Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2014

Əl-Kafi və “təhrif” hədisləri

Hər bir hədis toplusu kimi əl-Kafi də tənqidə açıqdır. Biz əxbarilərdən fərqli olaraq, bu kitabın yarıdan çoxunu zəif, onlarla hədisini isə etibarsız hesab edirik. Necə ki, qeyri-şiələrin ən mötəbər səhih kitablarında da vəziyyət belədir. Bu baxımdan, hansısa bir kitabda bir neçə hədis görən kimi onu uyğun firqənin etiqadı saymaq olmaz. Guya İmam Mehdinin (əc) kiməsə “Kafi şiələrimizə kifayətdir” deməsi isə tamamilə əsassız fikirdir. Bunu hətta əsrlər öncə Əllamə Məclisi, Mühəddis Nuri (Nuri Təbrisi H. “Xatimə əl-Müstədrək”, 3/470) kimi hədisçi alimlər də təsdiqləmişlər. Bu barədə Məclisinin fikri öz sərtliyi ilə seçilir: “Əsassız danışmağı sevən bəzi adamlar şübhə etmirlər ki, bütün Kafi kitabı İmam Mehdi tərəfindən təsdiqlənmişdir”. (Məclisi M. “Mirat əl-üqul”, 1/22)

Mühəddis Nuri kimi əxbarilər, həmçinin İlahizəhir, Malullah, Qəfari və əl-Xəmis kimi vəhhabilər Quranın təhrif olunmasına dair Əl-Kafi kitabının 80-dən bir qədər artıq hədisinə istinad etmişlər. Halbuki onların bəzisi Quranın mənaca təhrif olunmasına, bəzisi ayələrdən əlavə təfsirlərin çıxarılmasına, bəzisi qiraət fərqlərinə aiddir, bəzisinin təhriflə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, bəzisi isə kitabın nüsxələrində getmiş səhvlə bağlıdır. Biz bu hədisləri aşağıdakı qruplara bölüb hər biri haqda ayrıca danışmaq istəyirik:

1. Bütün Quranı mənimsəmək hədisləri

Əl-Kafinin Höccət kitabının “İmamlardan başqa heç kəs Quranın hamısını mənimsəməmişdir” babında 6 hədis yer almışdır ki, bəzən onları Quranın təhrifinə aid edirlər. Halbuki “Əli ibn Əbu Talibdən və digər imamlardan başqa heç kəs Quranı Allahın nazil etdiyi kimi cəm etməmiş (mənimsəməmiş) və qorumamışdır” (Kuleyni M. Əl-Kafi, 1/228) kimi hədislərin təhrifə - Quranın azalmasına aidiyyəti yoxdur. Əslində, məqsəd Quranın əsl mahiyyətini, həqiqətini, eləcə də ən düzgün qiraətini mənimsəmək, əsl məna və məzmununun itib-batmasına qoymamaqdır. Bu fikir Şiə etiqadlarına da uyğundur. Əhli-beyt məzhəbinə görə, Quranın bütün sirlərini, sətiraltı mənalarını, gizli və açıq mesajlarını tam şəkildə yalnız Peyğəmbər və Əhli-beyt imamları mənimsəyə bilərlər. Ən qədimdən Şiə etiqadı belə olmuş və imamlar uyğun məzmunda sözlər deyəndə də məhz bu şəkildə başa düşülmüşdür. Təbii ki, kimsə bu düşüncəni qəbul etməyə bilər, lakin indi mövzu bu deyil. Mövzu bu kimi hədislərin Quranın təhrifinə dəlalət edib-etməməsidir və göründüyü kimi, burada təhriflə - Quranın söz və ya ayələrinin azaldılması ilə bağlı heç nə yoxdur.

2. Səhifə, Cifr, Camiə və Fatimə müshəfi hədisləri

Bəzi hədislərə görə, Əhli-beyt imamlarında Səhifə, Cifr, Camiə və Fatimə müshəfi adlı kitablar vardır. Bəzi sələfilər bunları Quranın təhrifi kimi göstərməyə çalışırlar. Halbuki bu kitabların Quranla heç bir əlaqəsi yoxdur. Höccət kitabının uyğun babında qeyd olunmuş 8 hədisdə (Kuleyni, 1/238-242) də göstərilir ki, bu kitablar keçmiş peyğəmbərlərə göndərilən kitab və səhifələrdən, Fatimeyi-Zəhranın vəsiyyətindən və ya Peyğəmbərin vəfatından sonra bir mələyin (yaxud Cəbrayılın) təsəlli olaraq ona dediyi sözlərdən, gələcəkdə qarşıya çıxacaq dini məsələlərə cavabları, gələcək hadisələri və digər elmləri ehtiva edən kitablardan ibarətdir. Biz indi bu hədislərin doğru və ya yanlış olduğunu, yaxud hansısa rəmzi məna daşıdığını araşdırmırıq. Bunların hamısı zəif də ola bilər. Lakin bu hədisi Quranın təhrifinə dəlil kimi bayraq edən milli və əcnəbi vəhhabilərə demək istəyirik ki, bu hədislər Quranın təhrifi ilə bağlı hər hansı mövqe ortaya qoymur. Bundan əlavə, hansısa mələyin və hətta Cəbrayılın Fatimə (s.ə) ilə danışmasının da vəhy və Quranla əlaqəsi yoxdur və hədislərdə belə bir iddia mövcud deyil.

Burada insanları çaşdıracaq məsələ Fatimə müshəfi ilə bağlı ola bilər. Qeyd etməliyik ki, “müshəf” sözü ərəbcə səhifələnmiş toplu, kitab deməkdir. O zaman səhabələrin topladığı Quran kitablarına da müshəf deyilirdi: məsələn, İmam Əlinin müshəfi, Abdullah ibn Məsudun müshəfi və sair. Bu baxımdan, Fatimə müshəfi deyəndə kimsə Fatimeyi-Zəhranın topladığı Quran kimi başa düşə bilər. Digər tərəfdən, “Fatimə müshəfi Qurandan üç dəfə artıqdır və onda bir Quran sözü də yoxdur” (Kuleyni, 1/239) hədisini görəndə də fərqli bir Quran olduğunu anlayar. Halbuki tarix və hədis mənbələrində Fatimeyi-Zəhranın Quran topladığı və özünün müshəfi olduğu haqda məlumat verilmir. Bu kimi hədislərdə sözü keçmiş Fatimə müshəfinin Quranla əsla əlaqəsi yoxdur. Bu elə hədislərin özündən, “onda bir Quran sözü də yoxdur” və digər bu kimi ifadələrdən açıq görünür. Qurandan, bəzən də konkret adları olan İncil və Tövratdan başqa bir kitab görməyənləri başa düşmək olar, bugünkü gündə bunu anlamayıb haray-həşir salanlara isə savadsızlıqlarından dolayı ancaq təəssüf etmək olar.

Osman əl-Xəmis əl-Kafinin sonuncu cildini ehtiva edən Rövzə əl-Kafi hissəsində - xatırladaq ki, bu hissə digər hissələr qədər mötəbər deyil – mövcud olan bir hədisə əsasən, Fatimə müshəfinin Quran olduğunu iddia edir. (Əl-Xəmis O. “Əş-Şiə və əl-Quran”. www.almanhaj.net) Bu hədisə əsasən, İmam Sadiq (ə) Məaric surəsinin 2-ci ayəsini “bi vilayəti Əliyyin” əlavəsi ilə oxuyaraq buyurub ki, Allaha and olsun, Fatimənin müshəfində də belə qeyd olunub. (Kuleyni, 8/57-58) Göründüyü kimi, bu hədis Fatimə müshəfinin Quran olduğuna dəlalət etmir. Dünyanın hansısa normal hüquqşünas və ya hermenevtikinin də belə düşünəcəyini zənn etmirik. Bu hədis sözügedən ayənin “Fatimə müshəfi” adlı bir kitabda bu təfsirlə qeyd olunduğunu bildirir, kitabın isə təfsir, fiqh, kəlam və ya başqa bir mövzuda olduğuna dair hər hansı bilgi ortaya qoymur. “Bi vilayəti Əliyyin” hissəsi isə heç şübhəsiz, əlavə təfsirdir və biz aşağıda bu haqda danışacağıq.

3. Əlavə təfsirlərin çıxarılması

Mübahisəli hədislərin bir qismi bəzi ayələrin içində qeyd olunan əlavə təfsirlərlə bağlıdır. Əhməd ibn Məhəmməd deyir: “Əbülhəsən (İmam Kazim) mənə bir müshəf (kitab və ya Quran) verib dedi ki, buna baxma. Mənsə açıb bunları oxudum: Kitab əhlindən kafir olanlar və müşriklər... (Bəyyinə/1) Mən orada Qüreyşdən 70 nəfərin adını gördüm”. (Kuleyni, 2/631) Göründüyü kimi, bu hədisdə Quranın təhrifinə işarə belə yoxdur. Harada deyilir ki, bu adlar Quranın tərkib hissəsi imiş?! Biz bilirik ki, İmam Əlinin topladığı Quranda qısa təfsirlər də olmuşdur. Bəlkə həmin kitab İmam Əlinin Quranı və bu adlar da təfsir olub. Yəni hədisin düz-səhvliyindən asılı olmayaraq, burada 70 adın Quranın tərkib hissəsi olduğu söylənmir.

Yeri gəlmişkən, deyək ki, bu növ təfsirlərə işarə vuran hədislər çoxdur. Oxşar rəvayətlər qeyri-şiə mənbələrində də var. Məsələn, çoxlu səhabə və katiblərin dediyinə görə, Aişənin müshəfində Bəqərə surəsinin 238-ci ayəsinə “və əsr namazı” əlavə olunmuşdu, onun üçün Quran köçürənlərə tapşırırmış ki, bu hissəni də ayəyə yerləşdirin, çünki Peyğəmbərdən belə eşitmişəm. (İbn Əbu Davud A. Əl-Məsahif, 208-211) Böyük ehtimalla Peyğəmbər sözügedən hissəni təfsir məqsədilə söyləyib və Aişə ya onun ayənin tərkib hissəsi olduğunu zənn edib, ya da elə təfsir kimi Qurana salınmasını söyləyib. Xatırladaq ki, Peyğəmbərin digər xanımları Həfsə və Ümm Sələmənin də bu ayəni eyni əlavə ilə yazdırmaları nəql olunmuşdur. (Yenə orada, 211-218)

Yaxud İbn Məsud deyir ki, biz Peyğəmbərin dövründə Maidə surəsinin 67-ci ayəsini belə öyrədirdik: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et - ki, Əli möminlərin mövlasıdır. - Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”. (Süyuti C. “Əd-Durr əl-mənsur”, 3/117) Göründüyü kimi, “ki, Əli möminlərin mövlasıdır” hissəsi ayədən deyil, onun təfsiridir. Bir ayənin tilavəti və ya təlimi əsnasında da hər hansı açıqlama verməyin heç bir eybi yoxdur. Üstəlik, erkən İslam çağında Quran öyrətmək, Quran dərsi keçmək onu yalnız üzündən oxumaq və ya oxutdurmaqdan deyil, həm də açıqlamalarını, təfsirini bəyan etməkdən ibarət idi.

Bundan əlavə, bəzi Əhli-sünnə təfsirlərinin yazdığına görə, Abdullah ibn Məsud Ali-İmran surəsinin 33-cü ayəsini “və alə Muhəmməd” əlavəsi ilə oxuyurmuş. (Əbu Həyyan Andalusi M. “Əl-Bəhr əl-muhit”, 3/111) İbn Abbasın və Qətadənin rəvayətinə əsasən, Übəy ibn Kəbin qiraətində Nisa surəsinin 24-cü ayəsində mütə nikahına dəlil olan “ila əcəlin musəmma” hissəsi vardır ki, bu gün əlimizdə olan Quranda mövcud deyil. (Təbəri M. Təfsir, 8/177-178, hədis: 9036-9041; İbn Əbu Davud, 164) Hətta ən güclü quranşünas səhabələrdən olan İbn Abbas 3 dəfə Allaha and içərək bu hissənin Qurandan olduğunu bildirmişdir. (Təbəri. Təfsir, 8/177-178, hədis: 9038-9041)

Mühəddis Nuri öz kitabında bu kimi rəvayətləri də Quranın təhrifinə dəlil kimi qeyd etmiş, sələfilər də bundan Şiə əleyhinə sui-istifadə etmişlər. Halbuki bu növ rəvayətlərdə mövcud olan və bugünkü Quranda yer almayan hissələrin Quran sözü deyil, Cəbrayıl tərəfindən çatdırılmış əlavə izah olmasını Əhli-sünnə alimləri də qəbul edirlər. Süyuti İbn Abbasın Bəqərə surəsinin 198-ci ayəsinə “həcc mövsümlərində” ifadəsini artırmasını (Buxari M. Səhih, 2/181-182, 3/53, 3/62, 6/27) da məhz əlavə təfsir kimi izah etmişdir. (Süyuti C. Əl-İtqan, 1/265) Qurtubi deyir ki, səhabə və tabeilərin bəzi ayələri müəyyən əlavələrlə oxumaları açıqlama və təfsirlə bağlıdır, həmin əlavələrin Quranın tərkib hissəsi olması demək deyil. (Qurtubi M. Təfsir, 1/86) Əsasən izah məqsədilə səhabələr tərəfindən əlavə təfsir və ya duaların qiraətə daxil edilməsini digər Əhli-sünnə alimləri də qəbul edirlər. (İbn əl-Cəzri Ş. Ən-Nəşr, 1/32; Zərkəşi M. Əl-Burhan, 2/127-128) Və burada ortaya belə bir sual çıxır: səhabələr barədə bu qədər müsbət və nikbin yanaşmaların olduğu halda, nə üçün növbə Əhli-beyt imamlarına – Peyğəmbər övladlarına çatanda oxşar təfsirləri Quranın tərkib hissəsi kimi qəbul edib böhtan və iftiralar yağdırır, Şiə məzhəbini təhrif düşüncəsində ittiham edirlər?! Sələfilərin belə ikili yanaşmasına, bu gün də utanmadan “Şiə kitablarında Quranın təhrifinə dair 2000 hədis var” söyləməsinə nə ad vermək olar?!

Şiə və Sünni rəvayətlərində mövcud olan bu növ əlavələr ya Cəbrayıl tərəfindən Quran deyil, qüdsi hədis kimi və təfsir məqsədilə nazil olub, ya da səhabələr izah kimi Peyğəmbərdən belə eşitmişlər. Bəzi hədislərdə deyilmiş “belə nazil olub” ifadəsi isə birinci versiyanı gücləndirir.

Yeri gəlmişkən, deyək ki, tənzil və nazilolmada məqsəd ayənin zahiridir: sözlərindən başa düşülən leksik mənası və ona uyğun təfsiri. Təvil isə zahiri və sözləri ilə çox da uyğunluğu olmayan batini mənasıdır. Hədisdə göstərilir ki, hər bir ayənin zahiri və batini vardır. (Zərkəşi, 2/154) Zahiri sözlərlə və nazilolma səbəbi ilə birbaşa əlaqəsi olmayan batini məna təvillə əldə olunur, təfsir isə Quranın zahiri və tənzili ilə bağlıdır. İmam Baqir buyurub: “(Quranın) zahiri tənzili, batini isə təvilidir”. (Hürr Amili M. “Vəsail əş-Şiə”, 27/196) Bu baxımdan, bəzi hədislərdə işlənmiş “belə nazil olub”, yaxud “tənzili belədir” ifadəsi təvil qarşısında ayənin sözlərinə, nazilolma səbəbinə və ya sözlərindən başa düşülən təfsirinə aid edilə bilər. Bu növ hədislərdə Qurandan olmayan əlavələr üçün qeyd olunmuş bu ifadə məhz onun təfsirinə və ya nazilolma səbəbinə aiddir. Bunu əl-Kafinin şərhçiləri də təsdiqləyirlər. Misal üçün, Feyz Kaşani bir hədisdə İmam Sadiqin Əhzab surəsinin 71-ci ayəsini oxuyarkən “Əlinin və sonrakı imamların vilayəti haqda” hissəni artırıb “belə nazil olub” deməsi barədə yazır: “Yəni bu mənada nazil olub. Buna bənzər ifadələrdə məqsəd budur”. (Feyz Kaşani M. Əl-Vafi, 3/885) Yaxud Molla Saleh Mazandarani bir yerdə “belə nazil edilib” sözünü şərh edərkən yazır ki, bu, qeyd olunan əlavənin Quran olması demək deyil. Çünki vəhy zamanı Peyğəmbərə nazil olan sözlər Quran da ola bilər, əlavə izah və təfsir də. (Mazandarani M. “Şərh əl-Kafi”, 7/74) "Onu (Quranı sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrayılın dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!" (Qiyamət, 17-19) ayələrinə əsasən, bunu Bəyan və açıqlama vəhyi də adlandırmaq olar. Ayədən göründüyü kimi, Qurana aid olmayan bəzi əlavə izahlar da Cəbrayıl vasitəsilə Peyğəmbərə nazil olmuşdur və bu növ hədislərdə məhz həmin əlavələr nəzərdə tutulur. İddianın isbatı üçün “O, kefi istəyəni danışmır. O (onun sözləri), ancaq nazil olan bir vəhydir” (Nəcm/3-4) ayələrinə də istinad etmək olar.

Bəzi hədislərdə ayəyə edilən əlavə isə təfsir deyil, təvil xarakteri daşıyır. Nümunə üçün, İmam Sadiq Zümər surəsinin 8-ci ayəsini batini məna və təvil olaraq İmam Əli ilə əlaqələndirdikdən sonra deyir: “Ey Əmmar! Bu, ayənin təvilidir”. (Kuleyni, 8/204-205)

4. İmamlarda olan fərqli Quran

Bir çox hədislərdə İmam Əlinin topladığı Quranın indiki Qurandan fərqli olduğu və İmam Mehdi gələndə həmin Quranı aşkara çıxaracağı deyilir. (Yenə orada, 2/633) Əslində burada da anlaşılmaz bir şey yoxdur. Tarix və hədis qaynaqlarından bəllidir ki, Peyğəmbərin vəfatından sonra toplanmış ilk Quran kitabında (İbn Nədim M. Əl-Fihrist, 1/45-46) – yəni İmam Əlinin müshəfində surələr tarixi ardıcıllıqla düzülüb: Ələq, Müddəssir, Qələm, Müzzəmmil, Təbbət, Təkvir və s. (Süyuti. Əl-İtqan, 1/216) Müxtəlif səhabələrin topladığı Quran kitablarında surələrin fərqli düzülüşü də göstərir ki, ayələrdən fərqli olaraq, surələrin düzülüşü Peyğəmbər tərəfindən təyin olunmayıb. Bu baxımdan, İmam Əlinin müshəfindəki əsas fərq onun ayələrinin az-çoxluğunda deyil, yalnız surələrinin düzülüşündədir və yuxarıda dedik ki, bu, Quranı təhrif etmək sayılmır. Bundan əlavə, imamın topladığı Quranda möhkəm və mütəşabih, nasix və mənsux ayələr, habelə bəzi təfsir və təvillər yer almışdır.

5. Mənəvi təhrif

Quranın təhrifinə dəlalət etdiyi iddia olunan digər hədislər yalnız mənəvi təhrifi nəzərdə tutan rəvayətlərdir. İmam Kazimin (ə) Əli ibn Süveydə yazdığı məktubunda keçmiş təhrif və dəyişdirmə ifadələri də məhz məna və təfsirdə təhrifə aiddir. Bu hədisə görə, İmam Kazim belə yazmışdı: “Allahın kitabı bu insanlara əmanət verildi, onlarsa onu təhrif edib dəyişdirdilər”. (Kuleyni, 8/125) Hər bir imam kimi, İmam Kazim də mövcud Quranda İmam Əlinin və Əhli-beytin vilayətinə - rəhbərliyinə işarə vuran ayələrin olduğunu bilirdi. Onun məqsədi bu ayələrin fərqli şəkildə təfsir olunmasıdır ki, bunun başqa bir adı mənəvi təhrifdir.

İmam Baqirin “bütün ayələrimizi yalanladılar” (Yenə orada, 1/207) hədisi də Əhli-beytə aid ayələrin ya bilərəkdən, ya da bilmədən yanlış izah edilməsinə, mənaca təhrif olunmasına etirazdır. “Peyğəmbər (qiyamət günü) “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək” (Furqan/30) ayəsi də oxşar məzmunu ifadə edir. Burada Peyğəmbərin məqsədi Quranı qəbul etməmək, onun yazı və vərəqlərindən uzaqlaşmaq deyil, buyruqlarına əməl etməmək, onunla yaşamamaq olduğu kimi, sözügedən hədislərdə də məqsəd Quranın ayə və surələrini dəyişdirmək deyil, mənasını təhrif etmək və nəticədə, ondan uzaqlaşmaqdır. İmam Baqirin “(Allahın) kitabından üz çevirməyin bir növü belədir ki, hərflərini qoruyub, hədlərini (mənalarını) təhrif edirlər” (Kuleyni, 8/53) hədisi bunu daha aydın göstərir.

6. Quranın 3 və ya 4 hissəyə bölünməsi

Təhriflə bağlı olduğu iddia edilən bəzi rəvayətlər Quran ayələrini üç və ya dörd hissəyə bölən rəvayətlərdir. Nümunə üçün, əl-Kafidə mövcud olan 3 belə hədisin birini qeyd edirik: Əsbəğ ibn Nübatə deyir ki, Əmirəlmöminindən belə eşitdim: "Quran üç hissədən ibarətdir: biri biz və düşmənlərimiz barədə, biri sünnə və məsəllər, biri isə vacib və digər hökmlərdir". (Yenə orada, 3/627)

Təhrif iddiaçılarına görə, əlimizdəki Quranın üçdə biri Əhli-beyt və onların düşmənləri barədə olmadığı üçün, bu hədisə əsasən, təhrif olunmuş sayılır. Halbuki hər hansı bir şeyi müxtəlif hissələrə bölmək həmin hissələrin bərabər paya malik olması demək deyil. Məsələn, biz bir kitabı müqəddimə, əsas mətn və nəticə hissələrinə bölürüksə, bu o demək deyil ki, müqəddimə də əsas mətn qədər olmalıdır. Hədisdə işlənmiş "süls" (üçdə bir) sözünü məhz hərfi mənada qəbul etsək belə, bu, təxmini və nisbi bir bölgü kimi başa
düşülməlidir. Yəni Qurani-kərim ümumi olaraq bu mövzuları ehtiva edir. "Bir hissəsi (yaxud üçdə biri) biz və düşmənlərimiz barədədir" sözünün də təhrifə əsla dəxli yoxdur. Burada "biz" deyəndə bütün peyğəmbərlərin və saleh insanların nəzərdə tutulması mümkündür.
Xatırladaq ki, qeyri-şiə mənbələrində Peyğəmbərdən də bu növ hədislər nəql olunmuşdur. Belə ki, o həzrət buyurub: “Quranın dörddə biri yalnız biz Əhli-beyt haqda, dörddə biri düşmənlərimiz, dörddə biri halal və haram, dörddə biri də fərz və hökmlər barədədir”. (İbn Məğazili Ə. “Mənaqib Əli”, 394, hədis: 375)

7. Qiraət fərqləri

Əsassız olaraq, təhrif kimi qələmə verilən digər hədislər qiraət fərqlərinə aiddir. Nümunə olaraq, Kafidə qeyd olunmuş bir hədisə nəzər salaq: Əbu Bəsir deyir ki, mən İmam Sadiqə bu ayəni oxudum: “Bu, sizin əleyhinizə haqqı deyən kitabımızdır”. (Casiyə/29) O dedi ki, kitab danışmaz, Allahın rəsulu kitabla (kitabda yazılanlardan) danışar. Bu ayə təhrif olunub və əslində, Allah-Taala belə buyurub: “Bu, sizin əleyhinizə həqiqət danışılan kitabımızdır”. (Kuleyni, 8/50) Əvvəla, bu hədisin saxtalığı uzaqdan bəllidir. Bu ayələrdə söhbət Qurandan getmir ki, Allahın rəsulu onda yazılanlardan danışsın. Burada söhbət qiyamətdən və orada insana verilən əməl kitabından gedir. Lakin hədisin səhihliyini fərz etsək belə, Qurandakı qiraət fərqlərinə aiddir və təhrif dedikdə məhz bu nəzərdə tutulur. Çünki bu hədisdə “yəntiqu” sözünün “yuntəqu” kimi oxunması vacib sayılır ki, yalnız qiraətə - oxunuşa aid olduğu şübhə doğurmur.

Yaxud Osman əl-Xəmisin təhrif saydığı başqa bir hədisə baxaq: Rəvayətçi deyir ki, bir nəfər İmam Sadiqin yanında Quran oxuyurdu. Mən onun qiraətində camaatın oxuduqlarından fərqli hərflər eşidirdim. İmam ona dedi ki, bu qiraəti boşla, Qaim (İmam Mehdi) qiyam edənə qədər camaatın oxuduğu kimi oxu. O, qiyam edəndə isə

Allah-Taalanın kitabını olduğu kimi oxuyacaq və Əlinin topladığı müshəfi aşkara çıxaracaq. (Yenə orada, 2/633) Rəvayətçinin “fərqli hərflər eşidirdim” ifadəsindən bəlli olur ki, bu adam Quranı başqa ləhcədə oxuyurmuş. Qiraət elmindən xəbəri olanlar əsasən bədəvi ərəb qəbilələrinin Quranı müxtəlif ləhcələrdə oxumalarını bilirlər. Göründüyü kimi, burada imam onun qiraətini təsdiqləmir, hamı kimi oxumasını tapşırır, “Qaim qiyam edəndən sonra belə oxuyarsan” da demir. Sadəcə olaraq, bildirir ki, İmam Mehdi həzrət Əlinin topladığı, surələri nazilolma ardıcıllığı ilə tərtib olunmuş, bəzi təfsirləri və digər açıqlamaları olan Quran kitabını aşkara çıxaracaq və onu ən düzgün qiraətlə oxuyacaq. Hədisin doğru olduğu təqdirdə, burada imamın ozamankı məşhur qiraəti tam düzgün saymadığı bəlli olur ki, bu da bir qiraət məsələsi olaraq, təhriflə bağlı deyil.

Qiraət fərqlərinə dair rəvayətlər qeyri-şiə mənbələrində də kifayət qədərdir. İbn Əbu Davudun 7 təriqlə nəql etdiyi rəvayətə görə, Xəlifə Ömər Ali-İmran surəsinin 2-ci ayəsinin “qəyyum” sözünü “qəyyam” kimi oxuyurmuş. (İbn Əbu Davud, 161-163) Başqa rəvayətlərə görə, Übəy ibn Kəb öz müshəfində Bəqərə surəsinin 226-cı ayəsinin “yulunə” sözünü “yuqsimunə”, 158-ci ayəsinin “yəttəvvəfə” sözünü “yətufə” kimi yazıbmış. (Yenə orada, 165) Başqa bir rəvayətə görə, Xanım Aişə Muminun surəsinin 60-cı ayəsinin “yutunə mə ə`təu” hissəsinin Peyğəmbər tərəfindən “yətunə mə ətəu” şəklində oxunduğunu bildirib, sonradan təhrif edilərək mövcud şəklə salındığını deyirmiş. (Əhməd ibn Hənbəl. Əl-Müsnəd, 41/185, hədis: 24641) Lakin qeyd etdiyimiz kimi, bütün bunlar təhriflə deyil, qiraət fərqləri ilə bağlı nümunələrdir.

Qiraət fərqləri haqda danışarkən bir məsələni də qeyd etmək vacibdir: Texnikanın bu qədər inkişaf etdiyi bugünkü gündə də kitablarda hərf səhvləri görünürsə, təbii ki, onların ən ibtidai üsulla köçürüldüyü dövrlərdə daha çox və daha kobud səhvlər baş verə bilər. Bəzən ayələrin yazılışında görünən belə fərqlər zamanı bunu da nəzərə almaq lazımdır.

8. Nüsxə yanlışı

Təhrif iddiaçılarının əl-Kafiyə qarşı ən çox istinad etdikləri hədis “Quranın fəziləti” kitabının “Nadir hədislər” babının sonuncu – 28-ci hədisidir. Bu hədisdə İmam Sadiq buyurur: “Cəbrayılın Məhəmmədə (s) gətirdiyi Quran on yeddi min ayədən ibarətdir”. (Kuleyni, 2/634) Halbuki əlimizdə olan Quranın ayələri bu rəqəmin üçdə birindən bir qədər artıqdır.

Bu hədis bizə Əhli-sünnə mənbələrində olan bir rəvayəti xatırladır. Xəlifə Ömərdən nəql olunan rəvayətdə onun Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyi göstərilir. (Süyuti. Əl-İtqan, 1/242) Halbuki əlimizdəki Quranın bütün hərfləri bu rəqəmin təxminən üçdə biri qədərdir. Bu baxımdan, bəziləri bu iki rəvayəti eyni şəkildə həll etmək istəmişlər: əgər hər iki rəvayət səhih olsa, deməli, Xəlifə Ömər kimi İmam Sadiq də nəsx olunduğuna görə Quranda yazılmayan ayələri nəzərdə tutmuşdur.

Həqiqət isə başqadır. Əslində, İmam Sadiq bu hədisdə Quranın on yeddi min deyil, yeddi min ayədən ibarət olduğunu buyurmuş, “on” sözü isə rəvayətçi və ya nüsxə köçürənlərin səhvi ucbatından hədisə daxil edilmişdir. Buna dəlil Feyz Kaşaninin əl-Kafiyə şərh olaraq yazdığı əl-Vafi əsəridir. Feyz heç bir tərəddüd və şübhə etmədən uyğun hədisi “yeddi min” kimi qeyd və sonra şərh etmiş, (Feyz Kaşani M. Əl-Vafi, 9/1780-1781) təfsir kitabında da bunu bir daha vurğulamışdır. (Feyz Kaşani M. “Təfsir əs-safi”, 1/54) Buna əsasən, onda olan əl-Kafi nüsxəsində hədisdə “on” sözünün olmadığı ortaya çıxır. Feyz Kaşaninin təhrif düşüncəsini çəkinmədən və açıq şəkildə Kuleyniyə aid etdiyini (Feyz Kaşani, “Təfsir əs-safi”, 1/52) nəzərə alsaq, burada onun bilərəkdən hədisi dəyişdirmə ehtimalı da sıfra enir. Xatırladaq ki, Feyz Kaşani əl-Kafinin ən qədim şərhçilərindəndir və alimlər əl-Kafinin onda olan nüsxəsini daha etibarlı saymışlar. Əllamə Şərani bu barədə deyir: “Buradakı “on” sözü heç şübhəsiz, bəzi nüsxə köçürənlər və ya rəvayətçilər tərəfindən artırılmışdır”. (Mazandarani, 11/76) Beləliklə, bu rəvayətə əsaslanan ittiham qapısı bağlanır və yaranmış şəkk həm sağlam məntiqə, həm də İslam hüququnun “Dər əl-hüdud bi əş-şübuhat” prinsipinə görə, müttəhimin xeyrinə işləyib, onu məsuliyyətdən azad edir.

Xatırladaq ki, əl-Kafinin mövcud nüsxələrində digər belə səhvlər də var.

Quranın yeddi min ayədən ibarət olmasına gəlincə isə, yuxarıda qeyd etdik ki, bu, tərtibatla bağlı məsələdir və həcmcə hər hansı dəyişiklik nəzərdə tutulmadığı üçün təhrif hesab olunmur.

Bəli, əl-Kafi kitabından Quranın azaldığına dəlil kimi göstərilən hədislər bunlardan ibarətdir və göründüyü kimi, onların biri də uyğun iddiaya əsas vermir. Bəhanəyə qalsa, çox sözdə bəhanə tapmaq olar, lakin İslam məntiqində belə bir şey yoxdur. İslama görə, dəqiq bilmədiyin məsələni iddia edə, bilmədiyin məsələ ilə bağlı kimisə günahlandıra bilməzsən; üstəlik, bu məsələ çox ciddi və taleyüklü bir məsələdirsə! Çünki barəsində danışdığımız gözəl kitabımızda belə yazılıb: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz, ürək - bunların hamısı sorğu-sual olunacaqdır”. (İsra/36) Həmçinin oxuyuruq: “Onların buna dair heç bir elmləri (əminlikləri) yoxdur, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqəti çatdıra bilməz!” (Nəcm/28)

Nur-az.com


1666 بازدید
در حال ارسال اطلاعات...