Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

Şiə alimləri Quran təhrifinə qarşı (3)

Seyid Möhsün Əmin (1867-1952)
Livanlı Şiə alimi Möhsün Əmin, Şərif Mürtəzadan başqa bütün şiələri Quranın təhrif olunması, həm artırılması, həm də azaldılması düşüncəsində ittiham edən İbn Həzmə (994-1064) cavab olaraq yazır: “Qədim və müasir İmamiyyə alimlərinin nəinki hamısı, ümumiyyətlə, heç biri Qurana hər hansı əlavələrin edildiyini söyləməyib və buna icma etmişlər. Sözü sayılan bütün tədqiqatçı alimlər Quranın azalmadığına da dair yekdil rəyə sahibdirlər. Onlara bunun əksini aid edən isə Allaha və rəsuluna hörmətsizlik edən yalançı və iftiraçıdır”. (Möhsün Əmin. “Əyan əş-Şiə”, 1/41) Başqa bir yerdə isə əlavə edir: “Quranın azaldığını təkcə şiələrdən deyil, həm də sünnilərdən olan çox kiçik bir qrup söyləmişdir, ondan öncə isə hər iki firqə onun azalmadığına icma etmişlər”. (Yenə orada, 44)

Məhəmmədhüseyn Kaşif əl-ğita (1876-1954)
Kaşif əl-ğita ailəsinin nümayəndələrindən olmuş bu alim yazır: “İmamiyyə şiə etiqadına görə, müsəlmanların əlində olan kitab Allahın nazil etdiyinin özüdür; nə azaldılıb, nə artırılıb, nə də təhrif olunub. Şiənin icma etdiyi budur. Onlardan və ya başqa firqələrdən kimsə onun azaldığını və ya təhrif edildiyini düşünsə, səhv etmişdir. Təhrifə dəlalət edən Şiə və ya qeyri-şiə hədisləri isə zəifdir. Üstəlik, (səhih olsa belə) vahid hədislər elm və əməl üçün əsas sayılmır”. (Kaşif əl-ğita M. “Əsl əş-Şiə və üsuluha”, 220)

Əllamə Əmini (1902-1970)
Təbrizli alim Əllamə Əmini də Şərif Mürtəzadan başqa bütün şiələri Quranın təhrif olunması, həm artırılması, həm də azaldılması düşüncəsində ittiham edən İbn Həzmə cavab olaraq yazırdı: “Kaş hörmətsizlik edən bu adam iftirasına dair etimadlı Şiə kitablarından birinə, şiələr arasında çəkisi olan bir alimə, əksəriyyət tərəfindən tanınmasa da, qabaqcıl olan tələbələrindən, yaxud cahillərindən, sadə kəndlilərindən və ya ağzına gələni danışan boşboğazlarından birinin sözünə işarə vuraydı. Əgər oxucu araşdırsa, İmamiyyənin erkən çağında bu iftiranın inkarından başqa bir şey tapmaz... İmamiyyə başda olmaqla bütün Şiə firqələri mövcud Quranın Allahın hər bir şəkk-şübhədən uzaq kitabının özü olduğuna dair yekdil fikirdədirlər. Hansısa şiədən “təhrif” sözü eşidilsə də, onun məqsədi yanlış təvil və açıqlamadır, artırılması, azaldılması və ya hərflərinin dəyişdirilməsi deyil”. (Əmini Ə. Əl-Qədir, 3/101)
Əmininin bu iddiası bir qədər böyük görünə bilər. Osman əl-Xəmis onun fikirlərini qeyd etdikdən sonra yazır: “Şübhə yoxdur ki, yuxarıdakılara (Şiə alimlərinin sözlərinə) əsasən, İbn Həzm doğru, Əmini isə yalan deyir”. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net)
Cənab Xəmisə xatırlatmaq istəyirik ki, Əmini bu sözləri İbn Həzmə cavab kimi söylədiyi üçün onun məqsədi İbn Həzmdən qabaqkı şiələr ola bilər. Və siz həmin dövrün bir alimindən – təbii ki, dəyişdirilmiş kitablardan deyil, müəllifə istinadı şübhə doğurmayan əsl Şiə kitablarından Quranın təhrif olunduğuna dair bir cümlə göstərməmisiniz. İbn Həzmin Şiə alimlərindən Şeyx Tusi ilə təxminən həmyaşıd olduğunu nəzərə alsaq, ondan qabaq yalnız Mürtəza deyil, Səduq, Müfid və Tusinin özü də bunu açıq-aşkar rədd etmişlər və siz bunu yaxşı bilirsiniz. Belə olan halda, İbn Həzm necə doğru söyləyə bilər?!

Əllamə Təbatəbai (1903-1981)
Əllamə Təbatəbai özünün 20 cildli əl-Mizan təfsirində “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsini təfsir edərkən Quranın təhrif edilmədiyini, artırılıb-azaldılmadığını Quran ayələri və hədislərdən əlavə, əqli dəlil və tarixi faktlarla isbat etmiş və uyğun şübhələri cavablandırmışdır. (Təbatəbai M. “Təfsir əl-mizan”, 12/104-132)

İmam Xomeyni (1902-1989)
İmam Ruhullah Xomeyni Nuri Təbrisiyə ciddi etirazını bildirərək yazırdı: “Fəsl əl-xitab” kitabının müəllifinin nə elm və nə əməl baxımından yrarlıdır. Bu kitab Şiə alimlərinin üz çevirdiyi və qədim alimlərimizin qəbul etmədiyi zəif rəvayətlərə istinaddan başqa bir şey deyil. Onun Müstədrək kimi hədis kitablarının vəziyyəti bəllidir... Onun digər kitabları haqda isə danışmağa dəyməz. O mərhum saleh və zəhmətkeş insan olmuş, lakin faydalı sözlərdən daha çox, sağlam ağıl və düşüncənin qəbul etmədiyi zəif və qəribə hədisləri toplamağa həvəs göstərmişdir. Onunla eyni dövrdə yaşamış ayıq insanlara təəccüb edirəm ki, necə diqqətsizlik etdilər və nəticədə göyləri ağladan, az qala yeri parça-parça edən hadisə baş verdi (və o, Quranın təhrif edildiyinə dair kitab yazdı)”. İmam Xomeyni sonra bu iddianın əleyhinə bəzi dəlillərini qeyd etmişdir. (Xomeyni R. “Ənvar əl-hidayə”, 1/244-245)

Ayətullah Xoyi (1899-1992)
Təkcə öz dövrünün deyil, həm də bütün Şiə tarixinin ən böyük din alimlərindən olmuş azərbaycanlı müctəhid Ayətullah Xoyi deyir: “Quranın təhrif olunması fikri xurafat və xəyaldır... Ağlı, insafı və dərin düşüncəsi olan heç kəs təhrif fikrinin əsassız və cəfəngiyat olmasına şübhə etməz”. (Xoyi, 259)

Biz Quran təhrifi düşüncəsinə qarşı çıxmış əsas Şiə alimlərinin fikirlərinə nəzər saldıq. Əgər məhdudiyyət olmasaydı, bu siyahını artıra, Quranın təhrif olunmadığını söyləmiş Məhəmməd ibn Həsən Şeybani, Kəmaləddin Kaşifi, Məhəmməd ibn Əli Şeybani, Fətullah Kaşani, Nakuri, Fazil Tuni, Humsi, Şərif Lahici, Həsəni, Şüştəri, Əbdülali, Bəyazi, Şübbər, Şahşahani, Kuhkəməri, Mühəqqiq Ərdəbili, Mühəqqiq Təbrizi, Mühəqqiq Bağdadi, Şərəfüddin Amili, Məhəmməd Cavad Müğniyə, Əllamə Bəlaği, Milani, Müzəffər, Həkim, Aştiyani, Mamaqani, Bürucerdi, Məhəllati, Fəzlullah, Lənkərani və digərlərinin, həmçinin hazırda yaşayan Şiə alimlərinin də fikirlərini qeyd edə bilərdik. Əslində, Əxbari dövrünün bir qisim alimini çıxsaq, bütün Şiə alimlərinin Quranın təhrif olunmadığına dair icma etdiklərini söyləyə bilərik. Necə ki, əxbarilərdən öncə yaşamış bəzi alimlər belə bir icma iddiasında olmuşlar. Bunun əksini, yəni Şiə alimlərinin Quranın təhrif olunduğuna dair icma etdiyini söyləmək isə elmdən bəhrəsi olmayan cahillərə yaraşar; istər əxbari olsunlar, istər Əhli-beyt məzhəbinə qarşı qərəzli mövqedə olan sələfilər, istərsə də müsəlmanlar arasında parçalanma yaratmağa çalışan qərbli şərqşünaslar.

Vüsal


1671 بازدید