Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

Ədəbsizliyin acıları

İslam tarixində Kərbəla hadisəsi ilə bağlı ən maraqlı nöqtələrdən biri Yezid qoşununun sərkərdələrindən olan Hürr ibn Yezid Riyahinin tövbə edib İmam Hüseynə (ə) qoşulmasıdır. Hürrü Yezid qoşunundakı başqa sərkərdələrdən nə fərqləndirirdi. Necə oldu ki, Hürr İmam Hüseynin (ə) haqlı, mənsub olduğu tərəfin haqsız olduğunu gördü? Hürr adi bir döyüşçü deyildi. Yezidin baxışlarına bağlı bir sərkərdənin rəqib tərəfə keçməsi bəşər tarixində nadir hadisələrdəndir.
Şübhə yoxdur ki, Kərbəla hadisəsində şəhadətə çatanların arasında Hürr məşhur şəxsdir. Hürr tanınmış Bəni Təmim qəbiləsindən idi. Yezidin sağ əli sayılan Übeydullah ibn Ziyad İmam Hüseyni (ə) tərkisilah etmək göstərişi almışdı. Əvvəlcə bu göstərişin sülhlə həyata keçirilməsi nəzərdə tutulurdusa sonradan vəziyyət dəyişdi və Kərbəla faciəsi ortaya çıxdı.
Hürr ibn Yezid Riyahi Bəni-Üməyyə qoşununda min nəfər döyüşçüyə rəhbərlik edən tanınmış komandan idi. Ona əmr olunmuşdu ki, İmam Hüseynin (ə) karvanının qarşısını kəsib bu karvanın Kufəyə getməsinə imkan verməsin. Hürr hərbçi olaraq siyasətə qarışmırdı və hərbi qanunlarla işləyirdi. O hətta dinin siyasətdən ayrı olduğunu düşünürdü. Hürrün İmam Hüseynlə (ə) üzbəüz dayanması ona taleyüklü bir fürsət yaratdı. İmamla (ə) üzbəüz dayanıb danışmaq fürsəti hər adama nəsib olmurdu. Əvvəlcə Hürr ona verilən göstəriş əsasında İmamı (ə) təslim olmağa dəvət etdi. Bunun ardınca bəzi təhdidlər də dilə gətirdi. İmam (ə) ona sərt cavab verdi: “Məni ölümlə qorxudursan? Ölüm Allah yolunda olduqda mərd insanlar üçün bir iftixardır. Əgər mən ölsəm qüssəyə yer yoxdur. Sən isə sağ qalsan da rüsvayçılıq içindəsən.”
Hürr döyüşçü idi. Onun üçün kimin qoşununda döyüşməyin fərqi yox idi. Hürr düşünürdü ki, əksər müsəlmanlar Yezidə beyət edib və əksər kufəlilər Yezidin nümayəndəsi Übeydullah ibn Ziyadı qəbul edir. Hürr çoxluğun rəyini düzgün sayırdı. Bu düşüncə ilə Yezidin əmrinə tabe olaraq İmam Hüseyni (ə) tərkisilah edib Yezidə təhvil vermək qərarına gəldi. Hürr əvvəlcə İmamın (ə) Kufəyə doğru yolunu bağladı. İmam (ə) Mədinəyə dönmək istəyəndə Hürr yenə də ona icazə vermədi. İmam (ə) Kufə ilə Mədinə arasında mühasirəyə alındı. Hürr hərbçi, siyasətin dindən ayrı olduğunu düşünən şəxs olsa da müstəsna bir ədəb sahibi idi. Adətən hərb adamları, döyüşçülər ədəb və əxlaqdan uzaq olur. Hürr elə bir ədəbə malik idi ki, onu tanımayan sərkərdə olduğunu ağlına gətirməzdi.
Övliyalardan və mütəfəkkirlərdən çox eşitmişik ki, insan üçün əsil sərvət ədəb və əxlaqdır. Sual yaranır ki, ədəb nədir? Ədəb sadəcə nəzakətdir, yoxsa onun başqa şərtləri var? Çoxları bu fikirdədir ki, ədəb sadəcə nəzakət, yaxşılıq müqabilində təşəkkürdən ibarətdir. Saib Təbrizi deyir ki, ədəb tanışlıq üçün həyat suyudur, ictimai əlaqələrin tənzimində əsas rol oynayır. Əslində ədəb həyatda müəyyən ölçülərə, hədlərə riayət etməkdir. Ədəbi elmlər deyəndə ədəbiyyata aid maarifin hifz olunduğu elmlər nəzərdə tutulur. Ədəbli olmaq düşüncədə yer almış hədləri gözləməkdir. Bu hədləri aşanda insan xətaya yol verir və bunun acısını yaşayır. Əgər insan həyatın bütün sahələrinə aid hədləri tanıyıb, bu hədlərə hörmətlə yanaşarsa kamil ədəb sahibi olar. İnsanın səhvə yol verməsi bir növ ədəb həddini aşmasıdır.
Bəli Hürr ibn Yezid Riyahi ədəbli insan idi. Onun ədəbi İmam Hüseyni (ə) tanımasında yox, səhv etdiyini anlayanda etiraf edib, tövbə qılmasında idi. İnsan üçün bu çox mühüm xüsusiyyətdir. Bütün insanlar səhvə yol verir. Hətta məsihilər xətanı insanın zati sifəti sayır. İslam məktəbində insan fitrətən pakdır, amma əmmarə nəfs səbəbindən xətaya yol verməsi mümkündür. Xətanın səbəbi bəzən cəhalət və nadanlıq olur. Bu halda insan elm kəsb etməklə xətadan xilas ola bilər. İnsan öz əql və düşüncəsi ilə yaranmışların şərəflisi olsa da elm kəsb etməsə xətaya yol verməsi labüddür.
Fars ədəbiyyatında xəta sözü səhv kimi təbir olunur. Xətanın antonimi savabdır. Aydın olur ki, insan zehni və əməli xətadan qurtulmaq üçün mərifətə, elmə möhtacdır. Əminlikdən yaranan mərifət və azğın nəfsə yox deməklə qazanılan əminlik insan üçün həyatvericidir. Əgər insan özü üçün qanun qoysa ki, güman yox, əminlik ardınca gedəcək yenə də xətalar baş verməsi mümkündür. Elə buna görə insanı caizul-xəta, yəni səhvə yol verməsi mümkün olan adlandırıblar. Allah-Taala məsumları bütün xəta və nöqsanlardan pak insanlar kimi tanıtdırır. İslam dini də öz növbəsində ifrat və təfritdən, xürafatdan uzaqdır, insanı səadətə aparır.
Hürr ədəbli idi. Hürr İmamın (ə) Mədinəyə doğru yolunu kəsəndə İmamdan (ə) ağır sözlər eşitdi. Amma ehtiramla dedi: “Əgər sizdən başqası mənimlə belə danışsaydı güzəştə getməzdim. And olsun Allaha sizin ananızdan yaxşısını tanımıram.” Hürr İmamla (ə) söhbətindən keçən 12 gün ərzində azğın nəfsin tüğyanlarını gördü və Yezid qoşununun mühüm bir bölməsinə sərkərdə olduğu halda Aşura günü İmam Hüseynin (ə) tərəfində dayandı.
Hürr ədəbli idi. Onun ədəbi öz səhvini görməsində idi. İmam Hüseyn (ə) Aşura günü fəryad çəkdi ki, Allahdan xeyir istəyib bizim səsimizi eşidən olmayacaq? Elə bir şəxs varmı ki, bu qövmün şərini Peyğəmbər (s) hərəmindən uzaqlaşdırsın?.. İmam (ə) pərişan oldu. Kufə qoşunundan ümidini üzüb, geri döndü. Bu zaman arxadan kimsə çaparaq gəldi və İmamın (ə) qarşısında baş əyərək dedi: “Pərvərdigara! Sənə doğru qayıdıram, tövbəmi qəbul et. Mən sənin dostlarının, Peyğəmbər (s) övladlarının qəlbinə qorxu salmışam. Tövbə edirəm!”
Hürr ədəbli idi. O səhvini başa düşən kimi bu səhvi aradan qaldırmaq istədi. Aşura günü dərhal İmamın (ə) xidmətinə gəldi, salam verib dedi: “Ey Allah rəsulunun oğlu, canım sənə fəda olsun. Mən səni incitdim. Ağlıma gəlmədi ki, bu qoşun səninlə belə rəftar edəcək. And olsun Allaha, əgər bunu bilsəydim heç vaxt sənin qarşını kəsməzdim. Mən tövbə edirəm. Sualım budur ki, tövbəm qəbul olunacaqmı?”
Hürr ədəbli idi. Çünki İmam (ə) ona tövbəsinin qəbul olunacağını, dünya və axirətdə azad insanlardan sayılacağını deyəndə meydanı tərk edib getmədi. İmama (ə) dedi: “Sizin yolunuzu kəsən ilk şəxs mən olmuşam. İcazə verin, ilk şəhid də mən olum. Belə etsəm bəlkə qiyamət günü sənin cəddinlə görüşə bildim.”
Hürr ədəbli idi. Səhvini anlayıb tövbə etdikdən və tövbəsinin qəbul olunması ilə bağlı müjdə aldıqdan sonra İmamın (ə) icazəsi ilə düşmən qoşununun qarşısında dayanıb onlara xitab etdi. Öz anladıqlarını qoşuna anlatmağa çalışdı. Kufə qoşunu onun sözlərinə oxlarla cavab verdi.
Beləcə, Hürr ibn Yezid Riyahi öz ədəbi sayəsində Kərbəlada şəhadətə çatdı. Bu bir hadisədir ki, heç zaman aktuallığını itirməyəcək. Kərbəla hadisələrinin üstündən 1400 il ötsə də onların mesajları bu gün də insanlar üçün birinci yerdə dayanır. Bu mesajlar Hürrü oyatdığı kimi həqiqi ədəb sahiblərini oyatmaq gücündədir. Əgər biz həqiqəti bilsək və qəbul etsək doğrudan da hər yer Kərbəla, hər gün Aşura olacaq.

Nur-az.com


1058 بازدید