Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Şiə alimləri Quran təhrifinə qarşı (2)

Nurullah Şüştəri (1542-1610)
Üçüncü Şəhid ləqəbli Qazi Nurullah Şüştəri yazır:
“İmamiyyə şiələrinin böyük əksəriyyətinin Quranın dəyişildiyini düşündüyünü söyləyirlər. Halbuki bunu çox kiçik bir qrup deyib və şiələr arasında onlara etina olunmur. (Şüştəri N. “Məsaib ən-nəvasib”, 121)

Şeyx Bəhai (1547-1621)
Bir çox dini və dünyəvi elmlərə mükəmməl yiyələnmiş böyük alim Bəhaəddin Amili deyir: “Doğrusu budur ki, Qurani-kərim artırma və azaltmadan qorunmuşdur. Allah-Taalanın “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) sözü bunu sübut edir”. (Bəlaği, 1/26)

Feyz Kaşani (1599-1680)
Feyz Kaşani Əli ibn İbrahim Quminin təfsirindən Quranın təhrif olunduğuna dair hədislər gətirdikdən sonra deyir: “Bunların hamısının nöqsanı var. O da budur ki, belə olduqda Quranın heç bir sözünə inam qalmaz, hər bir ayədə dəyişilmə və təhrif ehtimalı olar, Quran əsla höccət (əsas, meyar) ola bilməz, həm özü, həm də ona tabe olmaq, sarılmaq əmri faydasız, əbəs olar. Halbuki Allah-Taala buyurub: “O, şübhəsiz ki, yenilməz (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Fussilət/41-42) Həmçinin buyurub: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) Belə olduqda o necə təhrif edilə, dəyişdirilə bilər?! Həmçinin Peyğəmbərdən və imamlardan nəql olunan müstəfiz hədislərə görə, rəvayətləri Allahın kitabı ilə ölçmək, uyğun olduqda doğru bilmək, zidd olduqda isə yalanlamaq lazımdır. Amma əlimizdəki Quran təhrif olunmuşdursa, bunun xeyri nədir?! Bundan əlavə, təhrif hədisləri Allahın kitabına zidd olduğu və onu təkzib etdiyi üçün ya mütləq rədd edilməli, ya da münasib şəkildə açıqlanmalıdır... Həmçinin belə demək mümkündür ki, Qurandan çıxarılanlar onun tərkib hissəsi deyil, əlavə təfsir və izahlar olmuşdur. Quranın dəyişdirilməsi də mənəvi baxımdandır: yəni təfsir və təvilini təhrif etmişlər. İmamların “belə nazil olub” sözü də ayənin məqsədi barədədir, uyğun əlavələrlə nazil olub həmin əlavələrin sonradan çıxarılması demək deyil. İmam Baqirin Səd əl-Xeyrə yazdığı məktub, həmçinin Əhli-sünnənin İmam Əlinin müshəfi haqda yazdıqları da bu versiyanı sübut edir”. (Feyz Kaşani. “Təfsir əs-safi”, 1/49-52)
Feyz Kaşani həmçinin “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsinin təfsirində açıq şəkildə bildirir: “Təhrif, dəyişiklik, artma və azalmadan (qoruyub saxlayacağıq)”. (Feyz Kaşani M. “Əl-Əsfa fi təfsir əl-Quran”, 1/626)

Hürr Amili (1624-1693)
Mötəbər hədis kitablarını toplayaraq “Vəsail əş-Şiə” ensiklopediyasını ərsəyə gətirmiş Şeyx Hürr Amili dövrünün bəzi əxbarilərinin Qurana şübhə ilə yanaşmasına qarşı çıxaraq, onun əsrlərlə mütəvatir şəkildə nəql olunduğuna dair “Təvatür əl-Quran” kitabını yazmışdır. Ad və yazılma məqsədindən göründüyü kimi, bu kitab mövcud Quranın əxbarilər arasında etibarını bərpa etməkdən ötrü qələmə alınmışdır. Buna uyğun olaraq, müəllif onun azalmadan qorunduğunu isbatlamağa cəhd etməsə də, sözlərindən onun bu fikirdə olduğunu başa düşmək olur. O, Quranın Peyğəmbərin öz dövründə kitab halına salındığını və tarix boyu həmişə mütəvatir şəkildə nəql olunduğunu qeyd etməklə yanaşı, əl-İhticac kitabının Quranın azalmasına dəlalət edən bəzi hədisləri barədə yazır: “Bu və digər oxşar hədislərdən görünür ki, imamlar Quranın hamısının haqq və doğru olduğuna, əlavə və dəyişikliklərdən qorunduğuna hökm etmişlər. Onlardan başa düşülən azalmaya gəldikdə isə, azalanların ayələrlə birgə nazil olmuş təvil və açıqlamalar, Qurandan xaric vəhy, mənsux ayələr və s. olduğu ehtimal olunur”. (Hürr Amili M. “Təvatür əl-Quran”, 68-69)

Nurəddin Kaşani (vəfatı: 1703)
Nurəddin Kaşani ləqəbli əxbari alim Məhəmməd ibn Mürtəza təfsir kitabında “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsinin təfsirində yazır ki, məqsəd təhrif, dəyişiklik, artma və azalmadan qorunmasıdır. (Kaşani M. “Təfsir əl-muin”, 2/650)

Məhəmməd Qumi Məşhədi (vəfatı: 1713-dən sonra)
Əxbari dövrünün başqa bir alimi Məhəmməd ibn Məhəmmədrza Qumi Məşhədi deyir: “Sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsində məqsəd təhrif, artma və azalmadan qorumaqdır və bu zəmanət ona hər hansı xələlin yol tapmasını inkar edir”. (Qumi Məşhədi M. “Kənz əd-dəqaiq”, 7/104)

Kaşif əl-ğita (1743-1812)
Təhrif düşüncəsinə qarşı çıxan daha bir Şiə alimi Şeyx Cəfər Kaşif əl-ğitadır. Əxbariləri qəribə hökmlərdə və xoşagəlməz fikirlərdə ittiham edən bu alim deyir: “(Bu fikirlərdən biri) izahının olduğu və ya tərkinin vacibliyi şübhə doğurmayan bəzi rəvayətlərə istinad edib Quranın azaldığını söyləmələridir... Çox təəccüblüdür ki, onlar bu 1200 ildə hədislərin şifahi və yazılı şəkildə qorunduğunu düşünür, amma Quranın azaldığını bildirirlər”. (Kaşif əl-ğita. “Əl-Həqq əl-mubin”. www.ekhbarion.com)
O özünün məşhur kitabında müsəmanların Qurana bir hərfin belə artırılmadığına, həmçinin Peyğəmbərdən sonra heç bir hissəsinin çıxarılmadığına dair yekdil rəydə olduğunu qeyd edir, kitab, sünnə, icma dəlilləri ilə və tarixi faktlarla fikrini əsaslandıraraq yazır: “Quran Allah tərəfindən azalmadan da qorunmuşdur. Quranın açıq-aşkar ayələri və bütün zamanlarda bütün din alimlərinin icması bunu sübut edir. Bəzi tək-tük istisnalar isə mötəbər deyil”. (Kaşif əl-ğita C. “Kəşf əl-ğita”, 2/299)

Vüsal


1293 بازدید
در حال ارسال اطلاعات...