Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

"Nəhc əl-bəlağə"də həzrət Əlinin (ə) şəxsiyyəti

"Nəhc əl-bəlağə"nin digər dəyərli və əhəmiyyətli cəhətlərindən biri də İmam Əlinin (ə) şəxsiyyətinin təsviridir. Bu, bizim hazırda tam ehtiyacımız olan şeydir.
İmam Əli (ə), bu tanınmamış sima, bu ülvi insan, İslamın insanların belə tərbiyə olunmasını istədiyi kamil müsəlmanlıq nümunəsi "Nəhc əl-bəlağə"nin vərəqləri, sətirləri arasında tam olaraq tanınır, tərif verilir. "Nəhc əl-bəlağə" əslində Əli ibn Əbu Talibi (ə) tanıtdıran kitabdır. Necə ola bilər ki, bir nəfər "Nəhc əl-bəlağə"dəki əsrarəngiz düşüncə üfüqlərinə, qəribə və müxtəlif idrak vadilərinə vaqif olmadan onları bu qədər gözəl və cazibəli şəkildə təsvir və vəsf etsin?!
"Nəhc əl-bəlağə"də bir ülvi insan şəxsiyyətinin bütün tərəfləri mövcuddur. "Nəhc əl-bəlağə"də bir kamil insan təcəssüm etmişdir. Bu kamil insan İmam Əlinin (ə) özüdür. Bu, yalnız İmam Əlinin (ə) simasını tanımaq baxımından yox, həm də İslamı tanımaq, onun bir insanı necə tərbiyə edəcəyi, formalaşdıra biləcəyi baxımdan olduqca əhəmiyyətlidir. Bu gün müasir bəşəriyyət bizdən soruşur: "Sizin dəm vurduğunuz İslam, missiyasının cahanşümul olduğunu düşündüyünüz İslam necə İnsan formalaşdırmaq niyyətindədir?" Bu suala cavab üçün İmam Əlidən (ə) daha yaxşı, daha gözəl, daha əhatəli, daha ülvi kimi göstərmək olar? İmam Əlinin (ə) siması heç bir yerdə "Nəhc əl-bəlağə"də olduğu qədər aşkar deyil.

Əslində "Nəhc əl-bəlağə" İmam Əlinin (ə) rəsmi və fikri şəxsiyyətidir. İmam (ə) özü "Nəhc əl-bəlağə"də təcəssüm tapmışdır. Bu, İmam Əlinin (ə) xüsusiyyətlərindən biridir. O, dediyinə əməl edir, istədiyini (öncə) öz şəxsi həyatında gerçəkləşdirir.
İmam Əlinin (ə) şəxsiyyəti özü sözbəsöz, sətirbəsətir "Nəhc əl-bəlağə" və Quranın təfsiri, izahıdır. Buna görə də siz "Nəhc əl-bəlağə"ni oxuduqda həm İmam Əlinin (ə) həyat tarixini bilir, həm də İmamı (ə) tanıyırsınız.

Bu kitabda yer alan məsələlər ümumilikdə müsəlmanlar üçün ictimai həyat dərsidir və həyatdan təcrid olunmuş şəkildə verilməmişdir. Bu sözləri deyən ölkə başçısı, böyük hakim və komandandır. Onun hakimiyyəti böyük və geniş bir ərazini əhatə etmişdir. Hakimiyyət məsuliyyətini çiyinlərində daşıyan bu böyük insan böyük məsuliyyət hissi ilə bu sözləri dilə gətirmişdir. "Nəhc əl-bəlağə" dünya hay-küyündən kənar, bu və ya digər cəmiyyətdə mövcud gerçəklərdən, problemlərdən uzaq bir filosofun sözləri, İslam maarifi haqqındakı fikirləri deyil. Bu, böyük bir cəmiyyəti idarə etmək məsuliyyətini üzərində hiss edən, din bilicisi, bütün İslam və Quran maarifini dərindən bilən, xalqla idrak dolu bir ürəklə, böyük ruhla, məsuliyyətli bir vəzifə ilə üz-üzə gəlib, onlarla söhbət edən, suallarına cavab verən bir şəxsiyyətin kəlamlarıdır. "Nəhc əl-bəlağə" belə bir vəziyyətdə meydana gəlmişdir.

O böyük insan tarixdə Allahın təəccüb doğuran möcüzələrindən biri idi. Digər təəccüb doğuran bir məsələ də İmam Əlinin (ə) öz dövründə qədrinin bilinməməsidir. Bu, həqiqətən də qəribə və acı hadisələrdəndir. İşi o yerə çatdırmışdılar ki, - "Nəhc əl-bəlağə"də qeyd olunduğuna görə - o həzrət (ə) öz hakimiyyəti dönəmində dəfələrlə camaatdan Allaha şikayət edir, gileylənirdi. O böyük insanın qəlbi qanla dolu idi. Bu qədər ürək genişliyinə, bu qədər Allah yolunda ilahi hökmlər yönündə fədakarlığa baxmayaraq, həyatı boyunca sıxıntıda idi.


Ayətullah Seyid Əli Xamenei


1215 بازدید
در حال ارسال اطلاعات...