Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2014

İm. Rizanın (ə) hərəmi hövzəsində dəfn edilən alimlər

Müqəddəs Məşhəd şəhərində İmam Riza (ə) hərəminin yerləşdiyi torpaqlar 8-ci imam burada dəfn edilən gündən Əhli-Beyt (ə) ardıcılları, dünyanın ədalətsevər insanlarının diqqət mərkəzində olmuşdur. İmamın dəfnindən sonra bu məkan həm də elm ocağı kimi fəaliyyət göstərmişdir. Böyük elmi şəxsiyyətlər, fəqihlər və hədis alimləri imamın məzarı civarında elm tədrisinə məşğul olmuş, bu məkanı bir hövzəyə çevirmişlər həqiqi din alimləri Allahın böyük nemətlərindəndir. Onlar öz bərəkətli ömürlərini İslam dininə xidmətə sərf ediblər. Başqaları şəxsi həyatını qurduğu zaman həqiqi din alimləri İslamın dünyaya yayılması istiqamətində fəaliyyət göstərib, Əhli-Beyt (ə) məktəbini yaşadıblar. Müqəddəs Məşhəd şəhərinin dünyada tanınmasının ikinci səbəbi bu hədis alimləri, təfsirçilər və fəqihlərdir. Müqəddəs Məşhəd mədəniyyətinin yaranmasında onların misilsiz rolu var. Bu alimlərin bir qismi imamın məzarı civarında, hərəm hövzəsində dəfn edilib. Onlardan bəzilərini xatırlayırıq...

***

Şeyx Həsənəli İsfahani

Hacı Şeyx Həsənəli İsfahani Noxudəki adı ilə məşhurdur. Alim hicri-qəməri 1279-cu il, zilqədə ayında İsfahanda dünyaya gəlib. İlk təhsilini atası Molla Əlidən alıb. Seyr-süluk yolunda Hacı Mirza Sadiqin elmindən bəhrələnib. Fiqh və üsulu Axund Molla Məhəmməd Kaşanidən öyrənib. Əqli və fəlsəfi elmlərə sahib olduqdan sonra mühacirət edib, Nəcəf şəhərində mənəviyyatını kamilləşdirib, kəramət sahibi olub. Sonra İsfahana, daha sonra Məşhədə köçüb. Müqəddəs Məşhəd şəhərində mükaşifə deyilən kəşf-kəramət dərəcəsinə çatıb. Bu səbəbdən İmam Rizanın (ə) civarında olmağı özünə zəruri sayıb. Bu böyük alim hicri-qəməri 1361-ci ildə 82 yaşında dünyasını dəyişib, İmam Rizanın (ə) hərəmində Abbasi eyvanının cənubunda, İnqilab səhnəsinin şimal guşəsində dəfn olunub.

Şeyx Bəhai

Bəhauddin Məhəmməd İslam dünyasında Şeyx Bəhai adı ilə tanınır. Əsil-nəcabət baxımından həzrət Əlinin (ə) yaxınlarından olan Haris Həmədani soyuna aiddir. Böyük şiə alimi, fiqh bilicisi, təfsirçi, hədisçi, filosof, riyaziyyatçı, mütəkəllim və ədəbiyyatçı kimi tanınır. Şeyx Bəhai hicri-qəməri 953-cü ildə Livanın Cəbəl Amil məntəqəsində Bəəlbək kəndində anadan olub. Şeyx uşaqlıq dövründə Şəhid Saninin müridlərindən sayılan atası İzzəddin Hüseyn ibn Əbdüs-Səməd ilə İrana gəlib, atasından və dövrün Molla Əli Məhzəb, Molla Abdullah Yəzdi, Molla Əfzəl Qaini kimi alimlərindən dərs alıb. Elmin müəyyən mərtəbəsinə çatmış Şeyx Bəhai Qəzvin səfərində şeyxulislam Əli Minşarın qızı ilə evlənib. Şeyxin ölümündən sonra Şeyx Bəhai şeyxülislam məsuliyyətini daşıyıb. Elmi, ictimai-siyasi fəaliyyətləri kənarında tədris və araşdırma ilə məşğul olub. Ağır təlaşları sayəsində iman və elmdə yüksək məqama çatıb. Şeyxin həyat yoldaşı da elm və fəzilət sahibi olub. Öz dövründə qadınlara fiqh və hədis tədris edib. Şeyx Bəhai seyr-süluka maraq göstərdiyindən vəzifə və dəbdəbəli həyata arxa çevirərək sadə həyat tərzini seçib. Səfərə maraqlı olan Şeyx əvvəllər atası ilə, sonradan tək Azərbaycan, Misir, Şam, İraq, Fələstin, Hələb, Məkkə və Mədinə səfərlərində olub. Səfər boyu böyük şəxsiyyətlərin sorağında olub və onlardan bəhrələnib. İranda olduğu zaman ümumi təqlid mərcəsi kimi tanınıb, ömrünü dəyərli şagirdlərin tərbiyəsinə və elmi əsərlərə sərf edib. Molla Sədra kimi böyük filosoflar onun hüzurunda elm öyrənib. Şeyx Bəhai dini elmlərlə yanaşı cəbr və həndəsə, ədəbiyyat və digər sahələrdə dəyərli əsərlər yazıb. Şeyx Bəhainin ədəbi zövqü olub, nəsr və nəzm əsərləri yaradıb. İraqi üslubunda yazdığı əsərlər müasirlərinin əsərlərindən üstündür. Məsnəviye-mənəvi vəznində yazdığı 380 beytlik “nan və həlva” əsəri hikmət, irfan və moizələrlə zəngindir. Başqa bir əsəri 154 beytlik “şir və şəkər” əsəridir. Bu əsərlərdən əlavə qitələri, rübailəri və qəzəlləri var. Şeyx Bəhai təcrübi elmlər sahəsində də uğur qazanıb. Onun “xülasətul-hesab” əsəri riyazi məsələlərdən bəhs edir. Şagirdləri bu kitaba geniş şərhlər yazıblar. Şagirdi Mötəməduddövlə Fərhad Mirza hicri-qəməri 1256-cı ildə ustadın əsərinə “Kənzul-hesab” adlı şərh yazıb. Şeyx Bəhai Səfəvilər dövründə yaşayıb və bütün ömrünü elmə, siyasət və qəzavətə həsr edib. İsfahana su gətirilməsi, Zərrin kanalı, necə qızdırıldığı müəmma olan İsfahan hamamı Şeyx Bəhainin memarlıq işlərindəndir. Şeyx Bəhai hicri-qəməri 1008-ci idə Şah Abbasla birlikdə Məşhədə gəlir və hərəmin yaxınlığında kiçik bir ev alır. Vəsiyyət edir ki, harada vəfat etsə, onu bu evə gətirib İmam Rizanın (ə) civarında dəfn etsinlər. Şeyx Bəhai hicri-qəməri 1031-ci ildə İsfahanda dünyasını dəyişir, onun cənazəsini Məşhədə gətirib İmam Rizanın (ə) hərəmi hövzəsində dəfn edirlər.

Qulamhüseyn Təbrizi

Hacı Şeyx Qulamhüseyn Təbrizi hicri-qəməri 1303-cü ildə Şəbüstər kəndlərindən birində dünyaya göz açıb. Müqəddimə elmləri Ayətullah Hacı Mirza Həsən Ənəgcidən öyrənib. Ustadın xaric bəhslərindən də bəhrələnib. Sonra Nəcəfə gedib Axund Məhəmmədkazim Xorasani, Şəriət İsfahani kimi böyük şəxsiyyətlərin elmindən bəhrələnib. İctihada çatandan sonra Təbrizə qayıdıb, imam camaat kimi dini vəzifələrinə əməl edib. Dövrün hakimiyyəti tərəfindən təqib olunan şeyx 8 ay gizli yaşadıqdan sonra Məşhədə hicrət edib. Məşhəddə fiqh və üsul tədris edir, Gövhərşad məscidində cümə namazı qılır. İslam inqilabının qələbəsindən sonra Gövhərşad məscidində fəaliyyətlərini davam etdirir. Hicri-qəməri 1400-cü ildə dünyasını dəyişir, Darussəlam salonunun şimalında dəfn edilir. Alimdən 15-ə yaxın dəyərli elmi əsər yadigar qalıb.

Məhəmmədtəqi Cəfəri

Ustad Məhəmmədtəqi Cəfəri hicri-qəməri 1304-cü ildə Təbrizdə doğulub. İbtidai təhsilini başa vurub Talibiyyə mədrəsəsində müqəddimə elmlərin təhsilinə məşğul olur. Təhsilini davam etdirək üçün Tehrana yola düşür, Ayətullah Şeyx Məhəmmədriza Tənkabuni və Mirza Mehdi Aştiyaninin elmindən bəhrələnir. Sonra Qumda il yarım İmam Xomeyninin (r) dərslərində iştirak edir. Hacı Mirzaməhəmməd Feyz, Seyid Məhəmmədtəqi Xansari, Höccət Kuhkəmreyi kimi böyük şəxsiyyətlərin sinfində əyləşir. Ayətullah Mirza Fəttah Şəhidinin tövsiyəsi ilə Nəcəfə gedir. Nəcəfdə fiqh və üsul xaric səth dərslərini Şeyx Məhəmməd Kazimi Şirazidən öyrənir. Fəlsəfəni Şeyx Qəfqazi və Şeyx Murtəza Taliqanidən kəsb edir. Nəcəfdə Ayətullah Xoyinin dərslərinin bir hissəsini ərəb dilində qələmə alıb çap edir. Əllamə Cəfəri hicri-qəməri 1337-ci ildə İrana qayıdır, Məşhəddə bir il qalıb Ayətullah Milaninin elmindən bəhrələnir. Bu böyük filosof tədrislə yanaşı elmi araşdırma sahəsində dəyərli işlər görür. Elmi araşdırmalara müstəsna eşqi olan alim dəyərli əsərlərin müəllifidir. Böyük alim İslami Düşüncə Mərkəzi tərəfindən dünyaya təqdim olunan ilk şəxsiyyətdir. Böyük filosof və ədib Əllamə Cəfəri 1377-ci il aban ayının 24-də ağır xəstəlik keçirib dünyasını dəyişir. Tehranda əzəmətli əzadarlıq mərasimindən sonra Məşhədə gətirilir və Daruzzöhd salonunun şimal guşəsində dəfn edilir.

Şeyx Hürr Amili

Şeyx Hürr Amili adı ilə İslam dünyasında şöhrət qazanmış Məhəmməd ibn Həsən hicri-qəməri 1033-cü il, rəcəb ayının 8-də Livanın Cəbəlamil məntəqəsinin Məşğərə kəndində doğulub. Onun əsil-nəsəb baxımından Hürr ibn Yəzid Riyahi soyundan olduğu deyilir. Bu Mühəddis Qumminin fikridir. Şeyx Hürr Amili müqəddimə dərslərini, Quranı atası və ana-babasından öyrənir. Sonra atasının dayısı Şeyx Əli ibn Mahmudun elmindən istifadə edir. Daha sonra təhsilini davam etdirmək üçün Şəhid Saninin nəvəsi Şeyx Zeynəddin Mahmud və əmisi Şeyx Züheyrdən təhsil alır. 40 yaşında ikinci dəfə Həcc səfərinə gedir, sonra Xorasana köçür. Belə məlumat var ki, Şeyx Hürr Amilinin mühacirətinin səbəbi Livanda dini durumun gərginliyi, İranda Səfəvilərin şiəliyi himayə etməsi olur. Bir sözlə, Şeyx Hürr Amili ömrünün sonunadək Məşhəddə yaşayır. Onun Məşhədə gəlişi və Məşhəddə yaşadığı dövrü 2-ci Şah Abbas və onun oğlu Şah Süleymanın dövrünə təsadüf edir. 26 il Məşhəddə yaşayan Şeyx Hürr Amili dəyərli şagirdlər tərbiyə edir, bir müddət şeyxülislam və qazi vəzifələrini icra edir. Şeyx Hürr Amili Məşhəddən Həcc ziyarətinə gedir, geri dönərkən İsfahanda Məhəmmədbaqir Məclisinin qonağı olur. Şeyx Hürr Amili ağır tədris kənarında 20-yə qədər risalə və kitab yazır. Ən məşhur əsəri “Vəsailuş-şiə” hədis toplusudur. Bu kitab 30 cilddən ibarətdir. Alim əsər üzərində 20 il çalışmışdır. Bu kitabda tələbə və araşdırmaçılar üçün faydalı hədislər toplanmışdır. Şeyx Hürr Amili dini elmlərlə yanaşı riyazi biliklərə malik olmuş, 20 min beytlik mənzumə yazmışdır. Alim hicri-qəməri 1104-cü il ramazan ayının 21-də 71 yaşında dünyasını dəyişmiş, İmam Riza (ə) hərəminin İnqilab səhnəsinin şimal guşəsində dəfn olunmuşdur. Şeyx məzarı İslam İnqilabından sonra Mirza Cəfər mədrəsəsi ilə birlikdə yenidən qurulmuş, mərmərlə üzlənmişdir.

Seyid Əbdülkərim Haşiminijad

Güclü xətib, mücahid alim höccətülislam vəlmüslimin Seyid Əbdülkərim Haşiminijad inqilab tarixinin tanınmış simalarındandır. Seyid Haşiminijad şəmsi 1311-ci ildə Buşehrdə doğulub. Müqəddimə təhsilini Ayətullah Kuhestanidən alıb, sora Quma gələrək Ayətullah Bürucerdi və Ayətullah Xomeyninin elmindən bəhrələnib. Daha sonra Məşhədə qayıdaraq təbliğ və tədrislə məşğul olub. Zalım Pəhləvi rejiminə qarşı aramsız mübarizə aparan Seyid Haşiminijad dəfələrlə həbs olunub, SAVAK-ın işgəncələrinə məruz qalıb. Mübariz ruhani şəmsi 1360-cı il mehr ayının 7-də xəyanətkar Münafiqlər qrupu tərəfindən şəhadətə çatdırılıb, İmam Riza (ə) hərəminin Darus-səlam salonunun şimal-şərq guşəsində dəfn edilib.

Hərəm hövzəsində dəfn edilən alimlər:
شیخ طبرسی (از فقهای شیعه قرن ۶ هجری)
شیخ بهایی (دانشمند عصر صفوی)
حر عاملی (از فقهای شیعه قرن ۱۱ هجری)
شیخ حسنعلی اصفهانی (معروف بخ نخودکی از اعلمای سده ۱۳ قمری شیعه)
غلام‌حسین تبریزی (از عالمان شیعه و امام جماعت مسجد گوهرشاد)
علامه محمد تقی جعفری
سید عبدالله شیرازی (مرجع تقلید)
غلامرضا طبسی (خطیب شیعه)
سید عبدالکریم هاشمی‌نژاد (مجتهد و مبارز انقلاب اسلامی ایران)
سید محمدهادی میلانی (مرجع تقلید شیعیان)
محمدتقی آملی (فقیه شیعه)
سید احمد خسروشاهی (فقیه شیعه)
شیخ جعفر مجتهدی (عارف شیعه)
مجتبی قزوینی خراسانی (مجتهد شیعه)
هاشم قزوینی (مدرس و عالم شیعه)
علی‌اکبر نهاوندی (نویسنده و عالم شیعه)

Nur-az.com


1140 بازدید
در حال ارسال اطلاعات...