Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

Bağışlanmayan günah varmı?

Sual : Ruhlarla əlaqə saxlamaq mümkündürmü?
Cavab:
«Fatir» surəsinin 22-ci ayəsində buyurulur: «Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah (haqq sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən».
Bədr döyüşündə öldürülmüş kafirlərə müraciətlə danışan Peyğəmbər (s), Ömərin etirazı ilə qarşılaşdı. Həzrət (s) «onların ki, ruhu yoxdur» deyən Ömərə belə cavab verdi: «Mənim dediklərimi siz onlardan yaxşı eşitmirsiniz. Sadəcə, onların cavab vermək qüdrəti yoxdur». («Ruhul-bəyan»)
Bütün müsəlmanlar namazın sonunda peyğəmbərə salam göndərirlər. Dünyasını dəyişmiş insanın cəsədinə «la ilahə illəllah» təlqin edilir. Bütün bunlar mötəbər hədislərə əsasən icra olunur. Əgər dünyasını dəyişmiş insan bizi eşitmirsə, hansı əsasla ona salam göndərməli və ya təlqin etməliyik?!
«Nəhcül-bəlağə»də ölülərin ruhu ilə əlaqəyə işarə olunur və həzrət Əlinin (ə) möminlərin ruhu ilə danışdığı bildirilir.
Ölmüş insanın dünya həyatı ilə əlaqəsi kəsilsə də, Allahın iradəsi ilə belə bir əlaqə mümkündür.

Sual : Qurani-kərimin 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?
Cavab:
Bu surə «ya» və «sin» müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: «Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, «sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən». Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun». («Məcməul-bəyan»)
Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!

Sual : Yuxuya əməl etmək olarmı?
Cavab:
Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
İbrahim Peyğəmbər (ə) oğlu İsmayıli gördüyü yuxuya əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
Peyğəmbərlər bir sıra məsələlərdə, eləcə də yuxu məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi yuxular görür, bəzən isə vəhyi yuxu vasitəsi ilə qəbul edirlər. Bəzi rəvayətlərdə İbrahimin uyğun yuxunu üç gecə ardıcıl gördüyü nəql olunur.
Başqa bir rəvayətdə nəql olunur ki, şeytan İbrahimə, «gördüyün yuxu şeytani yuxudur» deyə vəsvəsə edirdi. Amma İbrahim əmin idi ki, peyğəmbərlər şeytani yuxu görmürlər.
Demək, adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.

Sual : Quran möminləri qələbə ilə müjdələdiyi halda, nə üçün bəzi möminlər şəhadətə yetişir?
Cavab:
«Qələbə» sözünün mənası olduqca genişdir. «Səffat» surəsinin 172-ci ayəsində möminlərə belə bir vədə verilir: «Onlar mütləq qalib gələcəklər». Bəs nə üçün imam Hüseyn (ə) Kərbəla vaqiəsində şəhadətə yetişdi? Şəhadəti məğlubiyyət hesab etmək olarmı?
Təsəvvür edin ki, bir peyğəmbər düşmənlə döyüşdə şəhadətə yetirilib. Amma onun dini cəmiyyəti öz təsiri altına alaraq, batil əqidələrə qalib gəlib. Diqqət etsək görərik ki, həmin peyğəmbər əslində qalib gəlmişdir. Qələbə bir insanı yox, onun əqidəsini sındırmaqdır. Bəli, imam Hüseyn (ə) Kərbəlada qətlə yetirildi. Lakin bütövlükdə Kərbəla vaqiəsi İslamın taleyində tarixi dönüş nöqtəsinə çevrildi.
Qələbənin digər bir növü, tədrici qələbədir. Belə bir qələbə əsrlərcə davam edən mübarizədən, neçə-neçə nəsillərin şəhadətə yetişməsindən sonra əldə edilir.
Ən əsas nöqtələrdən biri isə, əbədiyyət məsələsidir. Yəni dünya səadəti axirət səadəti demək deyildir. 70 illik bir ömürü xoşbəxt yaşayan insanı, xoşbəxt adlandırmaq olmaz. Əsl xoşbəxtlik axirət xoşbəxtliyidir. Əgər imam Hüseyn (ə) şəhid olaqla behiştə gedirsə, demək qalib gəlir. Yox, onu qətlə yetirən Şimr cəhənnəm oduna bələnirsə, demək əslində məğlub olur.

Sual : Gözdəymə həqiqətdirmi?
Cavab:
Bir çox insanların gözündə xüsusi bir təsir olduğu barədə gəzən söz-söhbətlərdə həqiqət varmı? Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir». («Məcməül-bəyan», 10-cı cild, səh. 341)
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...». («Yusif» surəsi, ayə 67) Həzrət Əli (ə) buyurur: «Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gödəymə duası hazırlamışdı». («Nurus-səqəleyn», 5-ci cild, səh. 400) Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil.

Sual : Bağışlanmayan günah varmı?
Cavab:
«Zumər» surəsinin 53-cü ayəsində buyurulur: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!».
Bu ayənin nazil olma səbəbi kimi, bəzi təfsirçilər Vəhşinin dastanını göstərirlər. Vəhşi həzrət Peyğəmbərin (s) əmisi Həmzənin qatilidir. Özünü hər zaman Peyğəmbərə (s) sipər etmiş Həmzə, Vəhşi tərəfindən namərdliklə qətlə yetirilmişdi.
Zaman keçdi.