Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Mərhum Müctəba Tehrani həya haqqında

Həya insanı çirkin işlərdən çəkindirən ilahi əmanət, hissdir. Əməldən əvvəl və sonra həyanın çəkindirici gücü var. Ruh çirkin işlə üzləşəndə insan təsəvvüründə onun surəti yaranır. Pis əməl haqqında təsəvvür insandakı həya hissini oyadır. Bu zaman həya əməlin baş verməsinin və ya onun təkrarının qarşısını alır.
Həya bir neçə qismdir. Xalqdan həya, insanın özündən həyası, mələklərdən həya və nəhayət Allahın övliyalarından həya. Amma bütün bunların fövqündə bir həya da var: Allahdan həya!
Allahdan həya mövzusunda həm mərifət, həm də tərbiyə yönlü sözlər var. Həyanın tərbiyəvi yönləri haqqında rəvayətlər çoxdur.
Bəzi rəvayətlərdə Allahın insana nəzarəti, insanın Allahın hüzurunda olmasından danışılır. Xalqdan həya odur ki, insan başqalarının gözü qarşısında pis işdən çəkinir. Əgər mərifəti artsa, mələklərin nəzarəti barədə düşünər və həya edər, utanar. Allahdan həya mövzusunda rəvayətlərdə insana təlqin olunur ki, o Allahın hüzurundadır və pis iş görməkdən utanmalıdır.
Bəzi rəvayətləri yada salaq. İmam Səccad (ə) buyurur: “Allahdan qorx, çünki O səndən güclü və sənə hakimdir.” Bəli, insan Allahın mühakiməsindən qaça bilməz. Allah günah müqabilində əzab vəd edibsə, bu əzabdan qaçmaq mümkünsüzdür. Digər rəvayətdə oxuyuruq ki, Allahdan xəcalət çək, çünki o sənə yaxındır. Burada da insanın Allahın hüzurunda olmasına işarə edilir.
Ələq surəsinin 14-cü ayəsində və başqa bir sıra ayələrdə Allahın insanı gördüyü, ondan xəbərdar olduğu bildirilir. Vaqiə surəsinin 85-ci ayəsində buyurulur ki, insan görməsə də, Allah onu görür. İnsanın batin gözü kordur, bu səbəbdən Allahı görə bilmir. Allahı görmək üçün mərifət, bəsirət lazımdır.
Yunis surəsində oxuyuruq ki, insanın gördüyü bütün işlərdən Allah xəbərdardır. (ayə 61) İnsanın əməlləri Allahın hüzurundadır. Burada əməl deyiləndə həm batini, həm də zahiri əməllər nəzərdə tutulur. Allahın elmi insanın batinini də əhatə edir. Allahın xəbərdarlığında istisna yoxdur.
Rəvayətlərdə nəql olunur ki, həzrət Peyğəmbər (s) bu ayəni oxuyanda möhkəm ağlayardı. Ayə çox aydındır. Bu rəvayətlər insanın Allahdan həyasına aid rəvayətlərdir.
Başqa bir qrup rəvayətlərdə Allahın insanı görməsi, onun hüzurundan danışılır. Xalqdan həya dedikdə göz qabağında həya nəzərdə tutulur. Əgər insanı görən yoxsa, belə bir həya da yaranmır. Allahdan həya xalqdan həya kimi deyil. O zaman və məkanla məhdudlaşmır. Rəvayətlərdə oxuyuruq ki, sirlərinizə görə Allahdan xəcalət çəkin. Yəni Allah üçün gizli və aşkar yoxdur, hər şey məlumdur. İnsan xalqın gözü qarşısında pis işdən utanırsa bu işə görə bütün hallarda Allahdan utanmalıdır. Çünki Allah onu həmişə görür.
Xalqdan həyanın mərtəbələri var. İnsan bəzilərindən utanır, bəzilərindən yox. Əgər baxan insanın təsir imkanları böyüksə insan onun qarşısında pis işə cürət etmir. Amma bəzən baxan adama əhəmiyyət verməyib, pis işini davam etdirir. Allahdan həya iki baxımdan araşdırıla bilər. Biri Allahın insanın nəzərində hansı məqamda olmasıdır. İkincisi Allahın cəzasıdır. Bəzən deyirlər ki, filankəs öz adamımızdır, onun yanında hər iş görmək olar. Bəzən də kənar adam gördükdə onu tanımadıqlarından pis işdən çəkinirlər. Demək, həya, utanıb-çəkinmək məqama yox, raksiyaya görədir. Məqama görə utanmaq odur ki, insan üçün biri çox əzizdir və o öz əzizinin qarşısında pis iş görmək istəmir. Reaksiyaya görə utanmaq odur ki, insan pis işinə görə cəzadan qorxur. Burada yaxın-uzaqlıq şərt deyil. İnsan bəzən yaxın, bəzən uzaq adamdan çəkinir. Münasibəti təyin edən qarşı tərəfin pis işə reaksiyasıdır.
Rəvayətlərdə bildirilir ki, Allahdan həya həm məqam, həm reaksiyadan doğa bilər. Bəzən insanın nəzərində Allah hamıdan böyük və əzizdir. Bu mərifətə sahib insan heç vaxt günaha yol vermir. Necə ki, əziz insanların qarşısında günahdan çəkinir. Bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “Allahdan utan, necə ki, yanında hörməti olan qonşudan utanırsan.” Bəzən insanın qonşusu onun özündən də pisdir. Kimsə belə qonşudan utanmır. Bəzən isə böyük bir şəxsiyyət insanın qonşusu olur. İnsan qonşu eşidər, görər deyə pis işdən çəkinir. Həzrət Peyğəmbər (s) yuxarıdakı rəvayətdə məsələni son həddə sadələşdirir. Bu rəvayəti oxuyan hər bir insan nəticə çıxarır ki, Allaha ehtiramı olan biri onun qarşısında günaha yol verməz. Əgər Allahın hüzurunda zərrəcə xəcalər çəkmədən günaha gedirsənsə ən azı bu hərəkət Allahı saymamaqdır.
Həzrət Əli (ə) buyurur ki, ən üstün həya Allahdan həyadır. Bu ayrıca bir mövzudur və insanın mərifəti ilə bağlıdır.
Bir qrup rəvay