Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2014

İlahi eşq yolçuları: Seyid Kəşmiri...

Böyük arif Ayətullah Hacı Seyid Əbdülkərim Rəzəvi Kəşmirinin həyatına bir baxış
Mərhum Ayətullah Seyid Əbdülkərim Kəşmiri hicri 4-cü əsrin məşhur alimlərindən olan Ayətullah Seyid Həsən Rəzəvi Qummi Kəşmirinin nəvəsidir. Əslən Qumdandır, müqəddəs Qum şəhərində dəfn olunmuş imamzadə Musa Mubərrəqənin övladlarındandır. Ayətullah Seyid Əbdülkərim Kəşmiri Movla Hüseyn Fazil Ərdəkani, Movla Məhəmmədtəqi Herati kimi böyük alimlərin elmindən mənimsədikdən sonra cəfəri məzhəbinin təbliği üçün Kəşmirə yola düşmüşdür. Kəşmir bir zaman ikinci İran adlanıb. Zahid alim, böyük fəqih, kəramət sahibi olan bu insan haqqında maraqlı əhvalatlar nəql olunub. Məsələn, nasibi alimlərdən biri ilə mübahisədə qarşı tərəf öz əqidəsinin sübutu üçün yerdən havaya qalxır. O havada olduğu zaman mərhum Seyid Həsən dua oxuyur və ayaqqabısını çıxarıb nasibiyə tərəf atır. Ayaqqabı havada kiminsə əlində imiş kimi nasibinin başına çırpılmağa başlayır. Beləcə, nasibi havadan yerə çırpılır.
Mərhum ağa Seyid Həsən Kərbəlada yaşayıb, fiqh tədris edib. Şeyx Əli Zahid Qummi, Şeyx Əbdül-Kərim Hairi Yəzdi, Seyid Məhəmməd Hadi Rəzəvi Kəşmiri onun yetirmələridir. Bu şəxs olduqca cazibədar, nufuzlu olub. Qum Elm Hövzəsinin təsisçisi mərhum Hairi nəql edir ki, tələbələr dərs zamanı bilmirdilər onun sözünü dinləsinlər, yoxsa camalını seyr etsinlər. Seyid Həsən Kəşmiri qəməri 1328-ci il səfər ayının 6-da dünyasını dəyişib, İmam Hüseynin (ə) məzarı civarında dəfn olunub.
Seyid Əbdül-Kərimin atası höccətülislam Seyid Məhəmmədəli Rəzəvi Kəşmiri rəbbani alim kimi məşhurdur. O Seyid Kazim Yəzdi, Əbdül-Kərim Hairinin şagirdlərindən sayılır. Bu şəxs çox sadə yaşayıb, dünya dəbdəbəsindən uzaq olub. İbadətə, dua və zikrə müstəsna əhəmiyyət verib. Seyid Məhəmmədəli Ayətullah-üzma Seyid Kazim Yəzdinin yeznəsi olub. Seyid Kazim Yəzdi Ürvətul-vüsqa kitabı ilə məşhurdur. Seyid Əbdül-Kərimin atası qəməri 1369-cu il cəmadiul-əvvəl ayının 20-də 56 yaşında Nəcəfdə dünyasını dəyişib.
Bəli, mərhum Ayətullah Seyid Əbdülkərim Kəşmiri belə böyük insanların övladıdır, onların tərbiyəsini alıb. O qəməri 1346-cı ildə Nəcəfdə dünyaya gəlib. Atası öz ustadına sevgisindən dolayı övladının adını Əbdülkərim qoyub. (Qum Elm Hövzəsini təsis edən Əbdülkərim Hairi Yəzdi nəzərdə tutulur) Alimin anası Seyid Kazim Təbatəbai Yəzdinin qızıdır. Bu xanım dövrünün fəzilətli xanımlarından sayılıb.
Seyid Əbdülkərim Kəşmiri müqəddimə təhsilə kiçik yaşlarında başlayıb. Valideynləri əvvəlcə ona ərəb və fars dillərini öyrədib. Orta və ali səth dərslərini Nəcəf hövzəsi alimlərindən əxz edib. Məkasibi Ayətullah Şeyx Müctəba Lənkərani və Şeyx Razi Təbrizidən, Rəsaili Şeyx Məhəmmədtəqi Behcət Fumənidən, Kifayəni Şeyx Məhəmməd Hüseyn Tehranidən, Mənzuməni Feyz Xorasanidən, fəlsəfə və əsfarı Şeyx Sədra Badkubi və Şeyx Əbdülhüseyn Rəştidən öyrənib. Seyid Əbdülkərim Kəşmiri gənclik dövründə Seyid Əbülqasim Xoyi, Seyid Əbdüləla Səbzevari, Şeyx Əli Məhəmməd Bürucerdi, Mirza Həsən Becnəvərdi kimi alimlərin hüzurundan bəhrələnib, qısa bir zamanda ictihad icazəsi alıb. Seyid Əbdülkərim Kəşmiri ülumi-qəribə deyilən cəfr, təksir kimi qeyri-ənənəvi elmlərə də sahib olub.
Seyid Əbdülkərim Kəşmiri təhsil və tədris kənarında başqa məharətlərə də malik olub, bir gündə 11 fiqh, üsul və fəlsəfə dərsi keçib. Onun haqqında deyirlər ki, kifayə dərsləri mərhum Kəşmirinin ətinə, qanına nüfuz edib.
Seyid Əbdülkərim Kəşmiri öz batini nuraniyyəti ilə ətrafdakıların diqqətini cəlb edib. Onun iki böyük mərcə alimə bağlılığı mənəvi məqama çatmasında yardımçı olub. Yayın bir hissəsini İmam Hüseyn (ə) hərəmində babasının əvəzinə imam camaat dayanıb, bayram namazlarında da bu məsuliyyəti öz üzərinə götürüb. Bayram namazları o qədər əzəmətli olub ki, bir fitr namazında 30 nəfər təkbirçi (mükəbbir) iştirak edib.
Dini elmlərin təhsilində seyr-süluk, irfan sahəsində addım atmaq üçün ustadların ciddi nəzarətinə ehtiyac var. Mərhum Seyid Haşim Həddad seyr-sülukla maraqlananları Seyid Əbdülkərim Kəşmirinin hüzuruna göndərib.
Diktator Səddam Hüseynin dövründə alimdən Səddam haqqında fikrini soruşurlar. O zərrəcə çəkinmədən buyurur: “O quduz itdir.” Çox keçməmiş alimə xəbər verirlər ki, onun adı qara siyahıya salınıb. Zaman ötdükcə alimə təzyiqlər artır. Nəhayət, fəaliyyətləri üçün imkan olmadığını görən alim ailəsi ilə birlikdə İrana mühacirət edir. Amma bu səfərdə alim üçün böyük bir itki olur. İraq-İran sərhəd məntəqəsində onun əlyazmalarını, qeydlərini müsadirə edirlər. Bu əlyazmalar arasında Şeyx Mürtəza Taliqaninin əxlaq dərsləri böyük dəyərə malik idi. Alim İran torpağına boş əllə daxil olur. Qum şəhərində məskunlaşır. BƏƏS rejimi alimin Nəcəfdəki evini qarət edib, dağıdır.
Mərhum Kəşmiri Quma gələndən sonra tənhalığa çəkilir və bir o qədər də tanınmır. Bir qrup tələbə ilə nəfsin tərbiyəsi ilə məşğul olur, heç vaxt qapısını tələbələrin üzünə bağlamır.
Mərhum Əbdülkərimin dövründə Nəcəf hövzəsində irfan, seyr-süluk meydanı çox dar olur, bu yolu gedənlər sufilikdə ittiham edilir. Hətta mərhum Qazi kimi bir şəxsiyyət sufilikdə suçlanır, bir qrup böyük alim irfan və seyr-süluka marağına görə mədrəsədən uzaqlaşdırılır.
Amma mərhum Kəşmirinin nəfsin tərbiyəsinə olan marağı elə bir həddə idi ki, heç bir vəchlə bu yoldan əl çəkməzdi. Seyr-süluk yolunda qeyri-adi ilhamlar yaşayan biri özünü həbs etməkdə aciz idi. Belə nəql edir ki, bir dəfə atamla maşına minmək lazım gəldi və mən maşına minməkdən imtina etdim. Atam çox israr etdiyimi görüb, razılaşdı. Çox keçmədi ki, həmin maşının qəzaya uğradığını bizə xəbər verdilər... Seyid Əbdülkərim 7-8 yaşı olanda atasının mədrəsəsində uşaqlarla oynadığı zaman Şeyx Mürtəza Taliqani adlı arif onu çağırıb deyir ki, sən başdan-başa nursan, bu oyunlar sənin üçün deyil.
Yetkinlik yaşına çatdığı zaman mərhum Kəşmiri ustadı Ayətullah Seyid Əhməd Kərbəlayi dünyasını dəyişdiyindən Ayətullah Qazi Təbatəbai Təbrizi ilə yaxınlıq edir. Atası Seyid Məhəmmədəli Nəcəfdəki vəziyyətə görə narahat idi. Onu irfan, seyr-süluka marağın genişlənməsi razı salmırdı. Bu səbəbdən oğluna mərhum Qazinin evinə getməyi qadağan etmişdi. Amma dünya və axirət səadətini nəfsin tərbiyəsində görən Əbdülkərim Qazi ilə görüşlərini davam etdirirdi. O mərhum Qazi haqqında deyir: “Cənab Qazinin mənə münasibəti atanın oğula münasibəti kimi idi. Evində rövzə məclisi olanda hamı gedəndən sonra qalardım, gecə yarı arxasında gecə namazı qılardım. O ilahi bir insan idi, yer əhli deyildi. Bu səbəbdən atamın onun haqqında dediklərini qəbul edə bilmirdim. Yalnız Qazinin hüzurunda olanda özümü rahat hiss edirdim... Bir gün cənab Qazinin xidmətində olduğum zaman ustad mənə xurma təklif etdi. O mənim nə üçün imtina etdiyimi başa düşüb buyurdu: Bu növ xurmanı xoşlamırsan... Mən onun sözünü təsdiqlədim. Ustadın evindən çıxıb öz evimizə yola düşdüm. Yolda onun arxamca gəldiyini gördüm. O tələsik bazardan mənim xoşladığım xurmanı alıb gətirmişdi.
Seyid Əbdülkərim Kəşmirinin digər bir ustadı Ayətullah Hacı Şeyx Mürtəza Taliqani olub. Nəcəf hövzəsində cənab Taliqani böyük şəxsiyyət sayılırdı. Kəşmirinin istedadını kəşf edən də mərhum Taliqani olub. Onun istedadlarının işə salınmasında alimin böyük rolu olub. Mərhum Kəşmiri uzun illər boyu Şeyx Mürtəza Taliqaninin əxlaq dərslərini qələmə alıb. Təəssüf ki, İrana hicrət zamanı sərhəddə başqa əlyazmalarının arasında bu yazılar da müsadirə edilib. Mərhum Kəşmirinin ustadlarından biri də Seyid Haşim Həddad olub. Bu alim Kərbəlada yaşayıb, dəmirçiliklə məşğul olub.
Seyid Əbdülkərim Kəşmiri mərhum Həddadla tanışlığını belə xatırlayır: Mən Nəcəf hövzəsində müxtəlif kitablardan gündə 10 dərs tədris edirdim. Alimlərdən biri mənə təklif etdi ki, mərhum Qazinin şagirdlərindən biri Kərbəladadır, onunla görüşə gedək. Biz yola düşdük. Görüşdüyümüz şəxs mərhum Həddad idi. O mənə dedi ki, sənin əcdadın mərifət əhli olub, sən də mərifət əhli olmalısan. Həmin vaxtdan onunla görüşlərimiz davam etdi.
Ayətullah Şeyx Əli Əkbəri Əraki yüksək irfani məqamına baxmayaraq tanınmamış alimlərdəndir. Seyid Əbdülkərim Kəşmirinin ustadlarından biri də Əraki olub. Kəşmiri onun haqqında deyir: “Cənab Əraki fəzilət və mərifət sahibi idi, eyni zamanda qapalılığı vardı. Belə bir ehtimal vardı ki, ismi-əzəmi bilir. Elə qapalı həyat yaşadığına görə çox tanınmırdı. Misilsiz batini gücü vardı, istixarə riyazətini ondan öyrəndim.”
Mərhum Kəşmirinin başqa bir ustadı böyük arif Seyid Əfzəl Hüseyn Hindi olub. O Hindistanda yaşayıb, xüsusi vaxtlarda ziyarət üçün Nəcəfə gəlib. Mərhum Kəşmiri ondan xüsusi zikr və virdlər öyrənib. O ustadı haqqında deyir: “Onun xüsusi zikrlərindən biri 12 min dəfə Bismillahir-Rəhmanir-Rəhim demək idi. Biri ondan zikr soruşanda deyərdi ki, Əmirəlmöminin (ə) olan yerdə mənə nə üçün müraciət edirsiniz?! Batin əhli idi, insanların batinini görürdü. Nadir hallarda minbərə gedər, söhbət edərdi. Bir dəfə yanaşı şəkil çəkdirmiş iki nəfər haqqında dedi ki, onlardan biri cəhənnəm əhlidir...”
Kəşmirinin ustadlarından biri də böyük əxlaq ustadı Hacı Məstur Şirazi olub. Bu alim də öz məqamına görə tanınmamış alimlərdəndir. Alim cəmiyyətdən uzaqlaşıb, Kufənin Səhlə məscidində bir hücrədə qalırdı. Kəşmiri onun haqqında deyir: “Məclislərdə söhbət edər, gecələri sübhədək ibadətə məşğul olardı. Hücrədə darıxıb-darıxmadığını soruşanda buyurdu: “Mən xalqdan qorxuram, tənhalıqdan yox.” Seyr-sülukdan uzaq insanlara etina göstərməzdi. Ruhani halı olmadan zikr istəyənlərə nə isə öyrətməzdi. Mən ondan böyük kəramətlər gördüm.”
Mərhum Kəşmiri ayrı-ayrı böyük alimlərdən fərqli biliklər öyrənib. Xüsusi Quran tilavətini Şeyx Əli Zahid Qummidən, Yunisiyyə zikrini Seyid Əbdül Ğəffar Mazandaranidən, Qədr surəsinin qiraətini Şeyx Məhəmmədhüseyn Kompani İsfahanidən, Vadius-səlam qəbristanlığının ziyarətini Şeyx Quçanidən öyrənib. Mərhum Seyid Əbdülkərim Kəşmirinin batini istedadları fövqəladə həddə olub. Onun yuxarıda adı çəkilən böyük insanlarla ünsiyyəti, xüsusi biliklərə yiyələnməsində bu istedadın rolu var. Özü belə nəql edir: “Bir gün evdə olduğumuz zaman məsciddən Quran səsi ucaldı. Atam soruşdu ki, Əbdülkərim, Quran nə üçündür? Dedim ki, İran alimlərindən biri dünyasını dəyişib. Sonra anama astadan dedim ki, sabah da atam vəfat edəcək, onun üçün Quran oxudacaqlar. Belə də oldu.”
Başqa bir məqamda belə nəql edir: “Nəcəfdə Şeyx Malik adlı bir şəxs vardı. Dərin elmi olmasa da bəsirət sahibi idi. Bir gün mənə dedi ki, Vadiüs-səlamda İmam Hüseyn (ə) ziyarətnaməsi oxuyacağam, sən də mənimlə gəl. Qəbul edib, onunla getdim. Aşura ziyarətnaməsini oxuduğumuz zaman gözlərim qabağında Kərbəla hadisəsi canlandı.”
Seyid Əbdülkərim Kəşmiri deyir: “Bir gün ustadım oğlu Mehdi Qazi Təbatəbai ilə Hindi məscidində oturmuşduq. Məndən soruşdu ki, sən bəsirət əhlisən, atam mənə nə vəsiyyət edib? Mən məscidin damına qalxdım. Bir qədər düşündüm və zikr etdim. Mənə ilham oldu ki, cənab Qazi oğluna iki vəsiyyət edib: Hər gün Əmirəlmömininin (ə) hüzuruna get və yoxsulluq güc gəlsə kömək üçün ağız açma.”
Seyid Əbdülkərim Kəşmirinin dilindən nəql olunur:
“Amul əhlindən olan bir şəxs xəstələnmişdi. Onu cərrahiyə əməliyyatı üçün xaricə apardılar. Gözümə göründü ki, onun cənazəsi yerdədir. Çox keçmədi ki, xaricdən cənazəsini gətirdilər...”
“İranda və İraqda olduğum vaxtlarda dəfələrlə ruhları görmüşəm. Daha çox cənab Qazi və atamı görərdim. Onlar danışardı, mən dinləyərdim...”
Mərhum Ayətullah Kəşmiri qeyri-adi istixarə gücü olan azsaylı ariflərdən olub. Bunu ona ustadı Ayətullah Şeyx Əliəkbər Əraki öyrədib. Özü belə xatırlayır: “Nəcəfdə olduğum zaman ustadım Ərakinin görüşünə getdim. Mənə göstəriş verdi ki, 40 gün oruc tutum, sübh, günorta və axaşam Nur surəsini oxuyum. Şəbanın 20-də başladım, ramazanın sonunda başa çatdırdım. Yuxuda gördüm ki, Əmirəlmöminin (ə) qızıl bir eyvandadır. Arxasında həzrət Nuh dayanıb. O mənə bir təsbeh atdı. Səhəri gün yuxuda gördüm ki, mərhum Ayətullah-üzma Seyid Əbül Həsən İsfahani mənə təsbeh verir. 3-cü dəfə yuxuda gördüm ki, əlimdə bir balıq var və onun nuru tədircən güclənir. Bu yuxulardan sonra əlimə təsbeh alan kimi qəlbimdən bir ayə keçirdi və bu istixarənin cavabı idi.”
Zaman ötdükcə Seyid Əbdülkərim Kəşmirinin istixarəsi Nəcəfdə məşhurlaşır. Şirəçilər məscidində imam-camaat olduğu zaman hamı istixarə üçün gələrmiş. Bir gündə 700 nəfər üçün istixarə etdiyi vaxt olub.
Ayətullah Kəşmirinin nəfsin tərbiyəsi sayəsində əxlaqi və mənəvi imtiyazları çox olub. Seyid Kəşmiri hansı göstərişlərə əməl edirdi? Biz bu göstərişlərdən bəzilərini nəzərdən keçirəcəyik. Amma bilməliyik ki, o bütün bu göstərişlərini böyük mərifət sahiblərindən öz istedadları müqabilində alıb. Əxlaq ustadı ilə məsləhətləşmədən bu göstərişləri yerinə yetirməyin zərərləri də ola bilər. Bu göstərişlərdən bəzilərini yada salaq:
- Yunisiyyə zikri; Bu zikr “La ilahə illa əntə subhanəkə inni kuntu minəzzalimin” ayəsindən ibarətdir. Səcdədə bu zikri oxumaqla insan ruhu onun cismindən aralana bilər. Mərhum Həddad bəzən 3 gün bu halda olub;
- Bəsirətin qarşısını kəsən hicabları aradan qaldırmaq üçün “inna fətəhna ləkə fəthən mubina” surəsinin qiraəti;
- Sübhlər və gecələr “ya həyyu ya qəyyum” zikrinin ardıcıl deyilməsi;
- İmama hədiyyə niyyəti ilə həzrət Rizanın (ə) hərəmində 400 dəfə nur ayəsini oxumaq;
- Bir həmd və 11 tövhid surəsi oxuyub, möminlərin ruhuna hədiyyə etmək;
- Çətinliklə üzləşən zaman İmam Cavada (ə) hədiyyə niyyəti ilə surələr oxumaq, zikr demək;
- Dua və zikr bir il davam etdikdə öz təsirini göstərir;
- Cənab Qazi buyurur ki, pis sifətləri tərk edəndən sonra gözəl sifətlər zahir olur;
- Salik üçün ən gözəl hal səcdə, Yunisiyyə zikridir. Şeytan üçün salikin səcdəsindən ağrılı iş yoxdur.
- Davamlı şəkildə tövhid surəsi oxuyanda insanın yəqinliyi artır;
- Təhlil zikrini (la ilahə illəllah) çox demək;
- Müraqibə (ardıcıl şəkildə müraqibə) təhlükələri aradan qaldırır;
- “Ya mənihtəcəbə bişuai nurihi ən nəvaziri xəlqihi...” zikri qəlbin nurunu artırır;
- Bütün dünya bağlılıqlarından qurtarmaq üçün salik uzun müddət əyləşir, gözlərini bağlayır və düşünməyə başlayır. Mərhum Qazi buna çox əməl edib;
- Gündə Ayətül-kürsünü 21 dəfə oxumaq yaddaşı gücləndirir;
- Mərhum Həddaddan soruşurlar ki, Yunisiyyə zikri nə üçün “kuntu minəz zalimin” ifadəsinə qədərdir? Cavab verir ki, ayənin bir hissəsi bəndəyə, o biri hissəsi Allaha aiddir;
- Mərhum Qazi tövsiyə verir ki, “əllahumməğnini bihəlalikə ən həramik və bi fəzlikə əmmən sivak” zikrini çox oxumaq lazımdır;
- ... Böyük arif Hacı Seyid Əbdülkərim Kəşmiri qəməri 1419-cu il zilhiccə ayının 20-də beyin iflici nəticəsində dünyasını dəyişib. Cənazə namazını Ayətullah-üzma Behcət qılıb. Alim həzrət Məsumənin hərəmində şəhid Mütəhhəri məscidində torpağa tapşırılıb.

Nur-az.com