Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Biz İslam Oyanışına yardımçıyıq!

Qüds Qüvvələri Livan, Suriya, İraqda...
İslam İnqilabı Keşikçiləri Korpusu baş komandanı general Məhəmməd Əli Cəfəri bir daha Qüds Qüvvələrinin ölkə xaricində İslam hərəkatlarına, xalq müqavimətinə yardımı məsələsinə toxunub. O Qüds Qüvvələrinin Livan, Suriya və İraqda fəaliyyətlərini yüksək dəyərləndirib.
26 şəhrivər imam Xomeyninin (r) SEPAH-ın quru, dəniz və hava qüvvələrinin təsisi ilə bağlı fərmanının ildönümü günüdür. General Cəfəri bu gün münasibəti ilə keçirdiyi mətbuat konfransında imamın 1364-cü ildəki (29 il öncə) fərmanını yada salaraq deyib: “İmam hiss etmişdi ki, xarici təhdidlər qarşısında dayanacaq hərbi gücə ehtiyac var və bu məqsədlə SEPAH-ın dəniz, quru və hava qüvvələrinin təsisi ilə bağlı göstəriş verdi.”
SEPAH baş komandanı sözünə belə davam edib:
SEPAH müharibə dövründə güc topladı, müharibədən sonra çətin şəraitdə öz qüvvələrini genişləndirmək və təkmilləşdirməyə başladı. Müharibə zamanı bu 3 qüvvəni lazımınca möhkəmləndirmək mümkün deyildi. Amma müharibədən sonra ayrıca 3 qurum yarada bildik.
Fədakar və bilici qüvvələrin təlaşı ilə elmi araşdırmalar aparıldı və 3 qüvvənin genişləndirilməsi sahəsində əhəmiyyətli irəliləyiş əldə olundu. Hazırda SEPAH-ın quru, hava və dəniz qüvvələrinin necə hazırlıqlı olduğu göz qabağındadır.
Düşmən də SEPAH-ın gücünü etiraf edir. Onlar yaxşı başa düşürlər ki, İslam Cümhuriyyəti və SEPAH güclü müdafiə imkanlarına malikdir.
Xarici təhdidlər qarşısında İslam İnqilabı Keşikçiləri Korpusu geniş və güclü müdafiə imkanları əldə edib.
Müharibədən ötən yetərincə vaxtda düşmən dəfələrlə müdaxilə planı cızıb. Amma SEPAH və Ordunun yüksək hərbi hazırlığı onların planlarını alt-üst etdi.
SEPAH-ın vəzifəsi inqilabın göstərişlərini yerinə yetirmək, onun məqsədlərini həyata keçirməkdir. Əsas istiqamət müdafiə gücünü artırmaqdır və bu məqsədlə 3 qüvvə yaradılıb. İnqilaba qarşı təhdidlərdən biri də kiber hücumlarıdır. SEPAH-ın bu sahəyə nəzarət edən xüsusi bölmələri var.
SEPAH tam bir qüvvə olaraq İslam Cümhuriyyəti və İslam inqilabının ideallarını qoruyur və bu yolda şəhidlərin qanına, həzrət imam və Cənab Rəhbərin göstərişlərinə borcludur.
Ümid edirik ki, hazırkı şəraitdə hərtərəfli inkişafa nail olacaq və ali məqsədlərə doğru hərəkətimizi davam etdirəcəyik.
ABŞ-ın İŞİD-ə qarşı koalisiyası haqqında nə demək olar? Cənab Rəhbər Ayətullah Xameneinin ötən günlərdə buyurduğu kimi ABŞ-ın bu addımı daha çox şou xarakterlidir. Hamı bilir ki, İŞİD ABŞ və İsrailin himayəsi ilə yaradılıb. Məqsəd müsəlman xalqları bir-birinə qarşı qoymaqdır. Qarışıqlıq yaradırlar ki, ölkələrin inkişafına, İslam inqilabı və Müqavimətə mane olsunlar.
Onların koalisiya fikri sübuta yetirdi ki, İŞİD-in bir iş görə biləcəyinə ümidlərini itiriblər. Beləcə İŞİD kimi qrupların gələcəkdə problemə çevriləcəyindən qorxurlar.
İranın bu koalisiyada iştirakı lazımdırmı? Koalisiyanın təşkilatçısı ABŞ olduğundan İran dəvət alsa da cavabımız mənfidir.
İran İslam Cümhuriyyəti İŞİD-dən qabaq da terrorçu qruplarla mübarizə aparırdı. Belə koalisiyalara çox ümid etmək olmaz. Onların mənafeləri var və İŞİD-in tam məhvinə qərar vermələri şübhəlidir.
Məzlum Fələstin xalqının 51 günlük müqavimətindən çox ötməyib. Qəzzədə xalq müqaviməti dünya imperializmi və beynəlxalq sionizmin məntəqədəki nüfuzuna zərbə oldu. Əvvəllər baş vermiş 33 günlük, 22 günlük müharibələrdə də xalq müqavimətinin nizamlı ordu qarşısında fədakarlığına şahid olduq.
Bu müqavimət bizim 8 illik müharibə təcrübəmiz və inqilabın göstərişlərindən güc alıb. Sübuta yetib ki, əliyalın xalq tanklar qarşısında dayana bilər. Müqavimət göstərdi ki, xalq iradə, iman və vəhdətlə istənilən bir ordunu məğlub edər. Fələstin Müqavimətinin imperializm qarşısında tab gətirməsinə dünya şahid oldu və bu məni sevindirir. Müsəlman və qeyri-müsəlman ölkələrdə də Müqavimət Hərəkatı genişlənməkdədir.
3 xordad kompleksi ilə maraqlanırlar. Bu kompleks müxtəlif texnologiyalar, radarlarla təchiz olunub, ölkəmizin hava sərhədlərini qoruyur. Bu kompleks həm də dünyanın ən müasir texnologiyalarından sayıla bilər. Onu SEPAH-ın adı çəkilməyən və mömin alimləri hazırlayıb.
Qarşıdan SEPAH və Ordunun böyük parad keçirəcəyi 31 şəhrivər gəlir. SEPAH bu paradda yeni istehsallar nümayiş etdirəcək. ABŞ-ın İraqın Ərbil məntəqəsində qırıcılar saxlaması bizim üçün təhlükə sayılmır. İslam Cümhuriyyəti bilavasitə təhdidləri arxada qoyub və belə təhdidlər gözləmirik. Bu işdə məqsəd İraqın şimalında kürdlərin himayəsi olub, Ərbildə bu məqsədlə mövqe tutublar.
Müxtəlif təşkilatlar, o cümlədən Pentaqonun İranın hərbi gücü ilə bağlı hesabatlarını əhəmiyyətsiz sayıram. Bizim hərbi gücümüz başqa dövlətlərin hərbi gücündən fərqli olaraq silah və hərbi texnikaya əsaslanmır. Bizim üstünlüyümüz iman, məqsəd ardınca hərəkət və qismən silah-sursatdır. Bizim müdafiə hazırlığımız böyük büdcə istəmir. Biz hamıya elan etmişik ki, məqsədimiz müdafiə imkanlarını gücləndirməkdir. Güclü müdafiəmiz olsa, düşmən təcavüz fikrinə düşməz. Müdafiəmizin güclənməsi düşməni qorxuya salır.
Amerikanın Suriya dövləti və xalqına qarşı proqramları haqqında nə demək olar? Düşmənlərin məqsədi Müqavimət Cəbhəsinə dayaq olan Suriya dövləti və xalqını səhnədən çıxarmaqdır. Onlar hər vasitə ilə Müqaviməti zəiflətməyə çalışırlar. Bəli, Suriyada müxaliflərə bu gün də yardım göstərilir. Amma Suriya ordusu vəziyyətə tam nəzarət edir. Bizim siyasi mövqeyimiz tam aydındır. Hansısa ölkəyə hərbi müdaxilə fikrində deyilik. Amma Suriya dövləti və xalqını himayə edəcəyik və ABŞ-ın terrorçulara yardımını pisləyirik. Amerikanın Suriyadakı fəaliyyətləri təcavüzkarlıq və beynəlxalq qanunlara ziddir. Onlar nə vaxtsa bu işlərinə peşman olacaqlar.
Mühüm hadisələrdən biri də sionist rejimin Qəzzəyə təcavüzü, eləcə də İran hava sərhədini pozmasıdır. Bizim cavabımız mövcud təhlükə səviyyəsi ilə nizamlanır. Təhdidlərə nöqtə-nöqtə cavab veririk. Əgər sionist rejim pilotsuz göndərdisə, bizim cavabımız onun yerə salınması oldu.

Bu gün dünya mətbuatında qovğa qoparan mövzulardan biri İraqda Amirli əməliyyatında İran hərbçilərinin iştirak edib-etməməsidir. Baş komandan general Cəfəri məsələyə belə münasibət bildirib:
Amirli əməliyyatları bir şəhərə aid deyildi, strateji yüksəkliklərə malik Həmreyn məntəqəsini əhatə edirdi. Bu yüksəklikləri ələ keçirmiş İŞİD məntəqəni nəzarətə götürmüşdü. Bu məntəqədə İŞİD-in kökü kəsildi. Bu əməliyyat İraq ordusu tərəfindən həyata keçirilən böyük bir əməliyyat idi. Əməliyyatlarda İranın rolu təlimat xarakterli idi. İran hərbi qüvvələrinin əməliyyatda iştirakına ehtiyac yox idi. Bu əməliyyat İŞİD-in tam şəkildə məğlubiyyətində böyük təsirə malikdir. İraq ordusu bu qələbədən sonra digər strateji nöqtələri nəzarətə götürə bilərlər.

SEPAH baş komandanına ünvanlanan suallardan biri sualtı qayıqların, hərbi təyyarələrin istehsalı ilə bağlı olub. General Cəfəri deyib: “SEPAH-ın ağır gəmi və təyyarələrə ehtiyacı yoxdur. Bu siyasət 20 il öncə Cənab Rəhbər tərəfindən müəyyənləşdirilib. SEPAH-ın dəniz, quru və hava qüvvələri bir-birini tamamlayır. SEPAH güclü, eyni zamanda daşınan yüngül silahlarla təchiz olunur. Digər tərəfdən SEPAH-ın döyüş üsulu klassik deyil.
Bəziləri SEPAH-ın siyasi çevrələrlə münasibəti ilə maraqlanır. Elan edirəm ki, Böyük Rəhbər Ayətullah Xameneinin göstərişi ilə SEPAH bütün dövlətləri, o cümlədən 11-ci dövləti himayə edir. Hazırda dövlət bu qənaətə gəlib ki, SEPAH-ın imkanlarını nəzərə almamaq olmaz və bu qurumla səmərəli münasibətlər güclənməkdədir.

General Cəfəridən Bəsic (könüllülər) və SEPAH-ın Qüds Qüvvələri barədə soruşulub. Cənab Cəfəri deyib: Bəsicin işi ölkə daxilində İslam İnqilabına zidd hərəkətlərin qarşısını almaqdır. Bəsic bu sahədə müvəffəqdir. Qüds Qüvvələrinin işi isə ölkə xaricində İslam hərəkatları və xalq müqavimətinə dəstək verməkdir. Qüds Qüvvələri Livan, Suriya və İraqda böyük xidmətlər göstərib. Qüdsə ən yüksək qiymət düşmənin etirafları sayıla bilər. Qüds Qüvvələri məntəqədəki müqavimətin təlimatlandırılmasında böyük uğur qazanıb.

General Cəfəri müsahibənin sonunda bir neçə maraqlı nöqtəni də işıqlandırıb:
SEPAH-ın müdafiə sahəsində fəaliyyətlərində kiber fəaliyyətlər geniş yer alır. Mütəxəssislərimiz düşmən hakerlərinin hücumlarını müvəffəqiyyətlə təsirsizləşdirir.
SEPAH xarici ölkələrdə Müqavimət Hərəkatlarına onların istəyi əsasında kömək edir. Müsəlmanların himayə və müdafiəsi bizim vəzifəmizdir.
Biz Müqavimət Hərəkatlarının istəyini cavablandıraraq onları texnologiya ilə təchiz edirik. Onlara silah vermək zərurəti yoxdur.

Nur-az.com


1227 بازدید
در حال ارسال اطلاعات...