Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2014

Sufilik haqqında qeydlər

Fəlsəfə və irfan iki başıbəlalı elm sahəsidir, hər zaman fəqih və avam kütlə tərəfindən ciddi müxalifətlə üzləşiblər. Bəzən işin sonu təkfir və qətllə belə nəticələnmişdir. Bunun başlıca səbəblərindən biri insanların qarşı tərəfin fikirlərini dəqiq araşdırmadan zahirə əsasən hökm vermələri olub. Bəzi hallarda isə görürsən bir dəstə insan, sözlərdə ilişib qalırlar. Necə ki, günümüzdə bunun nümunəsini daha çox görməkdəyik. Məsələn, hədisdə fəlsəfə məzəmmət olunur və bəziləri də fəlsəfə tarixini dəqiq araşdırmadan hədisdəki fəlsəfəni götürüb hamısına şamil edirlər. Bu üslub elm əhli yanında heç bir qiymətə sahib deyil və bu dəstə insanlarla bəhs etmək də sadəcə vaxt itkisindən başqa bir şey deyil.
Fəlsəfəyə dair yazdığımız keçən yazımızda İmam Həsən Әsgərinin (ə) Әbu Hişama belə dediyini nəql etdik: "Onlar fəlsəfə və sufiliyə meyl etdiklərinə görə yer üzünün ən pis insanlarıdır".
Keçən yazımızda qeyd etdiyimiz kimi, fəlsəfənin və sufiliyin məzəmmət olunduğunu bildirən hədislərin keçdiyi iki kitab "Müfəzzəlin tövhidi" və Müqəddəs Әrdəbilinin "Hədiqətuş-şiə" adlı kitabları sənəd etibarilə mötəbər deyillər. Çünki ilk kitab mötəbər sənədlə günümüzə gəlib çatmayıb, ikinci kitabın Müqəddəs Әrdəbiliyə aid olması da tam sübuta yetməyib. Deməli, bu iki mənbə sənəd olaraq mötəbər deyil.
Lap bu iki kitabın mötəbər olduğunu fərz etsək belə, hədislərdə keçən fəlsəfəyə dair məzəmməti günümüzün islam fəlsəfəsinə aid etməyin qeyri-mümkün olduğunu isbatladıq. Bu yazmızda isə hədisdə məzəmmət olunan və mənsublarının yer üzünün ən pis insanları kimi vəsf olunduğu sufilik haqda danışacağıq. Artıq sosial şəbəkələrdə qeyd olunan hədisə istinadla günümüzün bir çox dəyərli arifləri olan Әllamə Qazi, Seyid Təbatəbai, Ayətullah Behcət, İmam Xomeyni, Cavadi Amuli kimi insanları lənətləməkdən və təkfir etməkdən çəkinməyən bəzi şəxslərin heç bir elmi səviyyəsi olmayan yazıları bir çox dostları narahat etməkdədir. İnşallah bu qısa yazımızda həqiqət aydın olacaqdır.
Müqəddimə olaraq qeyd edim ki, islamda əsas iki mənbə var: Quran və Əhli-beyt. Bu iki mənbəyə zidd olmadığı təqdirdə insanlar tərəfindən kəşf olunan digər elmləri öyrənməyin heç bir şəri maneəsi yoxdur. İkincisi bəzi məfhumlar var ki, tarix boyu müəyyən məna dəyişikliklərinə məruz qalıblar. Məsələn, qədim şiə alimləri sünnilərin öz fiqhlərində istifadə etdikləri qiyası ictihad adlandırır və ciddi məzəmmət edirdilər. Halbuki Әllamə Hillinin zamanından bəri ictihad kəlməsi artıq qiyas və rəy mənasında deyil, günümüzdə də yayılmış mənasıyla istinbat, yəni hökmləri öz təfsili dəlillərindən əldə etmək mənasında istifadə edilməyə başladı. Ona görə də ictihad kəlməsinin tarixindən xəbəri olmayan biri qədim alimlərimizin ictihadın əleyhinə dediyi sözlərindən istifadə etməklə hazırkı ictihad anlayışını və müctəhidləri məzəmmət etsə, ona cavabımız nə olar? Sözsüz ki, ondan bu kəlmənin tarixi mərhələlərini yaxşı araşdırmasını tələb edərik.
Sufilik də bu qəbildəndir. Tarixdə sayları çox olan onlarla sufi cərəyanları mövcud olub. Bəziləri o qədər ifrata varıblar ki, sonda şəriəti belə inkar ediblər. Şəri hökmlərin yalnızca ümumi kütləyə aid olduğunu, kamillik zirvəsinə qədəm qoymuş kəslərin isə artıq şəriətə ehtiyacının olmadığını iddia ediblər. Amma bunlara baxıb sufiliyi hər kəsə aid etmək nə qədər düzgündür? Öz həyatını yalnız Quran və Əhli-beytin pak sünnəsi əsasında qurmuş arifləri necə həmin kəslərə tay etmək olar? Bəli, tarix özü şəhadət verir ki, öz həyatını yalnız bu iki mənbə əsasında tənzimlədiyi halda sufi adıyla tanınan insanlar olub. Nümunə olaraq İmam Sadiqin ən yaxın səhabələrindən olmuş Cabir ibn Həyyanı qeyd edək. Fiqh və rical elmlərində dövrümüzün böyük mütəxəssisi olmuş Ayətullah Xoyi Cabirin təcümeyi-halında belə yazır:
Cabir ibn Həyyan. Sufidir, Tursusludur (Antakya və Hələb arasında yerləşir), künyəsi Әbu Musadır, məşhur qədim alimlərimizdən biridir, qəribə elmlərdən xəbəri vardı, bir çox əsər sahibidir ki, elmini İmam Sadiqdən (ə) əxz edib" (Seyid Xoyi. "Mucəm rical əl-hadis”, cild 4, səh 328).
Gördüyünüz kimi, İmam Sadiqin də yaxın səhabələrindən olmuş və kimya elminin banisi hesab olunan Cabir ibn Həyyan belə sufi adıyla tanınmışdır. İndi hədislərdə və alimlərin sözlərində məzəmmət olunan sufiliyi bu şanlı səhabəyə necə aid edə bilərik?! Görəsən Cabir də dövründə sufi olaraq məşhur olduğu üçün yer üzünün ən pis insanlarından biridirmi? Yəqin ki, azca elmi olan şəxs buna “bəli” deməz. Çünki məzəmmət olunan sufiliklə Cabirin inandığı sufilik arasında dağlar qədər fərq var. Günümüzdə də Әllamə Qazi, Seyid Təbatəbai, Şeyx Bəhcət kimi arifləri, əqidələrini araşdırmadan sırf hədisdəki sözə görə təkfir edib lənətləyən biri də sufilikdən anlayışı olmayan cahil biri deyilmi?!
Sonda xüsusi olaraq qeyd edim ki, bu günlərdə bəziləri çox təəssüf təkfir etməyi, lənətləməyi adi işə çeviriblər. Halbuki birinə kafir damğası vurmaq olduqca ağır məsuliyyət tələb edən işdir. Peyğəmbərin dövründə baş vermiş bu hadisəni bir daha xatırlayın! Döyüşdə Zeyd düşməni öldürmək üçün son zərbəni vurmaq istəyəndə o, “la ilahə illəllah” deyir. Lakin Zeyd bunun qərəzli olduğunu fikirləşərək həmin kəsə aman vermir və onu öldürür. Bu xəbər peyğəmbərə çatanda Zeyddən səbəbini soruşur. Zeyd isə düşmənin ölüm qorxusundan kəlməyi-şəhadəti dilə gətirdiyini deyir. Peyğəmbərin Zeydə cavabı isə belə olur: “Ey Zeyd! Onun qəlbinimi yarmışdın ki, belə rahat danışırsan?!” Peyğəmbər bu sözü çoxlu təkrar edir. Zeyd gördüyü işdən peşmançılıq duyaraq deyirmiş ki, kaş həmin günədək müsəlman olmayaydım. Ona görə bu kimi işlərdə diqqətli olmaq və qarşı tərəfi ittiham etməyə tələsməməliyik.

Təbriz Qasımov
Nəcəf Elm Hövzəsi


1193 بازدید