Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2014

İmam Hadinin (ə) mövlud günü

Hicri-qəməri 212-ci il, Zil-Hiccə ayının 15-də varlıq aləmi bir nur təcəllasına şahid oldu. İmamət silsiləsinin 10-cu nümayəndəsi İmam Hadi (ə) dünyaya göz açdı. Risalət şəhərində dövrün Musası İmam Cavadın (ə) ağuşuna bir körpə verdilər. Bu körpə Ali-Məhəmməd ocağının ətrini artırdı. Onu zülmətlərə nur müjdəsi olsun deyə Hadi adlandırdılar. Bu körpə öz bərəkətli vücudu ilə mənəviyyat dünyasına bir pay gətirdi.
İmam Məhəmməd (ə) Təqi Cavad Mötəsim Abbasinin hədə dolu dəvəti ilə Mədinədən Bağdada (ə) hərəkət etdi. Bu vaxt İmam Hadi (ə) onun qucağında idi. Körpəyə buyurdu: “Sənə İraqdan nə gətirərəm?” Körpə Hadi (ə) ərz etdi: “Od kimi şölə saçan bir qılınc gətir. Sonra İmam Cavad (ə) digər oğlu Musaya müraciət etdi. Musa ondan at istədi. O zaman İmam Cavad (ə) buyurdu: “Hadi mənə bənzəyir, Musa anasına. İmam Hadinin (ə) istəyi bir zati şücaət nişanəsi idi. İmam Hadi (ə) İslam hərimini qorumaq üçün iti qılınc istəyirdi. Həzrət Hadi (ə) ilk tərbiyə və elmi atasından əxz etdi. Əhli-beyt (ə) elminin varisi olan İmam, Musa ibn İmran kimi fitnə dəryasını yardı, haqqı batildən ayırdı. İmam Hadi (ə) İmam Cavadın (ə) tərbiyəsi ilə bütün baxımlardan imamət məqamına layiq idi. İmam Cavab (ə) da öz ilahi elmi əsasında Hadinin (ə) kimliyini görürdü. Həyatı dövründə bir neçə dəfə azyaşlı oğlunun canişinliyini yada salmış, onu özündən sonra imam kimi tanıtdırmışdır. İmam Cavab (ə) buyurub: “Məndən sonra imam oğlum Əlidir. Onun əmri mənim əmrimdir, sözü mənim sözümdür, ona itaət mənə itaətdir.”
İmam Əliyyən-Nəqi Hadi körpə yaşda imamətə çatmış ikinci imamdır. Atası şəhadətə çatanda onun cəmi səkkiz yaşı olardı. O da atası kimi uşaq yaşda bu məqama yüksəldi. İmam Riza (ə) buyurub: “Biz Əhli-beyt bir-birimizə varisik, körpələrimiz heç bir fərqsiz böyüklərimiz kimidir.” İmam Hadi (ə) həqiqətən cəddinin buyurduğu kimi imamət məqamına layiq idi. Onun qarşısında dayanıb vüqarını hiss etməmək mümkünsüz idi. İmam Hadi (ə) digər böyükləri kimi gözəl əxlaq çeşməsi idi. O paklığı, bəndəliyi ilə hamını heyrətə gətirirdi. Dövrünün fəzilətli şəxsləri, siyasətçilər, tarixçilər onun kəramətlərindən danışır, yazırdı. İbn Şəhr Aşub “Mənaqib” kitabında İmam Hadi (ə) haqqında yazır: “Həzrət Hadi (ə) yaxından və uzaqdan öz kamalını göstərirdi. O susanda heybətinə, danışanda nüfuzuna ətrafdakılar heyran qalırdı. Risalət ocağından olması üzündən görünürdü. Çünki o bu ağacın budağı idi, bu nəsildən seçilmişdi.”
Dövrünün zalım hakimləri İmamı nüfuzdan salmaq üçün nəqədər çalışsalar da onun məqamı hərgün yüksəlirdi. Zalım hakimlər cəmiyyəti aldatmaq, çaşdırmaq üçün İmamın vilayət maqamı qarşısında ehtiram göstərməyə məcbur olmuşdular. Mütəvəkkil həzrət hadiyə məktub yazıb onu Samirraya dəvət etdi. Məktubda deyilirdi: “Əmirəlmöminin Mütəvəkkil sizin yüksək maqamınızdan, nəslinizin kimliyindən xəbərdardır, çalışır ki, sizin rifah və razılığınıza şərait yaratsın. Məqsədi sizin şəxsiyyətinizi və təhlükəsizliyinizi qorumaqdır. Bu yolla Allahın razılığını qazanmaq, vəzifəsini yerinə yetirmək istəyir.
Məhəmməd ibn Həsən Əştər Ələvi İmam Hadinin (ə) əzəməti haqqında deyir: “Mən atamla birlikdə Mütəvəkkilin sarayı qarşısında dayanmışdıq. Bu zaman İmam Hadi (ə) camaatın arasında göründü. Həzrətin əzəməti hamını təsiri altına saldı. Süvarilər dərhal atdan düşdülər. İmam Saraya daxil oldu. Atdan düşənlərin bəziləri bu hərəkətlərinə görə özlərini qınadılar. Əbu Haşim Cəfəri onlara dedi: “And olsun Allaha yenə də onu görəndə atdan düşəcəksiniz.” Çox keçmədi ki, İmam saraydan çıxdı. Biraz əvvəl özünü danlayanlar növbəti dəfə atlarından endilər. Əbu Haşim dedi: “Amma qərara gəlmişdiniz ki, atdan düşməyəsiniz.” Dedilər: “Allah şahiddir ki, bu özümüzdən asılı deyildi.”
Məhəmməd ibn Sənan deyir: “Həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə getmişdik. İmam Hadi (ə) də mərasimə qatılmışdı. Mədinəyə qayıdanda miniyi yolda ölmüş xorasanlı ilə rastlaşdı. O necə gedəcəyini, yükünü necə aparacağını bilmirdi. Bu zaman hamını ömür boyu təsir altında saxlayacaq bir hadisə baş verdi. İmam Hadi (ə) ölü heyvana yaxınlaşıb Bəni-İsrailin inək əhvalatı, inəyin quyruğunun toxunması ilə ölünün dirilməsini zümzümə etdi, sonra sağ ayağı ilə heyvana yavaşca vurub buyurdu: “Allahın izni ilə qalx.” Ətrafdakılar yuxuda imiş kimi donub qalmışdılar. Heyvan hərəkətə gəldi, heçnə olmayıbmış kimi ayağa qalxdı. Ara sakitləşəndən sonra xorasanlı kişi yükünü heyvanın üstünə çatıb yola düzəldi.
İmam Hadinin (ə) olduğu məclisdə bir gənc yersiz danışır, məclisin hörmətini saxlamırdı. İmam Hadi (ə) ona müraciətlə buyurdu: “Üç gündən sonra torpaq altında olacaqsan, amma gör necə deyib-gülürsən!” Üç gündən sonra həmin gənc dünyasını dəyişdi. İmam Hadi (ə) mütəvəkkil Abbasinin xilafətindən qabaq Mədinədə yaşayırdı. O dini maarifin yayılması ilə məşğul idi. Mütəvəkkil onu Samirraya gətirdi. O ələvilərin qiyamından qorxduğu üçün İmam Hadinin (ə) onlarla əlaqəsini qırmaq istəyirdi. Mütəvəkkil ümid edirdi ki, İmam Hadi (ə) də saray həyatına adət edəcək. Amma onun hiylələri puça çıxdı. Sonda mütəvəkkil peşmançılıqla deyirdi: “Vay olsun mənə! İbn Riza (ə) (İmam Hadi) məni aciz qoydu. O eyş-işrət məclislərindən, mənimlə yaxınlıqdan uzaqdır. Nə qədər çalışdımsa, onu keyf məclislərinə gətirə bilmədim!” İmam Hadi (ə) dövrünün elmi dairələrinin yol göstərəni sayılırdı. O dövrün hədis, təfsir və kəlam kitabları İmamın elmi sayəsində ərsəyə gəlirdi. İmam Hadi ilahi elmlərdən faydalanaraq bütün sahələrdə yaranan sualları cavablandırırdı. İmamdan müxtəlif sahələrə aid dəyərli əsərlər yadigar qalıb. Cəbr və təfvizi rədd edən risalə Yəhya ibn Əksəmin suallarına cavab risaləsi və başqa risalələr bu qəbildəndir. Fiqhi və qeyri-fiqhi mövzularda cavablar əsasında da kitablar tərtib olunub.
İmam Hadinin (ə) mühüm işlərindən biri şiə düşüncəsinin qorunması və yayılması olub. İmam şiəliyə qarşı şübhə yaradan ittihamların kökünü qazıb. Bütün bu fəaliyyaətlər üçün şagirdlər tərbiyə etmək, hövzə yaratmaq lazım idi. Belə hövzə İmam Baqir (ə) və İmam Sadiqin dövründə yaradılmışdır. Sonrakı İmamlar (ə) bu cərəyanı çox ağır şəraitdə davam etdirə bilib.
İmam Hadi (ə) cəsarətli addımlar ataraq Əbdül-Əzim Həsəni, Xeyran Əl-Xadim, İbni Sikkit Əhvazi, Əbu Haşim Cəfəri, İsmail ibn Mehran kimi şagirdlər tərbiyə edib. O öz ata və babasının şagirdlərini də ətrafına toplayaraq elmi fəaliyyəti davam etdirib.
İmam Hadinin (ə) dəyərli təlaşları sayəsində birbaşa ondan rəvayətlər nəql edən şagirdlər ərsəyə gəlib. Əbdül-Əzim Həsəni bu sırada seçilən şagirddir. Onun öz elm hövzəsi olub. O Rey və ətrafda dini maarifi tədris edib. İmam Hadi (ə) onun məqamı haqqında Həmmada buyurur: “Ey Həmmad! Əgər şəhəriniz Reydə dini sual qarşıya çıxsa Əbdül-Əzim Həsənidən soruşun, mənim salamımı ona çatdır.” Həzrət Əbdül-Əzimin İmam Hadinin (ə) yanında o qədər böyük məqamı olub ki, İmam (ə) həzrət Əbdül-Əzimin ziyarətinin İmam Hüseynin (ə) ziyarəti qədər savaba malik olduğunu buyurub. İmam Hadi (ə) hər şeydən öncə Allah bəndəsi idi. Daim Allahla raz-niyaz edir, rabitəsini möhkəmləndirirdi. Gecə yarı yataqdan qalxır, həsir üzərində üzüqibləyə əyləşir, ibadətə məşğul olurdu. Mütəvəkkil Abbasinin məmurlarından olan Səid Hacəb deyir: “Gecə yarı İmamın mənzilinə daxil oldum, onu həsir üzərində oturmuş vəziyyətdə gördüm. Başa düşdüm ki, ibadət edir.
İmam Hadidən (ə) çoxsaylı dualar nəql olunub. İmam namaz vaxtı və digər vaxtlarda bu duaları oxuyarmış. Həzrət Allahla minacatlarının birində ərz edir: “Ey yeganə Rəbbim, təklik Sənə məxsusdur. Ey o kəs ki, gündüzlər adı ilə işıqlı, nur adı ilə şöləvərdir. Onun əmri ilə zülmət çökər, buludlardan yağış sellənər. Ey o kəs ki, çarəsizlər onu çağırar, duaları qəbul olunar. Qorxanlar ona sığınar, o da sığınacaq verər. Itaət edənlərin ibadətini yüksək tərzdə qəbul edər, şükür edənləri mükafatlandırar. Məqamən necə yüksəkdir, hökmün hər yeri əhatəyə almış!”
İmam Hadinin (ə) şiələrindən olan Əbu Musa deyir: “Mütəvəkkil Abbasinin vəziri Fəth ibn Xaqan məndən xahiş etdi ki, İmamdan ona dua etməsini istəyim. İmamın görüşünə gedəndə İmam buyurdu: “Fəth üzdə bizimlə dostdur, batində bizdən uzaqdır. Dua ləyaqəti olanlar haqqında məqbuldur. Sən Allaha itaətdə süstlük göstərib, peyğəmbər və Əhli-beytin (ə) haqq olmasını təsdiqləsən Allah səni məhrum etməz.”
İmamın dostlarından biri deyir: İmamdan nəticə ala biləcəyim bir dua istədim. İmam buyurdu: “Mən Allaha çox vaxt bir dua ilə müraciət edirəm və Ondan istəmişəm ki, kim bu duanı qəbrimin kənarında oxusa onu əli boş qaytarmasın. Dua belədir: “Ey yardımlar zamanı köməkçim, ey umid və etimadım, ey sığınacağım, ey bir olan, ey misilsiz! Dərgahından istəyim budur ki, oxşarını yaratmadığın məxluqarına xatir, onların camaatına mərhəmət et, bizim istək və ehtiyaclarımızı yerinə yetir.”
Əbu Musa deyir: Bir gün Samirrada İmamla rastlaşdım. Mənə buyurdu: “Ey Əbu Musa! Mən məcburi şəkildə Mədinədən Samirraya gəldim. Əgər məni Samirradan çıxarsalar bu da məcburi şəkildə olacaq.” Səbəbini soruşanda buyurdu: “Samirranın havası pak, suyu şirin, xəstəliyi az olduğu üçün!” Həzrət Hadi (ə) bu sözlərində diqqəti ilahi nemətlərə yönəldir. Ona yaxın insanları şükürə çağırır. Samirrada ağır təzyiqlərə baxmayaraq bu şəhərin müsbət cəhətlərini nəzərdə saxlayır.
Bir gün İmam (ə) Hadi Mütəvəkkil Abbasiyə buyurdu: “Həyatını zəhərə döndərdiyin adamdan səfa gözləmə. Hiylə işlətdiyin adamda vəfa axtarma. Bədgüman olduğun adamın nəsihəti ardınca olma. Başqalarının sənə qarşı qəlbi sənin başqalarına qəlbin kimidir.”
İmam Hadi (ə) öz dəyərli ömrünün son anına qədər şiələr və dostlarının tərbiyəsindən əl çəkmədi. Tarixdə var ki, İmamın dostlarından olan Əbu Duamə İmamın görüşünə gəldi. O ayağa qalxıb gedəndə İmam buyurdu: “Mənim üzərimdə haqqın var. Səni sevindirəcək hədis oxumağımı istəyirsən?” Əbu Duamə dedi ki, buna möhtacdır. İmam Hadi (ə) buyurdu: “Həzrət peyğəmbər buyurub: İman odur ki, qəlblər onu ehtiramla qəbul etsin, əməllər onu təsdiqləsin. İslam odur ki, dil onu təsdiqləyir və bununla da izdivac halal olur.
Əbu Haşim Cəfəri deyir: İmam Hadi (ə) xəstə olduğum zaman onun görüşünə getdim. İmam buyurdu: “Ey Əbu-Haşim! Dostlardan birini Kərbəlaya göndər, mənim sağalmağım üçün dua etsin. Mən Əli ibn Bəlaldan bu işi görməsini istədim. O həvəslə razılıq verdi. Amma məndən soruşdu: “İmam Hadinin (ə) mübarək vücudu Kərbəla torpağından üstündür. O da Kərbəlada dəfn olunmuş şəxs kimidir. Onun duası mənim Kərbəlada duamdan üstün deyimi?!” Əli ibn Bəlalın sözlərini İmama çatdırdım. İmam buyurdu: Həzrət peyğəmbər Kəbə və qara daşdan üstün idi. Amma Kəbənin başına dolanır, qara daşa əlini çəkirdi. Həqiqət budur ki, Allah bəzi torpaqlarda dua edilməsini sevər və həmin duanı qəbul buyurar. İmam Hüseynin (ə) hərəmi həmin yerlərdəndir.”
Qədim dövrdən xətdən çıxmış qruplardan biri cəbriyə qrupu idi. Onlar bu əqidədə idilər ki, insan nə iş görürsə, bu onun iradəsindən asılı deyil, həmin işi görməyə məcburdur. Diğər İmamlar, o cümlədən İmam Hadi (ə) möhkəm dəlillərlə bu baxışları rədd edirdilər. İmam buyururdu: “Bu əqidədə olan düşünür ki, insanı günaha məcbur edən Allahdır, sonrada onu cəzalandırır. Belə insan Allahı zülmdə ittiham edir. Bu yanlış fikirlər Quranda rədd olunur. Kəhf surəsinin 49-cu ayəsində buyurulur ki, Allah kimsəyə zülm etməz. Həcc surəsinin 10-cu ayəsində oxuyuruq ki, Allah öz bəndələrinə heç vaxt zülm etməz.”

nur-az/hawzah


1229 بازدید
در حال ارسال اطلاعات...