Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2014

İctimaiyyət Hacı Mövsüm Səmədova qarşı təzyiqlərə etiraz etdi

Xəbər verdiyimiz kimi, Hacı Mövsüm Səmədov 12 saylı həbsxanaya köçürülən kimi ona qarşı xüsusi cəza rejimi tətbiq edilib. O, ilk öncə 5 sutka “kars” cəzası alıb. Onun “kars” cəza müddəti sentyabr ayının 24-ü 7 sutka daha artırılıb. Onu da qeyd edək ki, Hacı Mövsüm Səmədov həbsxana rəhbərliyinin ona qarşı bu cür münasibətinə etiraz olaraq, aclıq aksiyası keçirir.

İslamazeri.az saytı , Azərbaycanın tanınmış ictimai-siyasi şəxslərindən münasibət öyrənməyə çalışıb.

Milli Şuranın sədri professor Cəmil Həsənli saytımıza bu barədə bildirdiyi münasibətində qeyd edib ki, “Pozulan ən əsas Hacı Mövsüm Səmədovun hüquqlarıdır. Hacı Mövsüm öz fəaliyyətinə görə həbs olunub. Onun cinayət işi ilə mən yaxından tanışam. Orada heç bir cinayət tərkibi yoxdur. Sadəcə olaraq, Azərbaycan rəhbərliyini tənqid etdiyinə görə, qurama ittihamlarla həbs olunub. Mən bildiyim qədər, çox əqidəli və imanlı insandır. Öz prinsiplərinə sadiq insandır və Hacı Mövsüm kimi mömin bir insanı saxta ittihamlarla həbs etmək həm Azərbaycan qanunlarına, həm də Allahın göndərdiyi Qurani Kərimə, şəriət qaydalarına yerli-dibli və kökündən ziddir. Hacı Mövsümə qarşı cəzaçəkmə yerində nə baş verirsə, məqsədli şəkildə həyata keçirilir. Bunu qəsdən törədirlər. Sadəcə olaraq Hacı Mövsüm Səmədov çox iradəli adam olduğu üçün, imanlı olduğu üçün bütün baş verənlər onun iradəsini sındıra bilmir.“

Ölkənin tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov hadisə ilə əlaqədar olaraq bildirib ki, “Mən bilirəm ki, “kars”a salınanlar qayda-qanunu ciddi şəkildə pozan insanlardır. Amma mən inanmıram ki, Hacı Mövsüm Səmədov elə bir qanun pozuntusuna yol versin. Ona görə mən Hacı Mövsüm Səmədova qarşı edilən istənilən haqsızlığı pisləyirəm.“

“El Hərəkatı”nın sədri Eldar Namazov Hacı Mövsümə qarşı baş verənləri pisləyərək deyib ki, ”Azərbaycanda siyasi baxışlarına görə həbs olunan insanlara qarşı dəfələrlə haqsızlıqlar olub. Hacı Mövsüm Səmədov da siyasi baxışlarına görə təzyiqə və həbsə məruz qalan insanlardan biridir. Bu cür şəxsləri “kars”a salırlar, onlara fiziki təzyiq edirlər. Təbii ki, biz bunların hamısını pisləyirik. Bu problem tezliklə öz həllini tapmalıdır. Azərbaycanda bu qədər siyasi məhbusun olması artıq bütün dünyanın diqqətini özünə cəlb edib. Bu barədə bütün beynəlxalq qurumlarda müzakirələr gedir. Hətta BMT-nin baş assambleyasında bu barədə müzakirələr gedir, fikirlər səslənir. Mən hakimiyyəti problemlərin hamısının həll olunmasına çağırıram. Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyəti arasında tamam başqa münasibətlər qurulmalıdır. Bu günkü təqiblərlə, repressiyalarla hakimiyyət cəmiyyətdə gərginliyi bir az da artıracaq.

Azərbaycan İslam Partiyasının sədr əvəzi, Hacı Elçin Manafov bildirib ki, “Biz Ədliyyə Nazirliyinə və penitensiar xidmətə etirazımızı bildirmişik və müraciət etmişik. Bununla bağlı ətraflı açıqlama versinlər. Hacı Mövsüm Səmədov 11 saylı CÇM-dən 12 saylı CÇM-nə yeni köçürülmüşdü. Elə gedən kimi 5 gün müddətinə “kars”a salıblar. Biz Hacı Mövsüm Səmədovla görüşmək üçün 11 saylı CÇM-nə müraciət etmişdik. Orada dedilər ki, yoxdur burada. Bir müddət beləcə Hacı Mövsümün 12 saylı CÇM-nə köçürülməsini bizdən gizlətdilər. Daha sonra Anar Qasımlı vəkil kimi öz hüquqlarından istifadə edərək müraciət etdi ki, Hacı Mövsüm Səmədov haradadır? Dedilər ki, 12 saylı CÇM-nə köçürülüb. Sonra getdik ki, onunla orada görüşək. Dedilər ki, “kars”dadır. Bilirsiniz ki, əvvəlcədən Hacı Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov da oradadır. Vəkil əvvəlcədən bildi ki, ola bilər Hacı Mövsümün yanına buraxmazlar, ona görə ehtiyat üçün Dəyanət Səmədova da eyni zamanda görüş istəmişdi. Hacı Mövsümlə görüşə şərait yaratmadılar, amma Dəyanət Səmədovla vəkilə görüş verdilər. Dəyanət Səmədovun özünə də 3 günlük “kars” cəzası veriblər. Səbəbi də budur ki, gecə namazı qıldığı üçün “kars” cəzası alıb. Dəyanət Səmədov əvvəllər namaz qılan deyildi. Sonradan həbsxana şəraitində hidayət olub, Allaha ibadətə başlayıb. İndi də orada gecə namazı qıldığı üçün cəza alıb. O, bundan əlavə deyib ki, Hacı Mövsüm Səmədovla gələn gün görüşüblər, amma sonra da “kars”a saldılar və ondan xəbərim olmadı. Bu günlərdə eşitdik ki, “kars” cəzasına 7 gün əlavə ediblər. bunu Penitensiar xidmətin mətbuat şöbəsindən dəqiqləşdirdik. Təsdiqlədilər ki, bəli artırılıb. Biz bu məsələ ilə bağlı mətbuatda yayıldığı kimi, rəsmi qurumlara müraciət ünvanlamışıq. Biz tələb edirik ki, açıqlama versinlər və tezliklə bu haqsızlıqlara son qoysunlar. Fikrimizdə olan budur ki, bütün instansiyalara müraciət edək, sivil yolla mübarizəmizi aparaq, bütün qanuni yollardan istifadə edək. Yəni hara qədər lazımdırsa, bütün qanuni vasitələrdən istifadə edəcəyik.”

Nardaran kənd ağsaqqalı, tanınmış ictimai-siyasi fəal Kərbəlayi Natiq Kərimov qeyd edib ki, “Biz şərlənmiş bütün məhbusların haqlarını tələb etmişik və bu gün də tələb edirik. Alim və təqvalı bir insan olan Hacı Mövsüm Səmədovu “kars”a salmaq və sonradan “kars” müddətini 7 gün uzatmaq artıq insanlıqdan uzaq olan bir şeydir. Hacı Mövsüm həyatı ilə mücadilə edir. O, mücadiləsini heç vaxt yerə qoymayacaq. Mən onu çoxdan tanıyan insan kimi deyirəm. Hacı Mövsüm Səmədov onların dediyinə heç vaxt boyun əyməyəcək. Ona görə də Hacı Mövsümə qarşı bu cür addımlar atırlar. Onu aparıb salıblar dünyanın o başında olan 12 saylı CÇM-nə. İnsanları əziyyətə salmaq üçün uzaq yerə göndəriblər. Mən çox təəssüf edirəm ki, islamçılar bu gün bir paranı çəkir bir tərəfə. Ona görə də bunlar inanclılara qarşı bu cür addımlar atırlar. Həm də bu hadisələrin AŞPA sədrinin səfəri ərəfəsində baş verməsi onların insan haqlarına olan münasibətini göstərir. Bu nə Allaha xoş getməyən məsələdir, nə də insanlığa. Allah Hacı Mövsüm Səmədova kömək olsun, onun qapısını açsın tezliklə inşallah.”

Tanınmış kinorejissor, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev vurğulayıb ki, “Bu hakimiyyətin nahaqdan şərlənərək həbs olunan Azərbaycan İslam Partiyasının sədri Doktor Mövsüm Səmədova qarşı növbəti təxribatıdır. Bu təxribat Hacı Mövsüm Səmədovdan daha çox, kənarda olan, lakin həbsdə olmayan inanclı insanlara qarşı yönəlib. Onları susdurmağa yönəlib. Bu da heç kimə baş ucalığı gətirmir. Hacı Mövsüm Səmədov imanlı, əqidəli bir insandır. Məni bu işdə ən çox təəccübləndirən Azərbaycan İslam Partiyasının indiki rəhbərliyinin susmağıdır. Öz sədrlərinin şərlənib həbs olunması, həbsxanada “kars”a salınması və bunların susmağı mənim anlamadığım məsələdir. Mən bunları başa düşmürəm. Bu hansı səbəbdən belə olur, bunun psixoloji kökü nədədir. Hesab edirəm ki, bu gün inanclı insanlar kifayət qədər öz aralarından qurban veriblər. Həbsxanalarda inanclı insanlar qədər heç bir siyasi partiyanın nümayəndəsi yoxdur. Ona görə hamı səsini çıxarmalıdır, hamı öz sözünü deməlidir. Bu haqsızlıqdır. Həm də ki, çox gülüncdür ki, dindarların bir çoxu bu gün narkotik və qanunsuz silah saxlamaq ittihamı ilə tutulur. Hesab edirəm ki, tutulan hər bir inanclı şəxs vicdan məhbusu kimi dəyərləndirilməlidir.”


1142 بازدید