Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Davamlı günah

Öncə xatırlatdıq ki, məsumlardan başqa hamının günahı var. Amma əməllərə digər bir tərəfdən nəzər saldıqda görürük ki, insanlar iki dəstədir:
Bəziləri günaha yol verdikdə peşman olur, gördüyü işdən vicdan əzabı çəkir, hətta özünə nifrət edir. Məhz bu peşmançılıq səbəbindən tövbə edir və qərara gəlir ki, bir daha belə bir iş görməsin. Belələri günah yükünü yüngülləşdirmək üçün xeyir işlər görür, günahlarını yumağa çalışır.
Digər bir dəstə isə davamlı şəkildə günaha yol verir, amma peşmançılıq çəkmir, tövbə haqqında düşünmür. Onlar sanki gördükləri işin günah olduğundan xəbərsizdirlər. Unudurlar ki, günahın davamı onu böyük günaha çevirir, hətta Allahın rəhmət qapısını insanın üzünə bağlayır. Davamlı günah nəticəsində insan əbədi əzaba düçar olur. Qurani-Məciddə belələrinin aqibəti haqqında buyurulur: “Bəli, etdikləri haram əməllər günaha yol verənləri başdan-başa bürüyür. Belələri od əhlidir və orada əbədi qalacaqlar.” (Bəqərə surəsi, ayə 81.)
Uyğun mövzu ilə bağlı Həzrət Əli (ə) buyurur: “Ən ağır günah o günahdır ki, sahibi onu kiçik saysın.” (“Mizanul-hikmət”, Zunub babı.)
Günah Allahla müxalifətçilik, ilahi qanunlara etinasızlıq, qəhr-qəzəb sahibi olan Allah qarşısında özbaşınalıqdır. Bəzən günahkar xilafa yol verdiyini, Allah qarşısında həddi aşdığını, günah vasitəsi ilə təqva və fəzilətdən məhrum olduğunu, bir sözlə, öz xətasını etiraf edir və narahat olur. Bəzən isə günahkar öz günahını kiçik sayır, Allah qanununu pozduğunu düşünmür. O, təsəvvür etmir ki, bu günah vasitəsi ilə himayədən məhrum olub süquta yaxınlaşır. Özünü elə aparır ki, sanki adi bir iş görmüşdür.
Aydındır ki, hər iki şəxs günaha yol vermişdir. Amma onların cəzaları eyni deyil. Birinci şəxs zahirən böyük günaha yol versə də yüngül cəzalandırılar, ikinci şəxs isə kiçik günaha yol versə də ağır cəzalandırılar. Allah qanunlarını pozan insanlar Qiyamətdə əməllərinə görə cəzalandırılar. Saleh iş görənlər öz işinin faydasını əldə edər. İmam Sadiq (ə) həzrət Əlinin (ə) dilindən nəql edir: “Qiyamət günü faydalı olan iş kiçik deyil. Həmin gün ziyanlı olan iş də kiçik sayılmır. Allahın sizə verdiyi xəbərləri öz gözünüzlə görürmüş kimi olun.” (Üsuli-Kafi, 2-ci cild, səh.456.)
İmam Həsən Əsgəri (ə) həzrət Peyğəmbərin (s) dilindən nəql edir: “Ey Allah bəndələri, günahdan, günahı yüngül saymaqdan çəkinin. Çünki günah öz sahibini alçaldıb bədbəxt edir. Belə ki, insan yol verdiyi günahdan da böyüyünə düçar olub daim günah edir. Etdiyi günahı yüngül saydığı üçün, bədbəxt olub böyük günaha batır. Nəhayət, Peyğəmbər (s) vəsisinin (canişinin) vilayətini inkar edir, Peyğəmbər (s) risalətindən üz döndərir. O, Allahın birliyinin inkarı uçurumuna yuvarlananadək günahını davam etdirir.” (Məcmueyi-Vərram, 2-ci cild, səh.102.) Digər bir rəvayətdə həzrət Peyğəmbər (s) günahın davamını günahdan da pis sayır: “Günahdakı dörd şey günahın özündən daha pisdir: Günahı kiçik saymaq, günahla öyünmək, günaha batmaqla müjdələmək, günahı davam etdirmək.” (Camei-əhadisul-şiə, 13-cü cild, səh.336.)


1064 بازدید
در حال ارسال اطلاعات...