Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2014

Ərəfatda bağışlanmayan günah var?

İmam Səccad (ə) Ərəfə günü dilənən şəxsə buyurdu: “Vay olsun sənə! Belə bir gündə Allahdan qeyrisinə əl açırsan?! Bu gün bətndəki körpələrə səadət müjdəsi verilir. Ərəfatda Allahdan qeyrisinə əl açan zərərə düşür.”

Həzrət Əli (ə) Ərəfat səhrasında qalmağın sirri barədə buyurur: “Ərəfat hərəm hüdudlarından xaricdir və Allah qonağı qapıdan çöldə yalvarışla hərəmə daxil olmaq ləyaqətinə çatmalıdır. Bəli, Ərəfatın əsrarəngiz ruhiyyəsi var. Ərəfə gecəsi və gününün xüsusi duaları var və bu dualar həmin günün müstəsna fəzilətlərindəndir.
Peyğəmbərlər Kəbə evinin paklığı üçün qiyam qaldırıb. Allah bu pak evdə pak qonaqları qəbul edir. Bu səbəbdən qonaqlar Ərəfatda günahlarını etiraf etməklə paklanırlar. Ərəfatın sirri çoxdur. Onlardan bəziləri hədislərdə nəql olunub. Zəvvar Ərəfatda ona görə qalır ki, dini təlim və ilahi sirlərdən xəbərdar olsun. Bu dayanışda zəvvar başa düşür ki, Allah onun bütün ehtiyaclarını bilir və onları aradan qaldırmağa qadirdir. Ərəfatda olan bəndə özünü Allaha tapşırmalı, yalnız ona itaət etməlidir. Bütün ehtiyacların təmini Ona itaətdədir.
İmam Səccad (ə) Ərəfə günü dilənən şəxsə buyurdu: “Vay olsun sənə! Belə bir gündə Allahdan qeyrisinə əl açırsan?! Bu gün bətndəki körpələrə səadət müjdəsi verilir. Ərəfatda Allahdan qeyrisinə əl açan zərərə düşür.” İmam Səccad (ə) Ərəfə günü başqalarına əl açanları ən pis bəndə kimi yad edir.
Həcc zəvvarı Ərəfatda mərifətə çatmalı, arif olmalıdır. Allah onun qəlbindən, sirlərindən, düşüncələrindən agahdır. Bəndə bəndə qarşısında günahını etiraf edə bilməz. Günahlar yalnız Allah qarşısında etiraf olunur. Taha surəsinin 7-ci ayəsində oxuyuruq: “(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir.” Əgər insan inansa ki, onun qəlbi Allahın hüzurundadır, özünü günah çirkabına batırmaz. İmam Səccad (ə) buyurur: “Ərəfə günü günortadan sonra və onuncu gün günorta vaxtı hacılar Minada olur. Allah-Taala mələklərə buyurur: “Bu insanlar böyük çətinliklərlə uzun yol adlayıb gəlmiş bəndələrimdir. Onlar çox ləzzətləri özlərinə haram edib, Ərəfat və Mina səhrasının qumları üstə yatıb, üzləri toz-torpağa bulaşıb. Onlar acizliklərini bildirirlər. Sizə onları görmək icazəsi verdim.” Yalnız bundan sonra mələklər Allahın izni ilə bəndələrin qəlbindəki sirlərdən xəbər tutarlar.
Bəli, insanın iftixarı Allaha bəndəlikdə, ona itaətdə olmaqdır. Amma Allah-Taala həqiqi Kəbə zəvvarlarına öz sevgisi ilə öyünmək iftixarı verir. Həzrət Əli (ə) öz minacatlarında bu mövzuya toxunur. Mələklər qeybdən, təbiətüstü aləmdən müəyyən həddə xəbərdardırlar. Onlara əməllərimizi yazmaq tapşırılsa da, Allahın öz bəndələrinə lütfü sayəsində bəzi xətalar gizli qalar. Həzrət Əli (ə) buyurur: “Pərvərdigara! Bəzi fikir və əməllərə yalnız Sən şahid oldun, icazə vermədin ki, mələklər də xəbər tutsun.” Bu hədisə əsasən, Ərəfə, qurban bayramı günləri mələklər Allahın izni ilə zəvvarların qəlbinə baxar, bəzi qəlblərin çox qara olduğunu görərlər. Huməzə surəsinin 6, 7-ci ayələrində oxuyuruq: “O, Allahın yanar odudur; Elə bir od ki, ürəkləri yandırıb-yaxar.”
Ərəfat səhrasında Cəbəlur-Rəhmə adlı yer var. Ərəfə günü zəvvarın həmin yerə qalxıb dua oxuması bəyənilir. Şəhidlər ağası İmam Hüseyn (ə) bu dağın sol tərəfində üzü Kəbəyə dayanıb, dua oxudu.
İmam Səccad (ə) buyurur: “Bu rəhmət dağına qalxmağın sirri budur ki, insan Allah-Taalanın bütün bəndələri ilə mehriban olduğunu bilsin.” Həzrət Peyğəmbər (s) bu dağda bir daş üzərində durub məşhur Ərəfat xütbəsini oxudu. Allah bütün bəndələrinə mərhəmətli olsa da təqva əhlinə xüsusi mərhəmət göstərir. Kəhf, 44: “Belə bir vəziyyətdə kömək göstərmək (və ya hökm,) ancaq haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.” Əraf, 156: “Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”; Ənam, 54: “Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
İmam Sadiqdən (ə) soruşurlar ki, nə üçün bu yer Ərəfat adlanıb? Həzrət buyurur: “Cəbrail həzrət İbrahimi bu yerə gətirib ona dedi ki, etiraf et, əməlləri yerinə yetir. Etiraf sözündən dolayı bu yer Ərəfat adlandı.” Həzrət İbrahim bu torpaqda yuxu gördü. Gördü ki, oğlu İsmaili Allah yolunda qurban verir. O vəzifəsindən agah oldu.
İslam peyğəmbəri (s) buyurur: “Allah Ərəfə günündə olduğu kimi heç bir gündə bəndələrini bu həddə cəhənnəm odundan azad etməz.”
Bəziləri düşünür ki, bağışlanmayan günah yoxdur. Bəziləri də bu əqidədədir ki, bəzi günahlar yalnız Ərəfatda bağışlanar. İnsanlar Ərəfatda göz yaşı axıdıb bağışlanma istəyəndə Allah öz bəndələri ilə iftixar edərək, mələklərə buyurur: “Görürsünüzmü bəndələrim uzaq, çətin yol gəlib, mənim yolumda malını sərf edib, yorulublar. And olsun izzət və cəlalıma, onların günahlarını elə bağışlayaram ki, anadan olduqları gündəki kimi pak olarlar.” Ərəfatda dayananda günahların qumların, ulduzların, yağış damlalarının sayı qədər olsa, Allah onları bağışlayar. Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, Ərəfatda ən böyük günah sahibi kimdir? Həzrət buyurur ki, bağışlanmadığını güman edən insan. İmam Səccad (ə) Ərəfə günü dilənən şəxsi məzəmmət edir, ona xatırladır ki, bu gün bütün ehtiyacları yalnız Allahdan istəyərlər. İmam Baqir (ə) buyurur ki, Ərəfatda kim dayansa, Allah onun duasını qəbul edər.

Nur-az.com


1348 بازدید
در حال ارسال اطلاعات...