Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Ayətullah Məhdəvi Kənidən xoş xatırələr (müsahibə)

İslam cameəsi Ayətullah Məhdəvi Kəni ilə vidalaşdı
Mərhum Ayətullah Məhdəvi Kəni ilə müsahibə

Qarşınızdakı yazı 20-ci əsrin sonlarında dünyada siyasi balansı dəyişmiş böyük inqilab rəhbəri imam Xomeyninin (r) yaxın silahdaşlarından olan mərhum Ayətullah Məhdəvi Kəni ilə söhbətin mətnidir. Ötən gün mərhum alim Reydə həzrət Əbdüləzimin məzarı civarında torpağa tapşırıldı. Bu dəyərli insan haqqında onun öz dilindən eşitmək daha maraqlı olardı. Bunu nəzərə alaraq elm hövzəsinin mərhum alimlə söhbətini diqqətinizə çatdırırıq.

* * *

Sual: Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Həyatınız, təhsiliniz haqqında öz dilinizdən eşitmək istərdik.

Ayətullah Məhdəvi Kəni: Bismillahir-Rəhmanir-Rəhim. Bəndə, şəmsi 1310-cu ildə (83 il öncə) dünyaya göz açmışam. İbtidai təhsildən sonra 14 yaşında hövzəyə daxil olub, dini elmlərin təhsilinə başlamışam.
Əvvəlcə Sepəhsalar mədrəsəsinə getdim. Bu mədrəsədə çox qalmadım. Bir neçə gün sonra ruhiyyəmə daha münasib olan Lorzadə mədrəsəsinə getdim. Bu mədrəsəni mərhum cənab Bürhan təsis etmişdi. Bu mədrəsədə 3 il oxudum. Sonra Quma yola düşdüm. 13 il Qum Elm Hövzəsində məşğul olub, sonra Tehrana getdim.

Sual: Ruhaniliyə maraq haradan idi, hansı maraq sizi elm hövzəsinə apardı?

Ayətullah Məhdəvi Kəni: Rzaxan dövründə bir çox elm mədrəsələri bağlanmışdı, məhdudiyyətlər var idi. Rzaxan rejiminin təzyiqləri səbəbindən ruhanilərin sayı xeyli azalmışdı. Din təbliğ edən insanlara böyük ehtiyac var idi. Bu səbəbdən elm və ruhanilərə böyük məhəbbəti olan mərhum atam məni elm hövzəsinə göndərdi. Atam çox istəyirdi ki, ailədə din alimi olsun. Atamın məni Lorzadə mədrəsəsinə apardığı gün cənab Bürhanın görüşündə olduq. O atamdan soruşdu: “Oğlunu dinə vəqf edirsən, yoxsa maddi təmənnan var? Əgər maddi təmənnan varsa, elə bu başdan getməyiniz məsləhətdir. Atamın gözləri yaşardı. Dedi ki, məqsədim dinə xidmət etməkdir. Atam elə oradaca mənim təhsil xərclərimi öhdəsinə götürdü və onun maddi dəstəyi mən ailə qurandan sonra da davam etdi. Bəli, məndə təhsilə maraq oyadan atam idi.

Sual: Cənab Bürhanın təlim-tərbiyə metodları haqqında nə deyə bilərsiniz?

Ayətullah Məhdəvi Kəni: Lorzadə mədrəsəsi Tehranın ən nizamlı mədrəsələrindən idi. Bu nizam-intizamı yaradan və ona nəzarət edən cənab Bürhan idi. Cənab Bürhan tələbələrin təlim-tərbiyəsinə can yandırır, vaxt sərf edirdi. Deyirdi ki, tələbələr mənim övladlarımdır. Elə mədrəsəyə qəbul edəndə şərt kəsirdi ki, tələbə nafilə namazlarını qılmalıdır. Hər gecə şam və xüftən namazlarından sonra tələbələrə moizə edirdi. Tələbələrin bu söhbətdə iştirak etməsi vacib sayılırdı. Bundan əlavə tələbələr üçün rövzə məclisləri qururdu. Tələbələr özləri rövzə oxuyur, sinə vururdu. Hər həftə tələbələr üçün təvəssül məclisi təşkil edilirdi. Cənab Bürhan tələbələr üçün nəzərdə tutulan bütün tədbirlərdə iştirak edirdi. Tələbələrin mənəviyyatı, Allaha bağlılığı üçün əlindən gələni əsirgəmirdi. Bəzən gecə yarı mədrəsəyə gələr, tələbələrin gecə ibadətini seyr edərdi. Tələbələri cəm şəkildə ziyarətgahlara aparardı. İki ay uzanan ziyarət səfərində xüsusi proqram icra edilərdi. Kufədə olduğumuz zaman 10 gecə bizi Kufə məscidinə apardı və orada etikaf etdik. Nəcəfdə olduğumuz zaman bizi hər gün bir alimin görüşünə aparırdı. Bu tarixi səfər tələbələrin həyatında çox müsbət təsir qoydu.
Cənab Bürhan eynən öz övladları kimi tələbələrin mədrəsəyə gediş-gəlişinə nəzarət edirdi. Bu barədə xatirələrim də var. Atam çox istəyirdi ki, mənim gözəl xəttim olsun. Nasir Xosro küçəsində bir ustadla danışmışdı ki, həftədə iki dəfə mənə hüsnxət dərsi keçsin. Mərhum Bürhan harayasa gedib-gəldiyimi biləndə məni sorğu-suala tutdu. Dedim ki, xətt öyrənməyə gedirəm. Ustad buyurdu ki, bir gəncin bu dövrdə küçələrdə dolaşması yaxşı iş deyil, mən müəllim dəvət edərəm, elə mədrəsədə hüsnxət dərsi keçər.
O dövrdə rejim ruhaniyyətə təsir göstərdiyindən yalnız bu sahəyə eşqi olan adamlar dini təhsil arxasınca gedirdi. Bunu hiss edən cənab Bürhan bacardıqca qısa müddətdə tələbəyə ruhani libası geyindirmək üçün çalışardı. Mən hələ Molla Möhsinin Əvamilini oxuyanda buyurdu ki, əmmamə qoymalısan. Atam razı deyildi. Düşünürdü ki, mən hələ ruhani libası geyməyə hazır deyiləm. Soruşurdu ki, biri dini sual versə nə edəcəksən?! Bununla belə cənab Bürhan Ğədiri-Xum günü mədrəsədə mərasim keçirdi, mənə ruhani libası geyindirdi. Beləcə ruhaniyyət məsuliyyəti üzərimə düşdü.
Cənab Bürhanın nizam-intizamı, müəyyən proqramları bəzilərini razı salmırdı. Amma kimsə deyə bilməzdi ki, proqramsızlıq, nizamsızlıq daha yaxşıdır. Cənab Bürhan nizam yaratmaq üçün əlindən gələni edirdi. Onun bu təlaşları səmərə verirdi, hətta Qum Elm Hövzəsində cənab Bürhanın tələbələrinə dəyər verilirdi.

Sual: Qum Elm Hövzəsinə nə zaman getdiniz və hansı ustadların elmindən bəhrələndiniz?

Ayətullah Məhdəvi Kəni: Qum Elm Hövzəsinə gedəndə 17-18 yaşım olardı. Əvvəlcə Feyziyyə mədrəsəsində, sonra Höccətiyyə mədrəsəsində məskunlaşdım. Tehranda Mütəvvələ qədər oxumuşdum. Qum hövzəsində davamını oxumağa başladım. Cənab Mücahidi, Şeyx Əbdülcəvad Cəbəlamili, Sultani Təbatəbai, Nəcəfi Mərəşi, Şəhid Səduqi ali səth ustadlarım idi. Fəlsəfəni Əllamə Təbatəbai və Rəfii Qəzvinidən öyrənirdim. Şəhid Mütəhhəri kəlam tədris etsə də, dərs haşiyəsində öz geniş məlumatını tələbələrlə bölüşürdü. Fiqh və üsul xaric dərslərini 5 il Ayətullah Bürucerdinin, 9 il imam Xomeyninin (r) hüzurunda əxz etdim. Başqa fiqh və üsul müəllimlərin də olub. Əllamə Təbatəbainin təfsir dərslərində də iştirak edirdim. Bu dərslər Əl-Mizanın yazılmasında bir müqəddimə idi.

Sual: İmam Xomeyni (r) ilə ilk tanışlığınızı necə xatırlayırsınız?

Ayətullah Məhdəvi Kəni: İmamla ilk tanışlığım qarşımda dini düşüncə ilə bağlı ciddi suallar yaranan dövrə təsadüf edir. O zaman köməyimə gələn imamın cavabları oldu. Ayətullah Bürucerdi Quma gələndən qısa müddət sonra Ayətullah Seyid Əbülhəsən İsfahani dünyasını dəyişdi. Ayətullah İsfahaninin vəfatından sonra cənab Bürucerdinin mərcəiyyət məsələsi gündəmə gəldi. Şah rejimi öz siyasətlərinə xatir mərcəiyyətin İranda olmasına çalışırdı. Şah istəyirdi ki, dünya şiələrinin diqqətini İrana cəlb etsin. Əlbəttə ki, şiə ruhaniyyəti heç zaman belə hiylələrə uymayıb və öz müstəqilliyini saxlayıb. Şah elə istəyirdisə də şiə mərcəiyyəti İslamın məsləhətini əsas götürürdü. Şah bu məqsədlə Ayətullah İsfahaninin vəfatı ilə bağlı başsağlığı müraciətini Nəcəf alimlərinə yox, cənab Bürucerdiyə ünvanladı. Mətbuatda bu başsağlığı təbliğ olunurdu. Təbii ki, cənab Bürucerdinin elmi məqamı və şəxsiyyəti çox uca idi. Onun heç bir təbliğata ehtiyacı yox idi. Mərhum cənab Bürhan şah rejiminin Bürucerdiyə marağını əsas götürərək təqlid üçün Nəcəfdə Şahrudi, İranda Höccəti tövsiyə edirdi. Bununla belə Bürucerdinin yüksək məqamını qəbul edənlərdən biri cənab Bürhan idi. Cənab Bürhan etiraz edirdi ki, nə üçün şah belə işlərə qarışır?! Biz mərhum Bürhanın münasibəti əsasında Ayətullah Höccətə təqlid edirdik. Mən Quma gələndə tələbələr dedi ki, Bürucerdi olan yerdə Höccətə təqlid etməyin yeri yoxdur. Məni şübhəyə saldılar. Nəhayət, tələbələrin çox inandığı mərhum Mövlayi mənə dedi: “Yaxşı olar bu məsələni cənab Ruhullah ilə məsləhətləşəsiniz. Onun bu mövzuda baxışı daha mötəbərdir. Cənab Ruhullahı Feyziyyə mədrəsəsində namaz vaxtı görə bilərsiniz.”
Mən Feyziyyə mədrəsəsində namazdan sonra ağaya (cənab Ruhullah Xomeyni) yaxınlaşdım. Ona təqlidlə bağlı problemimi danışdım. İmam buyurdu: “Siz Ayətullah Bürucerdiyə təqlid edin.” Mən imamın sözü ilə təqlidimi dəyişdim. Bu hadisədən sonra imamla tanışlığımız davam etdi. Əllamə Təbatəbaini də ilk dəfə Feyziyyə mədrəsəsində görmüşdüm. Onu mənə cənab Sübhani göstərdi. Dedi ki, fəlsəfədə böyük məqam sahibidir, evində fəlsəfə tədris edir. O zaman fəlsəfə oxuyacaq həddə deyildim. Amma sonradan həmin dərslərə qatıldım. Həmin dövrdə bir qayda vardı ki, imam-camaat olmayan böyük alimlər Feyziyyə mədrəsəsində cəmiyyət namazında iştirak edirdi. Onların namazda iştirakı tələbələr üçün böyük ibrət idi.

Sual: Nə vaxt Tehrana qayıtdınız?

Ayətullah Məhdəvi Kəni: Şəmsi 1340-cı ilə qədər Qumda qaldım. Qumda qalmaq istəsəm də atamın təkidi ilə Tehrana qayıtdım. Mən Qumdan gedəndə Ayətullah Bürucerdi dünyasını dəyişmişdi.

Sual: İmam Xomeyninin (r) rəhbərliyi ilə İslam inqilabında siyasi fəaliyyətləriniz olub. Bu barədə nə deyə bilərsiniz?

Ayətullah Məhdəvi Kəni: Atam dinə çox bağlı insan idi və Rzaxanın xüsusi ilə hicab qadağası kimi işlərinə qarşı çıxırdı. Xalq Rzaxanın hicab qadağasına etiraz edirdi. Bizim Kən kəndində Pəhləvi rejiminə qarşı böyük nifrət vardı. Tehran tələbələri ilə yoldaşlıq etdiyim dövrdə siyasi məsələlərlə tanış oldum. O zaman mərhum şəhid Nəvvab Səfəvi Rzaxanın müqəddəs Qum şəhərində dəfninə etiraz etmişdi. Onun etirazı öz nəticəsini verdi. Biz o zaman bu etiraza qatılanlardan idik. Artıq bizdə belə bir fikir yaranmışdı ki, fürsət olan kimi zalım Pəhləvi rejiminə etiraz edək. Bu ruhiyyəm səbəb oldu ki, ilk təbliğ səfərimə görə rejimin işgəncəsini daddım. 18 yaşım vardı. Seyid Cəlal Hüseyni adlı dostum və bir neçə başqa tələbə ilə Ərdistana getdik. Fatimiyyə günləri Novruza təsadüf etmişdi. Rövzə məclisi qurmaq qərarına gəldik. İlk gün Seyid Cəlal Hüseyni söhbət etməli idi. Ərdistanda bəhailər çox fəal idilər. Onlar polis rəisini təhrik etmişdilər ki, bizim rövzə məclisinə mane olsun. Polis məmuru bizimlə görüşə gəldi və bildirdi ki, rəis bu yeri tərk etməyimizi tələb edir. Seyid Cəlal rəisin buna ixtiyarı çatmadığını söylədi. Səhəri gün rəis özü gəldi və ayrıca mənə əmr etdi ki, buranı tərk edim. Mən səbəbini soruşdum. Sualıma cavab olaraq bir sillə ilişdirdi. Bizi polis məntəqəsinə apardılar. Seyid Cəlal Hüseyni rəislə mübahisə etdi. Rəis çox qəzəbləndi. Bizim qollarımızı bağlayıb, xeyli döydülər. Hamıdan çox döyülən Seyid Cəlal oldu. Onu həbs edib İsfahana göndərdilər. Bizi isə Quma qaytardılar. Yolüstü Kaşanda gecələdik. Kaşan tələbələri məni böyük həvəslə qarşıladılar. Səhəri gün böyük hörmətlə yola saldılar. Kaşanda keçirdiyim anlar çox xoş oldu. İmami Kaşani, Rasti, Həlimi, Ələmülhüda, Xorasani və başqa fəal tələbələrlə tanış oldum. Sonrakı inqilabi mübarizəmizdə bu dostluğun böyük faydaları oldu. Mən Quma çatanda polis idarəsində döyüldüyümüzü Ayətullah Bürucerdiyə xəbər vermişdilər. Həmin vaxt daxili işlər naziri doktor İqbal Ayətullah Bürucerdinin görüşünə gəlmişdi. Ayətullah Bürucerdi ona dedi: “Ərdistan polisi mənim övladlarımı təhqir edib, bu barədə tədbir görün.” Doktor İqbal məndən döyülüb-döyülməməyimiz haqqında soruşdu. Mən polis idarəsində döyüldüyümüzü təsdiqlədim. Söz verdi ki, tədbir görüləcək. Cənab Bürucerdiyə ehtiram olaraq Ərdistan məsulları və polis rəisini cəzalandırdılar. Həmin vaxtdan Cəlili məscidi rejimə qarşı təbliğat mərkəzinə çevrildi. Orada çıxış edirdim, imamın sözlərini xalqa çatdırırdım. O vaxtlar imamın adını çəkmək asan deyildi. Hətta imamın şəri hökmlərini danışmaq problemli idi. Mən Ürvətül-vüsqadan məsələlər oxuyurdum. Nəhayət, Təhlükəsizlik İdarəsindən məni çağırdılar. Tapşırdılar ki, bir də imamın adını çəkməyim. Bu xəbərdarlıqdan sonra imama işarə ilə “ağa” deyirdim. Bunu başa düşüb növbəti görüşdə taşırdılar ki, bir də ağa sözünü dilə gətirməyim. Mən sonrakı söhbətlərdə “ustadımız” deməyə başladım. Bunu da qadağan etdilər. Mən deyəndə ki, xalq imama təqlid edir, şəriət məsələlərini onlara çatdırmaq borcumuzdur, məni hədələdilər. Nəhayət, şəmsi 1353-cü ilin ramazan ayında həbsə alındım, 3 il müddətinə Bukana sürgün edildim. Amma 2 ay sonra Tehrana gətirib zindana saldılar. 2 ay təkadamlıq kamerada saxladılar. İşgəncə verirdilər ki, fəaliyyətlərimizlə bağlı məlumat verim. Ağır işgəncələrdən üzüağ çıxdığım üçün çox sevinirdim. Bu işgəncələrdən sonra bizi 4 il azadlıqdan məhrum edib, Evin zindanına göndərdilər...









Nur-az.com





1400 بازدید
در حال ارسال اطلاعات...