Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Ruhun şad olsun, Ustad!

21 şəhrivər fiqh səmasının parlaq ulduzu Ayətullah Mirza Əli Əhmədi Miyanəcinin vəfat ildönümüdür. Bu böyük arif 2000-ci ildə (şəmsi 1379) 73 yaşında dünyasını dəyişmişdir. Ayətullah Miyanəci Müqəddəs Qum şəhərində, Xanım Məsumənin (s.ə) pak məzarı civarında dəfn olunmuşdur. Ruhu şad olsun!

Nur Mədəniyyət Mərkəzi

Ustad Miyanəci əqlin kamilliyi haqqında:

İnsanın nəfs istəklərinə qarşı çıxması, özünü qoruması, vəzifəsinə əməl etməsi olduqca çətindir. Şiələr bu baxımdan Şeyx Tusi, Şeyx Mufid kimi böyük alimləri ilə fəxr edə bilərlər. Şiə toplumu arasında tərbiyə olunmuş bu insanlara dünya üz tutsa da, onlar dünyaya arxa çevirib.
Rəbbani alimlər dünya arxasınca getməyiblər. Onlar dünyadan zəruri ehtiyac həddində istifadə ediblər. Həqiqi alimlərin böyük təqvasından danışan, onların yüksək ruhunu yada salan xatirələr çoxdur. Müasir alimlərdən biri deyir ki, biz varlı insanlar kimi yaşayırıq və ölən zaman bir tələblə çıxış edə bilmirik.
Mərhum hacı şeyx Əbdülkərim Hairi Yəzdi ölümündən xeyli qabaq pul qəbul etməz və deyərdi: “Bir başqasına təqdim edin.” Özü də tapşırmışdı ki, ixtiyarında olan pulları tələbələr arasında bölsünlər.
Bəzi alimlər nəql edirlər ki, dərs zamanı bir tələbə ayağa qalxıb cənab Bürucerdiyə məktub verdi. Alim buyurdu ki, cavabını sonra təqdim edər. Tələbə minbərin qarşısında əyləşib cənab Bürucerdinin dərsinə irad tutmağa başladı. Ustadın qulağı bir qədər zəif eşitdiyindən elə düşündü ki, həmin şəxs məktubunun cavabını istəyir. Bir qədər hövsələdən çıxdı və təkrarladı ki, məktubun cavabını sonra təqdim edəcək.
Bir nəfər məsələyə aydınlıq gətirmək üçün dedi: “Cənab ustad, bu şəxs irad bildirir.” Dərsdən sonra tələbə cənab Bürucerdinin könlünü almaq üçün ona yaxınlaşıb əlini öpdü. Bu zaman hamını heyrətə gətirəcək bir hadisə baş verdi. Cənab Bürucerdi narahat tələbənin bu hərəkətinə eyni qaydada cavab verərək onun əlindən öpdü. Sonra öz-özünə dedi: “Axı nə üçün sərtlik etdim? Ona görə ki, ağayam, böyüyəm?! Axı Allah hüzurunda bunlara qiymət verən yox. Allah paklıq, təqva müştərisidir. Çox zaman etina göstərmədiyimiz insanların Allah yanında hörməti olur. Bəzən də əksinə, hörmət göstərdiyimiz insanlar Allahın nəzərində miskindir.”
Duada deyilir: “Pərvərdigara, məni özünə məşğul edən işlərimi kifayət buyur.” (Əl-səhifətul-səccadiyyə, 92) Bu növ danışıq tərzi əslində Allahdan kömək istəməkdir. İnsan bu sözlərlə Allahdan qurtuluş vasitəsi diləyir. Məsələn, bir şəxs xəstələnir. Allah elə edir ki, həkim xəstəliyi düzgün müəyyənləşdirsin və təsirli dərmanlar yazsın. Çünki bütün vasitələr Allahın əlindədir. Həmin bu duada da Allahdan vasitə istənilmişdir.
Ehtiyaclar elə olmamalıdır ki, bizi nafilələrdən, vacib əməllərdən uzaq saxlasın. Aydın məsələdir ki, ruzisi olmayan insan pərişandır. Pulu olmayanın diqqəti bir yerə cəmləşmir. Amma nəfslə mübarizə aparmaq, problemlərə sinə gərmək lazımdır.
Tələbə üçün ibadət kənarında ən üstün iş oxumaqdır. Bu səbəbdən də əlavə işlər tələbənin vaxtını almamalıdır. Nəcəf alimlərinin söhbətlərində var ki, iranlı tələbələr İrandan məktub alanda ona əhəmiyyət verməməyə çalışardılar. Çünki bu məktublar onların fikrini dağıdır, dərsə olan maraqlarını azaldırdı.
Bu o demək deyil ki, insan ətrafdakı bütün şeylərə diqqətsiz qalsın. Əslində diqqətsiz həyatda bir ləzzət yoxdur. İnsan öz diqqəti və sevgisi ilə diridir. Amma məsələ burdadır ki, insan öz sevgisini nəyə yönəldir? O, uşaq vaxtı uşaq oyunlarına maraq göstərir, bir az böyüyəndən sonra idman oyunlarına marağı artır.
Bir az da yaşı artandan sonra ev-eşik, ailə qurmaq barədə fikirləşir. Amma bu işdə ifrata varsa ölüm zamanı oyanır ki, bütün maraqları puç olub, onu həqiqi məqsəddən yayındırıb. Ölüm məqamında çarə tapmaq mümksünsüz olur.
Allah və Onun rəsulu insanı heç nəyə əlaqə göstərməməyə çağırmır. Çünki belə bir şəraitdə insan biganələşər, onun üçün ölüm və həyat arasında fərq qalmaz. Quran və dini maarifimiz bizi dəyərli şeylərə bağlanmağa dəvət edir. İnsan mənəvi yoxsulluq hiss etməlidir ki, daxilən zənginləşməyə çalışsın.
“Kafi” əsərinin başlanğıcında imam Musa ibn Cəfərdən (ə) bir rəvayət nəql edilir. İmam, Hişam ibn Həkəmə vəsiyyətində buyurur: “Ey Hişam, əgər xoşbəxt olmaq istəyirsənsə Allahdan kamil ağıl dilə. Çünki ağılın kamil olmasa bütün işlərin yanlış olacaq. O zaman anlayarsan ki, nəyə görə ağlamalısan. Çalışmalı, təlaş göstərməlisən.”
Əgər Allah-taala bizim mərifətimizi, agahlığımızı artırsa, anlayarıq ki, nələr əhəmiyyətlidir. Biri salam verəndə xoşhal olur, salam verməyəndə nigarançılıq keçiririk. Bu ruhiyyəmizdən məlum olur ki, düşüncəmiz çox zəifdir. Məgər bir şəxsin salam verməsinin dəyəri nə qədərdir?! Axı nə fərqi var ki, salam verdi, yoxsa vermədi?!
Həzrət Əlinin (ə) əhvalı ilə bağlı nəql edirlər ki, xalqın cahil hərəkətlərinə səbr edər, Allahın düşmənləri ilə üzbəüz gələndə sərtləşərdi.
Allahdan istəyək ki, düşüncəmizi gücləndirsin və bu yolla diqqət yetiriləsi nöqtələri yaxşı tanıyaq. İnşallah.


1243 بازدید
در حال ارسال اطلاعات...