Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2014

Gecə namazı qılsan...

Allaha doğru seyr-süluk, səfərin açarı Allahı yada salmaq, Onun zikridir. Dində kim yüksək mənəvi məqama çatıbsa Allaha diqqət sayəsində çatıb. Mərhum Ayətullah Behcətin buyurduğu kimi, zikrin heyrətamiz aqibəti var. Bu sadə sözləri anlamaq asan deyil. Allaha diqqət Allahı yada salmaq, onun zikridir. Davamlı zikr insanı çox dəyişə bilər. Zikr insanı ilahi məhəbbət iksirinə çatdırmaq gücündədir. İnsan Allahı zikr etməklə dəyişir, ilahi səfərdə nəzərdə tutduğu məqsədə çatır.
Zikrin ən kamil və təsirli nümunəsi namazdır. Gündəlik yövmiyyə namazları buna misal ola bilər. Ayətullah Behcət buyurur ki, biz bu sadə işlərdə dolaşırıq. Əgər insan gündəlik namazlarını düzgün yerinə yetirə bilsə mərifət əhlinin çatdığı məqama yüksələ bilər.
Təəssüf ki, vacib namazları lazımi şəkildə qıla bilmirik. Bu namazlarda diqqət boşluğunun yerini doldurmaq üçün nafilə namazları nəzərdə tutulub. İnsan müstəhəb, nafilə namazlarını ardıcıl şəkildə qılsa vacib namazlarında bunun təsirini hiss edər. Nafilə namazları arasında ən mühümü gecə nafiləsidir. Dini təhsil alan tələbə ilahi səfərdə məqama çatmaq istəyirsə gənc yaşlarından gecə namazını tərk etməməlidir.
Mərhum Şeyx Səduq “İləluş-şəraye” kitabında İmam Sadiqdən (ə) nəql edir: “Gecə namazını unutmayasınız! Bu Peyğəmbər (s) sünnəsidir. Əgər Peyğəmbərdən (s) nümunə götürmək istəsəniz, bilin ki, gecə namazı Peyğəmbər (s) sünnəsidir. Mədh olunmuş “məqami məhmud” ilə gecə nafiləsi arasında əlaqə var...”
Əgər Peyğəmbər (s) yolunu getmək istəyirsinizsə gecə namazını tərk etməyin. Bir gecə bu namazı ötürəndə çalışın ki, onun qəzasını yerinə yetirəsiniz. Bilin ki, saleh insanlar gecə ibadəti, gecə namazını tərk etməyiblər. Mərhum arif Məliki Təbrizi öz ustadı Molla Hüseynquludan belə nəql edir: “Gecə namazı əhli olmayan adamın yüksək mənəvi məqama, kamala çatdığını görmədik.” Maraqlı bir nöqtə budur ki, gecə namazı həm də ən böyük dünya neməti olan sağlamlığa təsirlidir. Sağlam olmaq istəyirsinizsə sübh namazından bir müddət qabaq oyanın, bu sizin sağlamlığınız üçün çox faydalıdır. İnsanın sağlam, təravətli, xoş ruhiyyəli olmasında gecə namazının müstəsna təsiri var.
Növbəti maraqlı nöqtə gecə namazının ruziyə təsiridir. Gecə namazı qılan insanın maddi problemləri azalar. “Məhasin” kitabında İmam Sadiqdən (ə) belə nəql olunur: “Gecə namazı qıldığını düşünüb ac qalan insan yalançıdır.”
Gecə namazının başqa bir təsiri ruhun çirkinliklərdən paklanmasıdır. “Kafi”də belə bir hədis nəql olunur: “Gecə namazı qılan insanın gündüz yol verdiyi günahlar paklanar.”
Gecə nafiləsinin başqa bir nişanəsi “nurul-vəch”, üzün nurudur. Şeyx Tusi “Təhzib” kitabında Peyğəmbərdən (s) belə nəql edir: “Kim gecə namazı qılsa, gündüz çöhrəsi nurani olar.” Təbii ki, burada gözəllik nəzərdə tutulmur. Zahirən gözəl olmayan insan nurani ola bilər. Necə ki, bəzi gözəl insanların çöhrəsində nur yoxdur. Əgər gecə namazı qılmaq istəsən və buna müvəffəq olmasan, bil ki, sənə mane olan səbəblərin birincisi günahdır. Bir şəxs həzrət Əlidən (ə) soruşdu: “Ya Əmirəlmöminin! Ötən gecə yuxu apardı, gecə namazını qıla bilmədim. Həzrət buyurur: “Bil ki, yuxuya qalmağının səbəbi günah olub.” Başqa rəvayətdə İmam Sadiq (ə) buyurur: “Bəzi adamlar siyasi söhbətlərdə yalanı, qeybəti, pis danışığı əhəmiyyətsiz sayır. Mömin insan günahkar müsəlmanın da ardınca danışa bilməz. Əgər danışırsa, bu qeybətdir.
Əllamə Təbatəbainin ustadı mərhum Ayətullah Qazi vəsiyyətnaməsinin sonunda deyir: “Bir şəxs namaz qılıb oruc tutduğu halda kiminsə qəlbini qırsa, ilahi tövfiqdən məhrum olar. Belə bir adam gecə namazı qılmaq üçün tövfiqə çatmaz. Günah edən şəxs gecə yuxuya qalar.”
İnsanın pis əməlləri onun ruhunu yaralayır. Ruhun yarası bədənə bıçaq yarasından ağır olur. Gecə namazı qılmaqla iş başa çatmır. Gecə namazı Allaha doğru səfərdə vasitədir. Nəqliyyat vasitəsinin sürətli olması o zaman faydalıdır ki, sürücü peşəkar və ayıq olsun. Əgər sürücü özünə arxayın olsa, lovğalıq onun gözünü tutsa avtomobilin sürəti ölümə aparar. Gecə namazının da şərti var. Bəzi insanlar ardıcıl şəkildə gecə namazı qılsalar da təkəbbür, xüdpəsəndlik onların gözünü tutur, gecə namazını özləri üçün qürur mənbəyi sayırlar.
Bir ay, bir il gecə namazı qılıb, desən ki, bu müddətdə günaha yol vermədim, bütün işlərim qaydasındadır, səhvə yol verməyin mümkündür. Gecə namazı qılanlar ehtiyatlı olmalıdırlar ki, şeytanın gecə namazı qılanlar üçün qurduğu tələyə düşməsinlər.
Belə bir əhvalat nəql edirlər ki, bir şəxs yuxuda şeytanın çiynində zəncir apardığını görür. Soruşur ki, bu zəncirlər nə üçündür? Şeytan cavab verir ki, arxamca çəkmək istədiyim adamların boynuna zəncir salıram. Zəncirlərdən birinin qırıldığını görən şəxs bunun səbəbini soruşur. Şeytan deyir: “Bu zənciri dünən gecə filan şeyxin boynuna salmışdım. Onu küçənin ortasına qədər ardımca çəkdim. Amma yolun ortasında gücüm çatmadı, zəncir qırıldı.” Həmin şəxs soruşur ki, mənim zəncirim hansıdır? Şeytan gülüb deyir: “Sənin zəncirə ehtiyacın yoxdur, özün ardımca qaçırsan! Bu zəncirlər arxamca gəlmək istəməyənlər üçündür.” Həmin şəxs adı çəkilən şeyxin görüşünə gedib, ötən gecə başına nə gəldiyini soruşur. Şeyx deyir: “Dünən gecə kitab oxumaq istəyirdim. Çırağın nefti qurtarmışdı. Fikirləşdim ki, ixtiyarımda olan beytül-maldan bir neçə şahı götürüb neft alım. Səhəri gün pulu yerinə qoymaq fikrində idim. Ayağa qalxıb pulu götürdüm və küçənin ortasına qədər getdim. Birdən zehnimə gəldi ki, səhərə qədər ölsəm bu pulu yerinə qoya bilməyəcəyəm. Geri qayıdıb götürdüyüm pulu yerinə qoydum!”
Gecə namazı qılanlar gözləməməlidir ki, onlar gecə namaza dayananda Cəbrail nazil olub, Allahdan məktub gətirəcək. Gecə namazı qılmaq sənə haqq vermir ki, özünü başqalarından üstün tutasan, başqalarını tənqid edəsən. Bu xəstəlik gecə namazı qılmamaqdan daha pisdir. Gecə namazı qılanlar ehtiyatlı olmalı, şeytanın hiyləsinə aldanmamalıdır.
Allah-Taala Qüdsi hədisdə buyurur: “Bəndələrdən bəziləri yuxu ləzzətindən keçib ayağa qalxır və uzun müddət gecə namazı qılırlar. Mən bəzən elə edərəm ki, bir-iki gün yuxuya qalsınlar.” Burada bir hikmət var. Həmişə gecə namazı qılanın bir gecə yuxuya qalması onu narahat edir, mümkün təkəbbürün qarşısını alır. İnsan özündən soruşur ki, hansı günah ona mane olub? Allah-Taala buyurur ki, belə etməsəm, bəndəm təkəbbürə düçar olar, xüdpəsəndlik onu məhv edər.

M. Reyşəhri
Nur-az


1467 بازدید
در حال ارسال اطلاعات...