Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2014

Şiə alimləri Quran təhrifinə qarşı (1)

Bəzi iddia və iftiralara görə, əksər Şiə alimləri Quranın təhrif olunduğunu söyləmişlər. Hətta bir qədər də irəli gedərək Şiə alimlərinin bu haqda icma etdiklərini, yekdil rəyə malik olduqlarını iddia edənlər də tapılır.
Təbii ki, bütün, yaxud əksər Şiə alimlərinin uyğun fikirdə olması iddiası ağ yalandan və ya çox kobud səhvdən başqa bir şey deyil. Lakin həm şiə, həm qeyri-şiələrdən bu düşüncədə olub Quranın təhrif edildiyinə – bəzi ayələrin çıxarıldığına inananlar olub.
İslam tarixi boyu yüzlərlə böyük Şiə alimi gəlib-getmiş, ümumilikdə təfsirə və Quran elmlərinə dair şiələr tərəfindən beş mindən çox kitab və risalə yazılmışdır. Təbii ki, onların hamısının Quran barədə fikirlərini araşdırmağa lüzum və imkan yoxdur. Biz bu yazıda əsas Şiə alimlərinin fikirlərinə nəzər salacağıq:

Şeyx Səduq (923-991)
Şeyx Səduq yazır: “Etiqadımız budur ki, Allah-Taalanın Öz peyğəmbəri Məhəmmədə göndərdiyi Quran iki cild arasında və xalqın əlində olandır, ondan artıq deyil... Kim ondan artıq olması fikrini bizə aid etsə, yalançıdır”. (Səduq. Əl-Etiqadat, 84)

Şeyx Müfid (948-1022)
Vəhhabi sələfilərinin iftiralarına məruz qalan Şeyx Müfid yazır:
“Əhli-beyt imamlarından Quranın fərqləndiyinə, müəyyən hissələrinin çıxarıldığına dair müstəfiz (vahid həddini aşan və mütəvatir həddinə çatmayan) hədislər söylənmişdir. İmamiyyə şiələrinin bir hissəsi deyir ki, Quranın nə bir surəsi, nə bir ayəsi və nə bir sözü dəyişilib. İmam Əlinin müshəfində olub, mövcud Qurandan çıxarılan hissələr isə Qurana açıqlama kimi nazil olan və möcüzəvi Quran vəhyindən sayılmayan təfsir və təvillərdir... Mənim üçün bu söz məhz Quran sözlərinin azaldığını iddia edənlərin fikrindən daha doğrudur və MƏN BUNU MƏQBUL SAYIRAM”. (Müfid M. “Əvail əl-məqalat”, 80-81)
Şeyx Müfid başqa bir kitabında yazır: “Əgər kimsə “hazırkı Quranın artırılıb-azaldılmadığını necə söyləmək olar, halbuki siz imamların “ümmə” sözünü “əimmə” kimi... oxuduğunu rəvayət edirsiniz?!” desə, cavab verilər ki, vahid rəvayətlər olduğu üçün bunları qəbul edə bilmərik. Bundan əlavə, ayənin hər iki qiraətlə nazil olması da mümkündür. (Müfid. “Əl-Məsail əs-sərəviyyə”, 82-84)

Seyid Mürtəza (965-1044)
Öz dövründə Şiə dünyasının rəhbəri olmuş Seyid Mürtəza Quran haqda deyir: “Quran nə azalıb, nə də dəyişdirilib... Müsəlmanlar arasında Quranı oxumağa və qorumağa böyük diqqət və maraq olmuşdur... İslam alimləri onu qorumağa son dərəcə səy göstərmiş, hərəkələrinə və müxtəlif qiraətinə dair hər bir fikir ayrılığını bilmişlər. Belə olan halda Quran necə dəyişdirilə və ya azaldıla bilərdi?!.. Quran Peyğəmbərin dövründə indiki formada toplanmışdı və tədris olunurdu”. (Mürtəza Ə. “Əz-Zəxirə fi elm əl-kəlam”, 361-363)

Şeyx Tusi (996-1067)
Məzhəbin şeyxi ləqəbi ilə məşhur olan Şeyx Tusi Qurani-kərimə yazdığı təfsirində bildirir: “Qurana heç bir şeyin artırılmadığına dair icma – yekdil rəy vardır. Görünən budur ki, müsəlman məzhəbləri Quranın azalmadığını da düşünürlər. Bizim məzhəbimizin (Şiəliyin) düzgün rəyinə uyğun olan da budur. Mürtəza bunu təsdiqləmişdir və rəvayətlərdən də belə başa düşülür. Düzdür, Şiə və Əhli-sünnə rəvayətçiləri tərəfindən Quranın çoxlu ayələrinin çıxarıldığını və ya yerlərinin dəyişdirildiyini göstərən çoxlu rəvayətlər nəql olunmuşdur. Lakin onlar vahid rəvayətlər olduğundan elm və əməl üçün mötəbər sayılmırlar və daha yaxşısı onları tərk etməkdir”. (Tusi. Ət-Tibyan, 1/3)

Əbu Əli Fəzl Təbrisi (1076-1154)
Əbu Əli Fəzl Təbrisi yazır: “Qurana heç bir şeyin artırılmadığına dair icma – yekdil rəy vardır... Bizim alimlərimizin düzgün mövqeyi budur ki, Quranda dəyişiklik və azalma da baş verməyib”. (Təbrisi F. “Məcmə əl-bəyan”, 1/43)

Əbülfutuh Razi (1078-1157)
Əbülfutuh Razi təfsir kitabında Hicr surəsinin 9-cu ayəsini belə şərh edir: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu artma, azalma, itmə və məhvolmadan qoruyub saxlayacağıq! Necə ki, buyurub: ”Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Əbülfutuh Razi H. “Rövz əl-cinan”, 11/311)

İbn Şəhr Aşub (1096-1192)
İbn Şəhr Aşub təhrif iddialarını açıq-aşkar rədd etmiş, heç bir dəyişiklik və təhrifə məruz qalmadığını bildirmişdir: “Doğrusu budur ki, Qurana əlavələrdən söhbət açan rəvayətlər təvil (və təfsir) barədədir. Nazil olmuş (Quran vəhyi) isə nə azalıb, nə də çoxalıb”. (İbn Şəhr Aşub. M. “Mütəşabih əl-Quran və müxtəlifuh”, 2/77)

Seyid Əli ibn Tavus (1193-1266)
Seyid ibn Tavus məşhur Mötəzilə mütəkəllimi Əbu Əli Cübbainin Quranın təhrifi ilə bağlı ittihamlarına cavab olaraq yazır: “Quranın dəyişdirilməsini siz və sələfləriniz iddia edirsiniz, rafizilər deyil”. (Seyid ibn Tavus Ə. “Səd əs-süud”, 145) Başqa bir yerdə isə yazır: “Ağıl və şəriətə görə, Quranın artma və azalmadan qorunmuş olması labüddür”. (Yenə orada, 193)

Əllamə Hilli (1250-1325)
Əllamə Hilli ləqəbli böyük Şiə alimi Həsən ibn Mütəhhər yazır: “Quranda dəyişiklik baş verməmiş, o çoxalmamış və azalmamışdır. Belə bir etiqada malik insandan Allaha sığınırıq! Belə etiqadlar Peyğəmbərin mütəvatir şəkildə nəql olunan möcüzəsini etibardan sala bilər”. (Hilli H. “Əcvibə əl-məsail əl-məhnaiyyə”, 121)

Mühəqqiq Kərəki (1464-1533)
Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmış Mühəqqiq Kərəki – Əli ibn Əbdülali yazır: “Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir... Hədislər bu Quranla ölçülməlidir. Lakin azalma hədisləri ona ziddir, çünki onun əsl Quran olmadığını göstərir. Bundan böyük təkzib ola bilərmi?!.. İmamların Quranın dəyişdirilməsi haqda fikirləri isə onun təfsir və təvilinin təhrifi ilə bağlıdır”. (Əl-Ərəci M. “Şərh əl-Vafiyə”. Quranın höccət olması fəsli.)

Vüsal


1327 بازدید
در حال ارسال اطلاعات...