Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Google-nin iranlı şahzadəsi

Pərisa Təbrizi uşaq olduğu zaman hələ kiber texnologiyaları bir o qədər də yayılmamışdı. Pərisa ilk dəfə kollecdə kompyuter arxasında əyləşdi. İndi onun 31 yaşı var və dünyada Google şirkətinin “Təhlükəsizlik şahzadəsi” adı ilə tanınır.
Təhlükəsizlik şahzadəsi Google şirkətinin informasiya mərkəzinin məsuludur. Müsahibə verməyə maraq göstərmir, internetdə barmaq sayda şəkilləri tapılır. Ötən il məşhur Forbes “dünyanın yaşı 30-dan aşağı 30 müvəffəq şəxsi” adı altında siyahı hazırlayanda Facebook-un banisi Mark Zukerberqlə yanaşı Pərisa Təbrizinin də adı yer almışdı.
Bu günlərdə ELLE jurnalı Google şahzadəsinin görüşünə gedib və şirkətin kaliforniyadakı ofisində onunla söhbətləşib. Google şirkətinin qanunlarına görə jurnalistlər administrasiya binasına daxil ola bilməz. Buna görə də ELLE Pərisa Təbrizi ilə Googlenin konfrans zalında söhbətləşib. Söhbət boyu görüşü mühafizəçi izləyib.
Pərisa Təbrizi Çikaqoda boya-başa çatıb. Polyak əsilli anası Amerikada tibb bacısı işləyib. Atası isə iranlı, Təbrizli, azəri mühacirdir. Pərisa 2007-ci ildə Google-də işə düzəlib. O Google-nin kiçik kiber qrupunun 10-ci üzvü olub. Qrupun vəzifəsi Google-nin təhlükəsizliyinin təmini idi. Hazırda bu qrup genişlənib və həmin şöbədə 250 mütəxəssis çalışır.
ELLE yazır ki, Pərisa Təbrizi söhbətə qara rəngli geyimdə gəldi. Onun həmişə qara geyindiyini deyirlər. Səmimi və bəzək-düzəksiz bu xanım əsil işçi təsiri bağışlayır.
Pərisa Təbrizi deyir ki, ilk dəfə kollecdə kompyuterdə işləyib. O vaxta qədər incəsənətlə məşğul olub, boş vaxtını iki qardaşı ilə keçirib. Güclü riyazi istedada malik olan iranlı xanım İllinoys universitetinə daxil olub, sonradan kompyuterə ciddi maraq göstərib.
Pərisa Təbrizi “ağ papaq” kiberlər (hakerlər) qrupuna aiddir. Onları qara papaq hakerlərdən fərqləndirən budur ki, hər hansı sistemə dağıdıcı məqsədlə nüfuz etmirlər. Ağ papaq kiberlər yalnız şirkətin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərirlər. Pərisa deyir ki, onların şirkəti üçün işə götürülən şəxsin biliyi qədər pula maraqsızlığı önəmlidir. Pula maraqlı adamlar Google kimi şirkətlərdə tez satılır. Hazırda Google sistemdə boş nöqtələri tapıb şirkətə bu barədə məlumat verənləri 25-60 min dollar arasında mükafatlandırır. Hazırda Pərisanın rəhbərliyi altında Avropa və ABŞ-da 30-a yaxın peşəkar haker yalnız Google-nin mühafizəsi ilə məşğuldur və sistemə nüfuz üçün boş nöqtələri axtarır.
2011-ci ildə Digi Notar Hollandiya şirkətinə haker hücumunu qeydə alan və hakerlərin izinə düşən məhz Pərisanın mütəxəssisləri olub. Bu hakerlər Digi Notarın saxta şəhadətnaməsini hazırlayaraq 100 minlərlə iranlı istifadəçinin G-mail hesabına daxil olmuşdular. Pərisa Təbrizi düşünür ki, yaxın gələcəkdə sistemə giriş üçün şərt olan parol öz əhəmiyyətini itirəcək. Pərisa I-phone-da istifadə olunan barmaq izini parolun münasib əvəzləyicisi hesab edir.
Google məsulları etiraf edirlər ki, bu şirkətdə də qadınlar azlıq təşkil edir. Pərisa Təbrizi texnologiya dünyasında qadınlara az yer verilməsindən gileylənərək deyir: “Düşünürəm ki, mobil telefonları kişilər üçün düzəldirlər. Çünki onlar o qədər böyükdür ki, cibə qoymaq mümkün deyil. Əgər texnologiyanı bütün dünya üçün hazırlayırsınızsa hamını nəzərdə tutun və dünya təkcə ağdərili kişilərdən ibarət deyil.”
Amma son dövrlərdə Google şirkətində yuxarı vəzifəyə namizdə qadınların sayı artıb. Pərisa Təbrizi adətən iş vaxtı başa çatandan sonra Google şirkətinin yaxınlığındakı idman klubunda alpinizmlə məşğul olur. Bu kluba adətən Google işçiləri toplanır.

Nur-az.com


1270 بازدید
در حال ارسال اطلاعات...