Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Fəlsəfə haramdırmı?

Tarix boyu fəlsəfə oxumaq mübahisəli məsələlərdən biri olub. Bəzi istisnaları çıxmaqla qədim Əhli-sünnə məzhəblərində fəlsəfə oxumaq haram edilsə də, Şiəlikdə əksərən bunu icazəli, bəzi hallarda isə hətta lazımlı biliblər. Lakin bu firqənin əxbari qolu və ya əxbari yönümlü alimləri ciddi şəkildə fəlsəfənin oxunmasına qarşı çıxıblar. İstinad etdikləri əsas dəlil isə məsum imamlardan nəql olunan bəzi hədislərdir. İmam Həsən Әsgərinin (ə) yaxın gələcəyin hadisələrinə dair şərhində deyilir: “Həmin dövrün alimləri fəlsəfə və təsəvvüfə təmayüllərinə görə, yer üzünün ən pis insanları olacaqlar".

Adətən fəlsəfəni inkar edənlər hədisi bu hissəsinədək qeyd edirlər. Bunu oxuyan da dərhal imamın fəlsəfəni haram etdiyini güman edir. Halbuki hədisin ardını oxuyanda imamın kimləri nəzərdə tutduğu aydın olur. Hədisin davamı belədir: “Çünki onlar düşmənlərimizi olduqca çox sevəcəklər".

Deməli, hədisdə qadağan olunmuş fəlsəfə Quran və Əhli-beyt sözlərinə qarşı çıxan, onların düşmənlərinin sevgisində ifrata varan kəslərə aiddir və həqiqi İslam fəlsəfəsilə heç bir əlaqəsi yoxdur. Bunu Əhli-beytə sevgi bəsləyən Şiə və hətta Əhli-sünnə filosoflarına necə aid etmək olar?! Sözümüzə sübut kimi burada eyni mövzuda olan başqa bir hədisi qeyd etmək istəyirəm. Müfəzzəl ibn Ömər İmam Sadiqdən belə nəql edir:

"Vay olsun fəlsəfə oxuyanlara!”

Bu hədisi oxuyan adam da dərhal fəlsəfənin imam tərəfindən qadağan olunduğunu düşünər. Halbuki hədisin ardını oxuduqda heç də məsələnin bizim güman etdiyimiz kimi olmadığı aşkara çıxır. Hədisin ardı belədir:

"Bu qeyri-adi yaradılışı görməkdən gözləri necə kor olub ki, (Allahın) bu yaradılışdakı tədbirini inkar edirlər".

Hədisin ardından aydın olur ki, imamın məzəmmət etdiyi filosoflar Allahın varlığını inkar edən kafirlərdir. Bunun Allahın varlığını ən güclü dəlillərlə isbatlamağa çalışan İslam fəlsəfəsilə nə əlaqəsi var ki, bəziləri hədisi tam araşdırıb düşünmədən onlara da şamil edirlər?! Üstəlik, biz bu hədislərin mətninə ötəri nəzər saldıq. Sənəd baxımından bu qədər deyək ki, sözügedən hədislərin nəql olunduğu kitabların öz müəlliflərinə istinadı belə şübhəlidir.

Məsələnin tam aydınlaşmasından ötrü bir məsələni də qeyd etmək olar. Bildiyiniz kimi, Şiəlikdə mərcəiyyət anlayışı olduqca möhtərəm sayılır, bəzən hətta qırmızı xətt kimi qəbul olunur. Müctəhid olmağın əsas şərtlərindən biri də üsul elmini – İslam hermenevtikasını mükəmməl bilməkdir. Nəcəf və Qum elm hövzələrində bu mövzuda tədris olunan əsas vəsaitlərdən biri mərhum Axund Xorasaninin "Kifayə əl-üsul" kitabıdır. Yəqin ki, dini hövzəylə tanışlığı olanlar bu kitabın hansı önəmə sahib olduğunu yaxşı bilirlər. Halbuki kitabın müəllifi Axund Xorasani böyük fəqih və təqlid müctəhidi olmasıyla bərabər, həm də böyük filosof olmuşdur. O, fəlsəfədə dövrünün böyük alimlərindən olan Molla Hadi Səbzəvarinin tələbəsi olub. Burada iki məqam var: Birincisi, Axund Xorasani dövrünün təqlid müctəhidi idi; ikincisi isə onun kitabı olan Kifayəni oxumamağı müctəhidlik yolunda böyük nöqsan olaraq görürlər. Əgər yuxarıda qeyd olunan "Onlar fəlsəfə və təsəvvüfə təmayüllərinə görə, yer üzünün ən pis insanları olacaqlar" hədisini tətbiq etməyə çalışsaq, o zaman Mərhum Xorasaninin hökmü nə olacaq? Bu günədək Xorasaninin kitabını oxumuş və gələcəkdə oxuyacaq on minlərlə tələbənin hökmü nə olacaq?

Hesab edirəm ki, ağıllı biri sadalanan kəslərə fasiq, zindiq, pis ünsür damğası vurmağa tələsməməlidir. Lakin Allaha şükür olsun ki, fəlsəfəyə hər zaman dayaz düşüncəli, elmdə elə də dərin olmayanlar etiraz etmişlər. Ona görə hansısa mövzuda danışarkən diqqətli olmaq və düzgün araşdırmadan sonra fikir bildirmək lazımdır.

Təbriz Qasımov


1846 بازدید
در حال ارسال اطلاعات...