Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

İntizar

Uca Mehdi adının zikri, intizar mədəniyyətinin inkişafı həzrət Məhəmməd (s) mirası və ayinlərini gələcək nəsillərə ötürür. İmam Zaman (ə) inancı sayəsində gənclərin qəlbinə zikr yol tapır, onlar böyük mübarizə meydanına daxil olurlar. Nəticədə İmam Zaman (ə) bayrağı altında saysız mübarizlər toplanır.

İntizar mədəniyyəti, bəşəriyyətə nicat verəcək Allah övliyasının intizarı onun yolunu gözləyənləri gözəl əxlaqa sövq edir. Onlar sübh və hər işdən öncə əhdlərini təzələyərək, könül şadlığı ilə deyirlər: "Pərvərdigara! Bu günün və bütün günlərin yaşadığımız sübhü İmam Zamanla (ə) öhdəmizdə olan beyəti təzələyirik və bu yolda həmişə varıq."

İntizar, yəni İmam Zamanın (ə) yolunu gözləmək əqidəsində olan gənclər həqiqətən də itaət sinfində əyləşiblər. Şeytanlar onların çevrəsini sıxdıqda haqqı yada salır, özlərinə qayıdır və bəsirətlə baxırlar.

İntizarın mahiyyəti budur ki, müntəzir, yəni yol gözləyən şəxs İmam Zamanın (ə) zühuruna qəlbən inansın. Bu inamla həmişə hazır vəziyyətdə olsun, danışıq və rəftarlarına nəzarət etsin, ictimai və fərdi zəminələrdə zühura hazırlıq görsün.

Gənclik və intizar! Bu o deməkdir ki, azğın nəfs və şeytanla baş-başa gələsən. İntizarda olan gənclik vilayətə bağlıdır, azadlıq və ədalət şüarı ardıncadır. Onun qəlbindən ərş aləminə pəncərə açılmışdır. O ədalət və təqva ilə zinətlənmişdir.

Gənclik adətən adət-ənənələrdən qaçır. Gənclərin xarakterində bu xüsusiyyəti Allah özü qərar verib. Bu xüsusiyyət sayəsində gənc insan keçmişdən uzaqlaşır, seçim fürsəti əldə edir. Əgər ona hər şeyi cəmiyyət və ailə diqtə etsə, o da müticəsinə əmrlərə baş əysə ruhən azad olmaz, seçim imkanından bəhrələnməz. Təbii ki, adət-ənənələrdən qaçmaq istəyi bütün digər təbii istəklər kimi istiqamətləndirilməlidir. Bütün meyllərin nəzarətə, tərbiyəyə ehtiyacı var. Əks-təqdirdə gənc bu meylin təsiri altında yolunu azar.

Gənclərdə həqiqəti qəbul etmək hazırlığı o qədər yüksəkdir ki, onlar həqiqətə oxşar bir şeyi də tələsik qəbul edirlər. Amma bu tələskənlik gəncin iç saflığını əskiltmir.

Gənclərin adət-ənənələrdən fərqli geyinməsi onların yeniliyə marağını göstərir. Buna görə danlansa mənən əziyyət çəkər. Yeniliyə marağı səbəbindən gənc mövcud vəziyyətə etiraz edir. Onun etirazına münasib cavab tapılmalıdır. Əgər mövcud vəziyyətə etiraz və həqiqətə maraq hissi düzgün istiqamətləndirilsə, gənc intizar mədəniyyəti ilə tanış olsa öz arzularının təcəssümünü bu mədəniyyətdə görər. İntizar mədəniyyəti gəncə enerji verər və bu enerji sayəsində o zülm-sitəmə qarşı daha fəal mübarizə aparar.

Gəncin pak ruhiyyəsi elə həqiqətləri təsdiq edir ki başqaları buna inana bilmir. Əgər bu pak təbiətdən şeytanlar bəhrələnməsə, gənci azdırmasa nəticə çox böyükdür. Əgər gənclik həqiqət adı altında təqdim olunan şeytənət yox, əsl həqiqət ardınca getsə özünü işıqlı İslam yolunda görər.

İran İslam İnqilabından öncə çoxları inanmırdı ki, İmam Xomeyni qalib gələ bilər. Amma gənclər imamın sözlərinə inanırdılar. Nəticədə çoxlarının inanmadığı məqsədlər həyata keçdi. Gəncin fitrəti qeyb aləminə yol açır. Bu vəziyyətdə gənc insan görmədiyi şeylərə inanır.

Olsun ki bəziləri zühurla bağlı xəbərlərə inanmır. Nə qədər sübut göstərilsə də İmamın zühuruna bağlana bilmirlər. Gənclər isə belə deyil. Gənclər öncə qeyd etdiyimiz kimi bəzən tələsərək həqiqətə oxşar şeyləri də həqiqət kimi qəbul edirlər. Bunu gənclərə irad tutmaq düzgün deyil. Sadəcə həqiqətə maraq hissi düzgün yönəldilməlidir.

Gənclərdə arzu-istək də başqalarından güclüdür. Gənclik dövründə alimlərdən biri müəllifə belə buyurdu: "Gəncliyinizin qədrini bilin. Yaşa dolmuşam, indi bütün təlaşım Allaha aparan yoldan salamat keçməkdir. Böyük arzular, böyük məqsədlər hamısı gəncliyindir. Bunun qədrini bilin. Amma bunu fəzilət saymayın. Bütün gənclərdə bu xüsusiyyət var. Bu xüsusiyyətlə lovğalanmaq yox, ondan faydalanmaq lazımdır." İnsan yaşlaşanda bir çox arzular unudulur, insan günün qayğıları ilə yaşayır. Böyük arzular gənclik dövrünün arzularıdır.

Yalnız gənclik əli çatmayan arzulara görə saatlarla ağlaya bilər, şeir yazar, Allahla danışar. Yaş artdıqca bu ruhiyyəni saxlamaq çətinləşir. Bu həqiqətdir ki, övliyalar, ariflərin ruhiyyəsi həmişə cavandır. Bəlkə də bunun səbəbi onların gənclərlə yaxın rabitəsidir. Zühur arzusu böyük arzudur. Gənclərdə bu arzu üçün zəminə var. Gənclik üçün intizar ruhiyyəsi nə qədər yaxınsa, gənc olmayanlar üçün bu ruhiyyə o qədər uzaqdır.

Arzu olunan şəraitin yaranması üçün təlaş lazımdır. Düşdüyün vəziyyəti dəyişmək üçün bəzən axının əksinə üzməli olursan. Məzəmmətdən, danlaqdan, ittihamdan qorxmamalısan. Cihadın bir şərti budur ki başqalarının qınağı insanı həvəsdən salmasın. Allah yolunda ardıcıl cihad üçün ətrafdakı şeytanların vəsvəsələrinə qulaq asmamalısan.

Bəli, gənclik ənənəçiliyə qarşıdır. Bu Allahın bir nemətidir. Bu nemət sayəsində cəmiyyət tərəqqi edir, seçim imkanı yaranır. Hər şey diqtə ilə həyata keçsə və cəmiyyət itaətkar olsa, insanların azadlıq ruhiyyəsi məhv olar.

Gənclikdə mübarizə cürəti var. İmam Baqir (ə) Cabirə buyurur: "Əgər bütün insanlar ağız ağıza verib səni pis adam adlandırsalar bu sözlərdən narahat olma. Sənə yaxşı adam da desələr buna sevinmə. Belə etsən bizim dostlarımızdan olmazsan." Bəli insan bu qədər azad olmalıdır. İnsan o zaman saleh yolda addım ata bilir ki,

ruhən və cismən qüdrətli olsun. Fiziki güc də adətən ruhiyyəyə bağlı olur. Həm fiziki, həm də mənəvi güc yalnız gənclikdə bir yerdə ola bilər.

Gəncliyin misilsiz ruhiyyə və iradəsindən qaynaqlanan bir mövzu üzərində dayanaq. Quran oxumaqdan ləzzət alırsınız? Əhli-beytin mədhi, onların fəzilətlərinin zikri ləzzət verirmi? Əgər cavab müsbətdirsə, nə üçün toy və şənliklərinizi Quran və Əhli-beytin mədhi olmadan keçirirsiniz? İnsanın Quran və Əhli-beytə eşqi həqiqi olsa bu eşq onun həyatının bütün sahələrində özünü göstərər. Bu əqidədə olan gənc ənənələrə qarşı çıxıb öz izdivac mərasimini Quran və Əhli-beytlə keçirir. Biri buna qarşı çıxanda ona ədəblə deyir ki, hər insan bir şeydən ləzzət alır! Toy məclisinizdə dəvətnamələrdən birini də İmam Zamana (ə) yazın. Yazın ki, ağa, dəvətnaməni göndərməyə ünvan tapmadıq, amma çox istəyirik siz də bizimlə olasınız! Əmin olun ki, sizin dəvətiniz cavabsız qalmayacaq.

Fatimə Zeynəddin
Nur-az.com


1936 بازدید
در حال ارسال اطلاعات...