələr yaradılıb. Leyla Yunus və ondan sonra Arif Yunus, Rəsul Cəfərovun həbsi zamanı məhkəmə prosesində iştirak edənlərin əsasən media təmsilçiləri olması onu göstərdi ki, artıq meydan böyük ölçüdə boşalıb.

Müstəqil media, hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti təmsilçisi siyahısı xeyli dərəcədə kiçilib. Yerdə qalanlar isə böyük basqı altındadır. Həbsə düşən vətəndaş cəmiyyəti təmsilçilərinin əfv müraciətləri yazmağa məcbur edilməsi, təzyiqlərə məruz qalması, eyni zamanda paralel olaraq hakimiyyətə loyal olan şəxslərə (media, QHT və hüquq müdafiəsi sahəsində) geniş mənada fəaliyyət imkanları yaradılması, qrantlar ayrılması tendensiyası müşahidə olunur ki, bu da təzyiq altında qalanlara alternativi seçmək imkanı verilməsi baxımından şirnikləndiricidir. Bu səbəbdən son illərdə bir çox hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti aktivləri, media təmsilçiləri hakimiyyətin çətiri altında keçiblər. Görünən odur ki, hakimiyyət məhz bu şəkildə basqılar və eyni zamanda “təslim olanlar” üçün şərait yaratmaqla bir çox insanları neytrallaşdıra bilib. Məhz loyallığı qəbul edən şəxslər hakimiyyətdən qrantlar, maddi yardımlar və fəaliyyət imkanları qazanıb. İmtina edənlər isə (onların sayı günü gündən azalır) təzyiq altında saxlanılır, bəzən isə həbs olunur. Belə demək mümkündürsə L.Yunus, R.Cəfərov Azərbaycanda təslim olmayanlar kateqoriyasından sonuncu şəxslərdən hesab olunub. Onların həbsə atılması və ən ağır dövlətə xəyanət maddəsi ilə məhkum olunması böyük siyasi təzyiqdir.

Azərbaycanda beynəlxalq qurumlara bağlı vətəndaş cəmiyyəti institutları, QHT-lər, media qurumları, hüquq müdafiə təşkilatları və şəxslər indi ciddi basqı altındadır. Əgər beynəlxalq institutlar sonuncu dirənən hüquq müdafiəçilərini qoruya bilməsə Azərbaycanda vətəndaş cəmiyyəti institutları sıradan çıxarılacaq.

Kənan Rövşənoğlu
AzadXeber.net üçün


1125 بازدید
در حال ارسال اطلاعات...